• şənbə, 27 Aprel, 14:02
  • Baku Bakı 27°C

Əzəli rəqiblərin amansız yarışı 

02.03.24 02:38 2876
Əzəli rəqiblərin amansız yarışı 

İstanbul nəhəngləri - “Qalatasaray” və “Fənərbağça”nın çempionluq mübarizəsi həm meydanda, həm də meydandan kənarda kifayət qədər rəngarəngdir. Mövsümün sonuna doğru tərəflər üstünlük əldə etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar.


Türkiyə Super Liqasında son illərin ən maraqlı mövsümlərindən biri davam edir. İstanbul nəhəngləri - “Qalatasaray” və “Fənərbağça”nın çempionluq mübarizəsi həm meydanda, həm də meydandan kənarda kifayət qədər rəngarəngdir. Mövsümün sonuna doğru tərəflər üstünlük əldə etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Nəfəs kəsən mübarizə

27 turdan sonra “Qalatasaray” turnir cədvəlində vahid liderdir. “Sarı-qırmızılar” 72 xal toplaya biliblər. Okan Burukun komandası son 15 qarşılaşmada məğlubiyyət üzü görməyib. Kollektiv ardıcıl 8 matçdır meydanı qələbə ilə tərk edir.

“Fənərbağça” isə cəmi iki xal az toplayıb və ikinci pillədədir. “Bülbüllər” 16 görüşdür uduzmur. Lakin bunların 4-də heç-heçə qeydə alınması “Qalatasaray”ın iki xal önə keçməsi ilə nəticələnib. Ümumiyyətlə, “Fənər” mövsümün əvvəlində daha yaxşı formada idisə, son zamanlar əzəli rəqibləri onları üstələyir.

Digər komandalar “Qalatasaray” və “Fənərbağça”ya müqavimət göstərməyi bacarmırlar. Təsadüfi deyil ki, 3 və 4-cü yerləri bölüşdürən “Beşiktaş”la “Trabzonspor” liderdən nə az, nə çox - 26 xal geri qalırlar. Mövsümün sonuna qədər hansısa komandanın “Qalatasaray”la “Fənərbağça”ya müqavimət göstərəcəyi inandırıcı görünmür.

Adıçəkilən kollektivlər tək xal fərqinə görə yox, digər göstəricilərdə də rəqiblərini böyük fərqlə üstələyirlər. 70 dəfə fərqlənən “Fənərbağça” mövsümün ən məhsuldar komandasıdır. “Qalatasaray”da bu göstərici 57-yə bərabərdir. Lakin “cimbom” müdafiədə etibarlı oyunu ilə diqqət çəkir. Komanda cəmi 15 qol buraxıb. Müqayisə üçün qeyd edək ki, “Fənərbağça”da bu göstərici 22-dir.

Bombardirlik yarışında da çempionluğa əsas namizədlərin üzvləri üst sıralardadırlar. “Fənərbağça”nın bosniya və herseqovinalı forvardı Edin Ceko 18 qolla liderdir. “Qalatasaray”ın ulduzu Mauro İkardi isə 14 dəfə fərqlənib və 2-ci yerdə qərarlaşıb.

“Fənərbağça”nın 10 illik həsrəti

“Qalatasaray” son Türkiyə çempionudur. Komanda ötən mövsüm gərgin mübarizənin sonunda məhz “Fənərbağça”nı üstələyərək titula yiyələnib. Komanda son 10 ildə 4 dəfə ölkənin ən güclüsü adını qazanıb. “Fənərbağça”da isə vəziyyət fərqlidir. İsmail Kartalın çalışdırdığı kollektiv uzun illərdir titula həsrətdir. Komanda sonuncu dəfə 2013/14 mövsümündə Türkiyə çempionu ola bilib.

Mövsümün gedişatı “Fənərbağça” azarkeşlərini uzun həsrətə son qoymağa ümidləndirib. Lakin “Qalatasaray” da əzəli rəqibi ilə mübarizədə geri qalmaq barədə düşünmür.

Meydandan kənardakı mübarizə

Türkiyədə, demək olar ki, heç bir mövsüm qalmaqalsız ötüşmür. Bu il də istisna deyil. Xüsusən, çempionluq mübarizəsi aparan komandaların rəqabətində bu, özünü daha qabarıq göstərir.

“Qalatasaray” və “Fənərbağça”nın, demək olar ki, hər bir oyunu, hər matçdakı adi epizodlar böyük ajiotaja səbəb olur. Az qala hər qarşılaşmadan sonra qarşılıqlı ittihamlar səsləndirilir. Əvvəllər bunlar azarkeşlərin atmacaları ilə məhdudlaşırdısa, artıq klub rəhbərləri səviyyəsində müşahidə olunur. Hər iki tərəf bir-birini hakimlərdən kömək almaqda ittiham edir. Mübarizə gərginləşdikcə, mövsümün sonu yaxınlaşdıqca ittihamların dozasında da artım müşahidə olunur. Əlbəttə, bu, bir tərəfdən də tərəflərin bir-biri üzərində psixoloji üstünlük qazanmaq cəhdləridir.

Kim şanslıdır?

Finişə 11 tur qalmış tərəfləri cəmi 2 xalın ayırması hər şeyin son turlarda həll olunacağını deməyə əsas verir. Kollektivlər 27 turdan sonra Super Liqa tarixində rekord xallar əldə ediblər. Bu, rəqabətin səviyyəsini anlamaq üçün kifayətdir.

“Qalatasaray” bu mövsüm avrokuboklarda uğursuzluğa düçar olub. Çempionlar Liqasından Avropa Liqasına yuvarlanan kollektiv orada da irəli getməyi bacarmadı. Bu da onlara bütün diqqəti ölkədaxili yarışlara yönəltməyə imkan yaradıb. “Qalatasaray”dan fərqli olaraq "Fənərbağça" Konfrans Liqasında mübarizəni davam etdirir.

Tərəflərin qarşıdakı oyunlarına gəlincə, bu həftə “Qalatasaray”ı “Beşiktaş”la ağır səfər matçı gözləyir. “Fənərbağça” məhz bu görüşdəki mümkün xal itkisindən yararlanıb zirvəni ələ keçirməyin planlarını qurur. Lakin “bülbüllər”in də qarşıda kifayət qədər ağır qarşılaşmaları var. Komanda 30-cu turda “Trabzonspor”un qonağı olacaq, 34-cü turda isə “Beşiktaş”a qarşı əhəmiyyətli ev oyunu var.

Mütəxəssislər hesab edirlər ki, çempionluq mübarizəsi son tura qədər davam edəcək. Hansı tərəfin daha güclü olduğunun aydınlaşması baxımından ən əhəmiyyətli qarşılaşma isə 37-ci turda olacaq. Mayın 19-da “Qalatasaray” öz meydanında “Fənərbağça”nı qəbul edəcək. Məhz bu görüşdə güclü olacaq tərəfin yekunda çempionluğu bayram edəcəyi proqnozlaşdırılır. 

banner

Oxşar Xəbərlər