• bazar ertəsi, 07 oktyabr, 19:31
  • Baku Bakı 23°C

Bayronun şəxsiyyət axtarışları

30.08.20 11:30 4008
Bayronun şəxsiyyət axtarışları
Lord Bayronun 1817-ci ildə işıq üzü görmüş poeması "Manfred” yəqin ki, haqqında sonsuz müzakirə və araşdırmaların aparıldığı, bütün dövrlərin ən seçilən "romantizm nümunəsi”dir. Bu əsəri "poema” adlandırsaq da, "Manfred”i "closet drama – səhnələşdirilmək üçün yazılmayan pyes”, qotik hekayə, metafizik dram, avtobioqrafik nəzm, mifoloji bədii nümunə və s. kimi qiymətləndirənlər də var. Üstəlik poemanı sadaladığımız janrlara aid nümunə kimi dəyərləndirən ədəbiyyatşünaslar iddialarını möhkəmləndirən ciddi əsaslar da irəli sürüblər. Məsələn, ədəbiyyat tarixi üzrə araşdırmaçılardan Tnanh Munoz bu əsərin bədii pərdəyə bürünmüş avtobioqrafiya olduğunu iddia edir.
Belə ki, 1815-ci ildə Lord Bayronla Annabel Milbankın evliliyi böyük bir qalmaqalla bitir. Milbank yazarın ögey bacısı Auqusta Leylə uyğunsuz bir münasibət yaşadığı iddiası ilə gündəmi silkələyir. Mətbuatın və cəmiyyətin təzyiqlərinə tab gətirə bilməyən yazar 1816-cı ildə İngiltərəni birdəfəlik tərk edir. İsveçrədə Ceneva gölü sahilində məskunlaşan Bayron həmin təlatümlü ruhi vəziyyəti üzərindən atmadan "Manfred”i yazmağa başlayır. İlk versiya ürəyincə olmadığından bəzi hissələri Bernes dağlarına səyahəti zamanı yenidən işləyir.
Baş qəhrəman Manfredin unutmağa, bağışlanmağa çalışdığı günahları, mərhəmət umduğu ruhlar, Astarteyə qarşı bəslədiyi eşq və təqsirkarlıq duyğusu eynən Bayronun öz həyatını əks etdirir. Burada yoxdan var olmuş, ya da xəyal edilib yaradılmış mistik, bədii bir qəhrəmandan çox həyatını, nüfuzunu yerlə-yeksan edən səhvlərini və günahlarını ölçüb-biçən, bağışlanmaq, yenidən başlamaq, günahları ilə üzləşmək istəyən bir Bayron görürük. Munoz Astartenin simasında birbaşa Auqusta Leyin obrazının yaradıldığı qənaətindədir. Təbii ki, bu poemanın tarixi haqqında səslənən yeganə mülahizə deyil.
Bayronun Faustvari bir qəhrəman yaratdığını iddia edənlərin də ədəbi və sənədli əsasları kifayət qədər keçərlidir. Düzdür, Kristofer Marlovun "Doktor Faust” pyesini ümumiyyətlə, oxumadığını deyən Bayron iki qəhrəman arasında heç bir oxşarlıq olmadığı fikrini müdafiə edir. Belə ki, bu hekayəni o Levisin təhkiyəsində eşidib, lakin birmənalı şəkildə bəyənməyib. Odur ki, ruhunu ovsuna, şeytana, hansısa mərhəmət sahibinə təslim etməmiş, yəni Faustdan tamamilə fərqli qəhrəman yaradır. Digər tərəfdən isə "Manfred”in nəşrindən sonra Bayronun Hötenin "Faust”-unu oxuduğu, oxumamış olmağı üstün tutduğu və ondan məsləhət alanlara "Faust”u oxumamağı tövsiyə etdiyi ilə bağlı iddialar mənbələrlə təsdiqlənib. Bayronun fikrincə, Faust obrazı şeytanın xidmətçisi kimi yaradılıb və onu əsla Manfred kimi öz həyatının, taleyinin sahibi bir qəhrəmanla eyniləşdirmək olmaz.
Bayronun Manfredi də Hötenin Faustu kimi Tanrının insan üçün təyin etdiyi sərhədlərin uzağında bir duyğunun və onun pis-yaxşı nəticələrinin, insanların ağlına gəlməyən təcrübələrin izində sürüklənən macəraçıdır. Amma barmaq sayını keçməyən oxşarlıqlar bu qəhrəmanların birinin digərindən doğulduğunu iddia edəcək qədər güclü əsas deyil. Belə ki, Bayronik qəhrəmanımız mistik bir dünəndən qopmağa çalışan, keçmişin lənətindən xilas olmaq ümidini itirmiş bir düşüncə adamıdır. O, zaman-zaman dəhşətli yanıq ağrısını soyutmaq üçün özünü sağa-sola çırpan, əzabdan huşunu itirmiş xəstəni xatırladır, özü isə xəstə olduğunu qətiyyən qəbul etmir. İstədiklərini əldə edib, amma bundan gözlədiyi duyğunu almamaq Bayronun bütün qəhrəmanları – Çayld Harold, Don Juan, Manfred – üçün ortaq cizgidir. Onlar sanki normal insani sevincdən və doyumluluq hissindən məhrumdurlar.
Bayronun Manfredi də bir növ dərvişdir, amma bu səyyahlıq fiziki yox, ruhi, zehni xarakterlidir. Faustun əksinə, Manfredin səyahətinin sonunda ümid yoxdur, pozitiv nəticə yoxdur. Sirli aləmlərin, görünməz ruhların, naməlum bir dünya ilə əlaqənin sorağında Alplara yüksələn ruh geriyə dərin bir peşmanlıq, çarəsizlik, günahkarlıq hissi ilə qayıdır. Bu səyahət bir növ Bayronun özünün də keçmişi ilə apardığı mübarizəsinin simvoludur.
Manfredi həm Bayronun digər qəhrəmanlarından, həm də Faustdan fərqləndirən güclü bir xarakterik cəhət var – özünəinam. O, birmənalı şəkildə insanlardan kömək almaqdan imtina edir, öz işlədiyi günahların doğurduğu dərin kədərlə, peşmanlıq hissilə təkbaşına mübarizə aparmağı seçir. Bütün əzabları təkbaşına yüklənir. Bütün bu ruhi ağırlıq, iztirabla savaşmaq üçün bəşəri birməsuliyyətin altına girir. İnsanın nəyin öhdəsindən gələ biləcəyini birinci özünə göstərməli olduğu ideyasını dirçəldir. Lakin, bu qədər fövqəltəbii duyğu yükünün öhdəsindən olduqca mənəvi müqavimətlə gəlmək mümkün deyildi. Odur ki, baş qəhrəman özündən güclü hesab etməsə də, yeddi fövqəltəbii ruhu köməyə çağırır. Hətta, Bayron onun inadkarcasına kömək təkliflərindən imtina etdiyini poemanın sonrakı hissələrində açıqlayır. Əsas motiv Manfred və yeddi ruh olduğu üçün əsər baş qəhrəmanın kömək yalvarışları ilə başlayır. Hətta bu yalvarışda belə bir dikduruş, hökmranlıq var. Manfred bu yeddi ruhdan – havadan, dağlardan, okeandan, torpaqdan, küləkdən, gecədən və bələdçi ulduzdan - istədiklərini də əmr edir: "məni unutqanlıqla mükafatlandırın!”. Qeyri-insani bir kədərlə qeyri-insani qüvvələrin də başa çıxa bilməyəcəyi həqiqətilə üzləşəndə isə baş qəhrəman günahıyla başa çıxmaq üçün öz yolunu tapmalı olduğunu anlayır.
Köməyə çağırdığı ruhlardan gözlədiyini almadıqda, sürünməkdən qurtuluşun yolunu ölümdə, ya da ruhun azadlığında görən Manfred intihar qərarı alır. Növbəti səhər Cunqfro zirvəsində son dəfə təbiətdən kömək gözləyərkən, Alpların cadugər pərisini çağırır. Pəri ona kömək edə biləcəyini deyir, lakin Manfred bütün ruhunu ona təslim etməli idi. Təbii ki, burada dərhal protoqonist bir Bayron meydana çıxır və baş qəhrəman bu təklifdən imtina edir. Çünki onun ruhu azad və öz ixtiyarında olmalıdır. Heç bir günahın cəzası ruhun əsarəti ola bilməz.
Manfredin reallaşmaq üzrə olan intihar cəhdi isə naməlum bir ovçunun müdaxiləsilə uğursuzluqla nəticələnir. İkinci hissədə insana daxili və fiziki nizam, rahatlıq gətirmək üçün qoyulmuş qaydalardan, ayinlərdən imtina etmiş bir qəhrəmanın qarşısında müəllif təbiətlə, həyatla ağılalmaz bir harmoniya içində ömür sürən, Alp dağlarının əməkdarı sayılan, Manfredin xilaskarı bir çoban obrazı yaradır. Bəlkə də, öz həyatında da ehtiyac duyduğu bir qəhrəman. Bir-birlərinə tamamilə zidd obrazlar təbii ki, ortaq nöqtələrdə birləşmir. Ovçu sadə, kasıb, günahsız və təbiətə mütəfəkkir bir həyat yaşayır. Manfredin təbiətə belə qarşı gələn, qarışıq, zəngin, günaha bulaşmış bir həyatı ovçuya sağlam insanın seçimi kimi görünmür. İlk baxışdan Manfredin doğuşdan alicənab görünüşünə heyran olan ovçu onun fikirlərini dinlədikcə bu nəcib ruhun şeytanın ixtiyarında olduğu qənaətinə gəlir. Ovçunun sadə həyatına həsəd aparan Manfred isə içində şeytan olmadığını, sevdiklərinin həyatını məhv etməyin əzabı ilə əzildiyini, çıxış yolu tapmadığını deyir. Ovçu onu xilas etməklə kifayətlənməyib baş rahibə yönləndirir. Müqəddəs Mauris kilsəsinin baş rahibi onun üçün yeganə çıxış kimi özünü Tanrının qanunlarına riayət edərək, bağışlanmağı diləməkdə görür. Lakin Manfred artıq özü üçün tövbə qapısının bağlandığını və sonun bəlli olduğunu bildirir.
Dinin və cəmiyyətin bütün qanunlarından üz döndərmiş qəhrəmanın tək arzusu ölmək və unutmaqdır. Xüsusilə də, onun kömək təklifləri qarşısında sərgilədiyi inadkar duruşda özünəinamı daha qabarıq sezilir. Manfred təkbaşına mübarizə aparan romantizm qəhrəmanlarının simvoludur. Onun xarakterində cəmlənmiş keyfiyyətlərə sonrakı dövrlərin qəhrəmanlarında da rast gəlirik – Emersonun "Özünəinam” ("Self-reliance”) hekayəsi, Albert Kamyunun "Yad” ("The stranger”) romanı və s.
İstedadlı, alicənab, qətiyyətli şəkildə hür və günahlarının əzabından qaçmayan Manfred əsl Bayron qəhrəmanıdır. Mistikası, meydan oxuyan təbiətilə romantizm cərəyanının zirvədə olduğu dönəmlərdə yaranmış qəhrəmanların ən qüsursuzudur. Qürur Manfredlə digər Bayron qəhrəmanları arasında ən bariz ortaq cəhətdir. Onun özünü də qəhrəmanlarını olduğu kimi nüfuzun və şöhrətin zirvəsinə qaldıran da, yanlış duyğuların izinə salıb aşağı çəkən də bu əzəmətli mübarizlikdir. Bayronu İsveçrəyə sürgün edən günahlar, Manfredi də Alplara çıxardırdı. Professor M.K.Cozef isə Manfredi və onun simasında Bayronu başqalarından ayıran, özünü unutmaq istəməsinə səbəb olan günahın hamının rastlaşa biləcəyi insani vəziyyətin bir parçası olduğu qənaətindədir. Əslində Bayron bir növ bu süjetlə etdiyi səhvlərin hamının başına gələ biləcəyini, bütün bunların bəşəri duyğular, enişlər olduğunu göstərməyə də çalışıb – "bəşər çaşar”. Manfred də Bayron kimi yolunu itirib, yanlışa düşüb, qarşılığını isə cəhənnəm alovu olan vicdan əzabı ilə alıb. Bayronun gerçəyə olan inamı və ehtiramı burada da oxucuya nümunədir. Çünki onun dayandığı zirvədə olan yazarlardan fərqli olaraq, günah və savabları ilə ortada, gözönündə dayanan bir şəxsiyyətdir. Manfredin köməyi ilə Bayron müəyyən qədər də öz şəxsiyyətini, kimliyini tanıma yolunda ciddi addımlar atıb.
Mənbə: "enotes.com” və Piter Torslev "Bayron qəhrəmanı, tiplər və prototiplər” ("Byronic hero – types and prototypes”).
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər