“Yaxşı aktyorun kaprizi olmalıdır”

“Yaxşı aktyorun kaprizi olmalıdır”

Mədəniyyət
21 Sentyabr 2019, 09:30 2506
Məktəb illərində qatıldığı KVN yarışları ona, seçəcəyi istiqaməti müəyyənləşdirməkdə kömək edib. Müsahibim rejissor Əziz Şahbazov ilk olaraq operator kimi işə başlayıb. Hesab edir ki, yaxşı rejissor olmaq üçün bu sənətin bütün incəliklərinə yiyələnmək lazımdır - aktyor oyunundan tutmuş operator işinə qədər. Daha sonra rejissor assistenti, ikinci rejissor və layihənin əsas rejissoru olaraq istəyinə doğru yol alıb. "Toydan sonra nağara” filminin rejissoru, "Aramızda qalsın”, "Həyat sən nə qəribəsən” serialının ikinci rejissoru,  "Niyə?” serialının quruluşçu rejissoru kimi özünü tanıtmağa bacarıb. Hazırda isə ARB telekanalında yayımlanan "Baldız” serialının rejissorudur. 

- Aktyor olaraq daha çox tanınmaq, sevilmək imkanınız olduğu halda, nə üçün rejissor olmağa üstünlük verdiniz?  
- Əslində hədəfim rejissor olmaq idi. Rejissor istədiyi nəticəni əldə etmək üçün aktyor  qabiliyyətinə malik olmalıdır, əks təqdirdə aktyorla işləyə bilməz. Əbəs yerə türklər rejissora "yönətmən” - yəni idarə edən demirlər. Mən heç zaman məşhur olmaq həvəsində olmamışam. "Həyat sən nə qəribəsən” serialında ikinci rejissor olaraq çalışanda aktyor kimi bir obraz canlandırmağımı təklif etmişdilər. Yəni tanınmaq üçün bir neçə dəfə fürsətim olub. Ancaq kamera arxasında özümü daha rahat hiss edirəm. Hesab edirəm ki, aktyor kimi özümü bu qədər rahat hiss edə bilmərəm. 
 

 
- "Aramızda qalsın” serialı ilə hədəflərinizə doğru yol aldınız. Bəs sonra?
-  Bəli, arzularıma doğru gedən yolda ilk  işim "Aramızda qalsın” serialında rejissor assistenti  oldu. Növbəti ildə serialın ikinci rejissoru olaraq çalışdım. Daha sonra "Həyat sən nə qəribəsən” serialında ikinci rejissor oldum. Beləliklə, layihələr biri birini əvəzlədi. 
 
- Bəs ilk filminiz?
- İlk filmim Ramiz Hüseynzadənin baş prodüser olduğu "Toydan sonra nağara” layihəsi idi. Bu filmdən sonra mən tanınmağa başladım. Daha geniş imkanlara sahib oldum. Çox keçmədi ki, "Niyə” serialının çəkilişlərinə başladıq. Bu serialda mənə kimi iki rejissor dəyişmişdi və 5 seriyası çəkilmişdi, 25 seriyanı isə mən çəkdim. 30-cu seriyada bitirdik. 
 
- Qardaşınız Rüfət Şahbazov da tanınmış rejissordur. Ancaq ikinizi bir layihədə görməmişik.
- Rüfət Şahbazov çox istedadlı, işinin peşəkarıdır. İndiyə qədər onunla bir layihədə yer almamışam. Yəqin ki, bunu ikimiz də istəməmişik. 
 
- Səbəb?
 - İstəmirəm kimsə desin ki, qardaşı ilə bir yerdə işləyir,  qardaşı ona kömək edir və  yaxud da ki, onun işini qardaşı görür və s. Çalışmışam ki, özüm nələrsə əldə edim. Düzdür, mənim bu sənətə gəlməyimdə qardaşımın çox böyük əməyi var. İndi də hər hansı bir iş görəndə bir böyük, peşəkar insan kimi ondan məsləhət alıram. Rüfət də elə bir xüsusiyyətə malikdir ki, işlərimə müdaxilə etmir, ondan məsləhət almasam, işimə qarışmır. 
 
- Əziz Şahbazov məşhurdur, yoxsa Rüfət Şahbazov?
- Əlbəttə ki, Rüfət Şahbazov. 
 
- Axı siz bir çox prodakşnlarla, telekanallarda çalışıbsınız və çevrəniz daha genişdir. 
- Onun gördüyü işlər daha çox uğur qazanıb, hər zaman öndə olub. Çəkdiyi filmlər uğur qazanıb, serialları reytinq toplayıb. Onun məşhur olması peşəkarlığının və  bəlkə də uzun müddətdir ki, eyni komanda ilə işləməsinin nəticəsidir. 
 
 
 
- Qardaşınızdan fərqli olaraq siz daha çox komediya janrında film və seriallarda çalışıbsınız. Sizcə, komediyaya olan bu tələbat hardan qaynaqlanır? 
- Kommersiya baxımından komediya filmləri daha çox uğur gətirir. Tamaşaçıya nəyi təqdim etsən, onu qəbul edəcək. Bu gün zamanın tələbi komediya filmləridir. Hazırda hər şey tələb üzərində qurulub. 
 
- Özünüzü dram janrında sınamaq istəyərsinizmi?
- Əlbəttə, bundan sonra çox gözəl dram çəkmək istəyərəm. Ən böyük arzum isə detektiv janrlı film çəkməkdir. Dram janrında kinoteatra təqdim olunan filmlərimiz gəlir gətirmir. Bəzən deyirlər ki, bizdə dram yoxdur.
 
 - Qeyd etdiniz ki, detektiv janrında film çəkmək istəyirsiniz. Sizcə, nə üçün bizdə bu janrda filmlər yaxşı effekt vermir? 
- Rejissor xarici filmlərə baxır və elə film çəkmək istəyir. Prodüser isə deyir ki, sizə lazım olan filan məhsullar bizdə yoxdur. Məhz çəkəcəyimiz filmin və serialın ssenarisi əlimizdə olan imkanlar çərçivəsində yazılır. Bizim isə elə böyük imkanlarımız olmur. Bir film çəkəndə imkanlarımız çərçivəsində hərəkət etməyə məcbur oluruq. Olub ki, filmi çəkmişəm, montajda baxmışam ki, istədiyim nəticəni ala bilməmişəm və kadrları kəsmişəm. İnanmıram ki, Azərbaycanda hansısa rejissor filmini arzuladığı kimi çəkə bilsin. Heç bir rejissor deyə bilməz ki, mən bu filmi istədiyim və arzuladığım kimi çəkmişəm. " O filmdən bizdə niyə yoxdur” sualına cavab olaraq deyim ki,  o filmlərdə istifadə olunan avadanlıqlar bizdə yoxdur. Ancaq mənim rejissor olaraq o effekti, həyəcanı göstərməyə potensialım var. İmkanlara uyğun film çəkirik. Misal üçün,  filmdə polis, təcili yardım, post-patrul maşını lazım olur. Məcbursan ki, hansısa klinikaya, polis bölməsinə zəng vurasan. Onlar maşın vermirlər və yaxud da deyirlər ki, filan vaxtda bir neçə dəqiqəlik istifadə edə bilərsiniz. Heç çox zaman da razılaşmırlar. Yəni deməyim odur ki, film çəkmək üçün əlverişli şərait, sistem olmalıdır. Prodakşnların icarəyə vermək üçün polis, təcili yardım maşınları və başqa alternativləri  olmalıdır ki,  gedib heç bir idarəyə girib rəislə görüşüb deməyəsən ki, bizə çəkilişə maşın lazımdır. Bunun üçün Türkiyədə prodakşnların hazır klinika, polis bölməsi, həbsxanaları var və onlar bu baxımdan heç də korluq çəkmirlər. 
 
-  Sizə daha çox "Niyə?” serialı məşhurluq gətirdi. Sizcə, "Niyə?” filmi çox tutarlı olduğu üçün serial versiyası da hazırlandı? 
 - Açığını desəm, bundan əvvəlki "Niyə?” filmi heç tutmamışdı. Tamaşaçılara bunun serialı təqdim olundu və göründü ki, tamaşaçı bunu qəbul edir. Ancaq onu qeyd edim ki, "Niyə?” serialının çəkilməyi doğru qərar idi. Çox qısa zamanda serial böyük reytinqlər topladı, tamaşaçılar tərəfindən sevildi. "Niyə?” serialında səmimiyyət olduğu üçün tamaşaçı burda özünü gördü.  
 
- Hər rejissorun aktyor və aktrisalardan ibarət bir çevrəsi var. Belə ki, onlar davamlı olaraq eyni simalarla çalışırlar. Bəs sizin aktyorlarınız kimlərdir?
- Mən hər potensiala malik aktyorlarla işləmişəm. Xalq artistindən tutmuş yeni başlayan gənclərə qədər. Ancaq deyim ki, hər layihədə fərqli aktyor heyəti ilə çalışmışıq. Yəni "rejissorun aktyoru” anlayışını qəbul etmirəm. Obraza hansı aktyorun potensialı, tipajı uyğun gəlirsə, onunla da çalışırıq.
 
- Bəs aktyorların kaprizləri ilə necə mübarizə aparırsınız?
- Aktyorun kaprizi ilə məşğul olmaq rejissorun işi deyil, bu işlə prodüser məşğul olur. Məncə, yaxşı aktyorun kaprizi olmalıdır. Təbii ki, aktyorun rahatlığı təmin olunmalıdır. Bizim aktyorlarımız o qədər də kaprizli deyillər, xarici aktyorlar elə kaprizlər edirlər ki, onları görəndə adam dəhşətə gəlir. Əgər aktyor istedadlıdırsa, kaprizi də qəbul olunmalıdır.  
 
- Olubmu ki, gənc olduğunuza görə yaşlı aktyorlar sizinlə çalışmaqda tərəddüd etsinlər?
- Açığını desəm, olub. Sənətə yeni gələndə sözünü demiş sənətkarların bir az tərəddüd etdiyinin şahidi olurdum. Əslində onları da başa düşürdüm, çünki məni tanımırdılar. Ancaq işləyəndən sonra görmüşəm ki, mənə və işimə qarşı  fikr, münasibət dəyişib. Ancaq indi mənə qarşı o fikir yoxdur. Demirəm ki, tanınmış rejissoram, məndən də yaxşı sənətkarlar, rejissorlar var. 
 
- Baxanda xəcalət çəkdiyiniz işləriniz varmı?
- Şükür Allaha ki, elə bir işim olmayıb. Çalışdığım layihələr tutarlı olub. Sonra işinə baxıb, xəcalət çəkməmək üçün rejissor əvvəlcədən düşünməlidir. Ancaq demirəm ki, səhvlərim olmayıb. Misal üçün ilk işimdə montajda oturanda gördüm ki, bəzi boşluqlar var. Çalışırdım ki, hər işimi özüm edim və səhvlərimi görüm. İkinci filmdə daha təcrübəli idim, birinci filmdəki səhvlərimi etməməyə çalışırdım. Səhvsiz rejissor yoxdur. Əsas odur ki, səhvlərindən nəticə çıxarmağa bacarasan.
 
- Hansı həmkarınızın çəkdiyi seriala baxırsınız?
- Bu sahədə olduğum üçün istər-istəməz, digər rejissorların işinə də baxmalısan ki, bu sahədə nə baş verir. Digər həmkarlarımın da işlərini izləyirəm. Əgər bazara bir məhsul çıxarırsansa, bazarda olan digər məhsullara da baxmalısan. 
 
- Ən çox hansı rejissorun işini bəyənirsiniz?
- Daha çox Emil Quliyevin "Pərdə 2” filmini çox bəyəndim. Emil Abdullayevin çəkdiyi filmlər də, mənə görə, uğurludur. 
 
- Bizim rejissorlarda bir az tənbəllik var. Belə ki, komediya janrında sözünü demiş aktyorları dram janrında yoxlamaq istəmirlər. Bu baxımdan rejissorlar rahatlığa qaçırlar.
- Mən dana bilmərəm ki, bizdə belə şeylər yoxdur. Bizdə tam o sistem yoxdur ki, hər hansı bir aktyoru götürüb, onu dəfələrlə məşq etdirərsən. Hər şeyin arxasında maddi durum dayanır. Dünya kino sistemində dəfələrlə şahid oluruq ki, modellər baş qəhrəmanları canlandırır. Bunun üçün siması uyğun olan modellər seçilir və onlarla 5-6 ay məşq keçirlər. Büt ün bunlar isə puldur. 

- Sizin həyat yoldaşınız aktrisadır. Bir ailədə rejissor və aktrisa necə yola gedir?
- Sənət baxımından çox mübahisələrimiz olur. Bəzən izlədiyimiz film, serial barədə fikirlərimiz toqquşur. Biz onunla "Həyat sən nə qəribəsən” serialının çəkiliş prosesində tanış olmuşuq, ancaq ondan sonra heç bir layihədə olmamışıq. 
 
- Hazırda hansı serial üzərində çalışırsınız?
- ARB telekanalında üçüncü mövsümdə yayımlanan "Baldız” serialı üzərində çalışıram. Serial sentyabrın 22-dən  nümayiş olunacaq. "Baldız” öz dəsti-xətti olan serialdır. Bu mövsüm serialın strukturu tamamilə dəyişib. Belə ki, başqa məkanda əlavə aktyorlar olacaq. Üstəlik, sitkom sisteminə keçdik, məkanı sıfırdan seçdik. Adını dəyişsək, tamaşaçılar inanar ki, bu "Baldız” yox, başqa bir serialdır. 
 
Xəyalə Rəis