• çərşənbə axşamı, 05 noyabr, 14:00
  • Baku Bakı 13°C

Yeni rəhbərlik, yeni ümidlər

06.04.24 00:26 5229
Yeni rəhbərlik, yeni ümidlər

Rövşən Nəcəfin AFFA prezidenti kimi ilk mətbuat konfransında səsləndirdiyi fikirlər futbol ictimaiyyəti arasında kifayət qədər müsbət qarşılanıb. Yeni rəhbər uğur qazanmaq üçün zamana ehtiyac olduğunu, bütün futbol ictimaiyyətinin ortaq əməyi nəticəsində bunu bacara biləcəklərini qeyd edib.

Bu həftə Azərbaycan futbol idarəçiliyində köklü dəyişikliklə yadda qaldı. AFFA-nın Hesabat-Seçki Konfransında rəhbər dəyişikliyi baş verdi və İcraiyyə Komitəsinin (İK) üzvləri yeniləndi. Eyni zamanda, assosiasiyaya yeni vitse-prezidentlər seçildi.

16 illik fəaliyyətin sonu

Rövnəq Abdullayevin AFFA-nın prezidenti postundan gedəcəyi öncədən bəlli idi. Bir müddət əvvəl o, assosiasiya rəhbərliyinə namizəd olmayacağını açıqlamışdı. Beləliklə, Azərbaycan futbol idarəçiliyinə 16 il əvvəl – 2008-ci ildə gəlmiş Rövnəq Abdullayevin missiyası başa çatdı. Konfransda videomüraciətlə çıxış edən FIFA prezidenti Canni İnfantino onun uzun illər Azərbaycan futboluna uğurla xidmət etdiyini, yaxşı infrastrukturun qurulduğunu, ölkəmizdə AVRO-2020-nin qrup, 2019-cu ildə UEFA Kubokunun final matçlarının keçirildiyini xatırlatdı.
Rövnəq Abdullayevlə birgə İcraiyyə Komitəsinin bir neçə üzvü də fəaliyyətini başa vurdu. Buraya İsgəndər Cavadov, Kazbek Tuayev, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Firudin Qurbanov, Mahir Məmmədov və Elmar Məmmədyarov daxildirlər.

Dördüncü prezident

AFFA-nın yeni prezidenti bu posta yeganə namizəd Rövşən Nəcəf seçildi. SOCAR rəhbəri tarixə AFFA-nın dördüncü prezidenti kimi düşdü. 1992-ci ildə yaradılan quruma bunadək Fuad Musayev (1992-2003), Ramiz Mirzəyev (2003-2007) və Rövnəq Abdullayev (2008-2024) rəhbərlik ediblər. 2007-08-ci illərdə bu vəzifə müvəqqəti Elşad Nəsirova həvalə olunub.

İcraiyyə Komitəsi yeni tərkibdə

AFFA İcraiyyə Komitəsində “köhnə qvardiya”dan yalnız Fərid Mansurov, Elşad Nəsirov və Könül Mehdiyeva qaldılar. 9 üzv isə yenidir. Onlardan ikisi futbolçu keçmişi olan şəxslərdir: daha əvvəl “Neftçi”nin Müşahidə Şurasında yer alan Səməd Qurbanov və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov. Qurban Qurbanov əvvəllər İcraiyyə Komitəsində təmsil olunsa da, sonradan oranı tərk etmişdi. Azarkeşlərin əksəriyyəti onun qayıdışını əsas müsbət məqamlardan biri kimi qeyd edirlər.

Həmçinin “Sabah”ın prezidenti Maqsud Adıgözəlov, İTV-nin baş direktoru Balakişi Qasımov, AFFA-nın baş katibi Sərxan Hacıyev, “Silk Way Holding”in rəhbəri Zaur Axundov, Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini Ülvi Mansurov, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov və Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova-Rzazadə bundan sonra Azərbaycan futbolunda ən əhəmiyyətli qərarları qəbul etməkdə səs hüququna malik olacaqlar.

İK-nın ilk iclasından sonra isə vitse-prezidentlərin kimliyi açıqlandı. Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olundular.

“İlk növbədə uşaq futbolunun inkişafına diqqət yetirməliyik”

Rövşən Nəcəfin AFFA prezidenti kimi ilk mətbuat konfransında səsləndirdiyi fikirlər futbol ictimaiyyəti arasında kifayət qədər müsbət qarşılanıb. Yeni rəhbər uğur qazanmaq üçün zamana ehtiyac olduğunu, bütün futbol ictimaiyyətinin ortaq əməyi nəticəsində bunu bacara biləcəklərini qeyd edib:

“Futbol sahəsində irəliyə getmək üçün imkan var. Bunun üçün hamımız birlikdə çalışmalıyıq. Futbol yalnız meydançada yox, meydandan kənarda da oynanılır. Bu baxımdan AFFA, idmançılarımız, federasiyalar, jurnalistlər - hamımız əl-ələ verib ölkə futbolunu zirvələrə çatdırmaq istiqamətində zəruri addımlar atmalıyıq. Əlbəttə, hədəflər bilinməlidir. Qısa müddətdə yeni strategiya işlənib hazırlanacaq. İlk növbədə uşaq futbolunun inkişafına diqqət yetirməliyik. Eyni zamanda azarkeşlərin stadionlara cəlbinə, futbolun popluyarlaşmasına çalışmalıyıq. Azarkeşlərlə, sponsorlarla, media və teleyayım şirkətləri ilə işləyib buna nail ola bilərik. Bir çox insanlar oyunları stadionlardan izləyir və müasir texnologiyalar evdə də stadion şəraiti yaradır. Bu baxımından biz teleyayım keyfiyyətinin də artırılmasının inkişafında maraqlı olmalıyıq”.

Əsas strateji məqamlar

Rövşən Nəcəf əsas strateji məqamlara da toxunub. Ölkədə futbolun problemlərindən danışılanda daha çox uşaq futbolunun yetəri qədər inkişaf etməməsi və azarkeşlərin stadionlara gəlməməsi qeyd olunur. AFFA prezidenti də məhz bu məsələləri qabardıb.

Yeni rəhbərliyin qarşısında yaxın gələcək üçün dayanan ilk vəzifə milli komandaya baş məşqçi təyinatıdır. R.Nəcəf bu məsələnin tezliklə rəsmiləşəcəyini bildirib. Yığmanın mövqeyinin qaneedici olmadığını vurğulayan assosiasiya rəhbəri milliyə baş məşqçi təyinatı zamanı əsas göstəricinin onun yerli və ya əcnəbi deyil, komandadan tələb olunan oyun fəlsəfəsinə uyğun olub-olmaması olduğunu qeyd edib.


Rövşən Nəcəf AFFA-da müəyyən struktur dəyişikliklərinin ola biləcəyini də istisna etməyib. Hər halda, ilkin siqnallar pozitivdir. Qarşıda heç də asan olmayan vəzifələr dayanır. Yəqin ki, yaxın zamanda gediləcək yolun xəritəsi hazır olacaq və yeni strategiyanın tətbiqinə başlanacaq. 

banner

Oxşar Xəbərlər