• şənbə, 20 Aprel, 03:02
  • Baku Bakı 15°C

Politoloq: Azərbaycan dəniz daşımalarında alternativ yolların inkişafına böyük əhəmiyyət verir

20.01.23 17:00 751
Politoloq: Azərbaycan dəniz daşımalarında alternativ yolların inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Gürcüstanı da yanına alıb böhran vəziyyətlərində həll təklif etməklə məşğuldur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Davosda Orta Dəhlizin əhəmiyyətindən danışacaq. Azərbaycan hökuməti vaxtilə milyardlarla vəsait sərf edib Orta Dəhliz marşrutunu inşa edəndə Qərbdən bu layihəyə skeptik yanaşmalar vardı. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini öz imkanları hesabına reallaşdırdı. Hətta ölkəmiz dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsini də müddətsiz və çox aşağı faizlə maliyyələşdirdi. Bundan əlavə, Xəzər dənizində iki yeni dəniz limanı salındı. Qərb analitikləri bu limanların və dəmir yolu xəttinin ümumi gücünün sadəcə 1 faiz həcmində işlədiyini əsas gətirərək effektivliyini şübhə altına almağa çalışırdılar. Ancaq Ukrayna böhranı Azərbaycan dövlətinin bu məsələdə nə qədər uzaqgörən olduğunu ortaya qoydu.

Sadəcə Türkmənbaşıdan gələn yükün miqdarı üç dəfədən çox artıb. Eyni şəkildə, Qazaxıstanın Aktau və Atırau portallarından, Özbəkistan və Türkiyə, həmçinin Çin ilə ticarət dövriyyəmiz də bir neçə dəfə artıb. Ukrayna müharibəsi ilə Çindən Avropaya Rusiya üzərindən gedən Şimal Dəhlizi isə bağlanıb. Dənizlərdən keçən Cənub Dəhlizi həm daha baha başa gəlir, həm daha gec yüklər daşınır, həm də bu qədər yükü birdən götürməyə qadir deyil. Məhz buna görə də Azərbaycanın əsas iştirakçısı olduğu Orta Dəhlizin strateji əhəmiyyəti dünya ticarəti üçün həddən çox artıb və Çin-Mərkəzi Asiya-Avropa ticarətində əvəzedilməz yola çevrilib. Hazırda Qırğızıstan-Çin arasında yeni dəmir və avtomobil yolları çəkilir. Eyni zamanda, Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri vahid elektron nəqliyyat bazasının yaradılması üzərində çalışırlar.

Bu fikirləri politoloq Turab Rzayev söyləyib.

O qeyd edib ki, bundan başqa, Prezident İlham Əliyev Davosda Niderlandın və dünyanın ən böyük tərsanələrindən biri “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb. Bu, Azərbaycan dövlətinin dəniz daşımalarında alternativ yolların inkişafına verdiyi əhəmiyyətin daha bir sübutudur.

“Azərbaycan, eyni zamanda, Gürcüstan ilə birlikdə Qara dənizin və Qazaxıstan ilə birlikdə isə Xəzər dənizinin dibi ilə fiber-optik kabellərin çəkilməsinə xüsusi önəm verir. Bundan əlavə, Gürcüstan, Macarıstan və Rumıniya ilə birlikdə Qara dənizin dibi ilə elektrik ötürücü şəbəkə yaradılacaq. Prezident İlham Əliyevin “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü də Azərbaycanın regional və qlobal texnoloji layihələrdə maraqlarının daha da inkişaf etdiriləcəyini göstərir. Dövlətimizin başçısı dünya maliyyə nəhəngi "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə də görüşüb. Tərəflər arasında birlikdə layihələrin reallaşdırılması məsələləri də müzakirə edilib. “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest və “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali də Azərbaycan Prezidenti ilə görüşərək birgə layihə perspektivlərini müzakirə ediblər”, - deyə Turab Rzayev vurğulayıb. (Azərtac)

banner

Oxşar Xəbərlər