Fəxriyə Xələfova: Ənənəni gələcək nəsillərə ötürmək vacibdir
Novruz bayramı Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biridir. Azərbaycan xalqı əsrlər boyu bu adət-ənənələri günümüzə qədər qoruyub saxlaya bilib. Bu eyni zamanda baharın gəlişi, təbiətin oyanışıdır. Burada müşahidə olunan yüksək əhval-ruhiyyə, Novruz bayramının əlvan rəngləri, əsrarəngiz təamları və insanların həmrəyliyi xoş təəssüratlar yaradır. Gördüyümüz kimi İçərişəhərdə "Bayram qalası" adlı təntənəli Novruz şənliyi təşkil olunub. Mən bu gözəlliyi hiss edə bilmək üçün hər il burada təşkil olan şənliklərdə iştirak edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı təntənəli Novruz şənliyində iştirak edən rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova deyib.
“Burada olan yüksək əhval-ruhiyyə buraya gələn hər bir soydaşlarımız, həmçinin ölkəmizi ziyarət edən turistlər üçün gözəl bir fürsət və ərmağandır. Burada ailələri görmək çox sevindirici bir haldır. İnsanlar şənliyə ailəvi gələrək Novruz bayramını qeyd edirlər. Azərbaycan xalqı ailə dəyərlərinə önəm verən xalqdır. Millət olaraq bu bizim ən öndə olan dəyərlərimizdəndir. Burada təşkil olunan şənlik, coşqulu musiqilər, müxtəlif taamlar təklif edən yarmarkalar, əl işlərindən ibarət sərgilər və başqa digər özəlliklər xüsusi əhəmiyyət kəsb edir, eyni zamanda insanlarda bayram əhvalını artırmış olur. Novruz şənlikləri ölkəmizin müxtəlif yerlərində təntənəli şəkildə qeyd olunmaqdadır. Novruz bayramına aid hər bir ənənənin dərin fəlsəfi dəyəri var. Bu dəyərləri gələcək nəsillərə ötürmək xüsusən vacibdir. Bu bayram həm də nağılvari bir bayramdır. Bunu biz bəzi filmlərimizdə də müşahidə edə bilərik. Papaq atmaq, qapı pusmaq və üzük falını xüsusən qeyd etmək olar. Bu bizim Novruz bayramı ilə bağlı günümüzə qədər gəlib çatan qədim adət-ənənələrimizdəndir", - deyə F.Xələfova vurğulayıb.