İctimai rəyin birmənalı olması digər versiyaların işlənməsini çətinləşdirir - MÖVQE

"Əksər şərhlərdə teraktın İran xüsusi xidmətləri və ya onlara bağlı şəxslər tərəfindən törədilməsi ehtimalı üstünlük təşkil edir. Aktyor Oqtay Əliyevin ölümü ilə bağlı yazılmış şərhlərdə deputat Fazil Mustafaya ölüm arzulanması haqda qeydin skrini də paylaşılır. Buna əlavə olaraq yada salaq ki, hələ 2018-ci il sentyabrında keçmiş Azərbaycan vətəndaşlarının idarə etdiyi nur-az.com saytı Fazil Mustafa və ilahiyyatçı kimi tanınan digər şəxs haqda terror təhdidi yaymışdı: "İnanın ki, durub onlar da hansısa bir müsəlman əliylə "murdar" olsalar yenə deyəcəksiniz ki, İran ölkəmizdəki sabitliyi pozur”. Bənzər, nisbətən yumşaq ifadəli təhdidlər indi Almaniyaya sığınmış ifrat xomeyniçilərin açıqlamalarında da rast gəlinir. Bu, baş vermiş hadisənin arzuolunmaz məcrada cərəyan etməsinə səbəb ola biləcək birinici təhlükəli tendensiyadır".
Kaspi.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Cəmaləddin Quliyev "Facebook" hesabında bildirib.
"Təhqirlə müşayiət olunan yersiz tənqid əks effekt verir"
O qeyd edib ki, hadisədən həm məzhəblərarası ədavəti qızışdırmaqda maraqlı olan, həm də Əməvi İslamının (sələfiliyin) və ya Osmanlı İslamının (mili görüş, nəqşbəndilik, nurçuluq) yeganə düzgün istiqamət olduğunu sübut etmək istəyən dairələr faydalanmağa çalışacaq: "Artıq bu istiqamətdə ilk təşəbbüslər də sezilir. Ölkənin dini çoxluğuna, xüsusən hələ də İranın ali dini rəhbərini vilayəti-fəqih kimi qəbul edən kəsimə qarşı spontan, kortəbii qınaq kampaniyası başladılıb. Təəssüf ki, belə kəskin yanaşma sözügedən icmanı İran dini doktrinasından uzuqlaşdırmır, bir çox hallarda təhqirlə müşayiət olunan yersiz tənqid əks effekt verir. Deputata qarşı teraktı lənətlərkən bu amilin nəzərə alınması mütləq vacibdir. İkinci təhlükəli tendensiya budur ki, ictimai rəyin birmənalı olması, konkret hədəf (İran xüsusi xidmətləri) göstərilməsi digər versiyaların işlənməsini çətinləşdirir. Halbuki ortada başqa maraqlı tərəflər də ola bilər: biznes maraqları, siyasi sabitliyin pozulmasında maraqlı daxili və ya digər xarici qüvvələr, İranla Azərbaycan arasında münasibətlərin daha da gərginləşməsində maraqlı olan tərəflər və sair".
C.Quliyev bildirib ki, İran mediasının hadisəyə ilk reaksiyası da yuxarıda sadalanan, üstünlük təşkil edən versiyanı sadəcə gücləndirir: "Belə ki, xəbərin təqdimatı zamanı “baş tutmamış qətl”, “baş tutmamış sui-qəsd” (terror) sözlərindən istifadə olunur, Fazil Mustafa “cəncəlli deputat”, “şiələrin düşməni” adlandırılır, “Azərbaycan əhalisnin çoxunun şiə dininə etiqad etməsi” vurğulanır. Bir neçə KİV-də deputatın vurulması, Bakıda partlayış olması, Sumqayıtda çoxmərtəbəli binaların birində yanğın baş verməsi vahid xəbər mətni kimi verilir. Elə təəssürat yaradılıır ki, sanki eyni hadisələr zəncirindən söhbət gedir. Belə təqdimatdan məqsəd birdir-xof yaratmaq, sabitliyin, təhlükəsizliyin qorunmadığını sübut etmək. Qəribədir ki, yanğn hadisəsi haqda Azərbaycan mediasında məlumat İran saytlarından bir saat sonra qoyulub, partlayış isə ötənilki hadisədir, bizim mediada yenilənərək verildiyindən İran KİV-ləri onu da hadisələr zəncirinə daxil edib. Görünür, o hadisələrin də diqqətlə araşdırılmasına ehtiyac var".
Alpər TURAN
