• şənbə, 02 Avqust, 19:38
  • Baku Bakı 33°C

Cahilliyin özünü parçaladığı reallıq - TƏHLİL

02.08.25 04:57 209
Cahilliyin özünü parçaladığı reallıq - TƏHLİL

Qusmanla Markov nə ilkdirlər, nə də son. Tinkov, Şenderoviç, Belkovski, Nevzorov və başqaları Rusiya üçün ədaləti xarici ölkələrdə axtarırlarsa, Qusman və Markov düz sözü heç nədən qorxub ehtiyatlanmayaraq Moskvada söyləyirlər. 

Əgər II Dünya müharibəsi illərində internet və rəqəmsal KİV mövcud olsaydı, bəlkə də o dövrün insanları da teleekranlarda və yazılı mətbuatda bu gün Rusiya mediasında baş verənlərə bənzər mənzərənin şahidi ola bilərdilər. O vaxt faşizm ideologiyasının ən ciddi ruporu kino və sənədli filmlər idi. Faşizmin ideoloqları da bu resurslardan maksimum şəkildə yararlanırdılar. 

İndi bu funksiyanı üzərinə rəqəmsal media və TV götürüb ki, bunun da bariz nümunəsini biz Rusiyada əyani şəkildə izləyirik. Bombalamağa, yer üzündən silməyə, nüvə silahını işə salmağa, işğal etməyə çağırışlar Rusiya telekanallarının efirindən səslənən ən adi mesajlardır. Digər xalqları aşağılamaq, rus identikliyinin fövqəladə üstünlüyünü göstərməyə çalışmaq sanki mavi ekranlara çıxan aparıcı və “ekspert”lərin öhdəlik götürdükləri ən əsas missiyadır. Son günlər bu vəzifələrə daha biri də əlavə edilib: obyektiv olmağa çalışan öz vətəndaşlarının da üzərinə hücum çəkib, onları cəmiyyətdə özgələşdirmək, zorla aqressiv ictimai qınaq obyektinə çevirmək, təhqir etmək...

Azad düşünən hər kəs hədəfdədir 

Əslində, bu xətt Ukraynadakı müharibənin ilk günündən tətbiq edilməyə başlandı. Yüzlərlə jurnalist, politoloq ölkədən qaçaraq canlarını qurtarmağa çalışdı. Bugünkü Rusiyada onları “inoagent”, yəni xarici casus “status”una “layiq görüblər”. Belə çıxır ki, indi Rusiyada Solovyov, Simonyan, Babayan, Keosyan və s. kimi düşünə bilməyən, işğal, yaxud məhv etmək çağırışları səsləndirməyənlər sadəcə, “casus”durlar...

Rusiyanın mərkəzi şəhərlərindən kənarda bölgələr var ki, ərazisinin 70-80%-də normal su təchizatı və kanalizasiya yoxdur. Sivilizasiyanın ən primitiv əlamət və tələblərinin olmadığı bir dövlət digərlərinə, ələlxüsus da qonşularına bu aqressiv tərzlə hansı inkişaf, tərəqqi və çiçəklənmə vəd edə bilər? 

“Daxili düşmən” və “milli xəyanətkar” axtarışı 

Ötən həftə Rusiyanın informasiya resurslarında müasir rus şovinizmi maşınının tırtılları altına salınan daha iki “xəyanətkar”ın linçlənməsi müşayiət olundu. Hər cümləsindən qan fışqıran, hərdən adamda “bunlar reallıqla əlaqəni tam itiriblər” təəssüratı yaradan XXI əsr rus ideologiyasının simaları – Solovyov və onun “təmiz rus” olan erməni şərikləri özlərinə yeni təhdid hədəfləri tapıblar: yuxarıda adları çəkilən Qusman və Markov. Nədir ki, onlar Şuşada keçirilən III Qlobal Media Forumunda iştirak edib, Azərbaycanın dövlət başçısına sualla müraciət edib, ünvanına xoş sözlər işlədiblər. 

Bu şəxslər Azərbaycana məxsus mülki təyyarənin “uf” demədən vurulmasından sonra Rusiya ictimai və siyasi düşüncə tərzinə hakim olan direktivlər çərçivəsindən “kənara çıxaraq” “düşmən dövlət”ə səfər ediblər deyə linc olunurlar. Solovyov onlar haqqında təhqiramiz sözlər söyləyir, “alçaqlığa yol verdiklərini” dilə gətirir. Rus jurnalistlərin Azərbaycan həbsxanalarında olduğu bir vaxtda Şuşaya getmələrini qınayır. “Onlardan biri xoşbəxtlikdən təqaüdə çıxdı. İkincisi, ümid edirəm, Markov, bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq. Orada olub həmkarlarımızın, həmvətənlərimizin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır”, - deyə Solovyov baltalayır. 

Qusman və Markov az öncə bu təhdid və təhqiredici epitetlərin istifadə ediləcəyi simaların siyahısında deyildilər. İndi isə “daxili düşmən” və “milli xəyanətkar”dırlar. Bir dövlət ki, öz daxilində, vətəndaşları arasında düşmən və xain ovuna çıxıb, deməli, onun xaricdəki işləri o qədər də yaxşı getmir. Bu, təbii bir proses, uğursuzluğu kiminsə üstünə atmaq, şəxsi məğlubiyyətini başqa insanların və səbəblərin ayağına yazıb, özünü sığortalamaq cəhdidir. Necə deyərlər, cahillik özü-özünü içindən parçalayır. Bu reallıq Rusiya dövlətinin şüuraltısının inikasıdır...

Rus xalqı onları da anlayacaq... 

İflasın ən bariz nümunələri olan baş verənlər tarixdən gəlib-keçmiş istənilən imperiyanın həyatında yaşanmış qaçılmaz reallıqlardır. Rusiyada Solovyov və Simonyan kimilərinin efirlərinə baxan milyonlarla vətəndaş var və təəssüf ki, onların böyük bir qismi də daxildə və xaricdə düşmən axtarışına haqq qazandırırlar. Dünyagörüşləri budur. Ancaq Rusiya kimi həmişə proqressiv düşünən insanların olduğu bir ölkədə mövcud “əyri güzgülər” gerçəkliyinin çox davam etməsi çətindir. 
Qusman illər boyu Rusiyanın dövlət informasiya agentliyində yüksək vəzifə tutub, vəzifəsinin öhdəsindən layiqincə gəlib və müasir rus cəmiyyətinin intellektual camiəsində sayılıb-seçilən şəxslərdən biri olub. Eynilə Markov da Rusiyanın ictimai-siyasi düşüncə müstəvisində rəylərinə ciddi önəm verilən, sözünün çəkisi olan ekspertlərdəndir. Dünən fikirlərinə yüzminlərlə insanın qulaq asdığı bu şəxslərin birdən-birə Azərbaycanda təşkil edilmiş bir forumda iştirak etməklə düşmənə çevrilmələrinə heç Solovyovun tamaşaçı kontingentinin daxilində də hamı inanmır. Nə etmək olar, baxmağa fərqli heç nə, qulaq asmağa isə başqa heç kim yoxdur...

Qusmanla Markov nə ilkdirlər, nə də son. Tinkov, Şenderoviç, Belkovski, Nevzorov və başqaları Rusiya üçün ədaləti xarici ölkələrdə axtarırlarsa, Qusman və Markov düz sözü heç nədən qorxub ehtiyatlanmayaraq Moskvada söyləyirlər. Dünyaya Puşkin, Dostoyevski və Tolstoyu bəxş edən rus xalqı nə vaxtsa onları da anlayacaq. 

Rüstəm Qaraxanlı

 

banner

Oxşar Xəbərlər