• şənbə, 10 May, 06:20
  • Baku Bakı 15°C

Ulu Öndərə ümumxalq ehtiramı

10.05.25 00:15 92
Ulu Öndərə ümumxalq ehtiramı

Ümummilli Lider Heydər Əliyevin doğum günü, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri respublika səviyyəsində qeyd edilir. Həm paytaxt Bakıda, həm də rayonlarda anım tədbirləri keçirilir. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ölkəmizin hər bir guşəsində qeyd edilib. Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri bir daha vurğulanıb. Anım tədbirləri paytaxtın müxtəlif rayonlarında da təşkil edilib. 

Xətaidə möhtəşəm konsert proqramı

Xətai rayonunda bu münasibətlə möhtəşəm konsert proqramı təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və digərləri iştirak ediblər. Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

“Heydər Əliyev – Zəfər yolunun memarı!”

Nərimanov rayonunda rayon İcra Hakimiyyəti və YAP Nərimanov təşkilatı tərəfindən “Heydər Əliyev – Zəfər yolunun memarı!” adlı tədbir keçirilib. Tədbirdə “Heydər Əliyev – Zəfər yolunun memarı!” adlı videoçarx tədbir iştirakçılarına təqdim olunub.

Çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir, çünki o, iki ayrı dövrdə respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. Çıxışçılar qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir və bugünkü qüdrətli Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyev məhz Ulu Öndər yolunu davam etdirərək qalib sərkərdə olaraq adını qızıl hərflərlə tarixə yazdırdı, xalqımızın Qarabağ arzusunu yerinə yetirdi.

Binəqədi rayonunda da “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib. Tədbirdə Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanı tənəzzüldən xilas edərək çıxardığı tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail olub.  

“Heydər Əliyev: Əbədiyaşar Lider”

Bölgələrdə də Ulu Öndərin anadan olmasının 102-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunub. 
Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.

Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib. 

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli Liderin Azərbaycanın müstəqilliyi, güclü dövlətə çevrilməsi, beynəlxalq aləmdə tanınması üçün həyata keçirdiyi siyasi, iqtisadi, mədəni islahatlardan danışıb. Bildirilib ki, Ulu Öndərin 1993-cü ildə xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edərək uzunmüddətli tərəqqi yoluna çıxarıb. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlərə imza atdığı, möhtəşəm tarixi Zəfər qazandığı diqqətə çatdırılıb.

“Əbədiyyətin ilk əsri”

Şamaxıda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib, həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin ölkənin ictimai-siyasi və iqtisadi həyatında açdığı yeni mərhələdən danışıb, onun siyasi kursunun bu gün də uğurla davam etdirildiyini vurğulayıb.

Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında dahi rəhbər Heydər Əliyevin dövlətçilik ənənələrinin əhəmiyyətindən, xüsusən bölgələrin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edib.

Mərasim iştirakçıları dahi rəhbərin parlaq ideyalarının bu gün də dövlətimizin inkişafına yol göstərdiyini, Azərbaycan xalqının Ulu Öndərin əziz xatirəsini daim uca tutduğunu bildiriblər.

"Səssiz xatirələr"

Ağdaşda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ədəbi-bədii tədbir keçirilib. Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan "Səssiz xatirələr" adlı bədii-poetik kompozisiya rayon sakinlərinə təqdim edilib.

Gecənin bədii hissəsində Ulu Öndərin zəngin və mənalı həyat yolunu, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın rifahı və müasir Azərbaycanın qurulmasında göstərdiyi misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş olunub. Filmdə Heydər Əliyevin xalqına bağlılığı, uzaqgörən siyasəti və quruculuq fəaliyyəti geniş işıqlandırılıb. 

Daha sonra tədbir musiqili bədii hissə ilə davam etdirilib.

banner

Oxşar Xəbərlər