Öz həyatını canlandıran qəhrəmanın hekayəsi

44 günlük Vətən müharibəsinin iştirakçılarının qəhrəmanlığı sənədli və bədii filmlərdə əbədiləşir. "Global Media Group"a daxil olan Baku TV-nin əməkdaşı Ələkbər Nəsirovun hekayəsi kimi....
Elə tarixlər var ki, onların əhəmiyyəti nəinki ildən-ilə, gündən-günə artır. 44 günlük Vətən müharibəsi kimi. Bu müharibənin iştirakçılarının qəhrəmanlığı sənədli və bədii filmlərdə əbədiləşir. ""Global Media Group"a daxil olan Baku TV-nin əməkdaşı Ələkbər Nəsirovun hekayəsi kimi...
Ələkbərin hekayəsi rejissor Leyli Məhərrəmin “The Word” (“Söz”) qısametrajlı filmi ilə ekrana gəlib. Sənədli film Azərbaycan xalqının müharibədən əvvəl, müharibə dönəmində və müharibədən sonrakı ümumiləşmiş obrazını əks etdirir.
“Oğlumu sənə tapşırıram”
“Söz” real həyat hekayəsidir. Bu, Vətən müharibəsindən keçən qəhrəmanın ağrılı və şərəf dolu ömür yolundan bəhs edən təsirli sənədli filmdir.
Hadisələrin ardıcıllığı müharibə iştirakçısının həmin dönəmdə və müharibədən sonra döyüşdüyü yerlərə baş çəkərkən yaşadığı hissləri, iztirabları, həyəcanı, emosional və psixoloji vəziyyəti olduğu kimi əks etdirir. Filmdə qəhrəman müharibədə hiss etdiklərini özü çatdırır. Şuşanın işğaldan azad olmasını gözləyən yaxın dostu Seymurun, əsgər yoldaşı Raufun ölümünü ürək ağrısı ilə xatırlayır. Raufun atasının “oğlumu sənə tapşırıram” sözünü bu gün də ürək ağrısı ilə unutmur.
Tarixə baxış
Filmin əvvəlində xronoloji ardıcıllığı qorumaq üçün tarixə baxış yer alıb. Azərbaycanın müstəqillik qazanmasından öncə SSRİ-nin tərkibində olması, 1992-ci ildə Ermənistan tərəfindən torpaqlarımızın işğalı, 1992-ci ildə ermənilərin törətdiyi Xocalı soyqırımı, Qarabağda yaşayan əhalinin məcburi köçkün kimi dədə-baba yurdlarından didərgin düşməsi, işğal olunmuş ərazilərimizlə bağlı BMT-nin həyata keçməyən 4 qətnaməsi...
Filmdə Ələkbərin hekayəsi Hadrutdan başlayır. Qəhrəman bütün sınaqlara, iştirakçısı və şahidi olduğu qanlı-qadalı hadisələrə baxmayaraq, sağ qala bilir.
Ələkbərin hekayəsində ana xətt kimi keçən bir səcdəgah var: Şuşa. O, dava vaxtı gedib çıxa bilməsə də, azad olunandan sonra Şuşaya gedir, Cıdır düzünə qalxır, Şuşanın alınması üçün şiddətli döyüşlərin getdiyi yerlərə baxır. “Şuşa azaddır” - deyə qürurunu dilə gətirir. Dostu Seymurun ruhunun şad olması üçün ad-soyadını yazıb gilizə qoyaraq Şuşa qalasının divarında yerləşdirir. Şuşa qalasının önündə şəkil çəkdirir. Qəhrəmanın “fotoda yaxşı düşməməyim əsas deyil, əsas odur ki, şəkildə Şuşa var” sözləri isə uğrunda canlar gedən Vətən torpaqlarının hər şeydən yüksəkdə olmasının ifadəsidir.
Filmin süjet xəttindəki hadisələr yalnız hansısa bir şücaətin estetikasını çəkmək məqsədi daşımır. Kadrlar tamaşaçını filmdəki görüntülərin reallıqda baş verdiyini düşünməyə, müharibənin dəhşətlərini anlamağa vadar edir.
Ələkbərin indiki nəsillə bölüşə bildiyi hər bir xatirə böyük dəyərə malikdir. Filmin qəhrəmanının timsalında dünyadakı insanların sülh, ədalət və azadlıq kimi bütün bəşəriyyət üçün ümumi dəyərlərə olan istəklərinin ifadəsi var.
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması
“Sənədli film Azərbaycan xalqının bu proseslərdəki ümumiləşdirilmiş obrazını əks etdirir”, - deyə Baku TV-nin direktoru Ramin Cəfərov sənədli filmin təqdimatında məlumat verdi: “Bu filmi bizə daha da yaxın edən hekayənin qəhrəmanı olan Ələkbərin Baku TV-nin əməkdaşı olmasıdır. Ekran əsərində qəhrəman öz dilindən müharibədən əvvəlki dövrü, 44 gün davam edən Vətən müharibəsi zamanı keçirdiyi hissləri və Zəfərdən sonrakı emosional durumunu təsvir edir”. Filmin beynəlxalq festivalda qazandığı uğurdan danışan TV rəhbəri qeyd etdi ki, Qarabağ mövzusundan bəhs edən filmin beynəlxalq səviyyədə tanınması və uğur qazanması Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün növbəti fürsətdir: “Bu, Azərbaycan xalqının qələbəsidir. Biz hər bir cəbhədə güclüyük və bizim güclü liderimiz var”.
Filmin qəhrəmanı Ələkbər Nəsirov filmdə müharibədə hiss etdiklərini çatdırmağa çalışdığını söylədi: “Filmdə öz həyatımı canlandırmışam, özümün döyüş yolumdan bəhs etmişəm. Çalışmışam ki, ürəyimdən gələnləri, hiss etdiklətimi çatdırım”.
Təqdimatda iştirak edən tanınmış kinoşünas Ayaz Salayev “Kinoda ən mühüm anlayışlardan biri insan psixologiyasının işlənməsidir ki, bu filmdə buna cəhd var”, - deyə ekran işini dəyərləndirdi: “Kino anlayışı bu prinsip üzərində qurulmalıdır. Azərbaycan kinosu da məhz bu yolla getməli, insan psixologiyasının dərinliklərinə enməli, onun ekranda bədii həllini təqdim etməlidir”.
“Film təkcə müharibə hekayəsi deyil”
Rejissor Leyli Məhərrəm bildirdi ki, həmkarı Ələkbər Nəsirovun həyat hekayəsi onu çox təsirləndirib və bunu ssenariləşdirmək barədə düşünüb: “Filmdə biz 44 günlük Vətən müharibəsini və Zəfərdən sonrakı emosional vəziyyəti məhz onun öz dilindən təqdim etmişik”. Rejissor qeyd etdi ki, “The word” (“Söz”) filmi təkcə müharibə hekayəsi deyil, həm də dostluq, insanların ən çətin anda bir-birinə dəstək olması haqqındadır.
Festivalın Baş mükafatı
Sevindirici xəbərdir ki, “Söz” (“The Word”) qısametrajlı sənədli filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən nüfuzlu "Accolade Global Film Competition"da Baş mükafata layiq görülüb. Dünyanın ən böyük film bazası - IMDB tərəfindən akkreditə olunmuş festival dünyanın ən yaxşı 25 kinofestivalından biri hesab olunur.
Hər il müsabiqəyə dünyanın hər yerindən mindən çox müraciət daxil olur. 21 illik tarixi boyunca festival Ridli Skott, Maykl Duqlas, Killian Mörfi və Erik Roberts kimi dünyaşöhrətli aktyor, prodüser və rejissorları mükafatlandırıb.
Film həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.
“The word” (“Söz”) Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məqsədilə rus və ingilis dillərində təqdim olunur.
Ekran əsərinin uğuru münasibətilə yaradıcı heyəti və Baku TV-nin bütün kollektivini təbrik edirik!
Təranə Məhərrəmova
