Güclü ordu güclü dövlət deməkdir

Bu gün Azərbaycan cəmiyyətində xalq-iqtidar-ordu birliyinin sarsılmaz bağlarını görürük. Bu birlik müstəqil və güclü Azərbaycanın əsasıdır. Bu, həm də sabaha olan inamı artırır.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107 ili tamam olur. 1918-ci ilin 26 iyununda Azərbaycan Demokratik Cümhuriyyəti zamanı yaradılan Ordumuz bu gün bölgəmizin ən qüdrətli, peşəkar Silahlı Qüvvələri sayılır.
Güclü ordu həm də güclü dövlət deməkdir. Hazırda Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən, milli maraqlarını müdafiə etməyi bacaran dövlət statusuna malikdir. Təbii ki, bu statusun əldə edilməsinin əsas şərtlərindən biri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirlərində ərazi bütövlüyümüz və suverenliyimizin bərpa edilməsi idi. Bu müqəddəs amalın gerçəkləşdirilməsində əsas rol və vəzifə isə Azərbaycan Silahlı Qüvvələrinin üzərinə düşdü. Üç mindən artıq şəhid verən Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində yüz illər boyunca danışılacaq qəhrəmanlıq dastanı yazdı. Silahlı Qüvvələrimizin hər bir nəfəri yalnız bir amal uğrunda - işğal edilmiş ərazilərimizin düşmən tapdağından azad olunması üçün bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi.
Qələbəyə aparan yol
Tarixi qələbəyə aparan yol çox uzun oldu. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ulu Öndər tərəfindən başlayan ordu quruculuğu prosesi son 15 ildə özünün həlledici fazasına qədəm qoydu. Dünyanın müxtəlif ölkələri ilə qurulan siyasi və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi Azərbaycanın özünümüdafiə və təhlükəsizlik sahəsində də etibarlı tərəfdaşlarının formalaşmasına zəmin hazırladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ardıcıl islahatlara başladıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir hərbi texnikası, avadanlıqları ilə təchiz edildi. Müxtəlif ölkələrlə həyata keçirilən birgə hərbi təlimlər şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynadı.
Sabitliyin əsas qarantı
Bunun məntiqi nəticəsi olaraq aprel döyüşləri, Cünnüt əməliyyatı, iyul hadisələri Azərbaycan Ordusunun ən mühüm vəzifəyə, işğal edilmiş ərazilərimizin azadlığına hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Həmin o tarixi an yetişdi. 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz düşməni ağır itkilərə məruz qoyaraq çox qısa bir zaman kəsiyində erməni faşizminə ən sarsıdıcı zərbələr endirdi. Ermənistan ordusunun üzləşdiyi bu acınacaqlı durum hələ də onun düşdüyü böhrandan çıxmasına imkan vermir. Nəticə isə bütün dünya tərəfindən artıq təqdirlə qarşılanır. Azərbaycan Ordusu 21-ci əsrin tək qalib ordusu, Azərbaycan dövləti isə itirilmiş ərazilərini hərb yoluyla geri qaytaran yeganə dövlət statusunda beynəlxalq aləm tərəfindən qəbul edilir. Azərbaycan bölgəmizdə cərəyan edən proseslərə yön verən reallıqları Silahlı Qüvvələrinin gücü ilə hərbi-siyasi yollarla yaratdı. İndi Azərbaycan Ordusu bölgəmizdə formalaşmış sabitliyin, sülh imkanlarının əsas qarantı rolunda çıxış edir.
Daimi mahiyyət daşıyan proses
Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında yer alır. Həm şəxsi heyətin peşəkarlığı, həm döyüş qabiliyyəti, həm də təchizat baxımından dünyanın bir çox böyük dövlətlərinin ordularını geridə qoyan Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, daha da qüvvətləndirilməsi prosesi daimi xarakter daşıyır. Bu proses dövlətin ali rəhbərliyi tərəfindən ən prioritet sahələrdən birincisi elan edilir. Silahlı Qüvvələrin daha da gücləndirilməsinə dövlətin diqqət və qayğısını biz hər il büdcədən müdafiə və təhlükəsizlik xərclərinə ayrılan vəsaitlərin miqdarında da görürük. Azərbaycan Ordusunda müasir dövrün və regional reallığın şərtlərinə uyğun yeni qurumlar, hərbi birləşmələr yaradılır, bir çox müttəfiqlərlə birlikdə ardıcıl hərbi təlimlər təşkil edilir.
107 yaşın mübarək, Müzəffər Azərbaycan Ordusu!
Bu gün qalib Azərbaycan Ordusu ölkəmizin hər bir qarışının keşiyində əzmlə dayanır. Sərhədlərimizi Azərbaycan əsgəri qürurla qoruyur. Şuşada, Xankəndidə, Laçında, Ağdamda və daha neçə-neçə azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız qalib Silahlı Qüvvələrimizin qürur və iftixar mənbəyidir. Azərbaycan xalqı Vətənin azadlığı, bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərini daim əziz tutur. Onların xatirəsini hörmət və ehtiramla anır. Dövlətin ali rəhbərliyinin şəhid ailələri və qazilərimizə diqqət və qayğısı bütün dünyaya nümunədir. Bu gün Azərbaycan cəmiyyətində xalq-iqtidar-ordu birliyinin sarsılmaz bağlarını görürük. Bu birlik müstəqil və güclü Azərbaycan deməkdir. Bu, dünyanın çətin zamanlar yaşadığı indiki məqamlarda sabaha olan inam, ümid deməkdir. 107 yaşın mübarək, Müzəffər Azərbaycan Ordusu!
Azad Əliyev
