AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tarixi torpaqlarımıza sahib çıxmalıyıq ki…

Tarixi torpaqlarımıza sahib çıxmalıyıq ki…

Siyasət
16 Aprel 2021, 15:30 1110
Bu, yenilənmək, inkişaf etmək, güclü olmaq və vətənsevərlikdir
 
Ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olmadığı, bu regiona sonradan köçürüldükləri tarixi faktdır. Səfəvilər İmperiyasının zəifləməsi, vahid Azərbaycanın xanlıqlara parçalanması, bu xanlıqların işğal edilməsi uğrunda Rusiya və İran arasında davam edən müharibələrdən sonra 1813-cü ildə "Gülüstan”, 1828-ci ildə "Türkmənçay” sülh müqavilələri imzalanıb. Həmin müqavilələrin tələbinə uyğun olaraq, Rusiya, İran, Türkiyə və sair ölkələrdən ermənilər kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına köçürülüb. XX əsrin 20-ci illərində isə qədim Göyçə mahalı, İrəvan şəhəri, ardınca Zəngəzur mahalı ermənilərə güzəştə gedilib və tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb. Çar imperiyası, onun varisi sayılan bolşevik Rusiyası bütün bu illərdə ermənilərə hərtərəfli dəstək verib. Hamilərinə güvənən ermənilər sonrakı illərdə dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti yürüdüblər. 1948-53, 1988-ci illərdə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, 1991-ci ildən Dağlıq Qarabağda başladılan separatizm, 1994-cü ilə qədər davam edən müharibə, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, Xocalı soyqırımı və sair qətliamlar buna əyani misaldır. 200 ildən artıq bir müddətdə işğala, soyqırımına, haqsızlığa məruz qalan Azərbaycan xalqı yalnız 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən Müharibəsində Silahlı Qüvvələrimiz düşmənin belini qırdı, Ermənistan ordusunu məhv edərək torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Beləliklə də, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən xalqına verdiyi vədi həyata keçirmiş oldu, Qalib Komandan kimi adını tarixə qızıl hərflərlə yazdı. 
 

 
"Niyə biz İrəvana qayıtmayaq?”
 
Məlumat üçün qeyd edək ki, ölkə rəhbəri İlham Əliyev 2003-cü ilin oktyabrında Prezident kimi səlahiyyətlərini icra etməyə başladığı gündən indiyə qədər ötən vaxt ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını özünün başlıca vəzifəsi sayıb. Təsadüfi deyil ki, istər ölkə daxilində, istərsə də xarici dövlətlərə səfərlərdə, beynəlxalq təşkilatlarda ali kürsülərdən çıxış edən zaman o, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini, azərbaycanlılara qarşı soyqırımı, deportasiya siyasətinin həyata keçirildiyini, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini dəfələrlə bəyan edib. Tarixi torpaqlarımızda vaxtilə ermənilərə dövlət yaradıldığını xatırladan Prezident İlham Əliyev Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına qətiyyən yol verilməyəcəyini bəyan edib. Bu cür prinsipial mövqeyindən heç zaman geri çəkilməyən Ali Baş Komandan Ermənistanın hazırkı ərazilərinin tarixi Azərbaycan torpaqları olmasına dair faktları dünya ictimaiyyətinə çatdırmaqdan yorulmayıb. Cari il aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ölkə başçısı bir daha bu məqama diqqət çəkib. O, ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldzun sualını cavablandırarkən Zəngəzurun, Göyçənin Ermənistana verilməsi məsələsini qabardıb. Deyib ki, sadəcə dünya ictimaiyyəti deyil, yeni nəsillər də bu həqiqətləri bilməli və unutmamalıdırlar: "Biz bu nəslin reallıqlardan bixəbər olmasını istəmirik. Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Ermənilərin bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız, Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşidibsiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”.
 

 
Tarixi gerçəklikləri əks etdirən nitq
 
Prezident İlham Əliyev bu çıxışı ilə milli-dövlətçilik maraqlarına, tarixinə son dərəcə bağlı olduğunu nümayiş etdirməklə yanaşı, azərbaycanlıların vaxtilə işğal olunmuş ərazilərə qayıdışının eyni qaydada Zəngəzura, Göyçəyə, İrəvana - əcdadlarımızın yaşadığı torpaqlara da baş tutacağının mesajını verib. Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı deyib ki, Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransdakı nitqi tarixi gerçəklikləri əks etdirir. Onun sözlərinə görə, bu regionda aborigen olmayan ermənilər bizim tarixi torpaqlarımızda çarizm tərəfindən bəlli məqsədlər naminə yerləşdiriliblər, təşkilatlanıblar, varlanıblar və ardınca da qondarma dövlətlərini qurublar: "Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq belədir: Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafqaz Bürosunun üzvlərinin birgə iclasında (protokol №4, 2-ci bənd) "Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edilib. İclasın sədri Q.Kaminski, katibi isə Lozner olub. İclasda Nərimanov, Hüseynov, Yeqorov, Stalin, Orconikdize, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev iştirak ediblər. Məruzə ilə Leqran çıxış edib. Məxfi qərarlar qəbul olunub. Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinin əks olunmasına dair məsələ barədə Siyasi Büro üzvləri belə bir fikir söyləyiblər ki, bu, siyasi və strateji baxımdan faydalı deyil, yalnız ən çıxılmaz halda edilə bilər. Yəni Azərbaycana məxsus olan bir ərazini onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilməyib. Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. Ona görə də müvafiq təklifin Azərbaycandan gəlməsi daha uyğun görülüb. Siyasi Büronun Naxçıvan və Zəngəzur haqqında fikrinin motivlərini tərtib etmək Nərimanova tapşırılıb”.
 

 
Stalinin Leninə yolladığı şifrəli teleqram
 
Sırf Zəngəzurla bağlı məsələni şərh edən tarixçi-alim bildirib ki, 1920-ci il noyabrın 16-da İ.V.Stalin Vladiqafqazdan V.İ.Leninə şifrəli teleqram göndərib. Həmin teleqramda gözlənilən təhlükələrdən söhbət açılıb: "Stalin teleqramında göstərirdi ki, Bakını üç tərəfdən təhlükə təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə - indi İranda yeganə real hakimiyyət İngiltərədədir - belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaq. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasını vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdən. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi, qərbdən olan hücumların qorunması üçün münasib deyil. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca, bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də, biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa cəbhəsini əllərindən alar və Şimali Qafqaz donmuş olar”.
 
 
Türkiyə və Azərbaycan arasına vurulan erməni pazı
 
Millət vəkili vurğulayıb ki, Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra - noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edilib. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olundu: "Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur...Ermənistana keçir...bu qətnaməni tərtib etmək Nərimanova tapşırılır”. Tapşırığı yerinə yetirən N.Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda yazılırdı: "Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”. Daşnakların "Aşxatavor” ("Zəhmətkeş”) qəzeti bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini yazırdı. Sovet mətbuat bürosunun müdiri Yerofeev N.Nərimanovun məlum bəyanatından bir neçə gün sonra, dekabrın 10-da G.Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərib. Qəzet yazırdı: "Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq”. "Aşxatavor” qəzeti daha sonra yazırdı: "Zəngəzurdan imtina edən Azərbaycan gücsüz Ermənistana kömək etmək istəyir. Azərbaycanın seçdiyi yol iki xalqın dinc yaşamasının fundamentinə xidmət edir”. Ermənistan rəhbərləri N.Nərimanovun bu bəyanatından məmnun qalmışdılar. Onlar daşnak iddialarını gerçəkləşdirdiklərinə sevinirdilər. RK(b)P Qafqaz diyar komitəsinin katibi A.M.Nazaretyan 30 noyabr tarixindəki telefon danışığında Orconikidzeyə demişdi ki, əhsən azərbaycanlılar, mən sabahdan mətbuatda ucadan danışmağa başlayacağam. Beləliklə, tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Türkiyənin Azərbaycan və türk dünyası ilə quru əlaqəsi kəsilib”.
 

 
Gələcəyimizlə bağlı formul
 
Professor M.Qasımlı sadalananların tarixi fakt olduğunu, ermənilərin bu faktlardan heç yana qaça bilməyəcəklərini diqqətə çatdırıb. O, tarixi torpaqlarımıza qayıdışın, əcdadlarımızın yaşadıqları ərazilərə sahiblənməyin yolunu da göstərib: "Bütün bunlar hamısı faktdır. Zəngəzur Azərbaycan torpağıdır. Ermənilər bu söylənilənlərə əmin olmaq istəyirlərsə, 1903-cü ildə Çarizm orqanlarının tərtib etdiyi xəritəyə baxsınlar. O xəritədə Cənubi Qafqazda erməni dilində adlara rast gəlməzlər. Prezident İlham Əliyevin beynəlxalq konfransda söylədiyi kimi, hətta "Sevan gölü” ifadəsi də yoxdur. Həmin xəritədə Göyçə gölü ifadəsi var. Ermənilər bu tarixi faktdan heç bir yerə qaça bilməzlər. O ki, qaldı azərbaycanlıların tarixi torpaqlarımıza qayıtması məsələsinə, Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən Prezident İlham Əliyev gələcəyimizlə bağlı formulu bir daha diqqətə çatdırıb. Bu, yenilənmək, inkişaf etmək, güclü olmaq və vətənsevərlikdir. Biz güclü olmalıyıq. Ermənistan heç bir zaman ayağa qalxa bilməyəcək. Bu, mümkün deyil. Hər hansı dövlət də gəlib Ermənistana təmənnasız, boş yerə xərclər qoymayacaq. Ermənistan gələcəyi olmayan bir dövlətdir. Bu gün Ermənistanda demoqrafik göstərici - əhalinin təbii artımı olduqca aşağı səviyyədədir. Üstəlik, əhali hər fürsətdə bu ölkəni tərk edir, daimi yaşamaq üçün xaricə köçür. Bərbad idarəçilik, korrupsiya, cinayətkarlığın hər il artması səbəbindən əhali Ermənistanda yaşamaq istəmir. Sual yaranır: Ermənistan bu gün rəsmi olaraq ölkədə yaşayan 3 milyon - əsl reallıqda bundan çox azdır - əhalidən nə qədər ordu yarada bilər? Azərbaycanda isə əhali hər il artır və hazırda 10 milyonu ötüb. Silahlı Qüvvələrimiz inkişaf etdirilib, dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, ölkə iqtisadi tərəqqi halını yaşayır. Hər il yayılan statistik göstəricilərə görə, Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı köçüb gedənlərin sayını üstələyir. Azərbaycanda tarixi gerçəklikləri əks etdirən, rəsmi sənədlərə istinad edilən yeni-yeni kitablar nəşr olunur və tariximiz gələcək nəsillərə olduğu kimi çatdırılır. Düşünürəm ki, bundan sonra da Ermənistanın Azərbaycan torpağı olması faktı geniş təbliğ olunmalıdır”.
 
Rufik İSMAYILOV