• şənbə, 03 May, 21:19
  • Baku Bakı 16°C

Uzun fasilədən sonra nikbin statistika

03.05.25 05:17 191
Uzun fasilədən sonra nikbin statistika

Azərbaycanda qohum evlilikləri 2025-ci il iyulun 1-dən etibarən qadağan olunur. Ekspertlər uzun illərdən sonra nikah sayında qeydə alınan artımı həm də bu amillə əlaqələndirirlər. 

Azərbaycanda uzun müddətdir ki, azalan nikah statistikası artmağa başlayıb. Son illər insanlar evlilik qərarını verməkdə çətinlik çəkir, nikahlar azalır, boşanmalar isə artırdı. Amma 2025-ci ilin ilk iki ayında bu neqativlik az da olsa dəyişməyə başlayıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,0-dan 4,7-yə qədər artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdı və əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4,6-dan 4,0-a düşmüşdü.
Maraqlıdır, nikahların sayının artmasının səbəbi nədir?

“Ailə siyasətinin həyata keçirilməsi üçün müvafiq addımlar atılır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, komitə səlahiyyətləri daxilində ailə siyasətinin həyata keçirilməsi üçün müvafiq addımlar atır: “Mütəmadi olaraq paytaxtda və bölgələrdə maarifləndirmə işləri həyata keçirilir, media ilə ciddi əməkdaşlıq edilir. Ailə dəyərlərinin, düzgün ailə münasibətlərinin təbliği ilə bağlı bir çox televiziya kanallarında komitənin sifarişi ilə hazırlanan sosial çarxlar, ictimai nəqliyyatda elektron vəsaitlər nümayiş etdirilir. Həmçinin gənclər arasında ailənin və nikahın əhəmiyyətinin artırılması məqsədilə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bütün növ təhsil müəssisələrində görüşlər keçirilir. Yeri gəlmişkən, Dövlət Komitəsi tərəfindən yeni və çox əhatəli bir layihəyə start veriləcək. Bu layihə də müvafiq dövlət qurumlarının əməkdaşlığı ilə keçiriləcək, 12 regionda təşviqat-təbliğat işlərini əhatə edəcək. Təbii ki, təkcə maarifləndirmə yetərli deyil. Paralel olaraq müvafiq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün mütəmadi təkliflər paketi tərəfimizdən hazırlanır”.

Əsas olan rəqəmlər deyil

Qurum rəsmisi bildirir ki, ki, müsbət istiqamətdə cüzi bir artım da sevindiricidir. Amma əsas olan rəqəmlərin artması deyil, qurulan ailələrin, bağlanan nikahların dayanıqlı olmasıdır: “Əlbəttə ki, statistik göstəricilər hər zaman stabil qala bilməz. Biz mütəmadi olaraq istənilən sahədə rəqəmlərdə artım, bəzən isə azalma müşahidə edirik. Son illər nikahların sayında ciddi şəkildə azalma, boşanmaların sayında isə artım görünürdü”. 

Hələlik hüquqi qadağa yoxdur

Məlumdur ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqları arasında nikah bağlanması 2025-ci il iyulun 1-dən etibarən qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsiri danılmazdır. S.Əliyeva vurğulayır ki, bəzən insanlar bu qədər maarifləndirmə işinə baxmayaraq, problemin mahiyyətini dərk etmirlər. Onun sözlərinə görə, qanunun qüvvəyə minəcəyi tarixə qədər kimlərsə qohum nikahlarını tezləşdirə bilərlər: “Bir çox bəhanələr gətirirlər, qərarlarını əsaslandırmağa çalışırlar. Hətta ötən il bu qanun imzalandıqdan sonra bir müddət Dövlət Komitəsinin telefon nömrələri müraciətlərlə dolub daşırdı. Əhalinin qəbuletmə dərəcəsindən asılı olmayaraq, bu dəyişiklik effektiv nəticələr verəcək. İnsanlar qohum nikahlarının yaratdığı fəsadları anlamalıdırlar”.

“Ertələnmiş qərarlar sindromu"

Adətən, insanlar həyati əhəmiyyət daşıyan planlarını yeni ilin başlanğıcında həyata keçirməyə foksulanırlar. Çünki psixoloji olaraq, yeni ildən dəyişikliklər etməyin uğuruna daha çox inanırlar və ertələnmiş qərarlarını icra edirlər.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, uzun illərdir ki, cəmiyyətimizdə bir növ "ertələnmiş qərarlar sindromu" yaşanırdı: “Pandemiya, iqtisadi qeyri-müəyyənlik və regional gərginlik fonunda ailə qurmaq planları təxirə salınmışdı. İndi insanlarda şərait nisbətən sabitləşdikcə, daxili ehtiyaclar, xüsusilə təhlükəsizlik, sabitlik və mənsubiyyət hissi daha da güclənib. Nikah burada sadəcə hüquqi deyil, emosional sabitlik axtarışının da bir formasıdır. Psixoloji olaraq, davamlı təbliğat və ailə institutunun ideallaşdırılması insanlarda “yetkinliyin sübutu” kimi nikahı şüuraltı bir məqsədə çevirir. Xüsusilə sosial mediada “xoşbəxt cütlüklər”, “romantik ailə həyatı” obrazlarının sıx paylaşılması identifikasiya effekti yaradır. İnsanlar gördükləri bu obrazlarla özlərini müqayisə etməyə başlayır və düşünürlər ki, bəlkə mənim də zamanım çatıb?! Bu isə tələsik və emosional qərarların sayını artıra bilər”.

Psixoloq həyəcan təbili çalır

Psixoloq da təsdiqləyir ki, qohum evlilikləri sosial baxımdan qəbul olunan mühitlərdə yaşayan şəxslər bu qadağa qüvvəyə minməzdən əvvəl nikahı rəsmiləşdirməyə can ata bilərlər: “İnsanlar gələcəkdə qarşılaşacaqları hüquqi məhdudiyyəti hiss etdikdə, qərarvermə prosesini sürətləndirirlər. Bu, çox vaxt rasional yox, emosional və qorxuya əsaslanan qərar olur, müvəqqəti psixoloji təzyiq və qorxu reaksiyasıdır. Ailə qurmaq kənar təzyiq və ya qorxu ilə deyil, emosional hazırlıq və psixoloji yaşla tənzimlənməlidir. Əks halda, bu ani artım, bir neçə il sonra statistik olaraq boşanmalarla da özünü göstərə bilər”.

Aygün ƏZİZ

 

banner

Oxşar Xəbərlər