• çərşənbə axşamı, 07 may, 16:43
  • Baku Bakı 12°C

Qərbin Mərkəzi Asiya planı

27.04.24 02:16 1355
Qərbin Mərkəzi Asiya planı

Region ölkələri arasında 30 il ən aşağı səviyyədə olan əməkdaşlıq Özbəkistandakı hakimiyyət dəyişikliyindən sonra dərinləşməyə başlayıb. Şavkat Mirziyoyevin prezidentliyi dövründə irimiqyaslı əməkdaşlıq proqramlarına imza atılıb. Yaxın gələcəkdə region Qərb, Çin və ABŞ-nin rəqabət məkanına çevriləcək.

Uzun illər Rusiyanın ciddi siyasi, iqtisadi asılılığında olan Mərkəzi Asiya dövlətləri bu vəziyyətə son qoymaq istiqamətində ciddi addımlar atırlar. Daha çox da iqtisadi sahədə. Region ölkələrinin son illər aktivləşdiyi təşkilatlardan biri şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır. 

Region Rusiya asılılığından qurtulmağa çalışır

30 il ən aşağı həddə olan bu əməkdaşlıq Özbəkistanda hakimiyyət dəyişikliyindən sonra daha da güclənib. Şavkat Mirziyoyevin prezidentliyi dövründə irimiqyaslı əməkdaşlıq proqramlarına imza atılıb. Azərbaycanın haqq mübarizəsində ona dəstək verilib. Hətta işğaldan azad olunan torpaqlarda məktəb inşası həyata keçirib. Özbəkistan hazırda tək Azərbaycanla deyil, ABŞ, Avropa ölkələri ilə də iqtisadi, siyasi əlaqələri genişləndirir. Qazaxıstana gəldikdə, keçmiş prezident Nursultan Nazarbayev dövründən başlayan çoxqütblü siyasət hazırkı prezident Kasım-Jomart Tokayevin dövründə də davam etdirilir. Türkmənistan isə neytrallığını qoruyub saxlamağa çalışır, ənənəvi siyasətə üstünlük verməkdədir. Qırğızıstan daha irəli gedərək ABŞ və Avropa dövlətləri ilə əməkdaşlığı genişləndirir. O ki qaldı Tacikistana, türkdilli dövlət olmasa da, TDT-nin toplantılarına qatılır, Rusiya asılılığından qurtulmağa çalışır.

Bir fövqəldövlət var ki, Mərkəzi Asiya ölkələrinin hər birində nüfuza malikdir və görünən də odur ki, bu, hələ uzun illər belə olacaq. Söhbət təbii ki, Çindən gedir. Pekin region ölkələrini iqtisadi asılılıqda saxlamaqla yanaşı, çoxmilyardlıq investisiya layihələri də həyata keçirir.


İkitərəfli strateji tərəfdaşlıq anlaşmaları

Bütün bunların fonunda region ölkələri arasında sıx əməkdaşlıq, qarşılıqlı səfərlər artıb. Həftənin əvvəli Özbəkistan prezidenti Şavkat Mirziyoyev Düşənbəyə səfər edib və burada Tacikistan lideri Emoməli Rəhmonla müttəfiqlik münasibətləri haqqında tarixi müqavilə, iqtisadiyyat, enerji və mədəniyyət sahələrində tərəfdaşlığın genişləndirilməsinə dair 28 sənəd imzalayıb. 

“Özbəkistan üçün Tacikistan ən yaxın, ən etibarlı və zamanın sınağından keçmiş strateji tərəfdaşdır. Qardaş özbək və tacik xalqlarını çoxəsrlik möhkəm dostluq telləri qırılmaz şəkildə birləşdirir. Bizi ortaq tarix, mədəni-mənəvi dəyərlər, ənənələr və adətlər birləşdirir”, - deyə Şavkat Mirziyoyev Emoməli Rəhmonla danışıqların yekununda bildirib.

Dövlət başçıları uzun müddətdir ki, iki ölkə arasında münasibətlərdə əngəl törədən Tacikistandakı Roqun SES mövzusunu gündəmə gətirməyiblər. Baxmayaraq ki, Düşənbə layihəni başa çatdırmaq məqsədilə investisiya cəlb etmək üçün bütün imkanlardan istifadə edir. 
Özbəkistan Qazaxıstanla da eyni cür müttəfiqlik münasibətlərinə malikdir. 

Bu yaxınlarda Astanada Qazaxıstan və Qırğızıstanın prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov arasında danışıqlar aparılıb və bu, müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə, genişləndirilməsinə dair oxşar sazişin imzalanması ilə yekunlaşıb. Ola bilsin ki, digər Mərkəzi Asiya ölkələri arasında da oxşar müttəfiqlik münasibətləri yaransın. Məsələn, Bişkek artıq Daşkəndə oxşar müqaviləni imzalamağı təklif edib. Bütün sərhəd məsələləri həll olunandan və birgə sərhəd haqqında müvafiq saziş imzalanandan sonra Qırğızıstan və Tacikistanın müttəfiqlik münasibətləri qurmasına heç nə mane olmayacaq. 

Yeni regional birlik ideyası

Qərb, o cümlədən ABŞ də Mərkəzi Asiyaya sürətlə inteqrasiya etməyə çalışır. Hətta bu qüvvələrin region ölkələrinin yeni birliyinin yaradılmasına çalışdığı deyilir. Lakin ekspertlər hesab edirlər ki, regional birliyin yaradılması barədə danışmaq hələ tezdir. Bir məsələ də var ki, 2018-ci ildən keçirilən Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi sammiti, yaxud, dövlət başçılarının məşvərətçi görüşləri ümumi problemlərin həllinə imkan yaradır. Bu il altıncı məşvərət görüşü Qazaxıstanda baş tutacaq. Türkmənistanın regional inteqrasiya proseslərində iştirakına gəlincə, bu, bir sıra obyektiv və subyektiv amillərlə məhdudlaşır. Mərkəzi Asiya üzrə ekspert Serdar Aitakov hesab edir ki, Aşqabad hakimiyyəti fövqəlmilli yurisdiksiyaya malik və milli qanunlardan üstün olan belə mexanizmlər (beynəlxalq hüquq) yaratmaqdan və bu mexanizmlərdə iştirak etməkdən çəkinir. Türkmənistan ÜTT-yə üzv olmaq çərçivəsindəki danışıqlarda belə müşahidəçi statusundan kənara çıxmayıb: “Eyni məsafə istisnasız olaraq bütün inteqrasiya layihələrində, istər siyasi (MDB, Türk Dövlətləri Təşkilatı), istərsə də TRASEKA kimi iqtisadi, logistika sahəsində müşahidə oluna bilər. 

Mərkəzi Asiya ölkələri arasında ikitərəfli münasibətlərin dinamik inkişafı fonunda 2022-ci ilin iyulunda Astananın təşəbbüsü ilə imzalanmış XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqavilə kölgədə qalır. Bu saziş işləmir və onun həyata keçirilməsi perspektivi yoxdur”. 

Ekspertin fikrincə, bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, ABŞ-nin qızğın şəkildə dəstəklədiyi beş ölkə formatında regional inteqrasiyadan danışmağa ehtiyac yoxdur. Yalnız ikitərəfli əlaqələrin tamamilə müsbət və mütərəqqi inkişafını qeyd etmək olar.
Regionda əməkdaşlığı müəyyən edən çoxtərəfli formatlar deyil, bu əlaqələr kompleksidir. Məsələn, əsl ikitərəfli əlaqələrin maksimumu bütün digər Mərkəzi Asiya ölkələri üçün ən etibarlı ağırlıq mərkəzinə çevrilən Özbəkistan ətrafında cəmləşib. 
Beləliklə, regionda çox ciddi proseslər yaşanır. Yaxın gələcəkdə region Qərb, Çin və ABŞ-nin rəqabət məkanına çevriləcək. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər