• şənbə, 05 Iyul, 14:38
  • Baku Bakı 25°C

Tarix, siyasət və insan faciəsi

05.07.25 02:28 224
Tarix, siyasət və insan faciəsi

“Şah Abbas Namə” təkcə bir dövlətin güc salnaməsi deyil, həm də insan həyatında yaşanan mənəvi-psixoloji dramdır. Bu tamaşada şahmat oyunu siyasətin sərt reallığını simvollaşdırır, insanın iradəsi ilə taleyin labirintlərində mübarizəsini göstərir.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında təqdim olunan “Şah Abbas Namə” tamaşası dramaturq İlqar Fəhminin eyni adlı əsəri əsasında qurulub. Rejissor Nicat Kazımovun səhnələşdirdiyi tamaşa son dövrlərdə izlədiyim ən güclü, emosional və dərin mənalı teatr nümunələrindən biridir. Əsər təkcə Şah Abbasın həyatını deyil, həm də insan taleyi, daxili mübarizəsi və hökmdarlıq ruhunu ustalıqla birləşdirir. Burada hökmdarlıq fəlsəfəsinin dərin qatları üzə çıxır. Makiavelli təfəkkür tərzi təsdiqini tapır: “İnsanları başqa cür idarə etmək mümkün deyil”.

Şahmat lövhəsi üzərində tarixi dram

Tamaşa başladığı andan Şah Abbasın taleyi şahmat oyunu kimi təqdim edilir. Səhnədə piyadalar, atlar, fil və vəzir tarixin canlı iştirakçıları kimi hərəkət edirlər. Ağlarla qaraların mübarizəsi sadəcə rənglərdən ibarət deyil, taleyin görünməz, qətiyyətsiz əlləri onları irəli aparır. Bu metaforik quruluş tamaşaçıya hakimiyyət və siyasətin nə qədər mürəkkəb olduğunu, insanın taleyə nə qədər bağlılığını hiss etdirir.

Rejissorun bu konsepsiyası əsərin məğzini səhnədə parlaq şəkildə canlandırır. “Şah Abbas Namə”nın hər səhnəsi, hər dialoqu şahın daxili dünyasının qapısını açır, onu insan, hökmdar və faciəvi bir obraz kimi təqdim edir.

Dörd şəxsiyyət - dörd həyat mərhələsi

Tamaşa dörd pərdəlidir – Şah Abbasın həyat yolu dörd fərqli mərhələdə təqdim olunur: uşaq, gənc, yetkin və qoca. Hər mərhələni səhnədə fərqli aktyorlar canlandırır: Mirsənan Kazımov (uşaqlıq), Niyaz İlyasoğlu (gənclik), Elnur Kərimov (orta yaş) və Qurban İsmayılov (qocalıq). Bu seçim tamaşaya unikal psixoloji dərinlik verir. Sanki hər bir pərdə ayrıca bir əsərdir. 
Uşaq Abbas anasının qucağında qorxu və təlaş içindədir, onun içində yaşadığı ən böyük qorxu - ölüm ehtimalı, bəlkə də həyatının ən böyük travmasıdır. Bu qorxu, arxa planda səhnənin fonunda zaman-zaman nümayiş etdirilən vizual elementlərlə dəstəklənərək, şahın bütün həyatını müşayiət edir. Taxta çıxan kimi bu qorxu daha da aktivləşir və Abbas ölümlə şahmat oynayan, amansız, qanlı hökmdara çevrilir. 

Siyasət və ailə

Şah Abbasın hökmdarlığının ilk mərhələsini əks etdirən birinci hissədə o, ağ geyimdə səhnəyə çıxır.  Ağ - ədalət, inam və günahsızlıq rəngidir. Gənc və yetkin Şah Abbas isə qırmızı və firuzəyi rənglərdə təcəssüm olunur. Qırmızı - döyüşlərin, qurbanların, qanlı qərarların, firuzəyi isə möhkəmlənmiş hakimiyyətin və əzəmətin simvoludur. Bu mərhələdə şah, öz qəlbindəki qaranlıq qorxularla mübarizə aparır, həm dövlətini, həm də səltənətini qorumaq üçün ailəsinə də qıyır. Oğlunun edamı, digər övladlarının zindana atılması və gözlərinin çıxarılması şahın qəddar siyasətinin bariz nümunəsidir. Bu qanlı hakimiyyət yolu tamaşada həm insanın zəifliklərinə, həm də hakimiyyətin sərt qanunlarına işıq tutur. Şah Abbasın özünü Allahla müqayisə etməsi, dostlarının və yaxınlarının xəyanətinə amansızlıqla cavab verməsi bu obrazın mürəkkəbliyini daha da artırır.

Qocalıq yükü və qəddar qərarlar

Tamaşanın son pərdəsində qara libaslı, ayaqlarını sürüyərək hərəkət edən qoca Şah Abbas həyatın faniliyini dərindən anlayan, amma dövlət və səltənət üçün soyuqqanlı qərarlar verməkdən çəkinməyən hökmdardır. Burada şahın həyatının ən ağır yükü - taxt-tacın qiymətini qanla ödəməsi və bunun ağırlığını çiyinlərində daşıması göstərilir. Bu mərhələdə şahmat oyununda şahın nəvələri arasında varis seçimi səhnəyə gətirilir. Şah varis olaraq onu ən çox sevən, şeirlər yazan nəvəsini yox, hiyləgər, güc və siyasi bacarığı olan digər nəvəsini seçir. Bu, səltənətin qorunması üçün sərt və acı seçimlərin labüd olduğunu göstərir.

Aktyor oyunu və yaradıcı komanda

Tamaşanın gücü aktyorların səhnə performansında da özünü göstərir. Hər aktyor obrazı yalnız oynamaqla kifayətlənmir, onun psixoloji qatlarını, daxili mübarizəsini, qorxularını və qətiyyətini tamaşaçıya çatdırır. Sənan Kazımlı, Niyaz Qasımov, Qurban İsmayılov, Elnur Kərimov və digər aktyorlar öz rollarına ruh qatır, səhnəni sözün əsl mənasında yaşayırlar. Musiqi tərtibatçısı Aygül Quliyevanın, quruluşçu rəssam Mustafa Mustafayevin, rejissor Səbinə Məmmədzadənin, rejissor assistentləri Fuad Cavadzadənin, Nəsibə Canəliyevanın və digər yaradıcı heyət üzvlərinin zəhmətləri tamaşanın yüksək səviyyədə tamamlanmasına xidmət edir. Fikrət Əmirovun “Kor ərəbin mahnısı” kimi musiqi seçimi tamaşanın duyğusal atmosferini tamamlayır, şahın taleyindəki kədər və fədakarlıq hissini artırır. 

Qadın ruhu və ananın kölgəsi

Ana obrazı ancaq səs və fonda görüntü ilə tamamlanır. Yəni qadın obraz səhnədə görünmür. Lakin qadın ruhu - ananın qoruyucu, sığınacaq kimi təsiri hər səhnədə özünü göstərir. Şah Abbasın uşaqlıq travmasının və qorxularının mənbəyi ananın varlığıdır. Bu obraz şahın həyatının hər mərhələsində onun daxili sığınacağı və qurtuluş məkanı kimi arxa planda davamlı yer alır. 

Tarix, siyasət və insan faciəsi

“Şah Abbas Namə” təkcə bir dövlətin güc salnaməsi deyil, həm də insan həyatında yaşanan mənəvi-psixoloji dramdır. Bu tamaşada şahmat oyunu siyasətin sərt reallığını simvollaşdırır, insanın iradəsi ilə taleyin labirintlərində mübarizəsini göstərir. İlqar Fəhminin dərin dramaturgiyası ilə Nicat Kazımovun rejissorluğu birləşərək, həm tarixi, həm də bəşəri mövzuda zəngin, çoxqatlı teatr əsəri yaradıb.

Xanım Aydın

 

banner

Oxşar Xəbərlər