• çərşənbə, 08 May, 12:39
  • Baku Bakı 16°C

Nikol və Annanın pul sevdaları 

27.04.24 04:46 1594
Nikol və Annanın pul sevdaları 

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı ilə birlikdə ölkədəki bütün biznes strukturlarını, iş adamlarını nəzarətə götürmək niyyətindədir. Bu məqsədlə iş adamları təzyiqlərə məruz qalır, şantaj edilirlər.

2018-ci ildə Sorosun ətəyindən yapışaraq Ermənistanda hakimiyyətə sahiblənən Nikol Paşinyan ilk günlərdə oliqarxlara qarşı savaş elan edəcəyini bildirmişdi. Son illər isə baş verən hadisələr əslində baş nazirin yeni oliqarx nəsli yaratdığından xəbər verir. Artıq bir müddətdir ki, Paşinyan cütlüyünün adı bu tip qalmaqallarda hallanır. Həyat yoldaşı Anna Akopyanla birlikdə köhnə oliqarxları müxtəlif maddələrlə həbsə atdıran baş nazir yeni oliqarxların yolunu açır, onların müxtəlif tenderlərdə qalib gəlməsini təmin edir. Baş verənlər isə həm müxalifətin, həm də kilsənin ciddi tənqidlərinə səbəb olub.

“Pul ver, miqrant qəbul edim”

İngiltərənin “The Times” qəzetində dərc olunan məqaləyə əsasən, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Ermənistan, Fil Dişi Sahili, Kosta-Rika və Botsvana ilə müzakirələr aparır. Bu müzakirələrin əsas mövzusu rəsmi Londonun 18 aydır qeyri-qanuni mühacirləri qəbul etməyə hazır olacaq ölkələr axtarışıdır. Qeyd edilir ki, Britaniya hakimiyyəti miqrantların sığınacaq tələblərinə baxana qədər onlar yuxarıda qeyd edilən ölkələrdə yerləşdirilməlidirlər. Eyni zamanda qeyd edilir ki, Ermənistan bu sövdələşmədən ən azı 290 milyon funt-sterlinq əldə edəcək. Hər miqrant üçün bir neçə min funt sterlinqin də təklif edildiyi bildirilir.

Paşinyanın demoqrafiya oyunu

Bu xəbərin ortaya çıxması bəzi mətləblərdən xəbər verir. Baş nazir çıxışlarının birində qeyd etmişdi ki, 2030-cu ilə qədər Ermənistanda əhalinin sayı beş milyon nəfər olacaq. Nəzərə alsaq ki, erməni dövləti sürətlə boşalır və hər gün ölkəni tərk edənlərin sayı artır, deməli, bu bəyanat absurd mahiyyət daşıyır. Ehtimal edilir ki, məhz Britaniya ilə sövdələşmə nəticəsində Paşinyan erməni dövlətində əhali sayını artırmağı planlaşdırır. Belə bir müqavilənin imzalanması ilə qərb “qonşumuz”un tezliklə İngiltərənin “qeyri-qanuni mühacirlər” koloniyasına çevrilməsini müşahidə edə bilərik. Əslində bu təklif bir neçə dövlətə təqdim edilib. Mərakeş, Tunis, Namibiya və Qambiya kimi dövlətlər məsələni müzakirə etməkdən belə imtina ediblər. Görünür, həm əhali sayını artırmaq, həm də milyonlarla funt-sterlinq Nikolun yuxusuna haram qatdığı üçün belə bir addıma razılaşıb.

Üzrü qəbahətindən böyük

Maraqlı faktdır ki, xəbər mediaya sızandan sonra Ermənistanın Xarici İşlər Nazirliyi təkzibə oxşar bir bəyanat yayımlayıb. XİN-in mətbuat katibi bildirib ki, rəsmi İrəvanla London arasında geniş siyasi dialoq gündəliyi var. Amma nəşrin yaydığı konkret məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb. Göründüyü kimi, diplomatın bu açıqlaması nə təkzib, nə də təsdiq sayıla bilər. “Geniş gündəm var və məsələ ilə bağlı heç bir danışıq aparılmayıb”, - demək isə gələcəkdə real razılaşmaların olma ehtimalını qüvvətləndirmək üçün ortaya atılan fikirdir. Əgər belə bir danışıq və razılaşma yoxdursa, XİN konkret olaraq inkar etməlidir. 

Annanın milyonluq şam yeməyi

Rəsmi İrəvanı çalxalayan ikinci qalmaqal isə Anna Akopyanın təşəbbüsü ilə “Uğurlu qadın biznesmenlərə dəstək” adı altında şam yeməyinin təşkili olub. Gecədə iştirak etməyin qiyməti isə bir milyon erməni dramı, yəni 26 min dollara yaxın bir vəsait olub. Ermənistan mediasını diqqətlə izlədikdə məlum olur ki, təşəbbüs uğursuz olub. Erməni iş qadınlarından cəmi bir neçəsi bu çağırışa müsbət cavab verib. Onların gecəyə qoşulma səbəbi isə sonradan vergi yoxlaması və digər strukturlar vasitəsilə narahat edilmə ehtimalını ortadan qaldırmaq olub. Biabırçılığın qarşısına keçmək üçün isə hakim partiyanın köhnə və yeni oliqarxları ortaya atılıblar. 

Köhnə üzlər, yeni tanışlar

Siyahıya nəzər saldıqda və iştirakçıların kimliyini araşdırdıqda bu nəticə ortaya çıxır. Məsələn, keçmiş deputat-oliqarx Samvel Aleksanyanın həyat yoldaşı görüşə qızlarını, qohumlarını və rəfiqələrini də aparıb. “Marianna” süd şirkətinin sahibi, “Vivaro” bukmeker şirkətinin sahibi Vigen Badalyanın həyat yoldaşı da tədbirdə iştirak edib. Eyni zamanda, parlamentin spikeri Alen Simonyanın həyat yoldaşı, deputat Xaçatur Sukiasyanın qızı, Simonyanın oliqarx dostu Edqar Avaqyanın həyat yoldaşı kimi qadınlar da Annanın qonağı olublar. Göründüyü kimi, bu şəxslərin böyük əksəriyyəti hakim partiyanın dəstəyi ilə oliqarx kimi tanınan iş adamları, deputat və siyasətçilərdir. Qonaqlıqda iştirak edən “Dan-Dessert” şirniyyat firmasının qadın sahibi Şoqerina Mkrtçyan də diqqət çəkənlərdəndir. Çünki elə bu yaxınlarda vergi departamentinin nümayəndələri bu şirkətə göndərilmişdi. Xəbər yayılmışdı ki, ona təklif edilib ki, Anna Akopyanla nahar etmək və şam yeməyində iştirak etmək üçün bir milyon dram ödəsə, o zaman bununla hakimiyyətə itaətini nümayiş etdirəcək və lazımsız problemlərlə üzləşməyəck. 
“İş qadınları”nı zorla bir yerə yığan Anna sərt tənqidlə üzləşib. Erməni mediası maraqlı detallar üzə çıxarıb və tədbirin fiaskoya uğradığı barədə məqalələr yazıb. Qeyd edilib ki, əslində görüşün əsas məqsədi ölkədə yeni oliqarxiya yetişdirmək, hakim partiyanın “qanadları” altında olmayan iş adamlarını nəzarət altına almaq olub.

Göründüyü kimi, baş nazir həyat yoldaşı ilə birlikdə Ermənistanı güc yolu ilə idarə edərək, bütün biznes strukturlarını, iş adamlarını nəzarətə götürmək niyyətindədir. Bütün bu faktlar Paşinyan hakimiyyətinin cılızlığını və korrupsiya bataqlığında boğulduğunu bir daha sübut edir.

F.Abasoğlu 

 

banner

Oxşar Xəbərlər