• çərşənbə, 08 May, 18:39
  • Baku Bakı 18°C

Avropaya yaşıl enerji ixrac edəcəyik

27.04.24 06:01 1759
Avropaya yaşıl enerji ixrac edəcəyik

Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində vacib görüşlər keçirib. Dövlət başçısı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində də iştirak edib.  

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfər edib. Dövlət başçısının Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə öncə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər. 

Yeni iqlim hədəfləri

Kansler Olaf Şolts bildirib ki, Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir. "Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəflərini formalaşdıra bilərik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm", - o qeyd edib. O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib. 

Komandalarımızın üzvləri sıx təmasdadırlar

Prezident İlham Əliyev isə öncə iki ölkə arasındakı münasibətlərdən danışıb. Bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb. "Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır", - dövlət başçısı deyib. Keçən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlətimizin başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir”.

"Sülh danışıqlarını yüksək qiymətləndiririk"

Dövlət başçısı Ermənistanla sülh danışıqları prosesinə də toxunub. "Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş dörd Azərbaycan kəndi bizə qaytarılıb", - deyə Prezident birgə mətbuat konfransında söyləyib.

Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin aprelin 26-da səhər fəaliyyətini dayandırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

Prezident Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirdiyini bildirib. Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlət başçısı bildirib: “Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”.

Altı min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb 

İşğaldan azad edilən ərazilərin bərpasına da toxunan İlham Əliyev vurğulayıb ki, müharibədən sonra altı min keçmiş məcburi köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min məcburi köçkünün doğma yurduna qayıdacağını bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, ümumxalq məsələsidir: “Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir”.

Avropaya yaşıl enerji ixrac edəcəyik

Avropanın enerji təchizatında ölkəmizin roluna da toxunan Prezident İlham Əliyevin sözlərinə görə, 2027-ci ilin sonuna qədər doqquz günəş və külək elektrik stansiyası istismara veriləcək. 

Azərbaycanın Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”.

Prezident bildirib ki, Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə səkkiz milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. 

Müxtəlif qitələrin ölkələri arasında körpü

Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində də iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir: "Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq".

Dövlət başçısı deyib ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir: "Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin, eyni zamanda, artıq qeyd etdiyim kimi, faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar".

Qeyd edək ki, Almaniya səfəri çərçivəsində Prezident İlham Əliyev həmçinin xarici işlər naziri Annalena Berbok, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə də bir araya gəlib. 

 

banner

Oxşar Xəbərlər