“Qəsr”ə aparan yol

Kafka (1883–1924) sonuncu romanı – "Qəsr"
üzərində 1922-ci ilin bir neçə ayını işləyib. Roman isə kitab şəklində 1926-cı
ildə, Kafkanın ölümündən sonra yarımçıq şəkildə çap olundu. Özünü yerölçən kimi
təqdim edən K. adlı bir adamın heç cür
Qəsrə gətirib çıxarmayan kəndin labirint yollarında altı günlük gəzintisinin
sonu yoxdur. Kafkanın dostu, şərhçisi, naşiri Maks Brodun bu əsəri tamamlamaq
üçün təklif etdiyi, guya mərhum yazıçının şəxsən ona dediyi sonluq versiyasına
rəğmən K. üçün yeddinci gün heç vaxt olmayacaq. Maks Brod qəhrəmanın artıq
yorulmuş, əldən düşmüş yeddinci günündə – Qəsrdən kənddə qala biləcəyi ilə
bağlı xəbər gələndə öldüyünü deyirdi.
Kənd sakinlərinin yaşadığı situasiyalar oxucu üçün real sosial quruluş qanunları baxımından normal görünmür, onların açıq-aydın olan mənbələri yoxdur. Onlar Qəsrdən anlaşılmaz qorxu və onun tam hakimiyyətindən irəli gəlir.
Və bu mənada "Qəsr" romanının Kafkanın dominant təcrübəsi, faşist və ya kommunist tipli totalitar bir dövlətin iyerarxik münasibətlərinin proqnozu kimi qəbul edilməsi əsərə olduqca geniş oxucu yanaşmalarından biri idi.
Frans Kafkadan ötrü yazıçılıq tamamilə həyat missiyasıdır. "Mənim ədəbi maraqlarım yoxdur. Mən tamamilə ədəbiyyatdan ibarətəm", – o deyirdi. "Qəsr" romanındakı yerölçənin hekayəsi bu rakursdan müasir dünyada sənətkarın tarixçəsi kimi, daha doğrusu, sənətkar və ətrafı haqqında metafora və mif kimi baxıla bilər. Yerölçənin Qəsrlə, hakimiyyətlə münasibəti eyniylə kəndlə, kütləylə münasibəti kimidir. Bu münasibət mübarizədir – məğlubiyyətə məhkum olunmuş mübarizədir. Qəhrəman Qəsrə qarşı və bu mühitdə özünün mövcudluğundan ötrü mübarizə aparır.
Naşirin yarımçıq qalmış bir kitabın sonluğunu təklif
etməyi özü-özlüyündə pis hal deyil. Dünya ədəbiyyatında belə hallar çox olub,
nümunələr də var. Lakin əgər söhbət
Kafkadan və XX yüzilliyin ən əsas əsərlərindən biri sayılan "Qəsr"
romanından gedirsə, şübhəsiz ki, o, Avstriya yazıçısının işinin əsas problematikası
ilə – onun anlaşılması, təfsiri, Qəsrə aparan yol tapmaq problemi ilə
əlaqələndirilir.
Əsərin süjet xətti olduqca sadə və eyni zamanda da
qarışıq hadisələr, dolaşıq "gedişlər”, simvolik çoxmənalılığına görə olduqca
qəlizdir. Kafkanın qeyri-müəyyən bədii dünyası oxucunu tanıdığı, eyni zamanda
da naməlum bir məkana dartıb aparır.
"Qəsr"in hər dəfə yenidən oxunuşu romanın labirintində oxucu
şüuru səyahətinin yeni şəklidir. Kafkanın yaradıcılığı, ümumiyyətlə, hər hansı
bir sistemləşməyə, "sonluq", "nəticə" verməyə, qoyulan sualları
cavablandırmağa çətinlik yaradan yaradıcılıqdır. Kitablarına olan çoxşaxəli, müxtəlif, qarışıq
yanaşmalar təəccübləndirir və hətta bəzən qıcıqlandırır da. Kafka şərhçilərinin
romanın əsas hissəsinin mənasını ifadə etməkdən ötrü yürütdüyü fikirlərin bir
nöqtədə kəsişə bilməməsi də qəribə və izaholunmaz görünür.
Kafkanın peşəkar oxucuları "Qəsr" romanın
metaforik məğzdə, yüksək məcazi mənada olduğunu çoxdan başa düşüblər. Kənd sakinlərinin yaşadığı situasiyalar oxucu üçün real sosial quruluş qanunları baxımından normal görünmür, onların açıq-aydın olan mənbələri yoxdur. Onlar Qəsrdən anlaşılmaz qorxu və onun tam hakimiyyətindən irəli gəlir.
Təkcə K.-nın deyil, hekayənin digər qəhrəmanlarının
hərəkətləri də, aralarında gedən söhbətlər də analojidir. Sual-cavab arasındakı
məntiq daim pozulur: K. kənddə Qəsrin olmağına təəccüblənir. Və ardınca da
həmsöhbətinə qrafın ora çağırdığı yerölçən olduğunu bildirir. O, telefonda
özünü yerölçənin köhnə köməkçisi kimi təqdim edir, Qəsrdən gələn telefondakı
səsin bu izahı qəbul etmədiyini eşidəndə özü özünə sula verir: "Onda bəs
mən kiməm?"
Kafka əsərləri üzərində işi haqqında danışanda qeyd
edirdi ki, məhz "bəsirətli yaradıcılıq, beynində qəfil işıqlanan mətni yazmaq
("Hökm" novellası gecə vaxtı bir neçə saata "səslərin" hökmü,
göstərişi altında yazılıb) əsl yazıçılıqdır. Məlum olduğu kimi, bəsirətli yazıçı daha çox müasir
oxucuya deyil, gələcəyin oxucusuna müraciət edir. Oxucu auditoriyası və
professional bədii tənqid, öz növbəsində çox vaxt bu bəsirətli yazıçının bu cür
"meydan oxumasına" inkarla, yaradıcılığına qarşı tamam diqqətsizliklə
cavab verir, qəbul etmir, anlamırdılar.
Franz Kafka sağlığında bir çox görkəmli almandilli
yazıçılar (Robert Muzil, Tomas Mann, Bertolt Brext, Herman Hesse onu tanıyır və
yüksək dəyərləndirirdilər) tərəfindən tanınsa da, geniş oxucu auditoriyası və
ədəbi tənqid tərəfindən tamamilə diqqətdən kənarda qalmışdı. Onun vətənində peyğəmbər yoxdur, heç öz zamanında,
dövründə də peyğəmbər yoxdur. Peyğəmbərlik, yazıçının bəsirətliliyi, gələcəyi
görməsi müasirləri tərəfindən çox vaxt
dəlilik, qəribəlik, əcaiblik, axmaqlıq, dinə əsassız iddia, ya da ki həmin
dövrün bədii forma və üslublarına qarşı qeyri-peşəkarlıq kimi
qiymətləndirilirdi.
Kafkanı peyğəmbər, bəsirətli, gələcəyi görən bir
adam kimi xeyli vaxt keçəndən sonra yenidən və yenidən oxumağa başladılar.
Onun yaradıcılığının simvollarla, məğzsiz
transsendentliklə istiqamətlənmiş xüsusi çoxşaxəliliyinin gücü bahasına bir neçə nəsil oxucu
kütləsi əsərlərindəki mənanı bədii
obrazlarla, lakin bəzən heç yazıçının özünə də bəlli olmayan öz dövrlərindəki
problematikaya uyğun şəkildə oxuyub dərk
edirlər. Və bu mənada "Qəsr" romanının Kafkanın dominant təcrübəsi, faşist və ya kommunist tipli totalitar bir dövlətin iyerarxik münasibətlərinin proqnozu kimi qəbul edilməsi əsərə olduqca geniş oxucu yanaşmalarından biri idi.
Romanın bir sıra təfsirləri Kafka dünyagörüşünə
uyğun olmayan anlayışlar, təsvirlər sistemiylə
birbaşa bağlıdır ki, biz əminliklə bunu inkar edə bilərik. Söhbət hər şeydən
əvvəl "Qəsr" romanın psixoanalitik izahının müxtəlif versiyalarından
gedir.
"Qəsr" romanına 1920-ci illərin
əvvəllərində bir Avstriya yazıçısının əsəri kontekstində baxarkən məhz bu
illərdə Kafkanı öz yaradıcılıq mövqeyini anlamaq üçün novellalarında çox
istifadə etdiyi bir çox metaforalardan birinə müraciət etmək olar.Söhbət yazıçının metaforasından, Kafkanın qəhrəmanlarından gedir. Bu situasiya mübaliğəli təqdim olunur
("Müğənni Jozefina və ya siçan xalq" və "Aclıq sənətçisi”
novellaları) və Kafkanın ümumiyyətlə sənət haqqında bir çox vacib düşüncə və
fikirlərini ehtiva edir.
Siçan xalqının əsas müğənnisi olan Jozefina bütün
gözəl vərdişlərə və davranış qaydalarına sahibdir. Onun səsi son dərəcə zəif olmasına – oxuyanda
sanki cırıldayırdı – baxmayaraq, siçan xalqı arasında görkəmli müğənni kimi
tanınırdı. Olduqca avtobioqrafik olan və yaradıcılığının
mənası və əhəmiyyəti barədə Kafkanın daim şübhə etdiyini göstərən bu kiçik novellada, müasir sənətin
metaforik vəziyyətinin ortaya çıxması çox maraqlıdır. Məsələn, mitral mənası
bədiilik konvensiyası olan keçən əsrin yeni janr rəssamlığını ("Maleviç "Qara
kvadrat”) götürək, onun ekstremal ifadəsi bu cürdür: "İstənilən əsər
müəllifindən başqa daha bir nəfər tərəfindən qəbul olunur və dərk edilirsə o
sənət əsəri adlanır”.
"Aclıq sənəti” novellasının əsas personajı bütün
dünyaya qeyri-adi sənət – o bir neçə gün, hətta həftə ərzində ac qalmaq
sənətini təqdim edir. Onun bu xüsusi istedadı onun yeganə varlığı və həyatının
mənasıdır. Aclıq keçirən adam sənətində daimi səyahətlərə çıxır və orada
qeyri-adi zirvələri fəth edir. Lakin o yeməkdən daha çox özünü saxladıqca
sənətlə darıxan publika üçün marağı daha da azalır. Ölümündən bir an öncə
"aclıq sənətinin” əsas mənasını, məğzini açır: "Mən heç vaxt öz zövqümə uyğun
qida tapa bilməyəcəm”. Dünyada heç bir başqa iş sənətkarın öz işi kimi özünə
uyğun deyil, zövqüncə deyil.Frans Kafkadan ötrü yazıçılıq tamamilə həyat missiyasıdır. "Mənim ədəbi maraqlarım yoxdur. Mən tamamilə ədəbiyyatdan ibarətəm", – o deyirdi. "Qəsr" romanındakı yerölçənin hekayəsi bu rakursdan müasir dünyada sənətkarın tarixçəsi kimi, daha doğrusu, sənətkar və ətrafı haqqında metafora və mif kimi baxıla bilər. Yerölçənin Qəsrlə, hakimiyyətlə münasibəti eyniylə kəndlə, kütləylə münasibəti kimidir. Bu münasibət mübarizədir – məğlubiyyətə məhkum olunmuş mübarizədir. Qəhrəman Qəsrə qarşı və bu mühitdə özünün mövcudluğundan ötrü mübarizə aparır.
Aleksandr Vasilyeviç Belobratov
Rus dilindən tərcümə edən: Xanım Aydın