• çərşənbə axşamı, 03 dekabr, 15:41
  • Baku Bakı 8°C

Ağlın toxluğundan qəlbin aclığına

27.07.20 12:00 7101
Ağlın toxluğundan qəlbin aclığına
Lev Tolstoyun "Anna Karenina” romanı haqqında

Son nöqtə intizarı

Dostoyevski "Anna Karenin” haqqında deyib ki: "Çağımızda Avropa ədəbiyyatındakı oxşar əsərlərin heç birinin müqayisə edilə bilməyəcəyi qədər qüsursuz, mükəmməl və əbədiyaşar sənət əsəridir”. Uliyam Folkner "Anna Karenina” romanını "dünya ədəbiyyatının ən gözəl əsəri” adlandırıb.
Bu yaxınlarda isə belə bir xəbər oxumuşdum: "Anna Karenina” romanı Amerika Birləşmiş Ştatlarının kitab bazarında, demək olar, bestsellerə çevrilmişdir. Buna səbəb tanınmış teleaparıcı xanım Opra Uinfrinin kitabı oxumağı amerikalılara məsləhət görməsi olmuşdur.
Amerika TV-nin qaradərili ulduzu "Opra Uinfri şou” proqramı çərçivəsində "Kitab klubu” rubrikasını aparır. Verilişlərindən birində o, "Yay qiraəti siyahısı”na Fransada yaşayan Amerika vətəndaşları, ər-arvad Riçard Pevirin və Larisa Volxonskayanın yeni tərcüməsində "Anna Karenina”nı da daxil etməyi məsləhət bilmişdir. Bu "reklamdan” sonra kitab bir göz qırpımında Amerikada çox satılan kitablar içərisində ən öncül yerlərdən birini tutmuşdur.
Bu əsər "Times” jurnalının yüz iyirmi beş çağdaş yazıçı arasında apardığı sorğuda da "dünyanın ən yaxşı” romanı hesab edilib. Əlbəttə, burda əsas səbəb Tolstoyun qadın obrazını, onun həyatını mükəmməl əks etdirməsi ilə bağlıdır. Çünki, Anna Kareninanı sevməmək mümkün deyil. Onu sevmək isə onu bağışlamaq deməkdir. Tolstoyun həyat yoldaşı Sofya gündəliklərində yazır ki: "Əgər Tolstoy qadınları yazdığı qədər dərindən tanısaydı, biz çox xoşbəxt olardıq”. Tolstoy bu əsəri həyatın özündən daha canlı yaradıb, obrazlarısa real insanlardan daha həyatidir. Bizə əsəri sevdirən cəhətlərdən biri həyatdan daha həyati olmasıyla bağlıdır. Bəs Tolstoy özü necə Anna Kareninanı bizim qədər sevirmi? Bu məsələdə fikirlər haçalanır. Annanın ölüm səhnəsini yazandan sonra Tolstoyun ağlaması faktı göstərir ki, hə, o, Annanı çox sevib. Amma başaqa bir arqumet də var ki, Annanın ölüm səhnəsindən sonra Tolstoy əsəri davam etdirməklə ona "İncil” əqidəsindən dayaqlanan nifrətini ifadə edib. Kader İşıq "Anna Karenina” romanını nə üçün oxumalısınız?” adlı məqaləsində Anannın ölümündən sonrakı səhnələrdə həyatın axarının əks etdirilməsini müəllifin qadın qəhrəmanı cəzalandırması kimi mənalandırır. Maraqlı arqumentdir, amma həyat axı hər bir itkiylə də davam edir axı?! Peyğəmbər olmasa da, şah olmasa da, adi bir insansız da. Amma dünyada iz qoymaq, yaddaşlarda qalmaq məsələləsi var. Dünyada iz qoymaq o deməkdir ki, sənsiz olan dünyada həmişə sən olursan... Anna da belədir.
Anna bir qədər də Həvvadır. Necə ki, Həvva yasaq meyvəni yeyib cənnətdən qovulur, eləcə də Anna yasaq eşq ucbatından ailəsini itirir. Tolstoy ailəni cənnət kimi təsəvvür edir, onu itirməyi, onsuz yaşamağı cənnətdən qovulmağa, onu qeyb etməyə bərabər tutur. Cənnətdə hər şey zəhmətsiz əldə edilir, səadət bəxş edilib, xoşbəxtlik mükafatdır, dünyada isə hər şey zəhmətlə, zülmlə, qurbanlar hesabına başa gəlir. Ona görə dünyada dinclik yoxdur, sadəcə arzu sıralarını adlamaqdır ömür. Tolstoy ərindən ayrılmış Annanı da mübarizələrə sövq edir bununla da və cənnətini itirdiyini göstərir.
Levin öz xoşbəxt həyatını Vronski vasitəsi ilə əldə edir. Vronskinin Kitidən imtinası onları bir-birinə qovuşdurur. Xoşbəxt ailə simvolu Levin və Kiti bədbəxt ailə simvolu olan Anna Və Vronski sayəsində səadətə çatırlar. Sanki biri bədbəxt olur ki, başqası xoşbəxt olsun. Əlbəttə, bütün bunları biz bu cür mənalandırırıq, həyat isə olanları adi qarşılayır. Professor Məmməd Qocayevlə "Anna Karenina” romanı haqqında danışarkən həyatın bu cür qanunauyğunluğunu o belə izah etdi: "Ümumiyyətlə, ədəbiyyatın məqsədi, məramı nədən ibarətdir? Cavabım: Heç nədən. Ədəbiyyatın nə məqsədi, nə də məramı var. Yer üzündə həyat mövcuddur, amma o həyatı yerdə yaradan Günəşdir. Günəş olmasa həyat olmaz, amma bu o demək deyil ki, Günəşin məqsədi yerdə həyat yaratmaqdır. Günəşin məqsədi yoxdur, – o, sadəcə özü üçün göy üzündə yanır, ancaq yerdə də həyat yaranır. Ədəbiyyat qarşısına məqsəd qoymadan xalqa, bəşəriyyətə xidmət edir. Ədəbiyyat praqmatik, məqsədyönlü xidmət etmir. Ədəbiyyat dünyadır, özü də canlı dünyadır. Dünyanın hansısa məqsədi ola bilməz. Usta bir stul düzəldir, o bilir ki, əşya nədən düzəldir, nə üçün düzəldir, ondan harda istifadə olunacaq. Bu cansızlara aid haldır. Bir də var ana dünyaya uşaq gətirir. Ananın, sizcə, dünyaya uşaq gətirməkdə məqsədi nədir? Ananın uşaq doğmaqda heç bir məqsədi yoxdur. Ondan heç bunu soruşan da yoxdur. Ana istəsə heç o uşağın bir qaşını da düzəldə bilməz. Övlad özü təbii şəkildə dünyaya gəlir və qadını anaya çevirir. Bax, Qustav Yunq bunu "avtonom kompleks” adlandırır. Yunq yazır ki, "Faust”u Höte yaratmayıb, "Faust” Höteni yaradıb. Yəni əsəri müəllif yaratmır, əsər müəllifin qəlbində, ruhunda yaranır. İnsan qəlbi əsər yaranması üçün bir zəmindir. Ona görə də görürsən ki, şair bir şeir yazdı sonra da fikirləşdi ki, bunu mən yazmışam, niyə yazmışam, necə olub yazmışam? Heç nə başa düşmür. Çünki o şeir o şairin qəlbində yarandı, onu şair yaratmadı, şeir yazılmır, şeir doğulur. Doğulan şeylərin hər biri canlıdır. Canlı olan heç bir şeyin yaranmasında məqsəd ola bilməz”.

Ziddiyətlərin təlatümü

Valeriya Gennadiyevna Andreyeva "L.N.Tolstoyun "Anna Karenina” romanının bədii dünyasında Levin və Vronski” adlı məqaləsində adı çəkilən qəhrəmanları bir-birinin əksi kimi təsvir edildiyini yazır və aşağıdakı arqumentlərlə fikrini əsaslandırır:
* "Vronski romanın ilk bölmələrində hərbi xidmətdə önə çəkilən, nümayişlər, silahlar və at yürüşləri ilə məhdudlaşan gənc adam kimi təqdim edilir. Kənddən Moskvaya yenicə gəlmiş Konstantin Levin üçün böyük şəhərdə yaşamaq ağılsızlıq kimi görünür, təsadüfi deyil ki, qəhrəman "ətrafa narahatlıqla boylanır”. İlk dəfə Levin onların qarşısına "enlikürək, qıvrım saqqallı, başına qoyun dərisindən papaq qoymuş, cəld hərəkətli insan kimi” çıxır.
* Tolstoy Levini ətrafdakılarla birlikdə təsvir edib – o, hər zaman hərəkətdədir, hətta əmin olmadıqda belə həyatın içindədir. Əgər Levin "Ailə xoşbəxtliyi” arzulayır, böyük ümidlərlə məişət quruculuğuna can atırsa, Vronski "evlənməli olduğuna daha az inanmağa başlayır”. Kiti ilə mənəvi bağlılığını hiss edən Levin tezliklə evlilik təklifi etmək fikrinə düşür, Vronski isə nə edəcəyini bilmir, çünki ilk dəfə idi ki, insanları iki növə ayıran kübar cəmiyyətin davranışları ilə razılaşmayan səmimi insanla qarşılaşırdı. Vronskiyə görə həqiqi insan növü məhz onun kimi işıqlı insanların surətidir, amma digər "aşağı növ var: axmaq, ən əsası isə bir kişinin evli olduğu bir qadınla yaşamalı olduğuna, qızın məsum, qadının utancaq, kişinin mərd, mülayim və sərt olmasına inanan, uşaqları tərbiyə etməyə, çörəyini qazanmağa, borcları ödəməyə və bu qəbildən ağılsız işlərə köklənən gülməli insanlar”.
"Müəllifin Vronskinin Peterburqdakı həyatına geri dönən zaman əməl etdiyi yaşayış qaydalarını təsvir etməsi xüsusilə qeyd edilməlidir. Tolstoy Aleksey Kirilloviçin varlığı barədə bəhs edərkən Vronskinin xüsusi şərtlər altında tərbiyələndiyini dəfələrlə qeyd etmişdir, həmin şərtlərə əsasən qəhrəman üçün çıxış yolu yalnız öz gücünə başa gələ bilər ki, bu da olduqca çətindir. Vronski və Levinin müqayisə parametri həm də onların ətrafıdır. Levinin ov öncəsi vəziyyətini (təbiətlə yaxınlaşması) Vronskinin cıdıra qədərki hərəkət və vəziyyəti ilə (insanlarla yaxınlıq) müqayisə edə bilərik. Sahibi kimi zəhmət çəkməyə çalışmayan prikazçiklə söhbət, Levinin Vasili və Mişka ilə söhbəti ilə əvəz edilir. Bununla belə, hər kəs ümumi işlə – otları alaq etməklə məşğuldur: "Levin Mişkanın nəhəng torpaq kəsəklərini tərpədərək, onları hər addımbaşı yığaraq necə yeridiyinə tamaşa etdi, atdan enib toxum olan torbanı Vasilidən götürdü və toxum səpməyə getdi”. Vronskini isə biz dostu qumarbaz Yaşvinlə birlikdə görürük. Qaydalara riayət etməyən həm də ədəbsiz hərəkətlərə yol verərək yaşayan bu adam həyat tərzinə görə elə Vronskini xatırladır. İki hərbçi ətraflarındakı zamanın əmək fəaliyyəti ilə deyil, vodka ilə ötdüyü hərb həyatının mənzərəsini tamamlayırlar... Levin və mujiklər üçün məhsul becərmək məsələsi, Yaşvinin içki marağı ilə eynidir: "Sən ən yaxşısı de görüm, nə içək – ağzım zəhər dadır...”
"Romanda Anna ilə Vronski arasındakı romantik hisslərin vəhşi ehtirasa çevrildiyinin şahidi oluruq. Vronskinin karetada əyləşərkən cismini, əzələlərinin elastikliyini duyaraq baldırlarını ovuşdurmasını yada salaq. O, maksimum dərəcədə xoşbəxtdir. Levin isə Kiti ilə danışmaq üçün səhərin açılmasını gözləyərkən "özünü cismindən uzaq, tamamilə azad hiss edirdi: əzələlərinin köməyi olmadan hərəkət edir və hər şey edə biləcəyini başa düşürdü”. Qəhrəman mənəvi tərəfdən o qədər yüksəkdir ki, heç bir cismani ağırlıq duymadan çəki məhfumunu itirir: "O, əmin idi ki, göyə uça və ya evləri yerindən tərpədə bilər”. "Levinə elə gəlirdi ki, qanadları çıxıb”.
"Levinin həyatı təbiət hadisələrinə, Vronskinin həyatı böyük şəhərin ritminə uyğundur. Levin uzunboğaz çəkmə və mahud parçadan palto geyinir, Vronski isə ağ jilet və surtuk. Levin axına doğru gedir, Vronski əlləri ilə masaya dirsəklənərək əyləşir. Levin əməyin və zamanın qiymətini bilən sahibkar kimi həvəslə planlar qurur: "Levin sevimli təsərrüfatında hansı işlər görəcəyinə özü də əmin deyildi, amma hiss edirdi ki, çox saylı planla və ən yaxşı ümidlərlə doludur”. O, öz xoşbəxtliyini bölüşməyə hazırdır, ömrünün bahar çağında duyduğu sevinci gizlətmək fikrində deyil. Vronski fransız romanı kitabına nəzər salır. Simvolik olaraq bu kitab boşqabın içərisindədir: yazıçı qeyd edir ki, o, mənəvi qida ola bilməz. Bundan başqa Vronski kitaba baxarkən onu oxumur. Amma qəhrəmanların təsvirindəki təzad mütləq deyil. Levinlə Vronskini yaxınlaşdıran və romanın digər personajlarından – məsələn, Oblonskidən fərqləndirən cəhətlərdən biri onların laqeydlik olmadan işə can yandıracaqlarının nəzərdə tutulduğu coşğunluğundadır. "Siz deyəsən hər şeyi coşğunluqla edirsiz” – Kiti Levinə deyir. "O, hər biri işi möhtəşəm şəkildə görür. O, həm darıxmır, həm də böyük həvəslə işləyir.” – Anna Vronski barədə deyir”.
"Bundan başqa qəhrəmanların romandakı hərəkəti də oxşardır, amma tərbiyə və valideynləri ilə münasibətlərində onlar hər ikisi tamamilə müxtəlif şərtlərlə təqdim edilir. Romanın səkkizinci fəslini oxuduqda oxucu artıq başa düşür ki, Levinin öhdəsindəki ailə və digər qayğılar onun bütünlüklə çaşqınlıq yaşamasına, ruhdan düşməsinə səbəb olur: "O, indi başa düşürdü ki, ancaq tərbiyə edildiyi etiqad sayəsində sağ qala bilər”. Levin vəfat etmiş valideynlərinin "onun da öz arvadı ilə yaşamağı arzu etdiyi” "ideal dərəcədə mükəmməl” həyatını xatırlayır. Vronski isə nəsillərin varisliyini hiss etmir, amma bu, onun günahı deyil. Çünki o, müsbət nümunə, ideal çatışmazlığı yaşayır: "Vronski heç zaman ailə həyatı görməyib. Anası gəncliyində gözəl kübar cəmiyyətə mənsub qadın olub... Atasını isə demək olar ki, xatırlamırdı”.
Bu qəhrəmanları bir-birinə qarşımı qoyurdu Tolstoy? Qətiyyən. Bəs nədir qəhrəmanları bunca fərqli, bu qədər bir-birinə əks edən? Tolstoy ziddiyyətli qəhrəmanlar yox, fərqli mühitləri qarşı-qarşıya qoyur. Amma bu ziddiyyəti insanlar özləri formalşdırmayıb, o, mühitlər dünya var olandan mövcuddurlar. Sadəcə tale ayrı-ayrı xətləri, tərbiyələri üz-üzə qoyur. Dünya bütün bu olanları təbii qanunauyğunluq kimi, müxtəliflik nəziylə təqdim edir, insan isa onları ziddiyyətə çevirir. Həyatın qanunayğunluğunu ziddiyyət kimi qəbul edəndə, insanların bizə yad xarakterlərini eyiblər kimi qəbul edirik. Ona görə də həyat bizə anlaşılmaz, insanlar sirli, hadisələrsə düyünlü görünür.

Rədd edilən məhəbbətlər

Valeriya Gennadiyevna Andreyeva "L.N.Tolstoyun "Anna Karenina” romanının bədii dünyasında Levin və Vronski” adlı məqaləsində Puşkinin "Yevgeni Onegin” əsəri ilə "Anna Karenina”sını müqayisə edir:
"Puşkinin ərli qadın Tatyanaya aşiq olan Onegini kimi Vronski də Kitinin sevgisini rədd edərək Anna Kareninaya aşiq olur. Bu "ağla gəlməyən” hadisə romanda Puşkinin şeirlərində tənqidçilərin hətta V.Q.Belinskinin də həmin faktı izah edərək qeyd etdiyi kimi, "diktatorluqla uyğun gəlməyən, birbaşa, instinktiv olaraq, təsadüfi şəkildə baş tutan” qəlb işləridir, ikincisi isə Oneginə xas olmayan poeziyadır: "Əgər onu şövq poeziyası hələ də maraqlı idisə, ailə haqqındakı poeziya maraqsız olmaqla bərabər, həm də ona qarşı idi”. Maraqlıdır ki, 1856-cı ilin sonu 1857-ci ilin əvvəlində Tolstoy Belinskini oxumaqla məşğul idi”.
"N.N.Qusev həmin dövrdə Tolstoyu ziyarət etmiş müxtəlif müxbirlərin məktublarını gözdən keçirərkən sübut edir ki, Tolstoyun Belinskini mütaliə etməsi bütün yanvar ayı boyunca davam etmişdir, həm də Tolstoyun qarşısında Belinskinin Puşkin haqqındakı məqalələri vardı.
"Anna Vronskini Tatyana Larinanın Yevgeni Onegində gördüyü mənəvi yüksəlişinin mümkünlüyünü hiss edərək sevmişdi, Y.V.Lebedev də Puşkinin qəhrəmanlarından bəhs edərkən qeyd edir: "Məsələ bundadır ki, öz həyatını başqa səmtə, əks istiqamətə doğru dəyişən Tatyana kübar cəmiyyətin "oneginliyinin” azğınlıq və düşgünlüyünün mənəvi mahiyyətini Onegində dərk edir”.
"Tolstoy Aleksey Vronski obrazını yaradarkən sözsüz ki, Yevgeni Oneginin xarakterinə köklənmişdir – Y.V.Lebedevin qeyd etdiyi kimi Puşkin "Turgenevin və Qonçarovun, Tolstoyun və Dostoyevskinin gələcək qəhrəmanlarının bədii formulasını yaratmışdır”. Tolstoy "Anna Karenina”da Puşkindən daha irəli gedərək qəhrəmanların mənəvi yüksəlişini konkretləşdirir və onların davranışlarında məhz xristianlığı önə çəkir”.
Bu müqayisələr ilk baxışdan həqiqətə yaxın görünür. Əlbəttə, Tolstoyun böyük şair Puşkinə olan sonsuz yaradıcı sevgisi danılmazdır. Amma obrazların bir-birindən qidalanması üst qatda görünən məsələdir. Əvvəla, böyük romantik olan Puşkin üçün məhəbbətin romantikası qətiyyən dini romantika deyildi, sosial məzmun da daşımırdı və ona görə də onun məlum əsərində ideal qəhrəman yaratmaq daha xarakterik və məntiqli idi. Amma Tolstoyun qəhrəmanları sosial mühitdən, acı reallaıqdan və qatı realzimdən sıyrılıb çıxıblar. Əks halda məhəbbət motivini əsas götürərək "Anna Karenina” ilə " "Vərqa və Gülşanı” da müqayisə etmək olardı. Romantizm də idealı qəhrəman yaradır, realizmdə isə ideyalı mühit formalaşdırır. Ona görə də Puşkinin qəhrəmanı ilə müqayisədə Tolstoyun qəhrəmanlarının verdiyi qurbanlar, başları çəkən bəlalar daha çoxdur. Romantizmdə qəhrəman qarşısına çıxan maneni açır, realizmdə dörd tərəfində olan maneələri. Romantizm gənclikdir – məqsəd üçün bir mane aşırsan, realizm yaşlılıqdır ­ – bütün manelərə dəf etməlisən.

Dövrün güzgüsü

Bu əsər öz dövründə kifayət qədər tənqidlərə məruz qalmışdı. Tolstoy romanı böyük ehtirasla yazsa da, sonradan əsərini bəyənmirdi. Yazıçının bu qənaətə gəlməsində heç şübhəsiz zamandaşlarının ardıcıl tənqidləri də vardı. İrina Babuşinka "Sonsuz şərhlər: "Lev Tolstoyun "Anna Karenina” romanı müasirlərin gözü ilə” adlı məqaləsində yazır: "Roman hələ tam dərc olunmamış ilk oxunuşu zamanı İ.S.Turgenevi, F.M.Dostoyevskini, V.V.Stasovu, M.E.Saltıkov-Şedrini həvəsdən saldı. Turgenev 1875-ci ildə yazırdı: "bu, hələ ki, süni və cılız, hətta (deməyə də çəkinirəm!) darıxdırıcıdı”. Saltıkov-Şedrin romanı "ancaq cinsi meyllər” üzərində qurulmuş əsər olaraq qiymətləndirirdi”. Məşhur ictimai xadim və ədəbiyyat tənqidçisi P.N.Tkaçov da iddia edirdi ki, Tolstoyu cinsi münasibətlərdən başqa heç nə maraqlandırmır. Digər tənqidçi A.M.Skabiçevski "Anna Karenina”nın ilk hissələrini "uşaq bələyinin idilliyası”, "qədim fransız romanları ruhunda melodramatik cəfəngiyat” adlandırırdı.
Əslində cəmiyyət "Anna Karenina”nı qavrayarkən iki düşərgəyə ayrılırdı: demokratlar romanı müzakirə edirdi, liberallar isə əksinə, onu yüksək qiymətləndirirdi. Amma hər iki tərəf siyasi meyllərin təsiri altında romanın məğzini tez-tez təhrif edirdilər.
"Anna Karenina” haqqında ilk məqalələrdən birini ədəbiyyatçı və tənqidçi, əsərin cəmi iki hissəsini oxuyaraq Tolstoyun məqsədini tamamilə anlamadan yazıçını aristokrat cəmiyyətin müğənnisi adlandıran V.Q.Avseenko yazmışdır. O, həm də romanda „ahəng” çatışmazlığını qeyd edirdi.
"Anna Karenina”da bədii "ahəng”in yoxluğu ideyası Tolstoyun bir çox tənqidçiləri tərəfindən hallanmışdır. P.N.Tkaçov 1878-ci ildə yazdığı "Salon incəsənəti” məqaləsində hətta "Anna Karenina”nın roman adlandırılmasına etiraz edir: "Bu, insan əməllərinin protokolunun toplusu, fotoşəkillərin kolleksiyasıdır. Bu kolleksiya görünür, tamamilə təsadüfən, hansısa plansız, xüsusi ideya olmadan tərtib edilmişdir. Fotoqraf heç nədən iyrənmirdi, onların necə göründüyü vecinə də deyildi”.
Bu romanı demokratlar tənqid, liberallar isə tənqid edirdi. Nəticədə siyasi baxışların toqquşma nöqtəsi kimi "Anna Karenina” seçilmişdi. Maraqlıdır ki, Tolstoy ideyalarına yad olan Qonçorov bu əsəri yüksək dəyərləndirib. Amma əcnəbi tənqidçilər amasız tənqidlərlə əsəri gözdən salamağa çalışıblar. Yuxarıda adı çəkilən məqalədən başqa bir nümunə: "Fransız yazıçısı və ədəbiyyat tarixçisi, "Rus romanı” (1886) kitabının müəllifi Ejen Melkyor de M.Voqyu "Anna Karenina”da müxtəlif çatışmayan cəhətləri qeyd etmişdir: simmetriyanın pozulması, uzun-uzadı dəqiq təsvirlər (bu sıraya o, misal olaraq ovçuluq və cıdır haqqındakı fəsilləri aid etmişdir). Romana Rusiyanın inkişaf yolları və ərazisi haqqında düşüncələrin daxil olma səbəbini anlamayan müəllif əsəri sadəcə növbəti ailə dramı olaraq görür. Bundan başqa, Voqyu üçün „Anna Karenina”nın fransız tənqidçisinin romanda "lüzumsuz” hesab etdiyi (Rusiyanın ərazisi və inkişaf yolları haqqında) hissələr barədə düşüncələrinin əlaqədar olduğu Levin obrazının ideya-kompozisiya qeydi olmadan təyin edilməsi mümkün olmayan janr spesifikası da anlaşılmaz olaraq qalır. Eyni zamanda (1887-ci ildə) ingilis şairi və tənqidçi Metyu Arnold "Qraf Lev Tolstoy” məqaləsində "Anna Karenina”nı birbaşa olaraq "ənənəvi ailə dramının çərçivə və sxemlərini sındıran” əsər olaraq xarakterizə etmişdir. Oxucular zamanla "Anna Karenina”nın bədii mənasını dərk etməyə başlayırdı. Gördüyümüz kimi romanda əsas qəhrəman, Anna Kareninanın parlaq obrazına ilk əvvəl kölgə salan Konstantin Levin obrazı dərhal anlaşılmamışdır. Sonralar isə nəhayət ki, Levin obrazının vacibliyini dərk edən müasirlər ona müxtəlif formalarda şərh verirdilər.
Oxucunun nəzərində Konstantin Levinin avtobioqrafik obrazı isə dərhal formalaşdı. Mülkədar olmasına baxmayaraq xalqla bərabər alaq edən, ot biçən Levini müasirləri müəllifin özü ilə uzlaşdırırdılar. Tolstoyun yaxınları, tanışları və ailəsi qəhrəmanın soyadının yazıçının adı ilə eyniköklü "Lev” sözündən götürüldüyünü anlamışdılar. Təkcə davranış və sözlərin eyniyyətini deyil, Levinin və müəllifin özünün həm də mənəvi əzablarını tənqidçi N.K.Mixaylovski də qeyd edirdi: "Konstantin Levinin sevgi hekayəsi vasitəsilə qraf Tolstoy bizə nə zamansa sarsıntı keçirdiyi və artıq rahatlığa qovuşduğu həyat dramının təsvirlərini ötürmüşdür”.
Levin obrazı Tolstoyun şəxsi dünyagörüşünü ifadə edən obraz idi. Əsərdə əsas tənqid hədəfi də o idi. Deməli, müəlliflə bağlı təbii hisslər, yaşantılar öz dövründə oxuculara qeyri-adekvat, qeyri-səmimi təsir bağışlayırmış.
Qəribədir, hə?

Anna Karenina obrazı ilə Levin obrazı daban-dabana ziddir. Sübhi Kəskin "Müsyo Tolstoy bu hadisələri sizmi yaşamısınız” adlı essesində bu qənatə gəlir: "Anna həyəcanlı Levinsə sakitdir, Anna arzularının arxasınca gedən, Levinsə dərvişanədir, Anna nümayişkarəanə, Levinsəə təvazökardır, Anna həyatın qoynuna atılan, Levin həyatı kənardan izləyəndir, Anna necəgəldi yaşayır, levinsə hər şeyi ölçüb-biçir, Anna duyğulara üstünlük verir, Levinsə vicdana”. Məsələ ondan ibarətdir ki, Levin Tolstoyun özüdürsə, deməli Anna msüəllifin düşüncəsi ilə ziddiyyət təşkil edən qəhrəmandır. Bəs onda müəllif öz düçüncəsinə, dünya görüşünə əks olan obrazı necə bu qədər möhtəşəm yarada bilib?

Epiloq bəlası

Elnarə Ağaoğlunun "Anna Karenina” haqqında 10 fakt” adlı yazısında qeyd edir ki:"1877-ci ilin yazında Tolstoy artıq "Anna Karenina”nı bitirmək istəyirdi ki, yeni əsər üçün "yer boşaltsın”. Ancaq jurnalın redaktoru Mixail Katkov epiloqdan razı qalmır. Çünki Rusiyada üsyankar serblərə dəstək naminə yaranmış könüllülük hərəkatı əsərdə mənfi şəkildə təqdim edilirdi. Buna görə də "Russkiy vestnik”in növbəti sayında epiloq yerinə "Anna Kareninanın ölümündən sonra nə baş verdi?” başlığı ilə anonim qeyd çap olunur: "Kitabçanın əvvəlki sayında "Anna Karenina” romanının altında "Sonu var” yazılmışdı. Ancaq qəhrəmanın ölümü ilə əslində roman bitir. Müəllifin planına görə bundan sonra iki vərəqdən ibarət epiloq da olacaqdı. Həmin epiloq nəticəsində oxucular biləcəkdilər ki, Annanın ölümündən sonra çaşqınlıq və kədər içində olan Vronski könüllü kimi Serbiyaya yollanır, digərləri isə sağ-salamat həyatlarına davam edirlər, kənddə yaşamağı seçən Levin isə slavyan komitələrinə və könüllərə qarşı qəzəbli olur. Ola bilsin, müəllif gələcəkdə bu fəsli genişləndirib romanının xüsusi nəşrinə daxil edəcək.”Nəşriyyatın bu addımı deyəsən müəllifi özündən çıxarır. Və "Anna Karenina” 1878-ci ildə kitab şəklində nəşr olunur.
Tolstoy bu hissəni nə üçün siyasi məsələyə çevirir? Əlbəttə, sual doğuran məsələ budur. Çünki Tolstoy romanı bitirdiyi vaxtdan 3 il öncə tamamlamaq istəyirdi və əgər elə olsaydı Levinlə bağlı hissələr əsərdə yer almayacaqdı. Levin əsər boyunca mənəvi varlıqdan sosial varlığa, yaxud əksinə doğru "yaşayır”. Əsərin tamamlandığı hissədə isə Levin artıq mənəvi təbəddülatlardan bezib sosial statusunu müəyyənləşdirməli idi. Levinin sonuncu sosial statusunu isə müharibə müəyyənləşdirir.

Fərid Hüseyn

banner

Oxşar Xəbərlər