Əl əməyi, göz nurunun bəhrəsi olan festival - Fotolar

Sentyabrın 27-də Dövlət Turizm Agentliyi tərəfindən Ümumdünya Turizm
Günü münasibətilə bir sıra tədbirlər həyata keçirildi. Ölkəmizə gələn turistlər tamamilə fərqli
qarşılandı. Azərbaycana hava limanından daxil olan hər bir turistə sərhəd
buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olundu.
Həmin gün yerli və xarici turistlər "Yanardağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun
xidmətlərindən pulsuz yararlandılar.
Ümumdünya Turizm Günündə Bakının Fəvvarələr meydanında da bayram ənənəsi
davam etdirildi. Belə ki, turistlər və yerli vətəndaşlar üçün nəzərdə tutulmuş
stendlərdə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların,
eləcə də milli musiqi alətlərinin, araqçın və qurama sənətkarlıq nümunələrinin
hazırlanması prosesi göstərilir və buradaca hazırlanan əl işləri satışa çıxarılırdı.

Bundan başqa, keramika, gil və miniatür ustalarının əl işlərindən
ibarət sərgi təşkil edildi, master-klasslar göstərildi.
4 gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək
festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunur.
Biz də turistlərin bayramına əhval qatmaq üçün festivala yollandıq.
Havanın küləkli və soyuq olmasına baxmayaraq, sərginin və stendlərin turistlərin
diqqətini çəkdiyinə şahidlik etdik. Burada bir növ bayram ab-havası hökm
sürürdü. Milli mədəniyyət nümunələri bizə köhnə Bakını xatırlatdı.

Kilimçi Nazilə Əbilova
kiçik kilim stendi qarşısında bir turistlə söhbət edirdi. Onunla biz də həmsöhbət
olduq: "Kilimlərimizə iranlılar, ərəblər,
ruslar, qırğızlar, türkmənlər daha çox maraq göstərirlər. Hətta türkmən və
qırğız turistləri kilimlərimizə baxanda, özlərində də kilim istehsal edən müəssisələrinin
olduqlarını bildirirlər. Sadəcə olaraq, onların üslubları, dəsti-xətləri tamam
fərqlidir. Türkmənlər bizim kilimlərimizdə olan naxışlarımızı və ilmələrimizi
çox bəyənirlər. Hətta bəzilərini xatirə kimi alıb, nümunə olaraq özləri ilə ölkələrinə
aparırlar. Satışa çıxardığımız kilimlərin üzərinə Azərbaycan naxışları həkk
olunub. İstəyirik ki, buranı ziyarət edən turistlər öz ölkələrinə gedəndə Azərbaycanı
xatırladan bir hədiyyə aparsınlar”.

Nazilə xanım deyir ki, təqdim etdikləri kilimlərin hamısı onun öz əl
işləridir: "Elə kilimlər var ki, bir günə, elələri də var 4 günə ərsəyə gəlib.
Turistlər daha çox rəngli kilimlərə üstünlük verirlər. Ancaq iki gündür ki,
alıcı sayı bir qədər azalıb”.

Stenddə ən bahalı kilim 100, ən ucuzu isə 15 manat civarında idi.
Kilimdən sonrakı stenddə kiçik toxuma palaz və xalçalar sərgilənirdi.
Sərginin başında isə əl palazlarının müəllifi Rəhilə Əhmədova dayanmışdı. Rəhilə xanımdan turistlərlə hansı dildə
danışdığını soruşuruq: "Turistlər bizimlə rus və ingiliscə danışırlar. Xarici
dili bilməsəm də, onlara fikrimi izah edə bilirəm. Belə ki, xalçaların qiymətlərini
kağızlara yazıb göstəririk. Bundan bir neçə dəqiqə əvvəl ingilis bir xanım
xalçaları alıb apardı. Turistlər daha çox, üzərində zeytun şəkli olan xalçalar
alır. Əslində, bu xalçanı bazara çıxaranda hesab edirdim ki, həmin xalçalar
satılmaz. Xalçadan da çox, palazlara böyük diqqət var”.

Bu stenddə ən bahalı xalça 60,
ən ucuz xalça isə 10 manat idi.
Festivalda göz oxşayan stendlərdən biri də kuklaların asıldığı stend
idi. Kukla hazırlayan Sədaqət Kərimova
deyir ki, əsasən kiçik kuklalar alınır: "Kuklaları evdə hazırlayıb, mağazalara,
satış obyektlərinə veririk. Bugünkü festivalda bizim kuklalara böyük diqqət var.
Azərbaycan nağıllarının qəhrəmanlarının kuklaları satılır. Hətta hazırda
Cırtdan və Tıq-tıq xanım kimi nağıl qəhrəmanlarımızın kuklaları satılıb
qurtarıb. Satışda ancaq tez ərsəyə gələn kuklalar var. Bütün bunlara
baxmayaraq, satış azdır. Bunu da havanın soyuq keçməsi və alıcıların çoxunun
belə bir yarmarkanın açılmasından xəbərinin olmamağı ilə əlaqələndirirəm”.

Bu stenddə kuklaların ən bahalısı Cırtdandır ki, onun qiyməti 100
manatdır. Ən ucuzu kulanın qiyməti isə 6 manatadır.
Festivalın keçirildiyi küçədə milli musiqinin sədası, qovurulmuş
şabalıdın iyi və milli ornamentlərin göz önündə hazırlanması alıcılar və turistlərə
xoş ovqat bəxş edirdi. Adətən, Novruz bayramında və Yeni İl şənliyində şəhərin
mərkəzində belə stendlərin hazırlanmasına öyrəşdiyimiz halda, turizm günündə bu
bayram ab-havası vətəndaşların da sevincinə səbəb olmuşdu.

Stendlərin içərisində milli geyimlərin olduğu bölmə rəngarəngliyi ilə
diqqəti uzaqdan cəlb edirdi.
Həmin bölməyə yaxınlaşaraq, bizi milli geyimləri hazırlayan, Rəssamlar
İttifaqının üzvü, tətbiqi sənət ustası Səbinə
Qarayeva ilə söhbətləşdik. Səbinə xanım təkcə milli geyimləri, araqçınları
və üstlükləri hazırlamır, o, eyni zamanda daşlardan qolbaqlar, sırğalar, bilərziklər
hazırlayaraq, müştərilərə təqdim edirdi. Səbinə xanım gün ərzində daha çox,
arxaçın satdığını deyir: "Turistlərin təbii daşlara və onlardan hazırlanan əl
işlərinə olan marağını nəzərə aldım və bu gün satışa məhz onları çıxardım. Stendə yaxınlaşan gənc xanımlar isə daha çox
şəkil çəkdirirlər. Milli kökümüzə dönüş sevindirici haldır”.

Səbinə xanım milli geyimləri göstərərək deyir ki, uzun müddətdir bu
işlə məşğuldur: "Valideynlər öz uşaqlarına milli geyimlər alırlar. Məktəbdəki tədbirlərdə
bu geyimlərdən istifadə edirlər. Mən bir neçə bağça və məktəb üçün milli geyim
hazırlamışam. Kosa, keçəl geyimləri, üzərində milli ornamentlər olan geyimlər
hazırlayırıq. Satışa çıxardığım geyimləri öz emalatxanamda hazırlayıram. Uzun
müddətdir ki, bu işlə məşğulam. Nəinki milli geyim, başqa xarici qəhrəmanların
da geyimlərini hazırlayırıq. Mən çox da bahalı parçadan istifadə etmirəm. Müştərilərin
alıcılıq qabiliyyətini nəzərə alıram”.

Stenddə ən bahalı geyim 100, ən ucuz geyim isə 40
manatdır. Ərəb turist Ammar Vabbed deyir ki,
bu, onun Azərbaycana ikinci gəlişidir və hər dəfə Bakıya gəldikdə özü ilə
hədiyyələr alır: "Elə düşünürdüm ki, milli ornamentlərdən ibarət suvenirlər
yalnız Qoşa Qala qapıları tərəfdə
satılır. Bu stendlərdə nümayiş olunan suvenirlər daha canlıdır və qiymətlər də münasibdir, çeşidlər çoxdur. Ən əsası
isə bunların hamısı əl əməyidir. Əl işləri bizim üçün çox dəyərlidir. Mən daha
çox sizin musiqi alətlərinizin kiçik modelini aldım. Onlar mənə daha maraqlı gəldi”.
Qeyd edək ki, turizm sərgisi sabah saat 18:00-a qədər davam edəcək.
Xəyalə Rəis
