Ailə dəyərlərinə göstərilən xüsusi qayğı

Ulu Öndər Heydər Əliyev daim ailə dəyərlərinin qorunmasının vacibliyindən danışırdı. Onun böyük səmimiyyət və sevgi ilə anlatdığı ailə tarixçəsi, ömür-gün yoldaşına hörmət və qayğı ilə əhatə olunmuş münasibəti xoşbəxt ailə modelinin bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyev ailəni cəmiyyətin əsas dayağı, uşaqları isə xalqın və dövlətin gələcəyi kimi qiymətləndirirdi. Təsadüfi deyil ki, müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Liderin adı ilə bağlıdır. O, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyirdi ki, Azərbaycan xalqının milli ənənələrində uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi olub. Heydər Əliyev dövlət siyasətində də ailə institutunun möhkəmləndirilməsinə xüsusi önəm verirdi.
“Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, ölkəni yüksəlişə aparmaq məqsədilə başladığı yolda xalqın kimliyinin, ailə institutunun, milli-mənəvi dəyərlərin qorunub saxlanması dahi liderin siyasi xəttinin əsasını təşkil edirdi: “Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında usanmadan qeyd edirdi: “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə hörmət və ehtiram lazımdır”. Bu gün ölkəmizdə ailə institutuna verilən önəm, onun qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti onun uzaqgörən strateji yanaşmasına əsaslanır. Heydər Əliyevin rəhbərliyi dövründə ailə siyasəti həm də milli təhlükəsizlik və ictimai sabitlik məsələsi kimi qiymətləndirilib”.
Xoşbəxt ailə modelinin bariz nümunəsi
A.Sofiyevanın sözlərinə görə, Heydər Əliyev qazandığı uğurların arxasında hər zaman ailəsinin dayandığını bildirirdi: “Ulu Öndərin xarakterindəki dürüstlük, təvazökarlıq, ailəsinə və yaxınlarına olan sədaqət onun siyasi obrazı ilə vəhdət təşkil edirdi. Onun böyük səmimiyyət və sevgi ilə anlatdığı ailə tarixçəsi, ömür-gün yoldaşına hörmət və qayğı ilə əhatə olunmuş münasibəti xoşbəxt ailə modelinin bariz nümunəsidir. Ulu Öndərin şəxsi nümunəsi ailə dəyərlərinin qorunmasının dövlət ideologiyasına çevrilməsinə güclü mənəvi dayaq olub”.
Ailə münasibətlərinin hüquqi əsasları təkmilləşdirildi
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ailə münasibətlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, sosial rifahın gücləndirilməsi sahəsində qətiyyət nümayiş etdirirdi: “Ulu Öndər hər bir Azərbaycan ailəsinin taleyinə xüsusi həssaslıq və qayğı ilə yanaşır, ailə dəyərlərimizin qorunaraq layiqincə yaşadılması üçün əlindən gələni əsirgəmirdi. Çünki o, cəmiyyətin və dövlətin inkişafını güclü təməllərə söykənən ailələrdə görürdü”.
“Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qalmırdı: “O, Azərbaycanda ailə ənənələrimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır”.
Dünyada ən yaxşı ailə modeli
Komitə sədri bildirir ki, Ümummilli Liderin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə təsbit edilib: “Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da müəyyən olundu. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan, qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan, Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu xüsusilə qeyd etmək lazımdır. Məhz bu xidmətin və qayğının nəticəsidir ki, ildən-ilə ailələrin sayı çoxalaraq, hazırda iki milyona çatıb. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modeli kimi qiymətləndirilir”.
H.Hüseynovanın sözlərinə görə, bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır: “Bütün bu spesifik xüsusiyyətlərin qabarıq şəkildə özünü büruzə verməsi, təbii ki, xalqımızı yaxşı mənada fərqləndirir. Məhz bu nəcib keyfiyyətlər xalqımızın qan yaddaşından irəli gələn əxlaq normalarıdır. Heydər Əliyev də uşaqların düzgün tərbiyə alması və sağlam böyüməsini xüsusi olaraq diqqətdə saxlayırdı".
Aygün Əziz
