• şənbə, 19 Iyul, 18:10
  • Baku Bakı 32°C

150 illik şərəfli yol

19.07.25 04:58 121
150 illik şərəfli yol

Tarixinin ən ağır və çətin sınağından uğurla keçən müstəqil Azərbaycan mediası inamla inkişaf və tərəqqi yoluna davam edir. Şanlı Zəfər sınağından üzüağ çıxan Azərbaycan mediası bu gün milli iradənin, ideoloji gücün və ictimai həmrəyliyin təmsilçisidir.

Milli mətbuatımız 150 yaşını qeyd etməyə hazırlaşır. Bu tarix media sahəsində çalışan minlərlə həmkarımız üçün həm sevincli, həm də qürurlu bir andır. Bu qüruru taclandıran ən önəmli məqam isə 150 yaşımızı ərazi bütövlüyünü, suverenliyini tam olaraq bərpa etmiş qalib və müstəqil Azərbaycan dövlətinin mediası olaraq qeyd etməyimizdir. Qalib dövlətin qalib mediası adı bu gün yubiley ərəfəsində Azərbaycanın media təmsilçiləri üçün ən böyük hədiyyədir. Bu reallığın memarı isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Zəfər yolunu uğurla davam etdirən, məntiqi sonluğa çatdıran Prezident İlham Əliyevdir.  

“Əkinçi” məktəbinin yetirmələri 

Azərbaycan mətbuatı 150 il ərzində çətin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli ziyalı, mütəfəkkir Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaradılan “Əkinçi” qəzeti həm də müstəqillik, azadlıq ideyalarının daşıyıcısı idi. Təsadüfi deyil ki, 1918-ci ildə Şərqin tarixində ilk demokratik Azərbaycan Cümhuriyyətini quranların əksəriyyəti məhz “Əkinçi” məktəbinin yetirmələri, “Əkinçi” ideyalarının daşıyıcıları idi. Həmin illərdə yaradılan çoxsaylı mətbuat orqanları xalqın oyanışında, milli təfəkkürün, özünüdərkin formalaşmasında əsas vasitəçi, tribuna rolunu oynayırdı.    

Ulu Öndərin milli mətbuata qayğısı

Müstəqilliyimizin ikinci dəfə bərpasından sonra çoxsaylı qəzet və jurnalların fəaliyyətə başlamasına baxmayaraq, mediamızın sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azad və müstəqil medianı güclü və demokratik Azərbaycanın əsas dayağı hesab edirdi. Ümummilli Liderin mətbuatın problemləri ilə yaxından maraqlanması, göstərdiyi diqqət və qayğı müstəqil mediamızın inkişafında dönüş nöqtəsi sayılır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Konstitusiyamızda media azadlığının hüquqi cəhətdən təsbit olunması mətbuatın fəaliyyətində geniş imkanlar açdı. Bu, mətbuatın “dördüncü hakimiyyət” kimi de-yure tanınması demək idi. Dahi şəxsiyyətin mətbuat nümayəndələri ilə daim səmimi təmasları, onlarla çoxsaylı görüşləri problemlərin vaxtında aşkarlanması və maneələrə çevik reaksiya verilməsinə zəmin yaradırdı. Bunun məntiqi nəticəsi olaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalandı. Bununla müstəqil və azad medianın fəaliyyəti önündə ən böyük əngəl sayılan senzura ləğv edildi. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanun qəbul edildi. Yeni mətbuat orqanlarının daha asan qeydiyyatına imkan yaradıldı. 2000-ci ilin martında imzalanan Sərəncamla “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiqləndi. Medianın maddi problemlərinin həllində ən önəmli məqamlardan biri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına yaranmış borclarının tamamilə dondurulması idi. 2003-cü ilin martında Azərbaycan Mətbuat Şurasının yaradılması mətbuat sahəsində koordinasiyalı fəaliyyətin təməlini qoydu. 

Uğurla davam etdirilən ənənə

Ulu Öndərin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı ənənəsi Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Bu gün Azərbaycan dövlətinin media siyasətinin əsasını müstəqil və dayanıqlı mətbuatın formalaşması və inkişafı təşkil edir. 
Azərbaycan Prezidentinin 2006-cı il 8 fevral tarixli Sərəncamı ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan bütün borcları tamamilə silindi. Bu addım həmin dövr üçün ölkəmizdə medianın inkişafı istiqamətində daha bir dönüş nöqtəsi sayılır. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” Qanun, Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxsin yaradılması haqqında fərman, “Media haqqında” yeni Qanunun qəbulu müasir dövrün tələblərinə cavab verən, yeni yanaşmalar və trendlərlə ayaqlaşan, milli-mənəvi dəyərləri, dövlətçilik maraqlarını nəzərə alan müstəqil mediamızın formalaşması və özünütəsdiqi baxımından müstəsna əhəmiyyətə malikdir. 

Peşəkar, vətənpərvər, operativ

Bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan mediası özünün peşəkarlığını, vətənpərvərliyini, operativliyini 2020-ci il Vətən müharibəsi, 2023-cü ilin antiterror tədbirlərində bütün dünyaya nümayiş etdirdi. Həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında, vətəndaşların informasiya tələbinin ödənilməsində mediamız var gücü ilə çalışdı. Mətbuat təmsilçilərimiz düşmənlə tək informasiya cəbhəsində deyil, həm də real döyüşlərdə üz-üzə gələrək onu ağır məğlubiyyətə uğratdı. Tarixinin ən ağır və çətin sınağından uğurla keçən müstəqil Azərbaycan mediası inamla inkişaf və tərəqqi yoluna davam edir. Şanlı Zəfər sınağından üzüağ çıxan Azərbaycan mediası bu gün milli iradənin, ideoloji gücün və ictimai həmrəyliyin təmsilçisidir. 
150 yaşın mübarək, qalib dövlətin qalib jurnalisti!

Azad Əliyev

banner

Oxşar Xəbərlər