• çərşənbə axşamı, 07 may, 16:49
  • Baku Bakı 12°C

Üfüqdə sülh görünür

27.04.24 00:42 1294
Üfüqdə sülh görünür

Prezident İlham Əliyev: "Deyə bilərəm ki, biz yalnız indi mahiyyət baxımından real danışıqlara yaxınlaşırıq. Çünki suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra Ermənistan həmin müddəanı aradan qaldırdı və əlbəttə ki, artıq Qarabağ kəlməsinin heç bir aspektini dilə gətirmir".

Prezident İlham Əliyev bir neçə gün əvvəl ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışı zamanı bir çox mühüm məqamlara aydınlıq gətirib. Həm regional, həm də beynəlxalq müstəvidə yaşanan proseslərə, müxtəlif məsələlərə Azərbaycan dövlətinin baxışını, yanaşmasını ortaya qoyub. Təbii ki, dövlət başçısı açıqlamalarında Ermənistanla münasibətlərin normallaşması, sülh perspektivlərinə xüsusi yer verib. 

"Real danışıqlara yaxınlaşırıq"

İki ölkə arasında sülh perspektivlərinə toxunan İlham Əliyev bu məsələdə nikbinlik nümayiş etdirib. "Sülh danışıqları prosesində ciddi irəliləyişə nail olmaq ehtimalının yüksək olması qənaətindəyəm", - dövlət başçısı bildirib. Prezidentin sözlərinə görə, danışıqlar bu yaxınlarda bərpa olunub: "Deyə bilərəm ki, biz yalnız indi mahiyyət baxımından real danışıqlara yaxınlaşırıq. Çünki suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra Ermənistan həmin müddəanı aradan qaldırdı və əlbəttə ki, artıq Qarabağ kəlməsinin heç bir aspektini dilə gətirmir. Bununla da ən mühüm maneə aradan qalxdı və hesab edirəm ki, digər müddəalar razılaşdırıla bilər, çünki orada hər hansı bir yenilik, yeni icad yoxdur, bütün prinsiplər beynəlxalq hüququn normalarına və praqmatik yanaşmaya əsaslanır".

"Biz yalnız platforma, məkan barədə danışırıq"

Prezident danışıqların müxtəlif ölkələrdə keçirilməsi məsələsinə də aydınlıq gətirib. Deyib ki, Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı müraciət edib: "Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik. Beləliklə, biz yalnız platforma, məkan barədə danışırıq. Belə bir təklif üçün Qazaxıstan hökumətinə də minnətdarıq. Hesab edirəm ki, indi biz Ermənistan tərəfinin cavabını gözləməliyik. Amma yenə də müzakirə olunan məsələnin mahiyyətinə qayıdaraq hesab edirəm ki, biz razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə biz razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq". 

Prezidentin sözlərinə görə, indi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var: "Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var".

"Delimitasiya və sülh razılaşması iki ayrı məsələdir"

Dövlət başçısı vurğulayıb ki, delimitasiya və sülh razılaşması iki ayrı məsələdir. Onları birləşdirmək və bir-birindən asılı etmək yanlış olar. Bunun çox sadə bir səbəbi var. Bizim Ermənistanla sərhədimiz təxminən min kilometrdir. Sərhədin böyük hissəsində məskunlaşma tamamilə olmayıb, dağların hündürlüyü 3500 metrdir, ilin 9 ayı qarla örtülü olur. Bu, həqiqətən də çox mürəkkəb relyefdir. Praktiki nöqteyi-nəzərdən qısa müddətdə bu sərhədin delimitasiyası mümkün deyil: "Bu, ləng gedən prosesdir, bu proses yüksək dəqiqlik tələb edir. Ona görə də biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gözləyib sonra sülh razılaşması imzalasaq, bizə daha 30 il vaxt lazım olacaq. Bizim təklifimiz bu iki məsələni ayırmaqdan ibarətdir". 

Delimitasiyanın Qazaxın işğal olunmuş kəndlərindən başlanmasının Azərbaycanın təklifi olduğunu bildirən Prezidentin sözlərinə görə, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir. Bu, mühüm məqamdır. "Biz bir xətti tutaraq “kor pişik” kimi bu xətlə getməməliyik. Biz xətti əsas kimi götürürük, amma məntiqli olmalıyıq və hər iki tərəf üçün təhlükəsiz, hər iki tərəf üçün rahat olacaq sərhədlə bağlı razılığa gəlməliyik", - İlham Əliyev deyib. 

"Onlar mənim dediklərimə qulaq asmalıdırlar"

Prezident Ermənistanın sürətlə silahlandırılması məsələsinin rəsmi Bakı tərəfindən diqqətlə izlənildiyini qeyd edib. "Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq", - İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, separatizmə son qoyduğumuz bir neçə saatlıq antiterror əməliyyatı ilə də biz onlara gücümüzü nümayiş etdirdik: "Bizim Ermənistana qarşı yenə də pis niyyətimiz yoxdur. Bizim onların ərazisinə heç bir iddiamız yoxdur, amma onlar başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi, bu, təhlükəlidir və mənim vəzifəm onlara, həmçinin onların arxasında duran və onları manipulyasiya edənlərə xəbərdarlıq etməkdir ki, bu, həqiqətən təhlükəlidir və onlar mənim dediklərimə qulaq asmalıdırlar. Çünki bilirlər ki, sözlərimə qulaq asmalıdırlar. Mənim tövsiyəm budur".

Azad Əliyev 

banner

Oxşar Xəbərlər