• şənbə, 03 May, 21:31
  • Baku Bakı 16°C

Müşfiq ocağının bitməyən dərd-səri

03.05.25 02:15 197
Müşfiq ocağının bitməyən dərd-səri

Nakam şairimiz Mikayıl Müşfiqin Xatirə Muzeyi sonuncu intensiv yağışlardan sonra fəaliyyətini dayandırıb. Səbəb muzeyin qarşısından axan Tuğ çayı üzərindəki körpünün dağılmasıdır. Amma problemlər yalnız təbiətin şıltaqlığı ilə bağlı deyil...  

Martın sonlarında Xızı rayonuna səfərimiz zamanı nakam şairimiz Mikayıl Müşfiqin Xatirə Muzeyinə də baş çəkdik. Ərazidə yeganə tikili olan muzeyi ziyarət edəndə nə qədər xoşumuza gəldisə, bir o qədər də məyus olduq. Böyük şairin təlatümlü taleyi kimi xatirəsinə həsr olunan muzeyin də mükəmməl olmayan xidməti və ümumi vəziyyətini nə görkəmli şairin adına, nə də poeziyasının böyüklüyünə yaraşdırdıq. 

Səfərimizdən bir ay keçmiş yağış suları nəticəsində muzeyin qarşısındakı körpünün uçması, eləcə də muzeyin fəaliyyətini dayandırması xəbəri şairin doğum günü  (5 iyun) ərəfəsində yazacağımız yazını daha da tezləşdirdi. 

Əslində muzeyin bağlanmasına səbəb olan amillər bizim müşahidələrimizdən o yana keçmədi. “Yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən Xatirə Muzeyi yararsız hala düşüb. Bir neçə gün əvvəl sel yenidən həyətdəki körpünü aparıb”,- deyə xəbərlərdə qeyd edildi. Muzey bağlanmamışdan əvvəl son ziyarətçilərdən biri kimi baş verən hadisənin şəraitə adekvat olduğuna şübhəmiz qalmadı. 

200-dən çox eksponat, 53 kvadratmetr otaq 

Təəssüratlarımıza əvvəlcə muzeydən başlayaq. Xatirə Muzeyi 1988-ci ildə Müşfiqin 80 illik yubileyi münasibətilə Xızının Sayadlar kəndində yaradılıb. Bu muzey böyük şairin ata ocağı sayılır. Muzey Xızıdakı məşhur rəngli dağların ətəyində yerləşir. Üzbəüz dağın üzərində şairin məşhur “Oxu tar!” misrası yazılıb. Yolun kənarında isə Mikayıl Müşfiqin böyük portreti yer alıb. Muzeyə aparan yolda körpünü, altından axan bulanıq Tuğ çayını, pillələrin uçuq-sökük vəziyyətini, təmirsiz yolu nəzərdən keçirib muzeyə daxil oluruq. 

Muzeyin həyətində ağaclar, gül-çiçək əkilib, skamyalar qoyulub. Gələn qonaqları heykəltəraş Münəvvər Rzayevanın muzeyə təqdim etdiyi şairin tuncdan yonulan büstü qarşılayır.

Yeddi əməkdaşı olan muzey cəmi bir otaqdan – kvadratmetrlik ekspozisiya zalından ibarətdir. Otağın küncündə qoyulan köhnə sobada közərən odunlar ərazidə qaz olmadığından xəbər verir. Əraziyə su da çəkilməyib. Pəncərə ağzına düzülən su doldurulmuş butulkalar da bu problemdən xəbər verir. 

Muzeyin əməkdaşı ekspozisiyada abidə daxil olmaqla 221 eksponatın olduğunu bildirdi. Nümayiş etdirilən eksponatlardan başqa əşyaları saxlamağa isə fond yoxdur. Əşyalar muzeyə Mədəniyyət Nazirliyi tərəfindən verilib. “Bu eksponatlar orijinal deyil, əsilləri Əlyazmalar İnstitutunda saxlanır. Müşfiqin heç bir şəxsi əşyası qalmayıb. Repressiya olunanda bütün əşyaları yandırılıb. Şairin Xızıda evi olub, amma o ev də artıq yoxdur. Müşfiqin xatirəsini əziz tutaraq yaşadığı ərazidə Xatirə muzeyi yaradılıb”. 

Muzeydə şairin uşaqlıq və gənclik illərini, ailəsini, görüşlərini və s. əks etdirən maraqlı fotolar, sənədlər yer alıb. Şairin haqqında açılan 12493 saylı cinayət işinin surəti, Mirvari Dilbazinin Mikayıl Müşfiqə həsr etdiyi şeirdən bir parça da muzeydə nümayiş etdirilir: “Ərazidəki rəngli dağlara baxmağa gələn turistlər də muzeyə gəlir, Xatirə kitabına ürək sözlərini yazırlar”. 
Əməkdaşlardan biri muzeydə təmir-bərpa işlərinin aparılacağını, ekspozisiya zalının gələcəkdə böyüdüləcəyini də bildirdi: “Dedilər ki, ekspozisiyanı genişləndirmək üçün ətrafda yeni otaqlar tikiləcək”.

Muzey hansı qurumun balansındadır?

Artıq üçüncü dəfədir ki, muzeyin qarşısından axan Tuğ çayı üzərindəki körpü dağılır. Aprelin ortalarında yağan yağış çayın sululuğunu artırıb və körpünü yenidən aparıb. Təbiətin şıltaqlığına hazır olmayan körpünün dağınıtısı isə muzeyin fəaliyyətinin dayanmasına səbəb olub. Amma muzeyi tez-tez ziyarət edənlər hesab edirlər ki, muzeyin fəaliyyəti təbii fəlakətdən daha çox məmurların laqeydliyindən dayanıb.

Filologiya üzrə fəlsəfə doktoru, “Müşfiqnamə” monoqrafiyasının müəllifi  Firudin Qurbansoy muzeyə tez-tez baş çəkdiyindən Müşfiq ocağının dərd-sərinə yaxşı bələddir: “Muzeyin yerləşdiyi əraziyə yaxın Tuğ çayı adətən sakit axır. Amma 20-25 ildən bir çayın səviyyəsi qalxır və qabağına nə çıxdı yuyub aparır”, - deyə söhbətimizdə bildirdi: “Bu vəziyyəti nəzərə alıb çayın yaxınlığında böyük bir boru qoymuşdular ki, suyun səviyyəsi qalxsa, axıb getsin. Ondan əvvəl də bir gölməçə düzəltmişdilər: su ora yığışsın, sonra axsın. Beləcə, çay öz axarı ilə axırdı, üzərində körpü də qurmuşdular. Həmin borunu çıxarıb kiminsə bağına aparıblar. Nəticədə bu vəziyyət yaranıb. Xızı Rayon İcra Hakimiyyətindən deyirlər ki, muzey Mədəniyyət Nazirliyinin balansındadır. Nazirlik də “Muzey mənim balansımda olsa da, yolu mənim balansımda deyil”, - deyir. Beləcə muzeyin problemini o bunun üstünə, bu onun üstünə atır...” F.Qurbansoy muzeyin ərazisinin genişlənəcəyi ilə bağlı əməkdaşlara verilən sözləri də  yalançı vədlər adlandırır: “Yalandan vədlər verirlər. Kim edəcək? Muzey hansı qurumun balansındadır? Kim pul ayıracaq?” Filoloq yaranan vəziyyətdə yerli İcra Hakimiyyətinin laqeyd yanaşmasını da qınayır: “Rayonun əsas gəliri turizmdəndir. Bu sahədə muzeylər ən önəmlidir. Çünki turistlər muzeylərə maraq göstərirlər. Xızıda 3 muzey vardı - Cəfər Cabbarlının Ev Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və Müşfiqin Xatirə Muzeyi. Tarix Diyarşünaslıq Muzeyi bağlandı. Müşfiqin Xatirə Muzeyi də gördüyünüz kimi...”

Telefonsuz muzey 

Mədəniyyət Nazirliyi Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov sorğumuza cavab olaraq bildirdi ki, güclü yağıntılar nəticəsində Xızı rayonunda sel hadisəsi baş verib: “Muzeyə gedən əsas yolu təşkil edən Tıx çayı (Tuğ) üzərindəki körpü və muzeyin ərazisində olan söhbətgah yararsız vəziyyətə düşüb. Lakin muzeyin binası zərər görməyib”.
Təəssüf ki, Xatirə Muzeyinin fəaliyyətini nə vaxt bərpa edəcəyi, körpünün təmiri və s. ilə bağlı suallarımıza nə Xızı Rayon İcra Hakimiyyətindən, nə də Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən cavab ala bildik. 

Xatirə Muzeyinə telefon da çəkilməyib. Vikipediya məlumatında qeyd edilən yeganə mobil nömrənin sahibi isə çoxdan muzeylə vidalaşıb: “Mən artıq başqa sahədə çalışıram. Muzeydə telefon yoxdur...” 

Təranə Məhərrəmova
Bakı-Xızı

banner

Oxşar Xəbərlər