• şənbə, 27 Aprel, 10:23
  • Baku Bakı 12°C

“Böyük beşlik”də sürprizlər mövsümü

27.01.24 01:19 4200
“Böyük beşlik”də sürprizlər mövsümü

İngiltərə Premyer Liqasında 21 matçda 48 xal toplayan “Liverpul” zirvədədir. İspaniya çempionatında gedişat daha sürprizlidir. İtaliyanın yaşıl meydanları gərgin mübarizəyə səhnədir. Almaniyada “Bavariya”nın hegemonluğuna son qoyulması ehtimalları müzakirə olunur.

Futbol üzrə “Böyük beşlik” liqalarında mövsümlər ekvatoru keçib. Bu dəfə çempionluq uğrunda ənənəvi iddiaçılarla yanaşı, yeni komandalar da güc nümayiş etdirir. Xüsusən, “Bayer”, “Jirona”, “Aston Villa”nı qeyd etmək olar.

“Dumanlı Albion”da “şəhərlilər”i çətinə salanlar

İngiltərə Premyer Liqasında 21 matçda 48 xal toplayan “Liverpul” zirvədədir. Ancaq “qırmızılar”ın liderliyi bir qədər kövrək görünür. Əslində, komandanın heyət baxımından tam komplektləşməməsi bunu həm də gözlənilməz hesab etməyə əsas yaradır. Kollektivin lideri Məhəmməd Salahın Afrika Millətlər Kubokunda zədələnməsi problemlərə yenisini əlavə edib. Lakin Yurgen Klopp amili “Liverpul”un ən güclü silahıdır və mövsümün qalan hissəsində də komandanın məhz baş məşqçinin sayəsində çempionluq mübarizəsini davam etdirəcəyi ehtimal edilir.

“Mançester Siti”, “Arsenal” və “Aston Villa”  43 xalla “Liverpul”u təqib edirlər. “Topçular” mövsümə çox yaxşı başlasalar da, son zamanlar nəticələrində müəyyən eniş yaşanır. “Aston Villa” isə Unay Emerinin rəhbərliyi altında şansından maksimum yararlanmağa, müqavimət göstərməyə çalışır. Bu üçlüdən “Mançester Siti”nin ehtiyatda bir oyunu da var. Son üç mövsümün qalibi olan Pep Qvardiolanın komandası Kevin De Bruynenin zədədən qayıtması ilə daha şanslı görünür. Lakin adıçəkilən digər üç kollektiv və Ange Postekoqlunun rəhbərliyi altında “Tottenhem” “şəhərlilər”ə kifayət qədər çətinlik yaradırlar. “Mançester Yunayted” və “Çelsi” üçün isə bu mövsümü də itirilmiş hesab etmək olar.

La Liqada “Jirona” möcüzəsi

İspaniya çempionatında gedişat daha sürprizlidir. “Jirona” 21 matçda topladığı 51 xalla zirvədə qərarlaşıb. Komanda oynadığı şən futbol, ən güclülərdən belə çəkinmədən hücum oyunu göstərməsi ilə proqnozları alt-üst edib. Təsadüfi deyil ki, Kataloniya klubu 51 qolla mövsümün ən məhsuldar komandasıdır. Bəzi azarkeşlər “Jirona”nın performansını müvəqqəti hesab etsə də, komanda gözlənilməz nəticələrini davam etdirməkdə iddialıdır.

Potensial lider isə “Real Madrid”dir. Komanda “Jirona”dan 1 oyun az keçirib və 1 xal geridədir. Kərim Benzemanın gedişindən sonra hücumda çətinlik yaşaması gözlənilən “Kral klubu” bəzi görüşlərdə bunu hiss etsə də, xüsusən Cud Bellinqemin fantastik çıxışı həmin çatışmazlığı aradan qaldırmağa kifayət edir. İstənilən halda, “Real” çempionluğa əsas namizəd hesab edilir. Madridin digər təmsilçisi “Atletiko” və son çempion “Barselona” daha çox 3-cü yer uğrunda yarışır. Kataloniyalıların qeyri-stabil çıxışı bəzi azarkeşlərdə baş məşqçi Xaviyə inamı azaldıb. Mövsümün fiaskosu isə “Sevilya”dır. Cəmi 16 xal yığan əndəlusiyalılar 17-ci yerdədirlər.

“Yuventus”un geridönüşü

İtaliyanın yaşıl meydanları gərgin mübarizəyə səhnədir. Ötən mövsüm maliyyə maxinasiyalarına görə xalları silinən, avrokuboklardan uzaqlaşdırılan “Yuventus” gözləniləndən daha yaxşı çıxış edir. Massimilyano Alleqri gənc və təcrübəli oyunçulardan möhkəm kollektiv formalaşdıra bilib. Komanda 21 görüşdə topladığı 52 xalla 1-cidir. “Qoca sinyora”nın əsas qol silahı Duşan Vlahoviç isə son zamanlardakı performansı ilə nəhayət, özünü göstərməyi bacarır.

Bununla belə, çempionluğa əsas namizəd “İnter” hesab olunur. Simone İnzaginin komandasının göstərdiyi futbol daha yetkindir. Əsas rəqibindən 1 oyun az keçirən “nerazzuri” ondan cəmi 1 xal geri qalır.

Son çempion “Napoli”də işlər yolunda getmir. Luçano Spalettidən sonra istədiyi baş məşqçini tapa bilməyən Neapol təmsilçisi 9-cu pillədədir. 8-ci “Roma” da zəif mövsüm keçirir. Joze Mourinyo ilə yolları ayıran “canavarlar” Daniele De Rossinin rəhbərliyi altında gedişatı dəyişməyə çalışacaq. “Milan” isə “Yuventus” və “İnter”dən geri qalmamaqda israrlıdır.

Bundesliqada “Bayer” fırtınası

Almaniyada “Bavariya”nın hegemonluğuna son qoyulması ehtimalları müzakirə olunur. Düzdür, bır sıra mütəxəssislər Münhen təmsilçisinin yekunda yenidən zirvədə qərarlaşacağını ehtimal edirlər. Lakin “Bayer”in möhtəşəm performansı Tomas Tuxelin komandası üçün real təhlükədən xəbər verir. Leverkuzen klubu 18 oyunda 48 xal yığıb və bir matç çox keçirdiyi “Bavariya”nı 7 xal üstələyir. Xabi Alonsonun komandası hazırda bütün turnirlər daxil olmaqla, Avropada məğlubiyyət üzü görməyən yeganə kollektivdir. “Bayer”in bu performansı nə qədər davam etdirə biləcəyi dünya futbolunda əsas müzakirə mövzularındandır.

Dortmund “Borussiya”sı, “Leypsiq” və “Ştutqart” isə bürünc medalçını müəyyənləşdirməyə çalışacaqlar. Onların “Bavariya” və “Bayer”lə çempionluq mübarizəsinə qoşulması inandırıcı deyil.

Köhnə hamam, köhnə tas

Fransa Liqa 1-də dəyişən heç nə yoxdur. Çempionat PSJ-nin hegemonluğu ilə davam edir. 18 oyunda 43 xal toplayan Luis Enrikenin komandası ən yaxın izləyicisi “Nitsa”dan 8 addım öndədir. Bundan sonra hansısa rəqibinin onlara problem yaradacağı inandırıcı görünmür. Fransada mövsümün fiaskosu isə “Lion”dur. Köklü klub 16 oyunda cəmi 16 xal yığıb və hazırda düşmə zonasındadır.

banner

Oxşar Xəbərlər