NABOKOVUN DƏVƏTNAMƏSİ

Bilirəm,
ayda ən azı iki-üç toya, ad gününə,
"əsgərgetdi”yə, nişana
dəvət edirlər sizi. Şikayətlənirsiniz.
Bunlar azmış kimi bir də iş görüşləri, tədbirlər, yubileylər,
iclaslar. İronyasız, yumorsuz, ciddi-ciddi soruşuram: bəs sizi edama dəvət edən
olubmu? İnkvizisiyanın ağalığı dövründə geniş
kütləni edama dəvət etmək
indiki toya, ad gününə, tədbirə çağırmaq kimi adi bir şey
idi. Qəribədir, dünyanın bu vaxtında da heç adama belə bir dəvətnamə göndərərlər?! Bəli, bəli... Cənab
Nabokovun dəvətnaməsində beləcə də yazılmışdı:
"Edama Dəvət".
Qulaq
asın:
"Edama
dəvət" Nabokovun ən çox
şifrələnmiş, dərin ironiyası ilə fərqlənən romanlarından
biridir. Əsərin strukturu çox
sadədi, ancaq yazıçı
hər şeyi ustalıqla hesablayıb. Romanın qəhrəmanı (bəlkə, qurbanı?) xəyali bir
kənddə həbs olunan Sinsinnat S.-dır.
Edama məhkum olunan Sinsinnat hücrəsində
oturub ölüm
gününü gözləyir.
Təkidlə nə vaxt edam olunacağını soruşsa da, bu barədə ona heç nə deyilmir. Beləliklə, Sinsinnat
hücrəsində ölümü gözləyə-gözləyə hər gün yavaş-yavaş
ölür. Onun nəyə görə
edama məhkum olunması
isə açıqlanmır. İyirmi
fəsildən ibarət romanda hadisələr əsasən Sinsinnat S.-nin hücrəsində vaqe olur. Kitabı oxuyub qurtarandan sonra anlayırsan ki, Sinsinnatın yeganə günahı
başqaları kimi düşünməməyidir...
Sağ
qalmaq üçün heç biri çıxış yolu olmayan Sinsinnat ölümdən qorxmur. Onun üçün edam vaxtının
açıqlanmaması ölümdən daha ağırdır.
O, hər gün ölümlə yox, ölümün qorxusuyla mübarizə aparır. Sinsinnat bu qapalı
məkandan yalnız
kitablar və xəyalları ilə çıxa
bilir. O, planlaşdırdığı yazıya
başlamaq istəyir. Ancaq bilmir
ki, bu yazıya başlamağa
dəyər, yoxsa yox? İstədiyini
yazmaq üçün vaxtı çatacaqmı? Bəlkə, elə sabah edam olundu?
Bəs belə olmasa? Onda da yazmağa
başlamadığı üçün peşmanlıq duyğusu ondan əl çəkməyəcək.
Nabokov
Dostoyevskinin yazıçı yox, jurnalist olduğunu deyirdi. Mühazirələrində
Dostoyevskiyə olan ironiyası
bu romanda da özünü
göstərir. Həbsxana işçilərinin adı – müdir
(Rodrig), növbətçi
(Rodion), vəkil (Roman) və cəllad Müsyo
Pierre (yəni Pyotr Petroviç)
– "Cinayət və Cəza" romanının obrazları ilə paralelləşir.
"Edama
dəvət" özündən əvvəlki bir sıra mətnləri xatırladır.
Məsələn; Kafkanın
"Məhkəmə"sindəki Yozef K. kimi Sinsinnat S.-də günahının nə olduğu bəlli deyil; "Edama dəvət"dəki
həbsxana yenə Kafkanın
"Qəsr"ini yada salır.
Nabokov isə iyirmi il sonra romana yazdığı ön
sözdə onu bir çox yazıçılardan təsirləndiyini deməklərinə
baxmayaraq, qətiyyən bu mətnlərlə bağlantısı
olmadığını
bildirir. Yazıçı
"Məhkəmə" və "Qəsr" ilə onun ruh yaxınlığı olmadığını, əgər
bir ruhdaş seçmək
lazım olsaydı, o, Corc Orueli seçərdim deyə qeyd edir. Sinsinnatı istər Yozef K. kimi, istərsə də
bir müqəddəs kimi yozumlamaq olar.
Ancaq burada əsas məsələ hekayədən daha çox,
hekayənin necə nəql olunmasıdır.
Əsərin
əvvəlində Delalandedən, – "Bir dəlinin özünü Tanrı hesab etməsi kimi, biz
də özümüzü ölümlü hesab edirik", – sitat verilib. Bəs kimdir bu
Delalande? Bəlkə, Nabokov bütün adları çəkilən yazıçılardan yox, məhz
Delalandedən təsirlənib? Ancaq bu da Nabokovun oyunlarında biridir. Belə bir
yazıçı yoxdur, onu Nabokov uydurub. Bununla yazıçı romanda heç kəsdən izlər
olmadığınamı eyham vurur, yoxsa əsərin başdan ayağa uydurma olmasınamı?...
Nə
vaxtsa belə bir pritça
oxumuşdum ki, Leonardo da Vinçi "Məxfi axşam”
tablosunu çəkəndə
İsa
timsalında
xeyri, İblis
surətində isə şəri çəkmək istəyirdi. O, kilsə xorunda oxuyan bir oğlana
baxıb İsanın
rəsmini çəkir.
İndi
isə qalır
"şeytanı"
tapmaq. Tablo üzərində işlər uzanır. Bir gün
o, çirkab
içində
olan birnəfəri
emalatxanasına
gətirib iblisin rəsmini çəkir. Sonra isə məlum olur ki, Leonardo
illər öncə
məhz bu oğlana
baxıb İsanın şəklini
çəkmişdi.
Məncə, bu, bir insanın həm müqəddəs, həm də şeytan
olması
fikri haqqında
ən yaxşı
hekayədir. "Edama dəvət" romanında da belə bir məqam var.
Edamı
icra edəcək şəxs Sinsinnata məhkum kimi təqdim olunur və müdir onların dost olmalarını istəyir. Həbsxana
müdiri cəlladla (Müsyo Pierre) məhkumu
(Sinsinnat) bir-birlərini sevməyə məcbur edir. Hələ cəllad Sinsinnata məhz ona
görə həbs olunduğunu
deyir. Guya ki, o, Sinsinnatı
buradan qaçırmaq istəyirmiş, bu səbəbdən də onu həbs ediblər.
Sonra Müsyo Pierre tez-tez Sinsinnatın kamerasına gəlir. Bir dəfə onlar şahmat oynayırlar. Sinsinnat cəlladına qalib gəlsə də, o, cığallıq
edir, fiqurları geri qaytarır. Nəticənin necə əldə olunmasından aslı olmayaraq cəllad məhkumu mat
edir...
Əsərin
oxucuya təlqin etdiyi fikirlərdən biri də hər şeyin
öz mənasını
itirməsi ideyasıdır. İnsan
ölümü
kinodan, teatr tamaşasından heç nəyi ilə fərqlənmir. Necə ki,
insanlar bilet alıb
kinoya, teatra gedirlər, eləcə də kiminsə ölümünü görmək
üçün maraqla toplaşırlar, televiziyada, internetdə
cinayət hadisələrinə film kimi baxırlar.
Filmdəki əsas obrazın
"ölümü"
izləyicini sirkələsə də, kütləvi
insan ölümlərini
adi xəbər kimi oxuyur, terror qurbanı
olan minlərlə insanın
faciəsinə biganə yanaşır.
Romanda bugünkü
həyatımızda
olduğu kimi canlı və cansız anlayışları
arasındakı
sərhəddin itdiyini görürük. İnsanlar edamı izləmək üçün sanki, hansısa tədbirə,
toya, ad gününə çağırılırmış kimi dəvət olunurlar... Sinsinnat yaxşı başa düşür
ki, həbsxananın qaydaların əməl etmək özündən imtina etmək deməkdir. Həbsxanadakı yeməklərdən imtina edən
Sinsinnat bununla düşdüyü
mühitə bir növ etiraz edir. Ancaq yad mühitdə
özünü qoruma instinkti işə düşür, o, yavaş-yavaş ictimai rəyə tabe olur,
zamanla bu rejimə uyğunlaşmağa
başlayır:
əvvəllər ona müəmmalı gələn gecə səslərini aydınca eşidir, qaranlıq hücrəsində
rahatca hərəkət etməyi öyrənir.
Nabokovun
Sinsinnatı, əslində, iki adamdı. Sinsinnatın daxilində əks qütblərdə dayanan,
bir-biri ilə heç barışmayan iki adam var. Bəzən o adamlardan biri susanda, nəyləsə
razılaşanda, o birisi heç nə ilə razılaşmır, üsyan edir. Finalda birinci
Sinsinnat sakitcə cəllad kötüyünə baş qoyanda, ikinci Sinsinnat ayağa qalxır,
ətrafa toplaşan adamlara baxır. Həmçinin romanı da iki cür oxumaq mümkündür.
Birinci, real hadisələr kimi. İkinci, xəyali hadisələr kimi. Çünki bu cür qəribə
bir həbsxananın olub-olmaması, vəkil, cəllad, hökm, – bir sözlə, hər şey
Sinsinnatın daxilində, xəyali dünyasında da baş verə bilər. İstər reallıq,
istərsə də uydurma kimi oxunmasından asılı olmayaraq nəticə dəyişmir. Ümumən,
təkadamlıq kamera, mühakimə edənlə mühakimə olunanın heç cür anlaşa bilməməsi
dünyada yadlaşmağa, özgələşməyə işarədir. Elə bil, Sinsinnatı qəfil ona aid
olmayan bir pyesin içinə atıblar. O, bu pyesdə nə etməli olduğunu, bu pyesin
nə barədə olması haqqında heç bir fikri yoxdur. Bu mənada, "Edama dəvət"i
insan tənhalığı haqqında bir əhvalat kimi də oxuya bilərik. Əslində, adlardan
göründüyü kimi (Rodriq, Rodion, Roman) müdir də, gözətçi də, vəkil də eyni
adamlardır. Yazıçı onları təsvir edərkən yalnız qrimlərinə və geyimlərinə görə
fərqləndirir. Həyat da belə deyilmi? Bir-birimizi başa düşmürüksə, ətrafımızdakıların
adlarının, geyimlərinin fərqliliyinin, hansı vəzifədə olmasının nə mənası?
Onlar bizim üçün mahiyyət etibarı ilə eyni adamlardır...
Əsərdə
digər maraqlı obraz həbsxana müdirinin qızı Emmidir. Bu qız uşağı həm
Nabokova məşhurluq gətirəcəyi, həm də nüfuzlu mükafatlar qazanmasına maneə
olacağı, dəfələrlə senzuraya məruz qalacağı hələ doğulmamış
"Lolita"nın baş qəhrəmanının "ilk modeli”dir. Sinsinnata aşiq olan,
onu qaçırıb evlənmək istəyən balaca Emmi məhbusu ümidləndirir. Onu qaçmağa
razı salır, ancaq Sinsinnatı atasının yanına gətirir... Məhkum anlayır ki, belə
bir sistemin çərçivəsindən kənara çıxmaq mümkün deyil, buna cəhd etmək də
lazımsız bir işdir. Bu dairədən çıxış yolu tapmaq, buna ümid bəsləmək yalnız məhbusun
vəziyyətini ağırlaşdırır. Sinsinnat gözətçi tərəfindən başqa bir dünyadan
qoparılıb həbsxanaya atılan kəpənək kimidir. O, bu dünyada yad, aciz və köməksizdir.
Romanı
oxuyub qurtarandan sonra hər gün mağazalarda, avtobuslarda qarşımıza çıxan
"İtən əşyalara görə məsuliyyət daşımırıqk" cümləsi yadıma düşdü. Elə
bu dünya da romanda olduğu kimi bizim ölümümüzə və itirdiklərimizə görə məsuliyyət
daşımır. Bəlkə, elə deyil?
Ramil Əhməd
