AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Oblomovun xələfi

Oblomovun xələfi

24 Avqust 2020, 15:00 374
Maksim Qorkinin "Matvey Kojemyakinin həyatı” romanı üzərinə qeydlər

Özgə qapılarında ömür sürən, həyatın dibində çapalayan, heç cür o bataqlıqdan çıxa bilməyən, acı qisməti ilə çoxdan barışmış talesiz insanlar haqda düşünəndə proletar yazıçısı Maksim Qorkinin "Özgə qapılarında”, "Həyatın dibində” əsərlərinin süjetini tam xatırlamasaq da bu söz birləşmələri mütləq yadımıza düşür. Zamanın hündürlüyündən baxanda "proletar yazıçı”, "proletar şair” ifadələri olduqca mənasız görünür. Vaxt bu təyinlərin üstündən xətt çəkir və təkcə imza qalırsa, həmin yazıçı bütün zamanların yazıçısına, şairinə çevrilir.
 
Maksim Qorki sovet insanı üçün ideoloji təməl hesab olunurdu, onun "Ana” romanı uzun onilliklər boyu ədəbiyyat dərsliklərində tədris olunurdu. Sovet sistemi çökdü, amma Qorkinin "Ana” romanı aktuallığını itirmədi. Bu əsər bu gün də bütün dünyada oxunur. Pavel Vlasov milyonlarla insanın mübarizə simvoluna çevrilib. Qorki çoxlu romanlar, povestlər, hekayələr yazıb. 1950-ci illərdə onun əsərlərinin on beş cildliyi Azərbaycan dilinə tərcümə olunub və çap edilib. "Ana” romanı isə Qorkinin ədəbi manifestidir. Sanki onun bütün əsərləri "Ana” romanına aparan bir yoldur. Bu əsərlərdə mütləqiyyət quruluşunun özbaşınalıqları yüksək sənətkarlıqla təsvir edilir və mütləqiyyətə qarşı mübarizədə sürgünlərdə çürüyən, bununla belə, əqidəsindən dönməyən sadə insanların parlaq obrazları yaradılır. Təhkimçi Rusiyanın azadlığa can atan ruhu özünün ən dolğun ifadəsini Qorkinin yaradıcılığında tapır. Onun əsərləri rekviyem deyil, döyüş marşıdır. İctimai həyatın monoloji düşüncənin çərçivəsinə sığmayan ziddiyyətli mahiyyəti Qorki yaradıcılığında kəskin şəkildə özünü göstərir. Qorki romanının quruluş xüsusiyyətləri çoxplanlı olduğu üçün təkcə inqilabi ruhla kifayətlənmir, Rusiya insanının mənəvi-ruhi aləmini də dolğun şəkildə özündə əks etdirir. Onun yaradıcılığında Rusiya ictimai həyatında baş verən ziddiyyətlərin hansı şəkildəsə birləşdirilməsi və barışdırılması cəhdindən imtina edilir. Məhz bu konfliktlər Qorki üçün yaradıcılığın və roman quruluşunun vacib məqamı hesab edilir.
 
Biz Rus ədəbiyyatı haqqında danışanda mütləq Qoqolun, Dostoyevskinin, Tolstoyun, Çexovun adlarını çəkirik. Amma bir həqiqət var: Maksim Qorkisiz bu siyahı natamam görünür. Qorki həyatın dibindən vulkan kimi püskürən yazıçıdır. XX əsr rus ədəbiyyatını Qorkisiz təsəvvür etmək mümkünsüzdür. Dostoyevski kimi edamın bir addımlığından dönməsə də, yazıçı bioqrafiyasından həbslər, sürgünlər keçir. O, əsərləriylə rus insanında ictimai şüuru formalaşdırdı. Həyatın məhrumiyyətləri onun qəlbində uşaqlıqdan bir etiraz hissi oyatdı və bu hiss ona yaşadığı dünyanı beynindəki dünyanın süzgəcindən keçirib bədii mətnlərə çevirmək imkanı verdi. Təsəvvür edin, hələ çar imperiyası zamanında Qorkinin əsərləri Avropa səhnələrini dolaşırdı, əsərləri imperiyanın hüdudlarından kənarda nəşr edilirdi.
Beş yaşında atasını itirən Aleksey səkkiz yaşından işləmək məcburiyyətində qalıb. Çəkməçi yanında şagirdlik edib, gəmidə aşpaz köməkçisi işləyib, bəzən günlərlə xarabalıqlarda gecələyib. On bir yaşında tamamilə yetim qalıb və nənəsinin, əzazil babasının himayəsində böyüyüb. Nənəsinin danışdığı nağıllar onun şəxsiyyət kimi formalaşmağına böyük təsir göstərib. Nənəsindən oğurladığı pula özünə kitab alan Aleksey bununla da taleyini ədəbiyyata bağlayır. Sonralar Maksim Qorki yazacaqdı: "Məndə olan bütün müsbət cəhətlərə görə kitaba borcluyam”. Qorki bütün mənalarda özü özünü yetişdirmiş insan idi. O, yetim, kimsəsiz bir uşağı böyük yazıçı səviyyəsinə qədər yüksəltdi. Bu yol heç də asan yol deyildi. O, qəddar, zülmkar babasının yumruqları altında böyümüşdü, evdən qaçıb pay-piyada az qala, bütün Rusiyanı gəzib dolaşmışdı.
 
Qorki yaradıcılığının ictimai köklərini məhz bu ağır, dözülməz həyatın dibində axtarmaq lazım gəlir. Qorkinin şəxsiyyəti və yaradıcılığı barədə formalaşan stereotiplər onun bitkin yazıçı kimi dəyərləndirilməsinə ciddi şəkildə mane olur. Postsovet insanı onu proletar yazıçı tanıyır və bu təyin Qorkinin yaradıcı stixiyasını heç də tam mənada ehtiva etmir. Şübhəsiz, Qorki öz vətənini xilas etmək istəyirdi – cəhalətdən, qaranlıqdan, mülkədar zülmündən, burjuaziyanın mənfur bataqlığından, çar irticasından, məmur özbaşınalığından. O dövrdə bütün mütərəqqi rus ziyalılarının, yazıçılarının məqsəd və məramı bundan ibarət idi. Qorki insanı azad görmək istəyirdi və Rusiyanı xilas etməyin yeganə yolunu proletariatın qələbəsində görürdü. Bunun üçün də var qüvvəsiylə çalışırdı. Onun yaradıcılığı yalnız və yalnız insanın azadlığına xidmət edirdi. Qorki yaradıcılığı bütün izmlərdən təmizlənərsə başlıca qayə əbədi və dəyişməz qalacaq: insan azadlığı və humanizm.
Ədəbiyyatşünas Mikayıl Rəfili hələ ötən əsrin 30-cu illərində Maksim Qorki haqqında yazdığı məqalədə qeyd edirdi ki, "Çexovun "qında gizlətdiyi adamlarına” qarşı Qorki öz azad qəhrəmanlarını qoyurdu ki, onlar heç nədən qorxmadan burjua qanunlarını tapdayaraq azadlığa doğru yürüyür, hər cür ictimai haqsızlığın əleyhinə çıxırdılar”. (Maksim Qorki. Azərbaycan Dövlət Nəşriyyatı. 1968) Süleyman Sani Axundov "Ədəbiyyat qəzeti”ndəki məqaləsində yazırdı: Gəncliyimdə iki böyük simanın təsiri altında xeyli zaman qaldım. Bunlardan biri Lev Tolstoy, digəri Maksim Qorki idi”. ("Ədəbiyyat qəzeti”, 23 iyun, 1936)
Xalq yazıçısı Ənvər Məmmədxanlı yazır ki, "mənim ədəbi zövqümdə, bədii duyğularımın inkişaf və tərbiyəsində Maksim Qorki ən böyük bir yer tutdu. Mən ilk dəfə olaraq onun əsərlərində sənətin, sözün böyük qüvvəsini hiss edib sarsıldım. (yenə orada.)
 
Maksim Qorkinin altı yüz səhifəlik "Matvey Kojemyakinin həyatı” romanı var. Əsər tərcüməçi Hüseyn Şərif tərəfindən dilimizə çevrilib və yazıçının 1959-cu ildə Bakıda nəşr edilən on beş cildliyinin 7-ci cildinə daxil edilib. Bu əsəri oxuyanda Puşkinin "Ölü canlar” haqdakı məşhur fikrini xatırladım. Qoqol "Ölü canlar”ın əlyazmasını şairə oxumağa təqdim edir. Puşkin əsəri oxuyub bitirdikdən sonra belə deyir: "Aman Allah, Rusiya necə də kədərlidir”!
Biz bu hissləri Tolstoyun, Dostoyevskinin, Çexovun da əsərlərini oxuyarkən keçiririk. Sanki bu kədərin istifadə müddəti Qorkinin əsərlərində tükənmək üzrədir. "Matvey Kojemyakinin həyatı”nda Qorki Rusiyanı məhz bu kədərdən, çıxılmaz girdabdan xilas etmək üçün çalışır. Matvey rus qəza şəhəri Okurovda dünyaya göz açıb, yeddi yaşında anası onu atıb gedib, uşaq əhlikef mülkədar olan atası Savel İvanıçın ümidinə qalıb. Ömrünün qürub çağına çatmış qoca Kojemyakin vaxtını xatirələrini yazmaqla keçirir. Bütün ömrü boyu həyatına məna qatmaq istəyən bu qocanın xilası bu dəftərlərdədir. Oxucu bu dəftərlər vasitəsilə onun timsalında Okurov şəhərinin insanları, onların kədərli həyatı ilə tanış olur. Mujiklər heyvani instinktlərlə, məqsədsiz şəkildə yaşayıb ömürlərini başa vururlar, onlar düşdükləri vəziyyətin mahiyyətini dərk etməkdə acizdirlər. Matveyin atası özündən xeyli cavan bir qadını evə gətirib özünə arvad etmək istəyir, amma qoca bu qadının təbii ehtiyaclarını ödəməkdə acizdir, qadına gənc, qüvvətli ər lazımdır. Palaqa öz hisslərinin girovuna çevrilir, o, Matveyə belə deyir:
"Axı sən ki, balaca deyilsən, özün görürsən ki, sənin atan qocadır, zəifləyib, amma mən cavanam, nəvaziş istəyirəm”!
 
Matvey Palaqa ilə zina edir və bundan sonra ailədə faciəvi hadisələr baş verir. Qoca ata onların arasındakı intim münasibəti hiss edib gənc qadını döyür və özü də iflic keçirib yatağa düşür. Savel İvanıç dünyasını dəyişdikdən sonra Palaqa da ölümcül zədə aldığından qanaxmadan dünyasını dəyişir. Palaqanın ölümqabağı Matveyə dediyi sözlər bu əyalət şəhərini tam dəqiqliyi ilə xarakterizə edir: "Bizim hamımız, sənin atan da, mən
də burada su daşqınına düşmüş dovşanlar kimi kiçik bir adaya yığışmışıq, hamımız kimsəsiz, yetim və kor adamlar kimiyik”.
 
Atasının təsərrüfatını Matvey idarə etməyə başlayır. O, özünü ətraf aləmdən büsbütün təcrid etmiş, özü də toplum üçün yad bir ünsürə çevrilmiş qəribə bir tipdir. Matveyin idarəetmə bacarığı yoxdur, o, savad və bilikdən məhrumdur, onu sadəcə, heyvani instinktlər idarə edir. Ona camaat içində "analığının əri” deyə tənə edirlər. O, əri sürgündə olan Yevgeniya Petrovnaya da aşiq olur, keşişin qohumu olan dul gəlin Avdotyanı da ələ keçirməyə çalışır. Amma o, bu sevgilərində hiyləgər deyil, səmimidir, düşünür ki, qəlbindəki boşluğu bu qadınlardan biri doldura bilər. Matveyin qadın nəvazişinə ehtiyacı var, yaşı artsa da böyüməyib, hələ də bir qadının isti qucağına sığınıb acılarını unutmaq istəyir. Qorki bir qəlbin faciəsinə nüfuz edir, Matveyin timsalında oxucunu rus insanının aqibəti haqda düşünməyə vadar edir. Yevgeniya Petrovna mübarizə qadınıdır, ərini inqilabi ideyalarına görə sürgünə yollayıblar, özü də bu ideyalarla silahlanmış dişi aslandır. Matveyə qarşı onun ürəyində rəhm hissi yaranır, sevgi yox, məhz rəhm hissi. Qadın Matveyin mənəvi aləminin nə qədər kasıb olduğunu, öz düşdüyü mühiti, zümrəsini və rus insanının problemlərini dərk etməkdə aciz olduğunu görür və onun bu halına ürəkdən acıyır. Kirayənişin kimi onun evində qaldığı günlərdə Matveyin yeknəsək həyatına azacıq məna qatmağa çalışır. Matvey yenə onu anlamaqda çətinlik çəkir. Bu maneə Matveyi əsəbiləşdirir. O, Yevgeniya Petrovnadan soruşur: "Axı biz ikimiz də rusuq, bəs necə olur ki, mən sizi anlamaqda çətinlik çəkirəm?”
 
Qadın bu sualın cavabını bilir, amma istəyir ki, Matvey özü bu suala cavab axtarıb tapsın. Gedəndə ona söz verir ki, sizə kitablar alıb yollayacam, çalışın o kitabları oxuyun. Yevgeniya Petrovna inanırdı ki, kitablar Matveyin həyatını dəyişəcək, o, özünü nəyəsə yararlı bir adam kimi hiss edəcək. Kirayənişin qadın azadlığın yolları ona xeyli vaxt ətraflı surətdə izah edirdi, o, düşünürdü ki, insanları ilk növbədə öyrətmək lazımdır, onda onlar insan kimi yaşamağa başlayarlar, rus xalqına yaxşı əməllər öyrətməyə, onda ağıl və zəkaya hörmət hissi oyatmağa çalışan, buna görə də dustaqxanalara salınan, Sibirə sürgün olunan adamların taleyindən danışırdı. Matvey onu heyrətlə dinləyirdi və öz xalqının düşdüyü vəziyyət tədricən ona aydın olurdu.
 
Əsərin dördüncü hissəsində Matvey bir müddətlik Okurovdan gedir. O, Vorqorodda taygöz Tiunovla rastlaşır. Tiunov da onun düşüncələrinə müsbət mənada təsir göstərir. Matvey dərk edir ki, xalqı xilas etməyin yeganə yolu təhsildən keçir.
Matveyin həyatında mühüm rol oynayan, onda mənəvi katarsis prosesinin başlanmasına təkan verən bir şəxs də var. Əyalət keşişinin qardaşı Mark əmi. Mark Vasilyev. O, düşüncə etibarilə inqilabçı və xalqçıdır. Onunla görüşənə qədər Matvey özünü hər yerdə lazımsız, artıq adam kimi hiss edirdi və bu da ona əzab verirdi. Mark Vasilyev bütün varlığı ilə ətalətə qarşıdır. "Siz deyirsiniz ki, insan, sən pis məxluqsan. Amma onun islah olunması üçün heç bir iş görmürsünüz. Siz insanı şərə əməllərin yenilməz qüvvə olduğuna inandırırsınız. Onun özünə qarşı inamını, iradəsinin yaradıcı prinsiplərini kökündən məhv edir və insanın qanadlarını kəsib onu daha dərin çirkablara atırsınız. Həyat isə öz mahiyyəti etibarilə fəaliyyətdir”.
 
Bu fikirlər əslində Maksim Qorkinin yazıçı olaraq ədəbi kredosudur, Mark Vasilyevi müəyyən mənada yazıçının prototipi hesab etmək olar. Onun fikirləri Matveyin ruhunda təlatümlər yaradır, vicdanı sızlayır, o, kəndliləri ətalətdən xilas olmağa səsləyir, təhkimçi, hüquqsuz kəndlilər arasında fərdi söhbətlər aparmağa başlayır. Kəndlərdə sərxoşluq, tənbəllik və aclıq hökm sürür və Matvey həyatının mənasını kütləni xilas etməkdə görür, lakin süstlük, iradəsizlik, tənbəllik onun içində rüşeym halında olan bu hislərin inkişafını ləngidir. Bir müddət keçdikdən sonra görür ki, artıq insanlar ona kinayə ilə baxmaqdan belə yorulublar, onu yavaş-yavaş unudurlar. Matvey bütün ömrü boyu insanları başa düşməyə çalışdı, amma özü özünü belə başa düşə bilmədi.
 
Matvey Kojemyakin bu xüsusiyyətləri ilə Oblomovun xələfidir. Bu obrazla Maksim Qorki yeni tipli bir Oblomov yaradıb. Onun həyatı başdan-başa uğursuzluq mücəssəməsidir.
 
Onun ömrünün sonunda gəldiyi qənaət isə belədir: "Bizə heç bir şey məlum deyil, biz anadan kor doğulmuşuq...”
Doğrudan da, insanın ömrü bütün həqiqətləri bilməyə çatmır.
 
Kənan Hacı