“Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərinin ortaya çıxarılmasıdır

“Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərinin ortaya çıxarılmasıdır

İdman
27 Dekabr 2019, 10:53 118
"Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərinin ortaya çıxarılmasıdır.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
A.Rəhimov vurğulayıb ki, bu layihə insanların qarşısında yeni imkanlar açacaq. Belə ki, insanlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə biləcəklər.
Daha sonra tədbirdə çıxış edən "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək.
O bildirib ki, bu, yeni bir sahədir: "Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar”.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, bu cür müsabiqələr dünyanın bir çox ölkələrində var: "Bunun üçün biz dünya təcrübəsini öyrəndik və belə bir layihə ortaya çıxdı. Biz eyni zamanda bu layihəni sınaqdan keçirmişik və bu mexanizmin işlək olduğunun şahidi olmuşuq”.
Qeyd edək ki, bu gündən "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
"Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.