• çərşənbə axşamı, 03 dekabr, 15:03
  • Baku Bakı 8°C

Milli ruh oyaq olanda

20.07.20 12:38 6424
Milli ruh oyaq olanda
"Bu günlərin yüksək döyüş əhval-ruhiyyəsi öz poetik ifadəsini tapmalıdır”
Tovuz rayonu istiqamətində baş verən hadisələr, əsgər və zabitlərimizin şəhid olması xalqımızın milli ruhunun oyaq olduğunu, düşmən işğalında olan torpaqlarımızı hər an azad etməyə hazır olduqlarını bir daha sübut etdi. Sərhəddə baş verənlər dünənə qədər səslənən "bu xalq müharibəyə hazır deyil”, "heç kim vuruşmaq istəmir”, "Qarabağ yaddan çıxıb” kimi fikirləri alt-üst etdi. İnsanlarımız "Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə küçələrə çıxdılar. Dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılar da onlara səs verdi. Bugünədək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 8500-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək arzularını ifadə ediblər. Onlar müvafiq formada qeydiyyata alınıblar.
Hesab edilir ki, böyüyən nəslin milli vətənpərvərlik ruhunda maariflənməsi əsas ideoloji istiqamətlərdən olmalıdır. Belə ki, milli ruh oyaq olanda, düşmən üzərində hər an qələbə qazanmaq mümkündür.

Xalqın milli ruhu heç vaxt ölməz
Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı xalqda həmişə milli ruhun olduğunu deyir: "Hətta sovet repressiyası, totalitarizm dövründə belə o ruh ölməmişdi, közərir, korun-korun yaranırdı. Milli ruhun özünü göstərməsi üçün tarixi şərait, həm də tutarlı səbəb lazımdır. 80-ci illərin axırı - 90-cı illərin əvvəllərində öz qələbə əzmi, təcavüzkara nifrətilə dünyanı lərzəyə salan xalqın milli ruhu heç vaxt ölməz. Son hadisələr bir daha bunu göstərdi”. Yazıçının fikrincə, bu ruhu saxlamaq üçün dövlətin konsepsiyası olmalıdır. Belə ki, televiziya-radiolar, qəzet-jurnallar, saytlar, sosial şəbəkələr o ruhun saxlanmasına xidmət eləməlidir: "Xüsusilə KİV-lər bu məsələdə aparıcı rol oynamalıdır. Amma təəssüf ki, hələ KİV-lərimiz bu məsələdə sosial şəbəkələrə uduzurlar. Məncə, dövlət səviyyəsində MTRŞ və MŞ-nın fəaliyyətinə yenidən istiqamət verilməli, torpaqlarımız azad edilənəcən xüsusi missiya yerinə yetirməlidirlər. Nəşriyyatlara, kinostudiyaya. prodakşnlara məqsədli vəsait ayırıb bu missiyanı yüksək səviyyədə yerinə yetirmək olar”.

Adını bil, özünü tanı!
Yazıçı-tərcüməçi Kamran Nəzirli deyir ki, milli ruh heç vaxt ölmür, genetikdir, qanla ötürülür nəsildən nəslə: "Nə qədər ki, millət var, xalq var, milli ruh da var. Millətin ruhunu Allahdan başqa heç kim öldürə bilməz: "O ruha təcavüz edə bilərlər, o ruha xəyanət edə bilərlər, o ruhu sarsıda bilərlər, öldürə bilməzlər. Və millətin ruhu təkcə Qarabağla bağlı deyil ki! Qarabağ, sadəcə bizim yaralı yerimizdir, sağalmayıb, daim sızlayır. O sızıltını 30 ildən çoxdur içimizdə, çölümüzdə, ruhumuzda, evimizdə, həyətimizdə, havamızda, suyumuzda... yaşayırıq, duyuruq, hiss edirik. Təsəvvür edin ki, mənim bir barmağımı kəsiblər, ora duz basıblar, mən ağrıdan yata bilərəm? Kimsə gəlib bir həb verər, ya da iynə vurar ki, yatım. Yataram. Amma səhər açılar, yenə ağrıyaram, sızıldayaram. Yenə yatızdıra bilərlər, yenə səhər açılar, yenə o yaralı yer məni ağrıdar... Bax, son günlərin hadisələri, yüz minlərin Qarabağa və Ordumuza dəstək yürüşü də o ağrıdan doğdu, o sızıltıdan yarandı”. K.Nəzirli deyir ki, bizim xalqımız, millətimiz hər zaman belə olub, onun milli ruhunu, döyüş əzmini heç bir qüvvə, heç bir düşmən öldürə bilməyib və öldürə bilməyəcək də: "Bunu mən demirəm, tarix deyir. Bunun üçün xüsusi təbliğat da lazım deyil. Əvvəla, ona görə ki, dünyanın heç bir xalqı türkün fatehlik əzəməti və şöhrəti ilə yarışa bilməz. Türk tarixdə həm imperiyalar yaradıb, həm də onları dağıdıb. Bu xalq tarixin bütün dövrlərində öz qüdrəti və əzmi ilə dünyanı heyrətə gətirib. Bu xalq Avropada, Asiyada, Afrikada nəhəng fütuhatlar sayəsində ağalıq edib, üç qitədə hökmran olub. Lap uzağa getsək, görərik ki, Roma imperiyasını da darmadağın edən türk nəsilləri olub. Görün, bu xalq tarixdə neçə-neçə dövlətin əsasını qoyub! Bu, bizim döyüş əzmimiz və ruhumuzdu, böyük tarixi sınaqlardan çıxıb, bu günə kimi də yaşayır. Onu kimsə öldürə bilməz!” Yazıçşı bizim dövlət və millət olaraq işğalçı olmadığımızı qeyd edir: "Biz anadan olandan ata-anamız qulağımıza adımızı pıçıldayır. Adımızı! Heç bir millətdə bu yoxdur! Adını bil, özünü tanı! Ana-ataya hörmət elə! Evini, torpağını qoru!
Namusunu, şərəfini qoru! Bizim millət bu ruhda böyüyür. Biz başqaları kimi iddialı böyümürük. Biz işğalçı deyilik! Bizim anamız heç vaxt deməz ki, oğul, get özgənin torpağını qamarla... amma torpağımızı qamarlayanlar olsa, namusumuzu, şərəfimizi tapdalayan olsa, deyər: "Get, oğul, vuruş, südümü sənə halal edirəm!” Biz adımızı, ailəmizi, anamızı, evimizi, torpağımızı sevə-sevə böyüyürük, dəyərlərimizə hörmət edə-edə böyüyürük. Kimsə bu dəyərlərdən uzaqlaşa bilər, kimsə bu sevgiyə əyri gözlə baxa bilər, kimsə xarici təsirlərə uyub deyə bilər ki, bunlar köhnədir, ehkamdır, nə bilim, müasir deyil. Lakin onlar azdır, çox azdır. O qədər azdır ki, dəryada görünməz, amma təhlükəsi var, təsiri, əhatə dairəsi geniş ola bilər; düşmənlərimiz, kənar qüvvələr, bizi gözü götürməyənlər bunlardan məharətlə istifadə edə bilərlər. Bax, əsas məsələ də elə budur”.
Şükür Allaha, bizim gənclərimizin Vətən, torpaq, ailə, namus, şərəf ruhu var, onlar bu dəyərlər uğrunda hər zaman vuruşmağa hazırdır. Bu məsələdə onlara təbliğat da lazım deyil. Əgər Ali Baş Komandanımız əmr etsə, bütün xalq, kiçikdən tutmuş böyüyədək onun, dövlətimizin və ordumuzun arxasınca gedəcək! Mən bunu əminliklə deyirəm və qətiyyətlə bildirirəm ki, şəhidlərimizin qanı da yerdə qalmır və qalmayacaq! Bu günlər, sadəcə, çox diqqətli olmaq lazımdır, həssas dönəmdir; içimizdə də düşmənlər çoxdur, xəyanətkar, hiyləgər ünsürlər, korrupsiyaya uğramış qruplar, xarici dövlətlərin təsiri altına düşmüş ayrı-ayrı qulluq sahibləri hələ də var. Bizim qorxulu düşmənlərimiz bir deyil, beş deyil ki! Bunu anlamaq lazımdır, bunu dərk eləmək lazımdır. Başıpozuqluq, yaxud da nadanlıq heç kimə xeyir verməz”. K.Nəzirli qeyd edir ki, millət hər zaman onun ruhunu anlayan, ona, başa düşmədiyi şeyləri izah edən, onu arxasınca apara bilən şəxsiyyətlərə, liderlərə ehtiyac duyub: "Təcrübə göstərir ki, xalqla, millətlə onu idarə edən rəhbərin arzuları və iradəsi üstə-üstə düşəndə bu birliyi heç bir qüvvə poza bilməyib. Bu və ya digər amilləri nəzərə alıb, biz təmkinlə dövlətimizin və ordumuzun qərarlarını və tədbirlərini təqdir etməli, onlara hər vasitə ilə kömək etməliyik”.

Döyüş bölgəsinə səfər
Yazıçı Kənan Hacının fikrincə, insanların döyüş əzmi hər zaman yüksəkdir: "Düşünmürəm ki, insanlar Qarabağ məsələsinə laqeyddirlər. Son hadisələr və dörd il əvvəl Lələtəpə döyüşləri də göstərdi ki, xalqımızın döyüş əzmi yüksəkdir və milli ruh hər zaman içimizdə oyaqdır. Əlbəttə, ədəbiyyatın da üzərinə böyük yük düşür. Bir neçə gün əvvəl yazıçı dostumuz Əyyub Qiyas "Döyüş marşı” yazdı, oxudum, qanım qaynadı. Qələm adamları imkan daxilində əsgərlərimizin yanında olmalıdır, onlarla, yazıçıların görüşləri təşkil edilməlidir. Bu günlərin yüksək döyüş əhval-ruhiyyəsi öz poetik ifadəsini tapmalıdır. 90-cı illərin əvvəllərində Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın bir Ordunu döyüşə aparmağa qadir olan şeirlərini xatırlayın. Şairlərimiz vətənpərvərlik ruhunda yazıb-yaratmalıdırlar”. Yazıçının fikrincə, Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik bölməsi yazıçı və şairlərin döyüş bölgəsinə səfərini təşkil etsə, yaxşı olar. Belə ki, şair İbrahim İlyaslı bu təşəbbüslə sosial şəbəkədə çıxış edib: "Biz də bu təşəbbüsə qoşuluruq və istənilən vaxt döyüş bölgəsinə getməyə hazırıq”.

Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər