• cümə axşamı, 26 iyun, 20:51
  • Baku Bakı 27°C

“Fransa Afrikaya bədbəxtlik gətirib”

26.06.25 00:57 142
“Fransa Afrikaya bədbəxtlik gətirib”

Bakıda Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib. Konfransda Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib. Tədbir Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutub.

“Qvadelupun sosial-iqtisadi inkişafını dəstəkləyirik”

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, Qvadelupun müstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nail olunmalıdır. Onun sözlərinə görə, Qvadelup Fransa kolonializmindən əziyyət çəkir: "İnanıram ki, beynəlxalq hüquq çərçivəsində onun müstəqilliyinə nail olunacaq”.

A.Abbasov deyib ki, Qvadelupda yaranmış iqtisadi asılılıq və sosial bərabərsizlik Fransanın müstəmləkə siyasətinin nəticəsidir: “Burada işsizlik səviyyəsi 18-20 faizdir. ÜDM-in 80 faizi dövlət dəstəyi hesabına formalaşır ki, bu da iqtisadi asılılığın göstəricisidir. Qvadelupa məxsus maddi və mədəni irsin qorunması tədbirləri hələ də lazımi səviyyədə həyata keçirilmir. Biz BTQ olaraq, müasir dünyada kolonializmin yeni növlərini qəbul etmirik. Biz Qvadelupun sosial-iqtisadi və mədəni inkişafını dəstəkləyirik”.

Müstəmləkə zülmü əhalinin əzablar çəkməsinə səbəb olub

Qvadelupun Dekolonizasiyası üzrə Beynəlxalq Cəbhənin katibi Joze Marten Jan-Pyer qeyd edib ki, Fransa Qvadelup ərazisində müstəmləkəçiliyin yaranmasının günahkarıdır. Onun sözlərinə görə, müstəmləkə zülmü yerli əhalinin böyük əzablar çəkməsinə səbəb olub. "Sərvətlərimizi əlimizdən aldılar, çox qan töküldü, çox insan həlak oldu. Bir çoxları bizi yaşamağa məcbur etdikləri iqlim şəraitinə tab gətirmədilər. Buna baxmayaraq, qadınlarımız və uşaqlarımız qürurla mübarizə apardılar - onların cəsarəti bizim silahımız oldu", - o qeyd edib. Jan-Pyer vurğulayıb ki, Qvadelup xalqı köləliyə və müstəmləkə siyasətinin davam etdirilməsinə qətiyyətlə "yox" deyir.

"Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq. Nümayiş etdirdikləri həmrəyliyə görə Bakı Təşəbbüs Qrupuna (BTQ) və Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk", - o əlavə edib.

“Qvadelupda köləlik yox olmayıb”

Qvadelup Kommunist Partiyasının idarə heyətinin üzvü, Port-Luis bələdiyyə şurasının üzvü Viktor Arteyn qeyd edib ki, köləliyin rəsmi ləğvinə baxmayaraq, Qvadelup bu gün də neokolonializm şəraitində yaşamağa davam edir."Qvadelupda köləlik yox olmayıb, sadəcə formasını dəyişib. Biz hələ də Fransadan iqtisadi və siyasi asılılıq vəziyyətindəyik. Bütün idxal və ixrac sistemi kənardan idarə olunur. Bizim həqiqi müstəqilliyimiz yoxdur - nə siyasi, nə də iqtisadi", - deyə o qeyd edib.

Efirdə yalnız fransız kontenti var

Qvadelupdan olan jurnalist Danik Zandronis bildirib ki, müstəmləkə ərazisində jurnalist olmaq asan vəzifə deyil, çünki əsas KİV-lər əhaliyə mental təsir vasitəsi kimi istifadə olunur. O qeyd edib ki, tarixən Qvadelupda KİV Fransa tərəfindən əhalinin düşüncəsinə təsir göstərilməsi və müstəmləkəçiliyin kök salması üçün istifadə olunub. Jurnalistin sözlərinə görə, efirdə yalnız fransız kontenti, o cümlədən musiqi və verilişləri üstünlük təşkil edir ki, bu da Qvadelup sakinlərinin mədəni kimliyinin qorunmasını çətinləşdirir.

“Biz müstəmləkə irsindən xilas olmaqda qətiyyətliyik - "Müstəmləkəçiliyə yox" şüarı sadəcə şüar deyil, Qvadelup xalqının şüurlu siyasi mövqeyidir”. Bu fikirlər isə Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyinin (UPLG) baş katibi Jan-Jakob Bisepə məxsusdur. "Biz artıq xalqımızın müstəmləkəçilik zülmü altında yaşamasına yol verə bilmərik. Biz susmaq niyyətində deyilik və susmayacağıq. Biz ədalət və həqiqət axtarırıq", - o vurğulayıb.

Minlərlə insan müstəmləkəçiliklə mübarizədə həyatını itirib 

Beynəlxalq Təzminat Hərəkatı və Qaradərili Xalqların İttifaqı Komitəsinin yaradıcı üzvü Luk Reyinetin sözlərinə görə, Fransa öz ərazilərini genişləndirmək xatirinə Afrikaya bədbəxtlik gətirib. O qeyd edib ki, Qvadelupda minlərlə insan müstəmləkəçilik siyasəti ilə mübarizədə həyatını itirib: “Fransa tarixən çalışıb ki, məktəb və kilsələrdə fəaliyyətlərini artırsın və bu yolla bizi müstəmləkəyə çevirsin. Qvadelupdakı insanları qul kimi çalışdırır, istismar edirdilər, kilsələrdə gənclərin beynini yumağa, fərqli din daşıyıcılarının dinlərini dəyişməyə çalışırdılar. Onlar məktəblərdə uşaqları məcbur edirdilər ki, qalların onların ata-babaları olduğunu desinlər, halbuki əcdadları afrikalılar idi. Bir sözlə, uşaqları tarixi həqiqətlərdən məhrum etməyə çalışıblar”.

 

banner

Oxşar Xəbərlər