Kinematoqrafçıların gözləntiləri böyükdür

Prezident İlham Əliyevin imzaladığı sərəncam kino sənayemizin inkişafı məsələsini gündəmə gətirib. Sənəddə xarici film istehsalçılarını Azərbaycan ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalına cəlb etmək nəzərdə tutulur.
Kino ictimai şüurun demək olar ki, bütün sahələrini əhatə etmək iqtidarındadır. İncəsənətin bu növü vasitəsilə bütün nəsillərin, əsrlərin tarixini görmək olar. Zaman keçdikcə müasir kino texnoloji tərəqqi və innovasiyaların inkişafı ilə heyrətləndirir. Kinonun imkanlarının genişlənməsi ilə yeni texnologiyalar cəsarətli ideyaları həyata keçirməyə, tamaşaçıları yeni vizual təcrübələrlə təəccübləndirməyə və bir vaxtlar əlçatmaz görünən dünyalar yaratmağa imkan verir. Zəngin ənənələri olan milli kinomuz isə təəssüf ki, bu gün bu inkişafdan geri qalıb.
Prezident İlham Əliyevin ölkəmizin çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlərin mühüm rol oynadığını nəzərə alaraq imzaladığı sərəncam kino sənayemizin inkişafı məsələsini gündəmə gətirib. Sənəddə Azərbaycan kinematoqrafiyasının inkişafı, o cümlədən yerli film istehsalçıları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici film istehsalçılarını Azərbaycan ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalına cəlb etmək məsələləri yer alır. Kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarının təsdiq edilməsinə də diqqət çəkilib. Ölkə başçısının sərəncamı xarici film istehsalçılarını film məkanı kimi Azərbaycanı seçməyə təşviq etməyə də yol açır.
Tanınmış kino adamlarımız bu sənədə hazırda çətin günlərini yaşayan milli kino sənayemizin dirçəlməsi yönündə bir dayaq nöqtəsi kimi baxırlar.
“Sərəncam Azərbaycan kinosunun dirçəlməsinə kömək edəcək”
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev hesab edir ki, kino sənayesi ilə bağlı sərəncam Prezidentin milli kinomuza diqqəti ilə bağlıdır: “Prezident kino ilə maraqlanıb. O, kinomuzun vəziyyətini yaxşı bilir. Mənimlə, başqa kino adamları ilə görüşəndə kinodan söhbət salır və müəyyən problemləri deyirik. Mənə elə gəlir ki, bu sənəd Azərbaycan kinosunun dirçəlməsinə kömək edəcək”. Gənc kinematoqrafçıların xaricdə təcrübə keçmələrinə gəlincə, R.Balayev bildirdi ki, bu, bütün sahələrdə var: “Qarabağ” futbol klubunda da futbolçuların çoxu gəlmələrdir. Kino ilə bağlı da müəyyən ustadlar var ki, onları dəvət etmək, ustad dərslərindən yararlanmaq lazımdır. Məsələn, peşəkar bir rejissor dəvət olunub aktyorlarla işləsə, yaxşı nəticə olar. Bizim Rusiya Dövlət Kinematoqrafiya İnstitutu ilə əlaqələrimiz kəsilib. Düzdür, bizdə institut var, amma o baza yoxdur. Ona görə peşəkar adamlara ehtiyac var. Yəni biz də onlara qoşulaq, Azərbaycan kinosu inkişaf eləsin”.
Başqa ölkələrlə təcrübə mübadiləsi
Tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun fikrincə, ölkə başçısının sərəncamı ölkəmizdə kinematoqrafiyanın inkişafına müsbət təsir edə, kinomuzun dünyaya çıxmasına təkan ola bilər: “Bu, filmlərimizi dünyanın izləməsi üçün çox vacib idi. Başqa ölkələrlə təcrübə mübadiləsi – onların bizdən, bizim onlardan nəsə öyrənməyimiz yaxşı nəticələr verə bilər. Kinonun öz mental tərəfi var. Bu, ikitərəfli qaynayıb-qarışmaq həmişə yaxşı nəticələr gətirib. Bunu təbii ki, alqışlamaq lazımdır. Kinematoqrafiya bir sənət növüdür, amma industrial sahədir. Kinonun inkişafı başqa incəsənət növlərindən onunla fərqlənir ki, burada istehsalata tələb olunan vəsait ədəbiyyat, musiqi, teatr, rəssamlıqdan qat-qat çox olmalıdır”. O.Mirqasımov hesab edir ki, rejissorların beynəlxalq təcrübəni öyrənmələri üçün yaradılacaq şərait də milli kinematoqrafiyanın inkişafına dəstək olacaq.
“Vacib olan geri qayıdacaq faizin miqdarıdır”
Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, prodüser Əli İsa Cabbarov sözügedən sərəncamda yer alan kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarına toxundu: “Xərclərin geri qayıtma metodu dünyada kino sahəsində geniş yayılmış praktikadır. Bu, investorları stimullaşdırmaq üçündür. Bu tipli metodlardan bir qayda olaraq xarici kinoprodüserlər üçün istifadə edirlər ki, onlar yatırımlar etsinlər. Məsələn, şərti qoyduğu 100 minin 20-30 minini geri alsın. Bu məsələdə onlar üçün vacib olan geri qayıdacaq faizin miqdarıdır. Belə hal investorları həm də ona görə cəlb edəcək ki, Azərbaycanın logistik şəraiti, landşaftı, mədəniyyəti, kadr potensialı xarici prodüserə sərfəlidir. Belə bir əlavə geriqayıdışa qanunla şərait yaradanda, onlar stimullaşacaq”.
Prodüser bu qaydanın yerli prodüserlərə də aid edilməsinin tərəfdarıdır: “Tutaq ki, xarici ölkələrdə, məsələn, Nyu-Yorkda fəaliyyət göstərən investor, prodüser başqa ştatlarda film çəkəndə onlara da bu güzəşti şamil edirlər. Xüsusilə, bizdə azad olunmuş torpaqlarda, Şərqi Zəngəzurda film çəkən prodüserlərə bu praktika şamil edilməlidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının da mövqeyi elədir ki, xərclərin qismən geri qayıtması təkcə xarici prodüserlər Azərbaycanda film çəkəndə yox, yerli prodüserlərə də şamil edilsin. Həmçinin, bu praktikadan ölkəmizin bölgələrində çəkiliş aparan prodüserlər də yararlana bilsinlər. Onlar yatırdıqları sərmayənin hansısa hissəsini geri götürə bilsinlər. Mənim fikrimcə, bu, ənənəvi turizm zonalarının və azad olunan torpaqların, Şərqi Zəngəzurun xaricdə təbliği baxımından əlverişli olardı. Tutaq ki, Bakı studiyaları Laçında, Zəngilanda, Lənkəranda, Şəkidə film çəkdikləri zaman xərclədikləri vəsaitin müəyyən hissəsini geri götürə bilirlər. Hesab edirəm ki, bu, daxili investorlar üçün stimullaşdırıcı addım olardı”.
Təranə Məhərrəmova
