Bundesliqanın məğlubiyyətsiz çempionu
Bundesliqanın qalibi olan “Bayer” bu mövsüm daha iki titul əldə etməyə çox yaxındır. Komanda Almaniya Kubokunda finala yüksəlib. Xabi Alonsonun komandasının Avropa Liqasının qalibi olmaq şansı da var.
Almaniya Bundesliqasında sona beş tur qalsa da, çempion artıq bəllidir. Leverkuzen “Bayer”i “Bavariya”nın hegemonluğuna son qoyaraq 119 illik tarixi ərzində ilk dəfə bu titula yiyələnib. Xabi Alonsonun komandası 29-cu turda “Verder”i darmadağın etməklə (5:0) Almaniyanın ən güclüsü adını qazanıb.
Məğlubiyyətsiz çempion
“Bayer” Bundesliqada 29 matçın 25-də qalib gəlib və yalnız dörd oyunda heç-heçə edib. Ümumiyyətlə, komanda bu mövsüm nə Almaniya kubokunda, nə də Avropa Liqasında məğlubiyyət üzü görüb. Bundesliqada qalan beş görüşə nə qədər əhəmiyyət verib-verməyəcəyindən asılı olaraq, leverkuzenlilərin mövsümü yenilgisiz bitirib-bitirməyəcəyi dəqiqləşəcək. Hələlik komandanın məğlub olmadan çempionluq əldə etdiyini demək mümkündür. Daha beş qarşılaşma isə onları “Arsenal” və “Yuventus”la – XXI əsrin məğlubiyyətsiz çempionları ilə eyni siyahıya qoyacaq. Yeri gəlmişkən, artıq 45 oyundur, uduzmayan “Bayer” bu göstəricidə Turin klubunu geridə qoyub. Əsrimizdə başqa heç bir komanda bu qədər uzun müddət yenilgisiz duruş gətirə bilməyib. Yalnız “Yuventus” ardıcıl 44 qarşılaşmada məğlubiyyət üzü görməmişdi.
Uğurun memarı
“Bayer”in nağıl kimi keçirdiyi mövsümdə əsas diqqətlər komandanın baş məşqçisi Xabi Alonsoya yönəlib. Futbolçu kimi saysız-hesabsız uğurları olan ispaniyalı məşqçilik karyerasına “Real Madrid”in U-14 komandasında başlayıb. Daha sonra “Real Sosyedad”ın B komandasını çalışdıran mütəxəssis kollektivi Sequndaya yüksəltməyi bacarıb. Lakin 2022-ci ilin mayında Xabi sözügedən klubu tərk edib. Oktyabrda isə “Bayer” macərası başlayıb.
Alonso Bundesliqa klubunun “sükanı arxası”na keçərkən komanda 8 turdan sonra turnir cədvəlində sondan ikinci pillədə idi. Lakin o, komandanı yekunda 6-cı etməyi bacarıb. Avropa Liqasında isə “Bayer” 21 ildən sonra yarımfinala yüksələ bilib. Yay transfer periodunda komandasına sevimli 3-4-3 taktiki düzülüşünə uyğun bir neçə oyunçu cəlb edən Xabi Alonso bu mövsümkü fantastik oyunla tarixi uğura imza atıb. Bu, onun baş məşqçi kimi ilk tituludur. Üstəlik, əksəriyyət bu mövsüm “Bayer”in bütün Avropa liqalarında ən baxımlı futbol oynadığına dair həmfikirdir.
Parlaq icraçılar
“Bayer” meydandakı performansı ilə yanaşı klub idarəçiliyi və transfer siyasəti ilə də rəqiblərindən çox üstündür. Bu mövsüm komandaya qoşulanlar arasında Natan Tella, Yonas Hofmann, Viktor Bonifeys və Qranit Caka kimi adlar xüsusilə diqqət çəkir. Lakin Xabi Alonsonun ən çox istifadə etdiyi 11 oyunçunun 8-i onun baş məşqçi təyin edilməsindən əvvəl komandada yer alırdı. Bu, futbolçuların inkişafına Alonsonun nə qədər böyük təsir etdiyinin göstəricisidir.
Leverkuzen klubunun tarixi uğur əldə etməsində əsas fiqurlardan biri Florian Virtsin göstərdiyi möhtəşəm performansdır. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm 29 liqa oyununda da meydanda olub və 9 qol, 10 qol ötürməsilə yadda qalıb.
Xabi Alonsonun taktikasında cinah müdafiəçiləri xüsusi rol oynayır. Sol cinah oyunçusu Alexandro Qrimaldo 28 görüşdə 9 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Sağ cinahda oynayan niderlandlı Jeremi Frimponq isə 26 qarşılaşmada 8 qol vurub, eyni sayda assist edib.
Qapının etibarlılığına cavabdehlik daşıyan Lukaş Hradetski, müdafiədə əsas lider olan Conatan Tah, müdafiə ilə hücumu birləşdirən Qranit Caka, xüsusilə mövsümün ilk yarısında parlaq oyunu ilə diqqətçəkən Viktor Bonifeys, son dəqiqələrdə vurduğu əhəmiyyətli qollarla tarixi uğurda pay sahibi olan Patrik Şik kimi oyunçuların da möhtəşəm mövsümdə böyük rolu oldu.
Azərbaycanlı azarkeşlərə tanış komanda
Azərbaycanlı futbolsevərlər Avropanın ən baxımlı futbol oynayan komandalarından birini iki dəfə canlı izləmək şansı qazanıblar. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Bayer”lə iki dəfə qarşılaşıb. Səfərdə 1:5 hesablı ağır yenilgiyə baxmayaraq, Ağdam klubu Bakıda kifayət qədər yaxşı oynadığı qarşılaşmanı sonda 0:1 məğlub bitirib.
Püşk kollektivləri bir daha 1/8 finalda rəqib edib. Bu dəfə “Qarabağ” daha yaxşı nəticə göstərib. Bakıdakı ilk oyunda 2:0 üstünlük əldə edən Azərbaycan təmsilçisi yekunda son dəqiqə qolu ilə 2:2 hesablı heç-heçəyə üzülüb. Səfərdə də “Qarabağ” hesabda 2:0 irəli keçib. Lakin bu dəfə də son dəqiqə qolları “Bayer”in dadına çatıb və komanda mərhələ keçməyi bacarıb. Bəlkə də, bu mövsüm heç bir turnirdə “Bayer”i “Qarabağ” qədər çətinə salan olmayıb.
Qızıl het-trik şansı
Bundesliqanın qalibi olan “Bayer” bu mövsüm daha iki titul əldə etməyə çox yaxındır. Komanda Almaniya Kubokunda finala yüksəlib. Həlledici qarşılaşmada onların rəqibi 2-ci liqa klubu “Kayzerslautern” olacaq. “Bayer” bu görüş üçün aşkar favorit hesab olunur.
Xabi Alonsonun komandasının daha bir potensial titulu isə Avropa Liqasının qalibi olmaqdır. ¼ finalda İngiltərə “Vest Hem”ini mübarizədən kənarlaşdıran komanda final yolunda “Roma” ilə üz-üzə gələcək. Əsas favorit sayılan “Liverpul” isə “Atalanta”ya uduzduğundan “Bayer”in Avropa Liqasında titul yolu kifayət qədər hamar görünür.