• cümə, 25 Iyul, 07:31
  • Baku Bakı 25°C

Vaqif Səmədoğlu xatirələrdə

01.02.16 10:18 2765
Vaqif Səmədoğlu xatirələrdə
“Şair üçün bundan böyük nailiyyət yoxdur”
Şair Səlim Babullaoğlu:
- Müasir Azərbaycan insanının nitqini müasir Azərbaycan şeiri ilə müqayisə eləsək, arada çox böyük məsafə görərik. Əksər şairlərimizin şeirini oxuyub gündəlik danışığımızın da o cür ola biləcəyini təsəvvür eləyəndə adamı dərin qüssə bürüyür. Sonra da bu düşüncənə gülürsən. Vaqif Səmədoğlu mənə görə XX yüz ildə Azərbaycan şeirində bəlkə də ilk şair idi ki, onun şeirini oxuyanda öz gündəlik nitqinə, danışığına, dilinə hörmət hissin artırdı. Hansı böyük və kiçik mətləbdən, ideyadan, həyat müşahidəsindən, reallıqdan, ağrıdan, nisgildən, darıxmaqdan danışmağına baxmayaraq, Vaqif müəllim, bizim gündəlik nitqimizin tezliyində danışırdı, yazırdı.
Deyirlər ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. “Susmaq” sözünü “az danışmaq”la da əvəzləmək olar. Vaqif Səmədoğlunun yaradıcı bioqrafiyası sübut elədi ki, yaxşı şeirlər çox yazılmır. Yazılmaz. Belə baxsan, bu heç az yazmaq da deyildi, yazmaq elə belə olmalıdı.
O ideyalar ki, sonradan şüarlaşaraq gəlib çatdı bizə (məsələn, milli azadlıq məsələsi), Vaqif Səmədoğlu həmin ideyaları öz şeirlərində 20-30 il əvvəl yazmışdı, çək-çevir eləmişdi, düşünmüşdü, çox asta səslə, bəzən pıçıltıyla; çünki Vaqif Səmədoğlu yaxşı anlayırdı bu həm də şəxsi azadlıq məsələsidi.
XX əsr Azərbaycan ədəbi dil normalarından söz düşəndə adı ən çox hallanan şairimiz Səməd Vurğun olurdu. Vaqif müəllim bunu bilirdi. Vaqif Səmədoğlu Səməd Vurğunun “azərbaycancasında” yazmırdı. Və nədənsə mənə elə gəlir ki, bütün sirr də buradır: “ata və oğul”, “müxtəlif nəsillərə, dünyagörüşünə və estetik platformaya aid iki həmkarın” fikir ayrılığı və həmrəyliyi beləcə rahat həll olunmuşdu…
Xatırlayıram, Norveç səfirinin iqamətgahında “Vaqif Səmədoğlu gecəsi” keçirilirdi. Vaqif müəllim Nüşabə xanımla həmin gecədə iştirak edirdi. Diplomatik korpusun bir çox nümayəndələrinin iştirakı ilə keçən həmin axşamda Vaqif müəllim ona ünvanlanmış sualların birini cavabsız buraxıb əvəzində qısa bir giriş çıxışı elədi. Sualı cavabsız buraxmağı səbəbsiz deyildi, əlbəttə. Və bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimatı deyildi, həm də çağdaş Azərbaycan poeziyasının təqdimatı idi. Deyə bilmərəm, ordakı iştirakçılar, Vaqif müəllimin sözlərinin dərinliyini lazımınca anladılar, ya yox, amma bu qısa çıxış ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı idi. Müasir Azərbaycan insanının nitqini poetik həddə qıldırmışdı, yaxud şeiri gündəlik və daha səmimi nitq qədər alçaq könüllü eləmişdi, Vaqif Səmədoğlu. Şair üçün isə bundan böyük nailiyyət yoxdur.
YADDAŞLARDA ŞEİR KİMİ QALMAQ
Şair Rüstəm Behrudi:
- Füzulidə şeir dua, Nəsimidə etiraz – üsyan, Caviddə sevda və dünyada nə varsa, hamısının sintetik analizi, yəni fəlsəfədir. Daha doğrusu, şeir insanın Allah, ölüm, zaman və əbədiyyətlə qarşılaşma anından doğan heyrətinin ifadəsidir. Bu da şeir haqqında tam və mükəmməl tərif deyir... Günah bəndə ilə Allah arasındakı məsafənin ölçüsü olduğu kimi, şeir də Allah və bəndə arasındakı uçurumların üstündəki uçub-dağılmış körpüdü.
Bütün şairlər zaman-zaman uçurum üstündəki bu körpünü yenidən yapmaq istərlər. Və hər şeir buna yeni bir cəhddir. Canatmalardan ibarətdir, bu dünyada hər şey...
Bütün şairlər içlərindəki şeytanın oyuncağı, içlərindəki uçurumun qurbanıdırlar. Və onlar içlərindəki şeytanı yox etmək üçün özlərini də yox etmək zorundadırlar.
Bütün qəhrəmanlar, əfsanələşmək, bütün şairlər əbədiləşmək istər. Əfsanələşmək də, əbədiləşmək də ölümdən və ölüm qorxusundan doğan illüziyadan başqa bir şey deyil. Bunu qəhrəmanlar anlamaz, şairlər anlar, anlar, ancaq qəbul etməz. Şairlik də əslində elə budu – bu illüziyanı anlamaq və onu qəbul etməmək.
Mən həmişə düşünmüşəm ki, bütün heykəllər şairlərin daşa dönmüş misraları, bütün şəlalələr şairlərin uçan suda səslənən nəğmələridi. Ondan başqa heç nə.
Uzun illər bundan əvvəl yazmışdım ki, şairlik bütün həyatın boyu özünəbənzər bir adam axtarmaqdı və sonunda da onu tapmamaqdı.
Kim nə deyir, desin, “Tövrat” Musanın, “İncil” İsanın, şeir də şairin tənhalığıdı.
...Vaqif Səmədoğlu mənə həmişə səhrada tək başına yüyürən İsanı xatırladıb. Vaqif tək başına bir şairdi.
Biz dua oxuduq, dua,
Dərdli – sevincli bir udum.
Hamı mələklərin xorunda,
Vaqif təkbaşına oxudu.
“Millət, dövlət zirvəsindən insana enmək vaxtıdır” - deyən Vaqif!
Bəndələr arasında unudulmaq əzabından qorxub, səssizcə “Mən burdayam, İlahi” pıçıldayan Vaqif!
“Allah, məni yarı öldür, yarı saxla anlamağa!...
Vaqif, adamın özünə özündən başqa özü kimi kim ağlaya bilər ki?!
Ancaq sən istisnasan, Vaqif!
Ölümün 40-cı günü nağılların 40-cı otağının sirri kimidi. Ondan o yana sirr içində sirrdi hər şey, Vaqif.
Vaqif! Sən Azərbaycan ədəbiyyatının tarixində tək və ilk şairsən ki, xalqın yaddaşında şair kimi yox, şeir kimi qalacaqsan.
Məzarın nurla dolsun, Vaqif!
“Vaqif şəxsiyyət idi”
Xalq şairi Fikrət Qoca:
- Vaqif hər gün bizimlədir. O, gözəl şairdir. Biz onunla Bakıda, Moskvada bir yerdə oxumuşuq. Müxtəlif tədbirlərdə onunla tez-tez görüşürdük. O zaman Anar da ssenari kurslarında oxuyurdu. Anar xüsusilə ona yaxın idi. Vaqifin böyük şair olması başqa mövzudur, o, insan kimi böyük şəxsiyyət idi. Onun insani xüsusiyyətləri ilə şairliyi üst-üstə düşür. O, həyatda kim idisə, şeirlərində də o idi. Öz təmizliyi, şəffaflığı, gözəlliyi ilə Vaqif şəxsiyyət idi. Mən hələ ondan ayrı düşməmişəm. 81 yaşım var. Yaşda Vaqifdən də böyüyəm. Görüşməməyimiz vaxt məsələsidir. Mən onu heç vaxt unutmamışam, unutmayacağam da. Gələcək nəsillər üçün Vaqif gözəl bir şairdir. Onlar Vaqif Səmədoğlunun şeirlərini oxuyacaqlar, duyacaqlar, onun böyüklüyünə inanacaqlar…
Mən burdayam, İlahi!
Vaqif Bəhmənli:
5 iyun 2014-cü il, axşam saat 19:00
“Azdrama” ağzına kimi dolu...
Xalq Vaqif Səmədoğlunun 75 illik yubiley təntənəsinə yığışıb.
O isə şairdən daha çox amansız ölümlə hamının əvəzinə çarpışan cəngavərə bənzəyir. Sanki hamını bir kənara itələyib, siz bu işə qarışmayın deyə yeddibaşlı xərçəngin üzərinə təkbaşına yeriyir...
O axşam şair bu qeyri-bərabər döyüşdə qalıb gələcəyinə bütün salonu inandırdı.
Hamı “Azdrama”dan arın-arxayın ayrılıb evinə döndü.
Mən də...
Bununla belə o gecənin sehri dörd ay dörd gün içimi tərk etmədi.
10 sentyabr 1914-cü il...
Hansı qələm idi o? Hansı yazı masasına çökmüşdüm? Hər sətrini bir yazıb - yüz pozduğum o vərəqlər hanı? Xatırlamıram... Bəlli olan budur ki, böyük şairin taleyi kimi dağınıq və qeybdən agah olan bir ağı gözümün önündə qanad çalıb uçur.
O ağının adı da var...
Adaşıma
Adın altında daha bir kəlmə görünür: Vaqif Səmədoğlunun 75 illik yubiley gecəsindən sonrakı ovqat.
“Beşmərtəbə”ylə üzbəüz,
“Füzuli meydanı”nın tuşunda,
2014-cü il,
iyun ayının beşində,
“Azdrama”da,
Vaqif Səmədoğlunun
təntənəli yubiley axşamında
iki başı da düyünlü can qantelini
dünyanın ən yüngül
daşı kimi apardı Vaqif Səmədoğlu;
halbuki, mən
bundan nigaran idim...
Vurğun yadigarı adaşım
o möhtəşəm gecədə
çox əlamətlərə əl sürtdü,
toxundu çox nişanlara.
Bir az ağı,
bir az bayatı,
bir az da
həyat anlatdı
salona toplaşanlara...
Yəni ki, özünü
kişi kimi apardı Vaqif Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
Azarı boğazladı,
nitqini tarazladı,
fikir verdi sözlərinə,
Salon qorxmasın deyə
eynəkli gözlərini
gürzə kimi zillədi
yeddi başlı xərçəngin
qan çəkmiş gözlərinə -
Halbuki, mən
bundan nigaran idim.
Yeriyirsə ürək -
yerimək asandı, dedi,
Xalq artisti Fəxrəddin Manafova
əsamdı, dedi!
Yeridi ehmal-ehmal;
nə tez, nə gec -
əsaya ehtiyacı olmadı heç!
Vaqifin yox, Manafovun
yıxılacağından
qorxdu salon...
uğurla bitdi son;
Diki endi,
düzü qalxdı
Səmədoğlu,
Həmişə olduğu kimi
səhnə pilləkənini
özü qalxdı Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
Yetmiş beş yaşında Səmədoğlu,
İsraildə,
dünyanın o başında Səmədoğlu
yuxudan halsız ayılarkən
gözünü üzünə zilləyən
Nüşabə xanıma baxıb -
“Sevginin
nə demək olduğunu anladım,” -
dedi,
“Atamın
Azərbaycanı da
Nüşabə xanımın yanındaydı,
tək deyildi
o qadın” -
dedi.
Halbuki, mən
bundan nigaran idim.
Nə bənzətmə, nə qafiyə...
Salonda
ayrı bir Vaqif də vardı;
Vaqif
Vaqifdi Vaqifə...
Adaşlar adaşlara,
qardaşlar qardaşlara
qapılar olmasa, nə olsun?
Təbibə yoxlatsam, məndə
xərçəng tapılar olmasa nə olsun? -
Halbuki mən
bundan nigaran idim.
“Beşmərtəbə”ylə üzbəüz
“Füzuli meydanı”nın tuşunda
“Azdrama”nın ağuşunda
altı yüz qadın-kişini
Səmədoğlu azarına
yoluxmuş gördüm,
Dünyada xərçəng adında
cəfəngiyat yoxmuş, gördüm...
Halbuki, bu,
yatsam yuxuma da girməzdi!..
27 yanvar 2015-ci il
Günün ikinci yarısı. İş telefonu çağırır. Nüşabə xanımın səsi... Vaqifin “Dramaturgiya” iki cildliyi çıxıb, icazə verin mətbəədən götürək, görsə yaxşıdı...
Soruşuram:
- Ustad necədir?
Nüşabə xanımın səsi:
-Yaxşı deyil...
Dilağız eləyib susuram. Danışıq bitir.
28 yanvar 2015-ci il, səhər saat 09:15
Nəşriyyatdan məlumat verirlər ki, Vaqif Səmədoğlunun ailəsindən gəlib kitabı apardılar. Ay Allah, heç olmasa, o gözəl kitablara əli dəysin!
28 yanvar 2015-ci il, saat 12:00
Akademiyanın iclasından çıxıb işə tələsirəm. Hansısa bir xəbər saytından zəng gəlir. Tanıdığım jurnalist:
- Vaqif müəllim, Vaqif müəllimin dəfni harada olacaq? – soruşur.
- Hansı Vaqif müəllimin?
- Eşitməmisiniz, Vaqif Səmədoğlu rəhmətə gedib.
... Telefon əlimdən düşür.
... Yerin üzü daşdır.
... Telefon sınmır, elə bil yerin təkindən səs gəlir.
... Sayt müxbiri hələ də nəsə soruşur.
29 yanvar 2015-ci il saat....
Azdramanın qapısı ağzına çatdım.
Həmişə o bura özü gələrdi.
Bu dəfə onu bura gətiriblər.
Kimsə çağırır: - Mən burdayam, İlahi
Mən hay verirəm:
- Qorxma, qardaş, biz də burdayıq...
banner

Oxşar Xəbərlər