• şənbə, 02 Avqust, 19:40
  • Baku Bakı 33°C

Kremlin suverenliyə hörmətsizlik mərəzi 

02.08.25 05:09 164
Kremlin suverenliyə hörmətsizlik mərəzi 

Moskva separatizmin təhlükəli sularında üzür. Bu məsələdə itirmək, yoxsa qazanmaq formullarından hansının seçiləcəyi Rusiyanın Cənubi Qafqazdakı maraqlarının gələcəyini də müəyyənləşdirəcək.


Rusiyanın Azərbaycana qarşı qərəzli təbliğat kampaniyası artıq rəsmi mahiyyət almağa başlayıb. Əvvəl ekspertlər və müxtəlif “müstəqil media”da əksini tapan anti-Azərbaycan təbliğat şimal qonşumuzun rəsmi dövlət agentlikləri səviyyəsinə yol tapıb. TASS informasiya agentliyində Xankəndinin “Stepanakert” kimi təqdim edilməsinin başqa adı ola da bilməz. Bu addım Bakı tərəfindən kəskin etiraz və hiddətlə qarşılanıb. 

XİN xəbərdarlıq edir

Məsələyə Azərbaycanın rəsmi reaksiyası özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasına qoşulur. “Erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub”, - deyə bəyanatda bildirilir. Qeyd olunur ki, Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur: “Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksəkvəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur”. Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir. “Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər”, - bəyanatda deyilir.

Kalininqrad - Köniqsberq, Volqoqrad - Sarısu 

Azərbaycanın rəsmi dövlət agentliyi olan AZƏRTAC da etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda əksini tapan bir sıra məqamlar xüsusilə diqqətəlayiqdir. “TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi “diriltmək” qərarına gəldi?”, - deyə bəyanatda qeyd olunur. Agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlı olsa da, rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacaq.

Moskva separatizmin təhlükəli sularında üzür

Maraqlıdır ki, bu etirazlar fonunda TASS agentliyi xəbərdə “düzəliş” görüntüsü yaratmağa çalışsa da, yenidən Azərbaycanın suverenliyini şübhə altına alan ifadələrə yer verib. Bu dəfə xəbərdə “Dağlıq Qarabağ” ifadəsi yer alıb ki, Azərbaycanda artıq belə bir ərazi vahidi mövcud deyil. Bu, həm də Kremlin Azərbaycanın ərazi vahidləri və suverenliyinə göstərdiyi münasibətin ifadəsidir. Çünki uzun illər “Dağlıq Qarabağ” məfhumu Moskvanın Cənubi Qafqazdakı varlığının əsas dayağı sayılıb. Ölkəmizin hərbi və siyasi gücü ilə darmadağın edilmiş, tarixin qaranlıq arxivinə göndərilmiş separatizm yuvasının ad olaraq yenidən xatırladılması cəhdlərinin heç bir nəticə verməyəcəyi bəllidir. Rusiyanın bu cür “ucuz şou”larının əks-effekt vermə ehtimalı da yüksəkdir. Moskva separatizmin təhlükəli sularında üzür. Bakı isə Moskva ilə imzalanmış müttəfiqlik müqavilələrinin ruhuna uyğun olaraq qarşı tərəfə xəbərdarlıqlarını edir. Bu məsələdə Kremlin itirmək, yoxsa qazanmaq formulundan hansını seçəcəyi onun Cənubi Qafqazdakı maraqlarının gələcəyini də müəyyənləşdirəcək. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər