• cümə, 29 Mart, 12:29
  • Baku Bakı 14°C

Yüz illik problemin həlli

02.04.21 15:30 1183
Yüz illik problemin həlli
Zəngəzur dəhlizi türk dünyasının birləşmə nöqtəsi olacaq
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilməzdən bir gün öncə, Baş katib Bağdad Amreyev Türk Şurasının, türk dünyası birləşmiş dövlətlərini yaratmağı hədəflədiyini bəyan etdi. Türk Şurasının sədri, Azərbaycan Prezidenti İlham Əliyev isə Zirvə görüşündəki çıxışı zamanı türk dünyasının yüz illik probleminin həll olunacağı barədə açıqlama verdi. 44 günlük Vətən Müharibəsi başa çatandan sonra regionda yaranan yeni reallıqlardan, imkanlardan söhbət açan dövlət başçısı bildirdi ki, belə imkanlardan biri və ən vacibi Zəngəzur dəhlizinin açılmasıdır. Bu proses üzərində çox fəal iş aparıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti vurğuladı ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması idi. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə türk dünyası arasında əlaqələr daha da genişlənəcəkdir: "Əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. ...Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir”.

Türk Dünyası Baxışı - 2040
Regionda cərəyan edən proseslər, türkdilli ölkələrin dövlət başçılarının səsləndirdiyi bəyanatlar, qarşılıqlı əlaqələr, birgə hərbi təlimlər, inkişaf edən münasibətlər, Türk Şurasının Zirvə görüşündə "Türk Şurası Strateji 2020-2025” və "Türk Dünyası Baxışı - 2040” kimi məsələlərin müzakirəsi onu deməyə əsas verir ki, hər birimizin arzusu, görmək istədiyi Turan tədricən qurulur. Ədalətin, beynəlxalq hüququn deyil, gücün, hegemonluğun şərtləri diktə etdiyi müasir dövrdə Turanın - türk dünyası birləşmiş dövlətlərinin yaradılması tam reallaşacaqmı? Dünyada geosiyasi maraqlarını hər vasitə ilə qorumağa, təmin etməyə həvəsli olan böyük dövlətlər buna imkan verəcəkmi?
200 illik arzu
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib ki,Turan ideyası yeni deyil və 200 ildir türk xalqları öz gələcəklərini birlikdə, əməkdaşlıqda görür. "Azərbaycanlı mütəfəkkirlər zaman-zaman bu məqsədlə müxtəlif təşəbbüslərdə bulunublar. Mirzə Fətəli Axundzadə ortaq əlifbanın, Əli bəy Hüseynzadə ortaq dilin xalqlarımızı birləşdirəcəyini düşünüblər. Onların hər biri bu birliyi yaratmaq üçün müxtəlif yollar axtarıblar. Türkiyənin elm və sənət adamları, bəzi siyasətçiləri də bu məsələ üzərində çox düşünüblər. Baxmayaraq ki, Azərbaycanda son 200 il həm də türk varlığını, türk kimliyini danmaq, türkləri öz tarixi köklərindən qoparıb tamamilə ayrı müstəviyə çəkmək uğrunda çox gərgin mübarizələr gedib, yenə də türklər öz varlıqlarını qoruyublar. Mustafa Kamal Atatürk Türkiyəni tamamilə yeni bir yola – Cümhuriyyət yoluna çıxarıb. Azərbaycanda isə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Milli hökumət qurulub, müsəlman Şərqində ilk Demokratik Respublika yaradılıb. Azərbaycanla yanaşı, digər türk respublikaları da SSRİ-dən ayrılandan, müstəqilliyini elan edəndən sonra elmi, mədəni, siyasi, ticari, humanitar və sair əlaqələr bu ölkələri bir-birinə yaxınlaşdırıb. Düzdür, SSRİ zamanında da Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanla yaxın əlaqələri var idi. Lakin rusların özlərinin də etiraf etdiyi kimi, sovet imperiyası dövründə respublikalar arasındakı yaxınlıq, birlik qorxu üzərində qurulmuşdu. Adını dəyişsə də, çar Rusiyasından fərqlənməyən mərkəzi hökumətin qorxusundan sovet ittifaqındakı ölkələr qarşılıqlı əlaqələrə malik idi. O dövrdəki repressiyalar, sürgünlər, kütləvi köçürülmələr, müxtəlif ad dəyişmələr və sair buna əyani misaldır. Bunların qorxusundan o dövrdə bütün respublikalar bir yerdə idi”.

Hər şey siyasi rəhbərliyin iradəsindən asılıdır
Deputat vurğulayıb ki, türk dövlətləri arasında müasir dövrdə yaranan birlik tamamilə başqadır: "Hazırda Rusiya ilə münasibətlər də tamamilə ayrı cür qurulur və qurulmalıdır. Əgər o vaxt Rusiya ilə bizi qorxu birləşdirirdisə, bu gün səmimi qonşuluq münasibətləri birləşdirir. Bu, belə də olmalıdır. Rusiya ilə münasibətlərin pozulmasını heç bir dövlət istəmir. Çünki, bizim birlikdə keçdiyimiz yol, ənənələr və sair var. Rusiya ilə münasibətləri qorumaq şərtilə bir zamanlar sovet ittifaqında təmsil olunan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eyni zamanda Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti birliyə, bərabərliyə doğru xeyli yol keçiblər. TÜRKSOY mədəniyyət birliyi, TÜRKPA – türkdilli ölkələrin parlamenti, Türk Şurası, Türkiyə Akademiyası kimi təşkilatlar, birliklər yaranıb. Bunların sayı zaman keçdikcə daha da artacaq. Hər şey bu ölkələrin siyasi rəhbərliyinin iradəsindən asılıdır. Onlar istəsələr, türk dünyası birləşmiş dövlətlərinin birliyini yaratmaq mümkündür. Niyə Avropa İttifaqı yaradılır, digər müxtəlif birliklər qurulur, amma Türk Dövlətləri Birliyi olmasın? Nədən türk dövlətləri iqtisadi, siyasi, sosial məsələlər baxımından gələcəklərini birlikdə qurmasınlar? Əgər oturub Avropanın, Qərbin, Rusiyanın ağzına baxsaq, heç vaxt Türk Dövlətləri Birliyi olmaz”.

Dünyada sülhün güclənməsinə xidmət
VHP sədri qeyd edib ki, vaxtilə türk kimliyini bildirmək yasaqlansa da, indi türkdilli dövlətlər eyni kökə, ortaq tarixə, dilə və dinə sahib olduqlarını bəyan edir, birlikdə olmağı arzu edirlər: "Bu dövlətlərin bir yerdə olması heç də bayaq sadaladığım 7 dövlətin ləğv olması anlamına gəlməməlidir. Söhbət ondan gedir ki, türkdilli xalqların yaşadığı bu dövlətlər ümumi bir birlikdə, ittifaqda birləşsinlər. Dünyanın bildiyi, tanıdığı modellərdən birinə uyğun birlik nəzərdə tutulur. Bu çərçivədə atılan hər bir addım həm türk dünyasının, həm də ümumilikdə dünyanın xeyrinədir. Bu birlik bölgədə, dünyada əmin-amanlığın, sülhün güclənməsinə xidmət edəcək. Eyni zamanda Avrasiya məkanında qüvvələr nisbətinin tapılması, bir sıra münaqişələrin aradan qaldırılması, ən nəhayət tarixi həqiqətin bərpası üçün çox vacibdir. Bu istiqamətdə iş gedir və bunun qarşısını alacaq qüvvə yoxdur. Hazırda dünyanın enerjiyə olan tələbatının böyük bir hissəsi buradadır. Həm iqlim qurşağına görə, həm də Allahın bəxş etdiyi sərvətlərə görə dünyanın ən şanslı bölgələrindən biridir bura. Yetər ki, bu regiondakı türkdilli xalqlar, dövlətlər bu məsuliyyəti hiss etsinlər, birlik istiqamətində real addımlar atsınlar”.
Bütün xarici əlaqələrimizi koordinasiya etməliyik
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev hələ 1998-ci ildə "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını yazmasına diqqət çəkərək, həmin kitabda Turan Birliyi modelinin yaradılmasının əhəmiyyətindən geniş bəhs etdiyini vurğulayıb. Bildirib ki, söhbət Türkiyə və Azərbaycanla yanaşı, digər türk cümhuriyyətləri məhvərində olan birlikdən gedir: "O zaman olduğu kimi indi də hesab edirəm ki, Avropa evi xristian dəyərlərinə və yunan fəlsəfəsinə söykənir. Açıq-açığına Türkiyəni Avropa İttifaqına buraxmadılar. Nümayişkaranə şəkildə bəyan etdilər ki, sözügedən ittifaq bir xristian klubudur və illərlə Türkiyəni qapıda gözlətdilər. Türkiyə türk dövlətləri ilə birlikdə İslam ənənələrinə, türk mədəniyyətinə söykənən bir ev yaratmalıdır. Bu birlik kiməsə, hansısa dövlətə qarşı yönələn, onu təhdid edən ittifaq deyil. Bu, əməkdaşlıq platformasıdır. Fikrimcə, son zamanlar atılan addımlar nəzərdə tutduqlarımızın çox qısa zamanda gerçəkləşməsinə səbəb olacaq. Hər zaman bu fikirdə olmuşam ki, türk dünyasının vahid tarixini, coğrafiyasını təbliğ edən ədəbiyyatlar olmalıdır. Biz bütün xarici əlaqələrimizi koordinasiya etməliyik. Şükürlər olsun ki, hazırda bu, mövcuddur. Artıq Turan Ordusunun bazaları yaradılmağa başlanılıb. Bunun toxumları səpilib”.

300 milyonluq coğrafi zolaq
Partiya sədri deyib ki, türkdilli dövlətlər inteqrasiya olunmaq üçün bütün lazımi addımları atırlar: "Şübhə etmirəm ki, bu, çox qısa zamanda baş tutacaq. Bəzən iddialar olur ki, türk dünyasının birliyini, yaxud bütöv Azərbaycan arzusunun reallaşmasını istəmirlər. Bu, tamamilə cəfəngiyatdır. Yeni dünya düzəni quranlar üçün Turanın olması, türkdilli dövlətlərin bir yerdə ciddi əməkdaşlıq platforması yaratması sərfəlidir. Onlar istəyirlər ki, böyük türk zolağı formalaşsın. Hansı ki, 300 milyonluq bu coğrafi zolaq Avropadan başlayır və Çinə qədər uzanır. Bu zolaq Şərq üçbucağını parçalayır, Çinlə Rusiya, İranla Rusiya, ərəb aləmi ilə Rusiya arasında bufer zonalar yaranır. Son zamanlar anqlosakslarla türklərin birgə davranışı onu göstərir ki, türk dövlətlərinin birliyi məsələsində bizə badalaq gəlmək istəyən böyük güc, dövlət yoxdur”.
Heç kim bu ideyaya qarşı çıxa bilməyəcək
F.Quliyev söyləyib ki, əgər türk dövlətləri bir ittifaq, birlik yaratmaq istəsələr, buna heç kim mane olmayacaq: "Hər şey bizim iradəmizdən asılıdır. 44 günlük Vətən Müharibəsindən sonra Türkiyə dünya gücünə çevrilməyə başlayıb. Azərbaycan isə regional gücə çevrilib. Bunu hamı etiraf edir. Perspektivdə Zəngəzur dəhlizi açılmaqla türk dünyasının vahid orqanizm kimi çalışması üçün ilkin addımlar atılacaq. İslamabadda Pakistan, Türkiyə və Azərbaycan arasında imzalanan protokollarda da çox ciddi müddəalar var idi. Mütəmadi xarakter alan Türkiyə-Azərbaycan birgə təlimlərinin ardınca, son dövrlər Özbəkistanla Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi, Türk Şurasının Zirvə görüşündə verilən mesajlar onu göstərir ki, türk dünyası birləşmiş dövlətlərinin yaradılması ideyası mümkündür. Buna qarşı heç kim çıxa bilməyəcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər