• çərşənbə axşamı, 20 may, 09:14
  • Baku Bakı 16°C

Yeni sinoptik proseslərin müəyyənləşməsini diktə edən səbəblər

27.08.19 15:45 5625
Yeni sinoptik proseslərin müəyyənləşməsini diktə edən səbəblər
Son vaxtlar dəyişkən hava şəraiti insanların narahatçılığına səbəb olur. Yayda payız, payızda yay təəssüratları sosial şəbəkələrdə müzakirə olunur, sinoptiklərin məlumatı səhv verməsi iddia edilir. Bəs dəyişkən hava şəraitinin səbəbləri nədir? Baş verən iqlim dəyişikliklərindən sonra yeni sinoptik proseslərin müəyyənləşməsinə ehtiyac varmı?
"Fəsillər arasında keçidlər "sürüşür””
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevajurnalistlərə açıqlamasında hava proqnozunun verilməsinin çətinləşdiyini vurğulayıb. U.Tağıyevanın sözlərinə görə, son günlər meteoroloji anomaliyalar daha qabarıq və tez-tez özünü göstərir: "Əlbəttə ki, müxtəlif fikirlər, fərziyyələr var, səmimi desəm, mən bu suala birmənalı cavab verməkdə çətinlik çəkirəm. Əvvəllər ilin fəsilləri və onlara səciyyəvi hava şəraiti daha aydın özünü büruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər "sürüşür”.
U. Tağıyeva hava şəraitinin yanlış proqnozlaşdırılması ilə də bağlı danışıb. Mütəxəssisin sözlərinə görə, sabit sinoptik şəraitdə gözlənilməz ani dəyişikliklər qeyd edilir ki, bunları bir gün əvvəl belə proqnozlaşdırmaq mümkün olmur: "Özümün sinoptika sahəsində 30 ilə yaxın təcrübəmə əsasən deyə bilərəm ki, hava şəraitini proqnozlaşdırmaq daha çətin olub. Bəs niyə belə olub? Axı bütün dünyada, o cümlədən bizdə də ildən-ilə texniki imkanlar yaxşılaşır, müasir avadanlıqlar tətbiq olunur, bu sahədə elm irəli gedir. Onda nə üçün hava proqnozunu vermək daha mürəkkəb olub? Məsələn, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan A. Mədətzadə və Ə. Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən əsas sinoptik proseslər təhlil edilib. 90-cı illərdə, öz iş təcrübəmdə, bu prosesləri izləyərək, onların başlanmasını, inkişafını və dinamikasını bu təsvirlərə uyğun baş verdiyinin şahidi olduğum halda, bu gün həmin klassik prosesləri getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz ani dəyişiklikləri qeyd edirik ki, bunları hətta bir gün əvvəl proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri "tutmur”.
Anomal istilər ölkəmizdə hər vaxt müşahidə olunub. Lakin son vaxtlar bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar.
"Proses kifayət qədər çətinliklə həyata keçir”
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyir ki, iqlim dəyişikliyi qlobal prosesdir: "Beynəlxalq Hökumətlərarası İqlim Panelinin (IPCC) verdiyi məlumata görə, son 30 ildə insan fəaliyyəti nəticəsində atmosferdəki istixana qazlarının miqdarı sürətlə artmaqdadır. İstixana qazları dedikdə atmosferə neft məhsullarının yanması və digər təsərrüfat fəaliyyəti nəticəsində daxil olan qazlar başa düşülür. Artıq sübut olunmuşdur ki, bu qazların atmosferdə mövcudluğu istixana effekti yaradır və bu da Yer kürəsinə Günəşdən gələn istiliyin geri qayıtmasına mane olur. Nəticədə iqlimin tədricən istiləşməsi baş verir ki, mövcud ədəbiyyatda bu hadisə iqlim dəyişmələri, yaxud da qlobal istiləşmə adlanır. Temperatur yüksəldikcə isə okeanda buz kütlələri əriyir. İri buzlaqlar əridikcə, okean sularını soyudurlar. Bu da təbii ki, iqlimdə çox böyük dəyişmələrə səbəb olur. Məhz bu səbəbdən, əvvəldən proqnoz vermək çox çətinləşib. Təsəvvür edin ki, okeanda suyun soyuması bir tərəfdən temperaturun artmasına səbəb olur, digər tərəfdən isə bir sıra isti cərəyanların temperaturunun aşağı düşməsinə gətirib çıxarır. Məsələn, son araşdırmalar göstərir ki, Azərbaycanın iqliminə əsas təsir edən Şimali Atlantika cərəyanıdır ki, onun soyuması baş verir. Bu da təbii ki, ölkəyə soyuq hava kütlələrinin daxil olmasına səbəb olur”.
Atmosferdəki istixana qazlarının sürətlə artdığını vurğulayan ekspert deyir ki, bunun əsas səbəbi neft və qaz məhsullarının yandırılmasıdır: "Atmosferdə olan əsas istixana qazları su buxarı, karbon qazı, metan və ozondur. Su buxarının istixana effektindəki payı 36 faizdən 75 faizə kimi dəyişə bilir. Karbon qazının payı 9-26 faiz, metanın payı 4-9 faiz, ozonun payı isə 2-7 faiz təşkil edir. Su buxarı atmosferə təbii şəkildə daxil olduğundan, onun yaratdığı effekt də təbiidir və hesab olunur ki, o, iqlimin süni istiləşməsinə səbəb olmur. Karbon qazı, metan və ozon isə atmosferə həm təbii şəkildə, həm də insan fəaliyyəti nəticəsində daxil ola bilər. IPCC-nin verdiyi məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə olan karbon qazının miqdarı 28 faiz, metanın miqdarı isə 60 faiz artıb. İstixana qazları atmosferə başlıca olaraq neft, qaz və neft məhsullarının yandırılması nəticəsində daxil olur. Hazırda dünyanın müxtəlif ölkələri iqlim dəyişmələrinin qarşısını almaq və öz ərazilərində atmosferə atılan istixana qazlarının miqdarını azaltmaq məqsədilə müxtəlif qısa və uzunmüddətli tədbirlər həyata keçirirlər. Bu tədbirlərə, əsasən, istixana qazlarının atmosferə atılmasına səbəb olan köhnə texnologiyalardan imtina edilməsi, ekoloji baxımdan təmiz olan yeni istehsal üsullarının tətbiqi və bərpa olunan enerji mənbələrindən (məs. külək, yaxud da günəş enerjisi) istifadə aiddir. Lakin, neft və qaz insan fəaliyyəti üçün əsas yanacaq və enerji mənbəyi olduğundan, bu proses kifayət qədər çətinliklə həyata keçir. Atmosferə atılan istixana qazlarının miqdarını azaltmaq məqsədilə, 2005-ci ilin fevral ayından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası – Kyoto Protokolu (UNFCC) qüvvəyə minib. Kyoto Protokolunun əsas vəzifəsi bundan ibarətdir ki, dövlətlər öz ərazilərində istixana qazlarının atmosferə daxil olmasının qarşısını almaq üçün öhdəliklər götürürlər və bu öhdəliklərə əsasən 2012-ci ildə hər bir dövlətin atmosferə atdığı istixana qazlarının miqdarı 1990-cı il səviyyəsi ilə müqayisədə 5,2 faiz azaldılmalıdır. Hazırda, ABŞ istisna olmaqla, dünyanın bütün dövlətləri, o cümlədən Azərbaycan Kyoto Protokolunun əsas prinsiplərini qəbul edib”.
Mütəxəssis deyir ki, yeni sinoptik proseslərin müəyyənləşməsi üçün tədqiqatlara ehtiyac var: "Yer kürəsinin aparıcı institutları yeni qlobal iqlim modeli üzərində işləyirlər. Bunların Azərbaycan ərazisinə təsirini araşdırmaq üçün tədqiqatlara ehtiyac var”.
"Yerin oxu öz istiqamətini dəyişib”
Mütəxəssis Sabit Xəlilov deyir ki, tək Azərbaycan deyil, dünya iqlim dəyişikliyindən əziyyət çəkir: "Əslində yerin oxu 13-26 dərəcə əyilib və istiqamətini dəyişib. Bu, istər-istəməz hava şəraitinə təsir etməlidir. Ona görə də, yalnız Azərbaycanda deyil, hər yerdə temperatur dəyişib. Yer kürəsinin ümumi günəşə görə dayanıqlılığı, ekvator xətti oynadığı üçün hava proqnozunu təyin etmək çətinləşib. Günəş həmin günəşdir, yer kürəsi də həmin yer kürəsidir. Problem yer kürəsinin oxunun yerindən tərpənərək 8 santimetrə qədər dəyişməsidir”.
Ekspert deyir ki, hazırda Azərbaycanda yeni sinoptik proseslərin müəyyənləşməsi mümkün deyil: "Ümumdünya meteoroloji məlumatlara görə, bunları araşdırmaq olar. Amma yeni sinoptik prosesləri müəyyənləşdirmək üçün bizim imkanlarımız azdır”.
Qeyd edək ki, bu ilin sonunadək, dövlət investisiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən, daha dəqiq qısamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər