Milli-mənəvi dəyərlərimiz sərvətimizdir

Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Hər hansı bir etnosun milli-mənəvi dəyərlər sistemini onun əlindən tamamilə almış olsaq, o zaman həmin etnosun adından savayı heç nəyi qalmaz. Bu həqiqətdir ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlanması lazımdır. Amma təəssüflər olsun ki, 21-ci əsrdə qloballaşma dediyimiz proses müxtəlif xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz edir və onu məhv etməyə, sıradan çıxarmağa çalışır. Bəs biz necə, öz milli-mənəvi dəyərlərimizi qoruya bilirikmi? Qloballaşma, müasirləşmə, urbanizasiya dəyərlərin yox olması deməkdirmi?
Sosioloq Asif Bayramov
deyir ki, hansı xalq qloballaşma dövründə milli dəyərlərə qarşı olan təcavüzə qarşı özünün
milli-ideoloji cəbhəsini qura bilibsə və onu qorumağı bacarıbsa, həmin xalqın bu
dalğadan salamat çıxma ehtimalı var. Onun sözlərinə görə, müasir gənclərin
mənəvi dəyərlərimizə olan münasibətinə və onların özlərində daşıdığı dəyər anlayışına nəzər salsaq, bugünkü səhnənin bir
o qədər də ürəkaçan olmadığını görə bilərik: "Lakin bununla yanaşı, digər
xalqlarla müqayisədə daha yaxşı
vəziyyətdə olduğumuzu da etiraf etməliyik. Hər halda,
bu gün Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə yönələn
hissəsi çox olduğu kimi, bu dəyərlərə
biganə olan və qismən kosmopolitləşən hissəsi də kifayət qədər çoxalıb. Bunun isə özlüyündə müxtəlif səbəbləri var. Gənclərimizin xarici ölkələrdə təhsil alması,
Qərb düşüncəsinin, Qərb şüurunun Azərbaycan gerçəkliyinə təsir göstərməsi mühüm
faktorlar sırasındadır”.
Sosioloqun
sözlərinə görə, bu gün milli-mənəvi dəyərlərimizin vəziyyətində ümumi
dəyərləndirmə aparsaq, görərik ki, hələlik biz zərərin ortasına da çatmamışıq:
"Ziyanın yarısından qayıtmaq böyük işdir. Lakin biz hələ heç ziyanın ortasına
çatmamışıq. Bunun geniş şəkildə yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində
milli-mənəvi dəyərlərimizin qorunmasının proqram və mexanizmi üzərində
düşünməliyik. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları və
universitetlərimizin müvafiq kafedraları bir araya gələrək gəncliyimizin
milli-mənəvi dəyərlərinin qorunmasını müəyyən edən proqram üzərində işləməli və
bu proqramı dövlətə təklif edib onun tətbiq olunmasına, maliyyələşməsinə nail
olmalıdırlar. Çünki bir çox inkişaf
etmiş xalqların təcrübəsi bizə bunu
öyrədir və diktə edir. Belə düşünürəm ki, bunun üzərində hər şeydən öncə
bizim ziyalılarımız, yaradıcı və daha çox humanitar bilik sahəsində çalışan
insanlarımız bir araya gəlməlidir. O cümlədən bizim filosofların,
sosioloqların, kulturoloqların, ədəbiyyatşünasların, etnoqrafların,
tarixçilərin və folklorşünasların üzərinə daha çox məsuliyyət qoyulmuş olur.
Çünki onlar millətin mənəvi, əxlaqi, milli dəyərlərini araşdırdıqlarına, tədqiq
elədiklərinə görə, onun qorunması vasitələrini yəqin ki, digər peşə sahibləri
ilə müqayisədə daha düzgün tapa bilərlər”. Bu
problemləri dünyanın əksər xalqlarının yaşadığını deyən sosioloq bildirdi ki,
qloballaşma prosesindən uğurla çıxan bəzi xalqlar da var: "Məsələn, biz
Yaponiyanın timsalında bunu aydın şəkildə görə bilərik. Bu gün Qərb özünün texniki inkişafına və texnoloji
səviyyəsinə görə dünya lideridir. Ancaq bu günə qədər bir cəmiyyət olaraq bir
çox hallarda Qərbdən alacağımız rasional biliklər sistemini analiz etmirik. Ona görə də Qərb məqsədyönlü şəkildə bizim
cəmiyyət üçün zərərli olan irrasional dəyərlərini bizə ötürür. Yəni mənəvi-əxlaqi dəyərlər sistemi, milli-mədəni
dəyərlər sistemi hər bir xalqın daha çox
rasional dünyasına aiddir. Yaponiyanın adını isə ona görə xüsusilə vurğuladım ki, məhz Yaponiya özünün
milli-mənəvi dəyərlərini bütün varlığı ilə qoruyaraq və Qərbin texniki
düşüncəsini, texniki kəşflərini bütövlükdə götürərək mənimsədi. Və qısa bir
müddətdə Yaponiya texnologiyası hətta
Qərbin özünü dünya bazarında sıxışdırmağa başladı. Onun üçün biz Qərbdən nəyi
almalı, nəyi almamalıyıq sualını cəmiyyətimiz üçün aydınlaşdırmalıyıq. Yəni cəmiyyət bilməlidir ki, Qərbin elmi-texniki nailiyyətlərini öyrənmək
olar, ancaq onun ailə modeli bizim əxlaqi-mənəvi
dəyərlərimizlə uzlaşmır”.
A.Bayramov
qeyd etdi ki, əsrlərlə formalaşmış
əxlaqi görüşlərimizlə Qərbinki çox hallarda uzlaşmır. Bu da çox normal və təbii
bir haldır: "Hər kəsin ata-anası özünə doğma olduğu kimi, hər bir xalqın
milli-mənəvi dəyərləri də onun özü üçün əzizdir, müqəddəsdir və doğmadır. Bu
gün Qərb texniki cəhətdən inkişaf etsə
də, mənəvi cəhətdən onların əxlaqi dəyər anlayışı bizimki qədər mükəmməl
deyil. Bu əxlaqı yaratmaq üçün, onu bir millətdə formalaşdırmaq üçün yüz illər
lazımdır. Niyə biz xalqımızın belə gözəl və mükəmməl əxlaqını digər xalqların barbarlığı xatırladan həmin mənəvi dəyərlərinə
qurban verək?” Sonda sosioloq onu da qeyd etdi ki, inkişafı mənəvi-əxlaqi dəyərlərin vəziyyəti və məzmunu müəyyən etmir. Bu gün bəzilərinin inkişaf anlayışı daha çox bizim cəmiyyətin tarixi yaddaşının onun düşüncəsi və beynindən silinməsinə yönəlib: "Məhz qloballaşma dediyimiz proses, yaxud beynəlxalq standartlar dediyimiz anlayış, Avropa standartları adı altında bizə sırınan bir çox dəyərlər bilavasitə bizim tarixi yaddaşımızın silinməsinə xidmət etmirmi? Bu göz qabağındadır. Yəni tarixi yaddaşı silinmiş bir insan, Çingiz Aytmatovun ifadəsi ilə desək, bir manqurtdur. Beynindən tarixi yaddaşı silinmiş bir millət artıq onu silən xalqın köləsidir. Bu cəmiyyət çox rahat idarə olunan kütləyə çevrilir. Bu gün bu strategiyanı Qərb çox gözəl mənimsədiyinə və araşdırdığına görə yaxşı bilir ki, artıq millətləri, torpaqları, coğrafiyaları, insanları fiziki cəhətdən işğal etməyə heç bir ehtiyac yoxdur. Bunun üçün insanların beynini işğal etmək lazımdır. Bu gün beyni, düşüncəsi zərərli düşüncələr tərəfindən işğal olunmuş gəncliyimizin həmin hissəsi bizim deyil. Onlarla Azərbaycançılıq, Qarabağ münaqişəsi, vətənpərvərlik haqqında hər hansı bir söhbət etmək olmur. Çünki onlar bu mövzulara artıq yad və yabançıdırlar. Bunun çox rahat, çox sınaqdan çıxarılmış mükəmməl formaları və layihələri var. Dünyaya gələn hər bir uşaq ailədən sonra cəmiyyətdə böyüyür, tərbiyə alır. Əgər hər hansı bir gəncimizin beynini, düşüncəsini, şüurunu yuya biliblərsə, deməli, artıq bizim təhsil şəbəkəmizdə boşluqlar həddən ziyadə çoxdur. Əgər biz 11 il ərzində bir məktəbdə o gənci milli insana çevirə bilməmişiksə, biz bir insanı mili şəxsə çevirə bilmiriksə, bizim təhsil sistemimiz ideoloji baxımdan, mənəvi baxımdan son dərəcə bərbad vəziyyətdədir. Bunu birdəfəlik etiraf etməliyik ki, bizim əlimizdən alınan gənclərimiz və gəncliyimiz daha çox bizim təhsil şəbəkəmizin boşluğundan zəifləyirlər”.
Psixoloq Elnur Rüstəmovun sözlərinə
görə, ümumilikdə dünyada gedən qloballaşma prosesi və informasiya əsrinə daxil
olmaq milli- mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Bunun
əsası isə 80-ci illərin sonu-90-cı illərin əvvəlində qoyuldu: "Bu istiqamətdə müxtəlif profilaktik işlər aparılmalıdır deyə
düşünürəm. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç də asan deyil.
Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var.
İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə
dünyaya inteqrasiya gənclərin
psixologiyasına təsir edən mühüm amillər
sırasındadır. İnsanlar arasındakı gərginlik və stress də təsir edən faktorlar
qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin
itməsinə, istərsə də müəllim-şagird, valideyn-övlad münasibətlərinə öz təsirini
göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə
maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz
dərindən təhlil edilib araşdırılmalı və bu istiqamətdə əsaslı tədbirlər
görülməlidir. Yalnız bu halda hansısa nailiyyət əldə bilərik”.
E.Rüstəmov
qeyd etdi ki, milli-mənəvi dəyər
anlayışını gənclərə təlqin etməyin müxtəlif üsulları var: "Örnək olaraq qardaş
ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez
inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə
vətənpərvərlik və milli-mənəvi dəyərləridir. Onlar vətənpərvərliyi təkcə
müharibə etməkdə görmürlər. Onlar gənclərdə bayrağa, vətənə, millətə sevgini
kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz də
mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə
milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə də bu
istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu
dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər
bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz.
Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə
edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir
çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi
dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz
övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz
dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd
olmalıdır”.
Şəbnəm Mehdizadə
Bu məqalə "Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.
