Növbəti erməni təxribatı
Sülh danışıqlarından qaçan İrəvan yenidən şərti sərhəddə hərbi təxribata əl atıb. Düşmən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub. Təxribatlara cavab verilib.
Sülh danışıqlarından yayınmaq və müzakirələrin istiqamətini başqa yönə dəyişmək üçün Ermənistan rəhbərliyinin son oyunları heç bir nəticə vermir. Növbəti danışıqlar ərəfəsində İrəvan yenidən sərhəddə hərbi təxribatlara əl atıb.
Azərbaycan Müdafiə Nazirliyinin (MN )məlumatına görə, sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun üç hərbi qulluqçusu yaralanıb.
Təxirəsalınmaz cavab tədbirləri nəticəsində Azərbaycanla sərhəddə təxribat törədən dörd erməni hərbçisi məhv edilib, biri yaralanıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.
Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür
Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bir daha Ermənistan rəhbərliyinə xəbərdarlıq edilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur. Yalnız legitim hərbi hədəflər atəşə tutulur. "Yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in xəbərdarlığıda olunub.
Beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
Sərhəddə yaşanan son gərginliyə münasibət bildirən britaniyalı politoloq və jurnalist Nil Vatsonun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutması yolverilməzdir. "Bu addım Nikol Paşinyanın göstərişi ilə hərəkət edib-etməməsindən asılı olmayaraq erməni tərəfinin çarəsizliyinə dəlalət edir. Erməni tərəfi sülh prosesini qeyri-müəyyən müddətə uzatmağa və ya tamamilə dayandırmağa çalışır. Göründüyü kimi, Ermənistan təkbaşına hərəkət etmir. O, həmişə Cənubi Qafqazda təsiri sürətlə zəifləyən Rusiyadan dəstək alır”, - politoloq bildirib.
O, həmçinin beynəlxalq ictimaiyyəti İrəvana təzyiq göstərməyə çağırıb: “Böyük Britaniya və insan haqlarına inananların hamısı adından mən bu təcavüzkar addımları pisləyirəm. Beynəlxalq ictimaiyyəti və medianı həqiqəti axtarmağa, eləcə də Ermənistana təzyiq göstərməyə çağırıram".
"Bu təxribatların uzunmüddətli hesabları var"
Siyasi şərhçi Yeganə Hacıyeva isə “Report”a açıqlamasında deyib ki, Ermənistanın istənilən hərbi eskalasiyasının cavabı adekvat şəkildə veriləcək. Onun sözlərinə görə, Ermənistan mütəmadi olaraq istər sərhədyanı bölgədə, istərsə də Qarabağda təxribatlara əl atır: “Bu cür təxribatların ermənilərin öz məqsədləri üçün qısamüddətli və uzunmüddətli hesabları var. Onlar göstərməyə çalışırlar ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə alternativ olan Orta Dəhlizlə bağlı təklifləri aktual deyil və regionda təhlükə mövcuddur”.
Politoloq bildirib ki, Ermənistan hazırda Azərbaycan tərəfinin onların sərhədyanı bölgədə törətdiyi təxribatlara cavab verməsinə çalışır: "Bununla da sərhədyanı bölgədə baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə Qarabağ ətrafında baş vermiş hadisələr kimi çatdırsınlar və sərhədyanı bölgədə yaralanan əsgəri Qarabağda yaralanmış mülki şəxs kimi təqdim etsinlər. Bütün bunları nəzərə alan Azərbaycan tərəfi daxildə və sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək üçün lazımi addımlar atır. Bu da Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş legitim hüququdur. Ona görə də Ermənistanın istənilən hərbi eskalasiyasının cavabı adekvat şəkildə veriləcək".