"Qərb cəbhəsində yenilik yoxdur"
"Qərb cəbhəsində yenilik yoxdur" Erix Mariya Remarkın sayca dördüncü
romanıdır. Bu əsər yazıçıya şöhrət, pul gətirsə də, dünyaya tanıtsa da, eyni
zamanda onu vətənindən etdi, ölüm təhlükəsiylə üz-üzə qoydu. Remark romanı
1928-ci ildə bitirdi və ilk vaxtlarda çap etdirməyə çalışsa da buna müvəffəq
ola bilmədi. Naşirlərdən çoxu bu əsərin uğur qazanacağına şübhəylə yanaşırdı.
Əsər onların fikrincə, Birinci dünya müharibəsində uduzan Almaniyanın
ideologiyasından ötrü həddindən artıq səmimi, açıq-saçıq və xaraketrik olmayan
tərzdə idi.
1916-cı ildə könüllü olaraq cəbhəyə yazılan Erix Mariya Remark
əsərdə müəllifdən çox Avropa çöllərində gedən döyüşlərin amansız şahidi kimi çıxış edirdi. Nəhayət, Haus
Ullstein bu kitabın nəşrinə risk etdi. Və 1929-cu ildə "Qərb cəbhəsində
yenilik yoxdur" romanı 500 min tirajla
işıq üzü gördü və dünyanın 26 dilinə tərcümə edildi. O, Almaniyanın ən
çox satılan kitabına çevrildi. Növbəti il hərbi bestesellər əsasında eyni adlı
film də çəkilmişdi. ABŞ-də istehsal olunan və rejissoru Lüis Maylstoun olan
film ən yaxşı film və rejissorluğa görə iki Oskar aldı. İndi isə qayıdaq
yenidən romana. Müəllif həmin dövrün insanlarını məhv edən müharibənin
dəhşətlərini xüsusi qəddarlıqla təsvir etmişdi. "Qərb cəbhəsində yenilik
yoxdur" qəhrəmanlar haqqında yox, müharibənin qurbanları, həmçinin də
xilas ola bilənlər haqqında romandır.
Əsərin baş qəhrəmanları cəbhəyə könüllü yollanan
elə müəllifin özü kimi hələ dünən parta arxasından qalxan şagirdlər (bir
sinifdə oxuyan Paul Boymer, Albert Kropp, Müller, Leer, Frans Kemmerix) və
onların döyüşdəki böyük qardaşları (çilingər Tyaden, torfçu-fəhlə Haye Vestxus,
kəndli Deterinq, hər bir vəziyyətdən çıxmağı bacaran Stanislav Katçinski)
yaşamaqdan, döyüşməkdən çox ölümdən xilas olmağa çalışırlar. Müəllimlərinin
vətənpərvərlik mövzusunda təbliğatına aldanan gənclər tezliklə müharibənin
vətənə xidmət etmək üçün verilən imkanın yox, heç bir insani hisslər və
qəhrəmanlıqdan söhbət belə getməyən qırğının olduğunu başa düşdülər.
İlk artilleriya atışması hər şeyi öz yerinə qoydu.
Müəllimlərin nüfuzu onlara aşıladıqları dünyagörüşü və düşüncələrlə birlikdə
gözdən düşdü. Qəhrəmanlara öyrədilən hər bir şey döyüş meydanında gərəksiz
oldu. Fiziki qanunların yerini "yağışda, külək siqaret çəkməyin
qaydası" və öldürməyin ən yaxşı forması
("süngüylə zərbəni qabırğadansa qarına endirmək yaxşıdır, çünki
süngü qarında ilişib qalmır") kimi həyati qanunlar əvəz etdi.
Birinci Dünya müharibəsi nəinki xalqları, həm də
iki nəsil arasındakı daxili əlaqəni də qırdı: valideynlər qəhrəmanlıq haqqında
məqalələr yazıb, nitqlər söylədiyi bir vaxtda övladları hərbi xəstəxanalardan
və ölənlərin arasından keçirdi, valideynlər dövlətə xidmətin hər şeydən yüksək
sandıqları bir vaxtda övladları artıq
ölümdən daha dəhşətli və qorxulu heç nəyin olmadığın bilirdilər. Paulun fikrinə
görə, bütün bu həqiqətlərin dərki onları nə üsyançı, nə fərari, nə də ki qorxaq
etdi, sadəcə gözlərini açdı.
Müharibəyə hazırlıq gəncləri çevik, amansız,
qisasçı və kobud etdi. Müharibə onlara sağ qalmaqdan ötrü bu keyfiyyətlərdən
hansıların lazım olduğunu öyrətdi. Səngərdə öyrəndikləri gələcək əsgərlərə
güclü, hər zaman hazır vəziyyətdə olan qarşılıqlı anlaşma, yoldaşlıq öyrətdi.
Lakin əvvəldə iyirmi nəfər olan keçmiş sinif uşaqlarından romanın əvvəlində artıq on ikisi qalmışdı:
yeddisi öldürülmüş, dördü yaralanmış, biri isə dəlixanaya düşmüşdü. Müharibə
qurtaranda isə onlardan heç biri qalmamışdı.
Remark hər kəsi, hətta oxucu ancaq əsgərlərin başa
düşəcək mətləbləri anlasın deyə fəlsəfi düşüncələri təhkiyənin üst qatına çıxan
əsərin baş qəhrəmanı Paul Boymeri də döyüş meydanında buraxdı. "Qərb
cəbhəsində yenilik yoxdur" romanında qəhrəmanlar üçün müharibə üç bədii
məkanda – ön cəbhədə, cəbhənin özündə və arxa cəbhədə baş verir. Ən dəhşətli
məqamlar mərmilərin partladığı, hücumlar kontrhücumlarla qarşılandığı, raketlərin "ağ, yaşıl, qırmızı
yağış" yağdırdığı yerlərdə yaşanırdı.
"Yuxarıdan" verilən əmrə görə düşmən
sayılan insanların bir-birlərini öldürməyə məcbur olduqları müharibənin
mənasızlığı hələ dünən parta arxasında əyləşən uşaqların gələcəyə, inkişafa
inamını həmişəlik qırmışdı. Onlar ancaq
müharibəyə inanır və bu səbəbdən də onlara dinc dünyada yer yoxdur. Onlar ancaq ölümə inanırlar, bilirlər ki, ya
bu gün, ya sabah, ya da o biri gün onsuz da öləcəklər. Həmin bu "itmiş
nəslin" müharibəni ancaq qəzetlərdən, kitablardan oxuyan, ondan-bundan
eşidən valideynləriylə söhbət etməyə mövzuları da yoxdur. "İtmiş
nəslin" adamları özlərindən sonra gələn nəsillərə də bu kədərli təcrübənin
təəssüratlarını ötürə bilməyəcəklər. Müharibənin nə olduğunu ancaq səngərdə
bilmək olar, onun haqqında bütün həqiqətləri isə ancaq bədii əsərdə danışmaq
olar.
Bir az da
sevgidən danışaq
Sevgi bütün Remark əsərlərinin leytmotividir:
vətənə sevgi, qadına, anaya, dosta sevgi. Roman qəhrəmanları qeyri-adi
davranışlar edəndə sevgiylə idarə olunur. Bu əsərdə isə sevgi mövzusu yoxdur,
cəbhədə olanların qadına münasibəti ancaq fiziki tələbatdır. Bircə baş
qəhrəmanın anasına olan sevgisi nisbətən
emosionaldır. Bu hisslər mütəmadi xatirələr və keçmişdən gələn kabuslarla
qidalanır. O, anasıyla görüşündən sonra
müəyyən qədər həssaslaşır, axı ana onun şüuraltısında hər zaman müdafiəçi,
qoruyucudur. Qadın – ana – böyük nəsildən bir adamın peyda olması ilə əsərdə Turgenyevsayağı
"atalar və oğullar" nəsillər problemi ortaya çıxır. Bu problem təkcə
müasir ideologiyayla qidalanmış əsərin baş qəhrəmanının anasının onu başa
düşməməsindən ibarət deyil. Bura həm də
müxtəlif yaşdan olan əsgərlərin həyata, müharibəyə baxışları da fərqli olması
da aiddir. Yaşca böyük olanlar, əgər belə demək olarsa, özlərinə daha çox
əmindirlər. Onların müharibədən sonra qayıdacaqları ailələri, iş yerləri,
qurduqları müəyyən bir həyat gözləyir, onun üçün vuruşurlar. Bəs bu gənclər?
Müharibədən sonra onlar hara qayıdacaqlar? Qayıtmağa bir yeləri, bir səbəbləri
də yoxdur. Onlar üçün bütün həyat bax elə soyuq bu cəbhədədir. Müəllif bu sual
ətrafında çox düşünür və personajlar arasında dialoqlarda hər hansı bir çıxış
yolunu tapmağa cəhd göstərir.
Bəzi hadisələrin təsviri obrazların, xüsusən də baş
qəhrəman Paulun xarakterini açmağa kömək edir. Məsələn, hələ ki, əsgərlik
həyatı davam edən "Başmakov" obrazını götürək. Kimmerixin öldüyü
səhnədə onun yoldaşı Alberti narahat edən yeganə şey dostunun ayaqqabısıdır.
Onun ayaqqabısı həminki dövrün prioritetlərinə yaxşı uyğunlaşır: keyfiyyətli
çəkmə insan ölümündün daha vacib, daha maraqlıdır. Çünki insan ölümü artıq
adiləşib. Və yaxud da cəbhə teatrının səhnəsinin divarında əlində plakat tutan
qızın şəklini götürək. O, əsgərlərə qadınları, onların gözəlliyini və
səliqə-sahmanı xatırladır. "Yəqin ki, o gündə iki dəfə vanna qəbul edir,
dırnaqlarının altında da heç vaxt çirk olmur". Qovaq ağacları, körpülər,
düzlər – hər şey gənc baş qəhrəmana Birinci Dünya müharibəsi illərinə qədər
olan uşaqlıq, gənclik illərini xatırladırdı. Romanda təsvirlər çox əhəmiyyət
kəsb edir. Çünki məhz onlar oxucuda hadisələr haqqında təəssüratlar yaradır.
Remarkın təsvirləri hər zaman metaforalarla, bənzətmələr və hiperbolalarla zəngindir.
"Onun kölgəsi bir qarabasma, bir xəyal kimi çöllükdə sürünürdü..."
(buludun təsviri) Bu cür təsvirlər romanı daha maraqlı, daha oxunaqlı, daha
cəlbedici edir.
Beləliklə, Erix Mariya Remarkın "Qərb
cəbhəsində yenilik yoxdur" romanı çağdaş dünyamızda Birinci Dünya
müharibəsi qəhrəmanları adlandırılan böyük bir nəsil haqqında bənzərsiz bir
əsərdir. Əslində, bu insanlar ən adi, ən sıradan insanlar idi. Və onlar cəbhədə
qorxurdular, hər gün Allaha yalvarırdılar ki, müharibə tez qurtarsın və onlar
hər gün döyüşlərdə ölürdülər.
Bunu da deyim ki, Remark baş qəhrəmanlarla çəkdiyi
misallarla göstərir ki, hətta
müharibənin bütün dəhşətləri də insanda ən yaxşı cəhətləri – mərhəmət, sədaqət,
sevgi kimi hissləri öldürə bilməz.Hazırladı: Xanım Aydın