• çərşənbə axşamı, 03 dekabr, 15:51
  • Baku Bakı 8°C

“Eybəcər hersoginya” romanının tarixi əsası

24.08.20 15:30 4553
“Eybəcər hersoginya” romanının tarixi əsası
Alman ədəbiyyatında birmənalı olaraq dramaturq kimi məşhur olan Lion Feyxtvanger 20-ci əsrin əvvəlindən başlayaraq roman janrında da yazmağa başlamışdır. Yazıçı yeni janra keçidini dramatik roman adlandırdığı "1918-ci il” əsərinin ön sözündə bu cür izah etmişdir: "Dram sadəcə olaraq fırtınadan sarsılan ağacın zirvəsidir, burada ürkmüş, gücdən düşmüş quş da yaşayır... Roman bütünlükdə – ətrafdakı zəngin torpağı, hər tərəfə uzanan köklərinin labirinti, qarışqaları, milçəkləri, iliyində yurd salan şirəsi, gövdəsinin yaraları, canlı və cansız budaqlarının gündəlik həyatı ilə birlikdə ağacın özüdü. Dram sadəcə olaraq piramidanın tiyəsidir, üzərindəki mavi səmadır və bəlkə də, onun zirvəsindəki tənha seyirçidir. Roman bütünlükdə ətrafında sürünən burjua ilə birgə, ətəyinə sığınan vəhşi heyvanları ilə, ətrafında süzən çalağanları ilə, ətrafdakı sonsuz səhrası ilə və daxilində mumyalanmış ölü fironları ilə bərabər həmin piramidadır”.
Beləliklə, Feyxtvangerin tarixi romana müraciəti həqiqi tarixiliyə yad olan mülahizələri ilə diktə olunur, həm də onun romanları oxucunun qarşısında geniş tarixi panoram açır. Onun ilk tarixi romanı olan "Eybəcər hersoginya” (1923) da elə bu qəbildəndir.
Romanda qeyd edilmiş surətlərin əsas kütləsi öz tarixi prototipləri ilə uyğundur. Bir çox obrazların yaradılmasında Feyxtvanger keçmiş xadimlərin həqiqi simasını çatdırmaqla tarixə sadiqliyini qoruyub saxlayır. Müəllif baş qəhrəmanın simasında real şəxslər və hadisələri əsas götürür.
Romanın baş verdiyi məkan da uydurma deyil: ölkələrin, şəhərlərin, çayların və dağların xəritə və tarixi sənədlərlə tam uyğun gələn bütün coğrafi cəhətləri dəqiqliklə qeyd edilərək qorunub saxlanıb. O ki qaldı hadisələrin ardıcıllığına, əgər qeyri-dəqiq hesab edilən "əsrin ortaları” və bu kimi digər ifadələri hesaba almasaq, ardıcıllıq irəlidə qeyd ediləcək səbəblərə görə mövcud deyildir. "Eybəcər hersoginya”da hadisələr 30-40 illik geniş zaman ərzində baş verir, bu isə müəllifə hadisələri geniş şəkildə əhatə etməyə və lazımi problemi ortaya qoymağa imkan verir.
Romanda üç əsas rəqib dinastiyalar təqdim edilir – Lyuksemburqlar, Vittelsbaxlar və Habsburqlar. Onlar Roma İmperiyasını genişləndirməyə və əvvəlki gücünü bərpa etməyə çalışırlar. Amma bu cəhdlər əsassızdır və dar çərçivəli qəsbkar məqsədləri gizlədir. Məsələn, Marqarita Lyudviqin ikinci əri özü haqqında bu cür düşünür: "İmperatorun oğlu Vittelsbax bavariyalı idi. O, dünyaya hökm etmək fikrində idi, xəyalında bütün imperiyanı ələ keçirməyə öyrəşmişdi. Qadın isə (Marqarita) Tiroldan idi. Onun düşüncələrinin sərhədləri ölkənin dağlarının bitdiyi yerə qədər uzanırdı”.
Müəllif kiçik ölkənin təsvirində dərrakəli tarixi güclərin istinad nöqtələrinin axtarışına daha çox yer ayırır. Hersoginya öz fəaliyyətini digər "güc”lərlə gərgin mübarizə şərtlərində həyata keçirməli olur. Marqarita mübarizəni üç xətt üzrə aparır – qonşu knyazların işğal planları, şəxsi baronlarının tamahkarlığı və florensiyalı Artezenin vəhşi sələm kapitalı. (Biz hələ Aqnessa fon Flavon ilə apardığı digər mübarizədən danışmırıq). Marqaritanın mübarizəsi şəhərlərin çiçəklənməsi, ölkənin və xalqın zənginliyi, ticarətin inkişafı uğrunda baş verir.
Bu hadisə nə qədər tarixidir? Marqarita xaraketrizə edilərkən qabaqcıl xadim kimi olduqca real düşünülüb. Dirçəlişin ilk şəfəqlərinin işıqlandırdığı Tirolun şəhərləri və dağları artıq parlamağa başlamışdı. Kustar istehsal və ticarət inkişaf edirdi. Alp diyarındakı üç vacib dağ keçidlərindən biri olan Tirolun mövqeyi də buna imkan yaradır. Alp diyarı isə Lombardiya vadisini şimalda Dunay hovuzu ilə birləşdirən mühüm ticarət məkanıdı.
Lakin irəlidə aydın olur ki, Marqarita personajı bizim tarixdən tanıdığımız Tirol hersoginyasının obrazı ilə uyğun gəlmir. Amma yenə də onu sözün həqiqi mənasında tarixi sima adlandırmaq mümkündür, çünki onda zamanın mühümlüyünü dərk edən kiçik feodal başçılara məxsus cizgilər var.
Yeni əsrin başlanması romanda təkcə Marqaritanın deyil, həm də gələcəyin "cəngavərlərə deyil, bürokratlara, silaha deyil pula” aid olduğunu başa düşərək fərqli siyasət aparan Yakob fon Şennin, Vittelsbaxın və imperator Karlın obrazında təqdim edilir.
Marqarita tənha islahatçı və aktiv burjua siyasətçisi deyil, amma o, öz müasirlərindən yüksəkdə dayanır, çünki onun fəaliyyətinin motivləri sonunculardan fərqli olaraq daha təmiz mənbədən qaynaqlanır. Müəllif onu müasirləri arasında mənəvi cəhətdən tənha təqdim edir və bu yerdə Marqarita obrazının real görünüşü ön plana çəkilir. Amma Marqarita heç də həmişə zamanın hüdudlarından kənara çıxmır. O, siyasi mübarizəni apardıqda daha həyati və həqiqətə uyğundu.
Əgər L.Feyxtvanger əsərin əvvəlində Marqaritanı müsbət tarixi xadim kimi təsvir edərkən əvvəlcədən bəlli olmayan ideyalara əsaslanırdısa, irəlidə müəllifin digər feodal obrazları yaradarkən müstəqil şəkildə, səmimiyyəti və realist "öncəgörücülüyü”nün gücü ilə təsəvvür etdiyinin şahidi oluruq. Feyxvanger qarışıq maraqları böyük ustalıqla təqdim edir və qarşımızda siyasi intriqalara, hiyləgər kombinasiyalara malik tarixi fiqurların əvvəlcədən hazırlanmamış hansısa sxemə əsaslanmadan bütün həyati çətinlikləri və xarakterlərinin ziddiyyətləri ilə zəngin qalereyası cızılır. Müəllif keçmiş feodal dünyanın antipatiya bəslədiyi bütün nümayəndələrini bir tarixi rubrikaya sığışdırmaq fikrində deyil.
Bu dünyanın bəzi vacib təsəvvürlərinin üzərində dayanaq. İsrafçı kral Henrix varis sahibi olmaqdan ötrü özünə həyat yoldaşı tapmaq üçün etdiyi mənasız cəhdləri ilə hakimiyyət sükanını əlində saxlamağı bacarmır.
İki hökmdar Lyudviqlə avstriyalı Albrextin yırtıcı təbiəti Marqaritanın atasının ölümündən sonra varidatının bölünməsi səhnəsində gözəl təsvir edilmişdir. "Yöndəmsiz, yekəpər bavariyalı hər şeyi özünə götürmək istəyirdi, hətta ən əhəmiyyətsiz kəndi belə əlindən vermək fikrində deyildi. Axsaq hersoq da öz maraqlarını inadla, təkidlə önə çəkirdi...”
Elə ölkəni yırtıcı dəstəsi kimi talayan, daha çox qənimət əldə etmək üçün hər bir imkandan yararlanan feodal baronlar da düzgün təsvir edilmişdir. Onlar xeyirxah və qayğısız Henrixi aldadır, onlara dövləti talamaqda mane olan başçıları danışıq yolu ilə mövqedən uzaqlaşdırır, zorakılıqlar törədirlər.
Əsərdə eybəcər hersoginyanın məzmununu təşkil edən analoji hala uyğun sual ön plana çəkilib. Amma müəllif həmin sualı o qədər də dəqiq qoymadığı kimi əldə etdiyi cavabdan da qane olmayıb. Əsərdə ideyaların təcəssümü üçün daha adekvat forma tapmaq lazım idi və bu baxımdan Feyxtvanger obrazların aydın ifadə edildiyi roman yazmağa müvəffəq olmuşdur. Dəyişiklik hər şeydən əvvəl hər iki antaqonist-qəhrəmanın xarakterlərinin əsas xüsusiyyətlərinin qəlizləşməsi istiqamətində edilib.
Beləliklə, hər iki xarakter öz ictimai rolu və məğzinə görə daha parlaq nəzərə çatdırılır. Bundan başqa, Debora Qrey pyesdə dərhal "mənəvi cəhətdən nifrətə layiq” qadın kimi çıxış edir. Bu, müəllifin düşüncəsini qarışdırır, çünki o, elə müəllifin məqsədinə uyğun olaraq adaların xeyirxahı kimi təqdim edilir və onun haqqında ifa edilən sarkastik mahnılara haqq qazandırır. Buna görə də hersoginya Marqarita romanın əvvəlində mənəvi cəhətdən möhtəşəm qadın, yüksək romantik məhəbbətin pərəstişkarı kimi göstərilir, onun mənəvi çöküşü isə ancaq xeyirxah tədbir və niyyətlərdən sonra başlayır.
Elə qəhrəmanın görünüşü də sosial və mənəvi cəhətdən qütbləşir. Deboranın xarici görünüşü pyesin heç bir yerində portret qismində təqdim edilmir. Onun eybəcərliyi barədə danışır və oxuyurlar, onu "meymun” adlandırırlar, amma əsəri oxuyan zaman hersoginyanın cizgilərini konkret olaraq təsəvvür etmək çətindir. Romanda qəhrəmanın obrazı diqqətlə təsvir edilməməklə yanaşı, həm də bütün kitab boyunca portret olaraq daim yenilənir. Bununla da oxucunu bircə dəqiqə belə Marqaritanın nə qədər eybəcər, Aqnessanın isə nə qədər gözəl
olduğunu unutmamağa məcbur edir. Nəticədə ayrı-ayrılıqda götürüldükdə hər bir obraz xarici görünüşü, xarakteri və dünyagörüşünə görə daha çox ziddiyyət təşkil edir.
Pyesin əsas qayəsi isə heç də geniş təqdim edilməyib – müəllifin Deboradan "bu taleyin iyirminci illər dövrünün taleyinə uyğun olması”ndan bəhs etməsinə baxmayaraq, hadisə əsas etibarilə şəxsi münasibətlərin müstəvisində baş verir. Dramın mövzusunu şair Obadia əminin pyesdəki sözləri ilə ifadə etmək olar: "Bizim dövrün adamları mütaliə üçün daha geniş imkana malik olsaydılar, mən "Meymun” adlı epik poema yazardım. Orada görkəmli qadının anadan olarkən taleyin bəxş etdiyi eybəcər görkəmi üzərində mübarizə və qələbəsi təsvir edilərdi”.
Əslində, həmin məqsədi müəllif sözügedən pyesdə özü həyata keçirir. Debora dilemma qarşısındadır – onu təhqir edən İnqremə qarşı duyduğu həvəsdən məmnun olmalı, yoxsa şəxsi ləyaqətini qoruyaraq ondan imtina etməlidir? Debora ikinci seçimi həyata keçirir. O, daxilindəki qadına, instinktə qələbə çalır. Eybəcər görünüşünə görə isə hər kəs tərəfindən tərk edilir.
Nəticədə roman tarixi janr olaraq ikili təsir bağışlayır. Bir tərəfdən o, olduqca məhdud siyasi faktlarla və təbii ki, tarixi personajlarla nəzərə çatdırılır, amma bütün bunlar dağınıq formada və əsas hadisənin baş verdiyi şərait təsvir edilmədən həyata keçir.
Romanda mütləq şəkildə mövcud olmuş, tarixi mənbələrin də təsdiq etdiyi iştirakçı obrazların çoxluğu bizi heyrətə gətirir. Onlar hamısı bədii cəhətdən müəllifin insanı parlaq detallarla təsvir etməyə qadir olan misilsiz ustalığı sayəsində canlanır. Onlar, yəni krallar, knyazlar, hersoqlar və baronlar individual, təkrarsız xarakterlərə malikdirlər. Və hər halda bu sadalananlar sadəcə epizodik fiqurlardır, çünki yazıçının diqqət mərkəzində dayanan onlar deyil, elə oxucunun da.
Bu, sadəcə olaraq tarixin mühüm qiymətləndirməsidir. Müəllif öz geniş fəlsəfi ümumiləşdirmələrini bu simaların taleyində önə çəkmir. Buna görə də əgər onlar bizə tarixi keçmişdən xəbərdar olmaqda köməkçi olursa, səbəb müəllifin öz qarşısına tapşırıq qoyması deyil. Feyxtvangerin az və ya çox dərəcədə təkcə hadisələrin təqdimatının ardıcıllığı, tarixi simaların xarakteristikası amma həm də hadisələrin təfsirində təsadüfi mənbəyə bu qədər yaxın əməl etməsini ancaq bu cür izah etmək olar. Müəllif əsərin tarixiliyini ikinci dərəcəli məsələ hesab etdiyi üçün ona görə bu cür münasibət bəsləyib.
Ölkənin kapitalist dirçəlişini müəllif bədii vasitələrlə daha detallı təqdim etmir və bu aydındır. Çünki əvvəla tarixi faktlar romanda qeyd edilən miqyaslarda nə Marqaritanın, nə də hətta Rudolfun hakimiyyəti zamanında da olmayıb. İkincisi isə əsərdə iqtisadi məsələlərə az yer verilib – dramın mövzusu əsasən Marqaritanın mürəkkəb daxili dünyasının təsvirinə yönəlib.
İvan Trifonoviç İzotov
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər