Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz
yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Bura zərdüştlük
dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, islam dininin geniş
yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin,
folklorların bir-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr
Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir.
Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə
seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə yanaşı rutullar, ləzgilər,
avarlar, tatlar, talışlar, dağ yəhudiləri, kürdlər, molokanlar, inqiloylar,
saxurlar, xınalıqlar, buduqlar, qrızlar, udinlər kimi etnik qruplar yaşayırlar.
Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər
bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır.
Azərbaycanda
yaşayan belə xalqlardan biri də Rutullardır. Rutulların tarixi Qafqaz
Albaniyası ilə bağlıdır. Rutullar islam dininin süni təriqətinin şafi məzhəbinə
etiqad edirlər. Mənbələrdə göstərildiyi kimi, Dağıstanda islam dinini ən tez qəbul
edənlər Rutullar olmuşlar. Qafqazın erkən islam mədəniyyəti abidəsi sayılan,
675-ci ildə Xnovda dəfn olunmuş Şeyx Məhəmməd
ibn Əsəd ibn Muqala məxsus qəbirüstü
yazı, həmçinin Dağıstanda aşkar olunmuş XI-XIII əsrlərə aid digər epiqrafik
yazılar da həmin fikri təsdiq edir.
"Rutul” etnonimi
Dağıstanın eyniadlı rayonunun adı ilə əlaqədardır. Onun mənşəyi məlum deyildir.
Bu söz ümumiyyətlə gec yaranıb, ona kimi Rutullar özlərinə muxadlar, şinazlar,
müxreklər, borclar, xnovlar kimi adlar
vermişdilər.
Azərbayacanda
Rutullar əsasən Şəki rayonunun Şin, Şorsu,
Qaynar, Daşüz, Göybulaq, Küdürlü, Aydınbulaq, İnçə, Orta Zəyzid,
Baltalı, Baş Göynük, Aşağı Göynük kəndlərində yaşayırlar. Rutul dilinin muxad,
şinaz, müxrək, ixrək, borç və xnov dialektləri mövcuddur.
Rutullarda
evlilik mərasimləri - Rutullarda evlilik mərasimlərin birinci mərhələsi qız bəyənmədir.
Yaz bayramı ərəfəsində rutullarda hər nəsil və ya hər məhəllə bir yerə yığışar,
baharın gəlişi münasibəti ilə müxtəlif mərasim ayinləri icra edərdilər. Bu
zaman gənclər qız bəyənmək , ürəklərini aça bilmək üçün fürsət tapar, yellənçək
qurub əylənərdilər. Rutullar bunu "şadvaldı”
adlandırardılar.
Ümumiyyətlə,
yelləncəklə yellənmək ənənəsi təkcə rutullarda deyil, Orta Asiya xalqları üçün
də xarakterik idi. Keçmişdə rutullarda toya dəvətdə başqa cür olmuşdu. Rutullar
toya dəvət edərkən "qaşığınızla gəlin” deyərdilər. Bu həmdə yeməyə dəvət
forması idi. Rutullar toyu "Davat”
adlandırırlar.
Rutulların
yaşadığı Şin kəndində oğlan adamları qız evinə yaxınlaşdıqda gəlinin
qohumlarından biri uzun bir ağacın başına soğan keçirirdi. Gəlini aparmağa gələnlərdən
biri onu nişan alıb vurmalı idi. Maraqlı adətlərdən biri də bəyin öz toyunda
tüfənglə güllə atması idi. Bəy öz evində yox ( toy günü) ya qonşunun, ya da
yaxın qohumunun evində oturması idi.
Oğlan evindən gəlini aparmağa gələndə qız tərəfdən qapını bağlayıb "baxrı”
deyilən təyinat olur. "Cilovdar”ın vəzifəsi qız evindən qırmızı lentlə bəzədilmiş
gümüş kasanı oğlan evinə satmaqdır. Oğlan evindən bunu isə bəyin sağ və ya sol
dişi alır. Gəlin gətirildikdən üç gün sonra
"bulaxa ək`iruraır” (suya çıxarılma) mərasimi keçirilir. Bu zaman gəlini
suya çıxaranlar yolda olanlara şirinlik kimi halva və digər şirniyyatlar
paylayır.
Rutullarda
qohumlarla evlilik yolverilməzdir. Yəni onlarda dayıoğlu, əmioğlu, dayıqızı, əmiqızı,
xalaoğlu, xalaqızı, bibioğlu, bibiqızı arasında evlilik olmur. Bundan belə nəticəyə
gəlmək olar ki, rutullar qan qohumluğuna əsaslanan nikaha deyil, ekzoqam
nikahlara, yəni kənar nəsildən evlənməyə üstünlük verirlər. XIX-XX əsrlərdə beşikkərtmə nikah qaydası avarlarda,
ləzgilərdə olduğu kimi rutullar arasında da mövcud idi. Bu zaman molla yeni
doğulan körpələrin göbəyinin kəsilməsi zamanı dua oxuyur və sonra körpələrin
bir-birinə ad olduğunu, aid edildiyini elan edir.
Rutullar bir çox
adət və ənənələrini saxladıqları kimi toy adətlərində də bu özünəməxsusluğu
qoruyub saxlayıblar. Xan ,Vəzir və Cəlladın iştirakı ilə olan səhnələr müasir
rutul toylarında da dəbdədir. Bu səhnə oğlan toyunun sabahası günündə təşkil
olunur. Bu adət toya rəngarənglik gətirməklə yanaşı həm də tərbiyəvi əhəmiyyət
daşıyır. Uzun illər boyu el-obanın toylarında iştirak edən ağsaqqallar da
keçmiş adətləri yada salırlar. İndiki və keçmiş toyların fərqindən danışırlar.
Rutul toylarının maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, toylar üç
gün çəkirdi. Üç gün, üç gecə toy olurdu. Hal-hazırda rutulların yaşadığı
Dağıstanın Babayurd rayonunun Novıy Borç kəndində, toy mərasimində gəlini
birbaşa oğlan evinə aparmırlar. Gəlini birinci gün oğlanın qohumlarından
birinin evinə aparır, bir gün keçəndən sonra yenidən oğlan evinə aparırlar.
Rutulların özünəməxsusluqlarından
biri də onların dilidir. Bu xalqın dili Qafqaz dilli xalqlar qrupuna aiddir.
Rutul dilinin əsasən leksik fərqlərə malik dörd dialekti var. Leksikasında ərəb,
fars, xüususilə, azərbaycan və rus mənşəli
sözlər çoxdur. Öz dillərində yazıb-yaradan şair təbiətli rutullar köç həyatına,
məskunlaşmaya və sonradan quruculuğa aid bir sıra ədəbiyyat nümunələri
yaradıblar. Rutul əlifbasının olmamasına baxmayaraq, bu dil şairlərin,
yazıçıların əsərlərində yaşadılıb və nəsillərə ötürülüb.
Rutullar öz şeirlərində
və mahnılarında həyat tərzini, kimisi yaşam tarixini, kimisi də öz dədə-baba
yurdlarını yada salır. Demək olar ki, mənbəyi Dağıstan rutullarından
qaynaqlanan bu xalqın folkloru Şorsu kəndində də öz axarı ilə davam edir.
Rutullar öz folklor nümunələrini hərtərəfli yaşadır, inkişaf etdirirlər.
Yaradılan şeir nümunələri, rəqs qrupu ilə yanaşı rutul folkloru onun ayrılmaz
hissəsi olan "ABAY” rəqs ansamblının ifalarında da yaşayır. Bu ansambl təkcə
Şorsu kəndində deyil, Şəkidə keçirilən bütün şənliklərin də bəzəyi sayılır.
Rutulların bu
yerlərə Dağıstandan gəlməsinə baxmayaraq onların bir çox xüsusiyyətləri
Dağıstan xalqlarından, o cümlədən, avarlardan, ləzgilərdən, saxurlardan
seçilir. Bu fərqlənmə onların mədəniyyət, incəsənət nümunələrində də özünü göstərir.
Rutulların çaldığı havalar, oynadığı milli rəqsləri həmin xalqların tipinə
uyğun gəlsə də eyniyyat təşkil etmir.
Dağıstan
xalqları ilə rutullar arasında uyğunluqla yanaşı fərqlənən çalarlar sırasında
onların dilini də göstərmək olar. Rutul dili Dağıstan dillərinin ləzgi qrupuna
daxil olduğu kimi, bu xalqların musiqi folklorunda da oxşar cəhətlərin olması
olduqca təbiidir. Rutul musiqi folkloru janr və forma rəngarəngliyi ilə
seçilir. Bu janrlar içərisində çox sevilən rəqs sənəti nümunələri adətən zurnaçılar
dəstəsi tərəfindən müşayiət edilir. (2 zurna, kos nağara, bala nağara). Xalq
mahnılarının müşaiyətində akkardeon və nağaradan, ayrıca balabandan da istifadə
olunur. Xalq vokal musiqisinin solo, duet və xor şəklində oxumaları
yayılmışdır.
Bir faktı da
qeyd edək ki, rutulların istifadə etdiyi alətlərdən biridə "mey”dir. Bu alət
rutulların istifadə etdiyi alətlər içərisində əsas yerlərdən birini tutur. Mey
aləti qamışdan hazırlanır. Onun ucuna buynuz taxılır. Ona görə ki, alətdən
çıxan səsi gücləndirir. O birisi tərəfinə (ağız tərəfi) isə süpsi taxılır.
Rutulların rəqs
sənətinə bəslədikləri rəğbəti heç nə ilə müqayisə etmək olmaz. Rəqslərin bəziləri
üç-üç ("Məhərrəmkənd”, "Akuşinka” , "Koroğlu qaytarması”) və ya iki-iki ("
Çuırni-çuırni” və "Arzurık`a”) birləşməklə kiçik silsilələr əmələ gətirir.
Göründüyü kimi, rutul rəqslərində qonşu xalqların folklorundan iqtibaslar da
vardır. Müştərək cəhətləri və melodik tipləri xalq mahnı yaradıcılığında da görmək olar. "Lilay” ,
"Maralxanım”, "Ceyranım” və.s.
Musiqi nümunələrinin
hamısı olmasa da, əksəriyyəti doğma dildə adlandırılır. Yuxarıda adları çəkilənlərə
başqalarını da əlavə etmək olar: "Can abay” , "Paruk`ay”, "Dəydiriş” (rəqsin və
instrumental melodiyanın adıdır), "Akuşinka” avarlarda da rast gəlinən tək kişi
rəqsinin adı ilə bağlıdır. Bir sıra janrların adını bildirən terminlər də məlumdur.
"Muk” – rəqs, "muk` havın” – rəqs etmək , "çaılbı”-mahnı deməkdir. "Avazaxhan”
isə sərbəst (kimi) ritmli improvizə üslubu ilə muğamları xatırladır və Azərbaycan
muğam şöbələrindən istifadəni şərtləndirir. Qeyd etdiyimiz kimi rutulların
folklorunun əsas hissəsini rutul mahnıları təşkil edir.
Rutulların
folkloruna, adət-ənənəsinə aid olan maraqlı adətlərdən biridə adətən qışda
keçirilən "qudiy-qudiy” oyunudur. Bildiyimiz kimi rutulların yaşadığı kəndlərdən biri olan və
qış fəslinin sərt və uzun keçdiyi Şin kəndində qar çox yağır. Qar yağan
vaxtı bir qrup cavan və orta yaşlı sakinlər( kişilər) 10-15 nəfərlik qrupda
birləşərək " çaqqal” bəzəyirlər. Çaqqalı
həmin 10-15 nəfərlik qrupun içərisində olan oğlanlardan birindən dərilərlə bəzəməklə
düzəldirlər. Əlbəttə ki, bu mifik bir obrazdır. Yəni insanların diqqətini cəlb
etmək üçün hazırlayırlar. Bununla yanaşı bu qrupla yanaşı zurna-nağara
çalanlarda mövcud olur. Bu zaman həmin qrup qapı-qapı gəzərək çalır-oynayır,
hansı evə getsələr həmin evin sahibi çaqqala müəyyən ərzaq malları: kartof,
lobiyə, düyü, qoz, fındıq və.s kimi meyvə-tərəvəz və ərzaq mallarından pay
verir.
Çaqqal hansı evə getsə, həmin evin həyətində oynayır
və daha sonra çaqqal ölür. Çaqqal özünü qarın qalın olan hissəsinə atır ki,
yıxılanda əzilməsin. Evin sahibi pay verəndən sonra isə durub gedərdi Çaqqal
yoldan keçəndə uşaqları qorxudur, kimi əlinə keçirə bilsə yerə yıxdırıb qar
yedizdirərdi.
Ona görə də,
xüsusən də uşaqlar üçün bu adət çox maraqlı keçirdi. Çaqqalın qabağına böyük
adamlar (kişilər) çıxsa, onunla güləşərdi.Beləliklə
çaqqal üç gün kəndi dolaşardı. Kəndi dolaşıb qutarandan sonra həmin qrupun üzvləri
toplanmış ərzaq mallarından bir kampaniya
təşkil edib yeyib- içirdilər. Bu adət heç bir kəndə məxsus deyil, ancaq Şin kəndində
məxsusdur.
Son olaraq deyə
bilərik ki, respublikamızda yaşayan müxtəlif
etnik qrupların folklorunun toplanılması
və təbliği onlar
arasında səmimi münasibətlərin möhkəmlənməsində, xalqlar arası mənəvi
bağlılığın yaranmasında böyük rol
oynayır.