Modernizm iddiası

Modernizm
haqqında danışmaq asan olsa da onun mahiyyətini dərk etmək heç də asan deyil. Nəzəriyyəsini
bilmək, onun əsasında yazılan romanları, hekayələri oxumaq və nəticə çıxararaq
bu izmin nə olduğunu başa düşmək bir az zəhmət tələb edir. Təbii ki, biz bunu
oxuculardan gözləmək niyyətində deyilik. Oxucuya zövq almaq və maraqlı mətn
lazımdır. Lakin bu günün yazarları, ədəbiyyatla məşğul olanları və ədəbi tənqidçiləri
bunları bilməlidir, oxumalıdır, öyrənməlidirlər.
Müəllifi, yalnız adını eşitdiyi, mahiyyətindən xəbərsiz olduğu hansısa bir izmə bağlamaq nə müəllifə nə də tənqidçiyə başucalığı gətirmir.
Səxavət Sahil
Müəllifi, yalnız adını eşitdiyi, mahiyyətindən xəbərsiz olduğu hansısa bir izmə bağlamaq nə müəllifə nə də tənqidçiyə başucalığı gətirmir.
Modernizmin
yaranmasını şərtləndirən əsas səbəb dövr və həmin dövrün prosesləridir. Biz
sovetlər zamanında dünyadan təcrid olunmuşduq və proseslərdən kənarda idik.
SSRİ-də bir dövr var idi – Kommunist Partiyası dövrü. Partiya hər sahədə olduğu
kimi hər şeyi, o cümlədən ədəbiyyatı da idarə edirdi. Ola bilsin ki, dünyadakı ədəbi
proseslər, yeniliklər, yeniləşməyə təkan verən əsərlər gizli də olsa Moskvaya qədər
gəlib çıxa bilirdi. Lakin ucqarlarda bu əlçatmaz idi.
SSRİ
dağılmağa başlayanda əvvəlcə onun dəmir qadağaları yumşaldı. Bu yumşalma
qadağan olunan xarici ədəbiyyatların tərcüməsi, ədəbi jurnal və qəzetlərdə bu cür
mətnlərin görünməsi ilə nəticələndi. Mərkəzdə nəşr olunan "İnostrannaya
literatura” jurnalı İttifaqda bu yeniliyin əsas lokomotivlərindən idi. Azərbaycanda
da bu proses baş verdi, "Xəzər” dünya ədəbiyyatı dərgisi bu sahədə ilk
addımları atdı. Bizdə forma və üslub cəhətdən, təhkiyə və süjet baxımından yad
olan əsərlər dərc olundu, kitablar nəşr edildi. Və beləcə bizim sosrealist
yazarlar modernizm nümunələri ilə tanış oldular. Bu tanışlıq onlara o qədər xoş
gəldi ki, artıq həmin izmə aid olan əsərləri təqlid eləməyə başladılar. Bu
prosesin özündə qeyri-ciddilik yoxdur və belə də olmalı idi. Hətta öz əsərlərində
modernizmin hansısa kurallarından uğurla istifadə edən yazarlar da var. Lakin o
dövrün təsiri, ab-havası ilə yazılan və bu günə qədər yazılmaqda davam edən əsərləri
modernizmə aid etmək, məncə, düzgün deyil. Son
vaxtlar ədəbi mühitimizdə belə bir tendensiya yaranıb. Kimsə öz əsərində modernizm
elementindən istifadə edirsə digər yazarlar da həmin elementdən istifadə edir.
Bu da modernizmin fərdi üslubyaratma prinsiplərindən uzaqlaşmaq deməkdir, kütləvilik
içində, sanki günün tələbi təsiri bağışlayır, sosrealizmə doğru dönüş baş
verir. Görünür, biz hələ uzun zaman sosrealizmdən qaça bilməyəcəyik.
İndi
bizim ədəbi mətnlərimizdə modernizmdən çox postmodernizm elementlərindən
istifadə olunur. Əslində bu təqlid və cəhddən başqa bir şey deyil. Hamımzın
tanıdığı müəlliflərin əsərlərində uğurlu nümunələri misal gətirmək olar. Lakin
bu nümunədən və hansısa elementdən, priyomdan uzağa getmir, əsərin mətnini
bütövlükdə ehtiva edə bilmir. Hərdən
görürsən ki, hansısa yazar və ya ədəbi tənqidçi modernizmə və postmodernizmə
aid əsərlərin izlərini orta əsrlərdə, hətta antik ədəbiyyatda axtarırlar.
Bunlar başa düşmək istəmirlər ki, bu izmlər konkret dövrün və proseslərin nəticəsində
meydana gəlib.
Modernizmə
və postmodernizm sənət cərəyanlarıdır. Bu izmlər öncə sənətin digər sahələrində
memarlıq, rəssamlıq və kino kimi sahələrdə meydana gəlir, yekun olaraq ədəbiyyatda
sona çatır. Həmişə ədəbi münasibət digər sahələrdən "geri qalır”. Məsələn,
Birinci və İkinci dünya müharibəsi haqqında gözəl əsərlər həmin müharibələrdən
sonra meydana gəldi. Məncə,
Azərbaycanda modernizm ədəbiyyatda olduğu kimi digər sahələrdə də gec yarandı.
Hətta tələsib yarandı demək də bir o qədər düz deyil. Belə olan halda postmodernizmdən
necə danışa bilərik?!
Səxavət Sahil
