Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Fransada 15 yaşına çatmamış
şagirdlərin dərs vaxt mobil telefondan istifadəsinə qadağa qoyulacaq. Belə ki,
Fransanın Təhsil Nazirliyinin təşəbbüsü ilə 2018-ci ilin sentyabr ayından
qüvvəyə minəcək bu qanun 15 yaşına qədər olan bütün
əsas, kiçik və orta məktəb şagirdlərinə aid olacaq. Qanunla, həmçinin
şagirdlərin dərs vaxtından əlavə fasilələr, nahar və ya istirahət müddətlərində
də telefonlarından istifadə etməyinə icazə verilməyəcək.
Fransanın
təhsil naziri Jean-Michel Blanquer bu problemi "ictimai səhiyyə
məsələsi" adlandırıb. O bildirib ki, son dövrlərdə uşaqlar fasilə vaxtında
oynamırlar. Onlar bütün vaxtlarını yalnız smartfonlar qarşısında keçirirlər və
bu, ciddi problemdir.
Bəs
görəsən belə bir qadağanı Azərbaycan məktəblərində də tətbiq etmək mümkündürmü?
Bunun üçün hansı addımlar atılmalıdır?
Təhsil eksperti Nadir İsrafilov deyir ki, bu məsələ dəfələrlə gündəmə gətirilib: "Mobil telefon və kompüterdən
dərs vaxtı istifadə şagirdlərin həm sağlamlığına, həm də təlim-tərbiyəsinə mənfi
təsir göstərir. Bu barədə biz çox demişik. Dünya ölkələrində bunun qarşısının
alınması üçün müxtəlif təcrübələr var. Bizdə də belə bir qadağa əvvəllər bir
neçə məktəbdə tətbiq olunub. Amma bu, valideynlərin narazılığına səbəb oldu.
Onlar bildirdilər ki, biz öz övladımızla əlaqə saxlamaq istəyirik. Nəticədə
həmin məktəblərdə yenidən mobil telefondan istifadəyə icazə verildi. Dünyanın
əksər qabaqcıl ölkələrində məktəbin girişində mobil telefonlar uşaqlardan
toplanır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon
uşaqlara təhvil verilir. Bu metodu bizdə də tətbiq etmək olar. Çünki hər
məsələyə münasibət heç də həmişə birmənalı olmur. İstənilən halda narazı qalan
tərəflər olur. Ona görə də tam qadağa qoymaq mümkün olmur. Albert Eynşteyn deyirdi
ki, mən atomu ona görə kəşf etmədim ki, insanlar ondan bomba düzəldib
bir-birini məhv etsinlər. Həmçinin texnologiyaların inkişafının da müsbət
tərəfi çoxdur. Amma bu o demək deyil ki, onlardan ifrat dərəcədə istifadə
edilsin. Mobil telefon əlaqə vasitəsidir. Amma şagirdlərin əksəriyyəti
məktəbdə, küçədə, evdə bütün günü əllərindəki telefona aludə olublar. Bunun
nəticəsidir ki, bu gün "Mavi balina” kimi təhlükəli oyunlar meydana çıxıb. Hesab
edirəm ki, belə məsələlərin həlli üçün yeni metodlar olmalıdır. Amma düşünmürəm ki, bizdə dövlət səviyyəsində belə
bir qadağa tətbiq edilsin. Çünki digər qanunla mobil telefon şəxsi mülkiyyət hesab olunur və
şəxsi mülkiyyət toxunulmazdır. Ona görə də tam qadağa mümkün deyil. Ola bilsin
ki, bu məsələ bizdə də Mili Məclisin gündəliyinə salınsın. Bunun üçün ictimai
rəy öyrənilə və sorğular da keçirilə bilər. Lakin bütün hallarda mobil telefona
tam qadağa qoyulmasa da, əlçatanlığı məhdudlaşdırılmalıdır”.
Psixoloq Aydan Talıbova deyir ki, uşağa qadağanı kiçik yaşlardan təlqin etməliyik: "Hələ
kiçik yaşlarından valideyn mobil telefon və planşetlərdə müxtəlif oyunlar və
yaxud cizgi filmləri vasitəsilə uşağının başını qatmağa çalışır. Əslində bu,
çıxış yolu deyil. Çünki belə olan təqdirdə, uşaqda mobil telefona marağı biz
özümüz yaratmış oluruq. Belə uşaqlar artıq getdikcə, dünyadan təcrid olunur və
onların bütün maraq dairəsi telefondan ibarət olur. Uşağın telefonla çox vaxt
keçirməsinə kiçik yaşlarından icazə verdiyimizə görə, 15 yaşında birdən-birə
ona belə bir qadağa qoya bilmərik. Əgər mobil telefonu uşağa müəyyən zaman
çərçivəsində vermək istəyiriksə, bunu ona kiçik yaşlarından aşılamalıyıq. Çünki
birdən-birə edilən qadağa uşaqda müxtəlif psixoloji problemlərə, davranış
pozğunluqlarına, suisidal hallara gətirib çıxarır. Bəzən valideynlər rəngləri,
hesablamaları uşağa izah etmək əvəzinə, mobil telefonla öyrətməyi üstün
tuturlar. Belə olan təqdirdə, uşaq bilmədiyini mobil telefondan soruşa bilir.
Əgər uşağın mobil telefondan az istifadə etməsini istəyiriksə, biz özümüz
onunla çox vaxt keçirməliyik. Ona görə də hər bir ailənin özünün planı olmalıdır. Necə ki, birdən-birə biz bir uşağa qadağa qoya bilmirik, eləcə də
birdən-birə qanunvericilik səviyyəsində bu məhdudiyyət qoyula bilməz. Bunun
mənfi tərəfləri daha çox ola bilər. Ona görə də ilk olaraq bu problem ailə daxilində
həll edilməlidir. Cəmiyyət yavaş-yavaş buna öyrəşməlidir. Valideynlər özləri də
başa düşməlidir ki, uşaqla əlaqə saxlamaq üçün ona bahalı smartfonlar almalı
deyilik. Bunun üçün sadə telefon kifayətdir”.
Sosioloq Lalə Mehralı deyir ki, müəyyən edilmiş bir mexanizm yaradılmalıdır: "Bizim
məktəblərdə qadağaların olmasına baxmayaraq, ciddi yoxlama aparılmadığı üçün
şagirdlər məktəbə telefon apara bilirlər. Uşaqlar dərs vaxtı telefonu səssiz və
ya titrəmə rejimində istifadə edirlər, müəllimin bundan xəbəri olmur. Amma
məktəbin giriş qapısında yoxlansa və telefon alınsa, yaxud xəbərdarlıq edilsə,
şagirdlər məktəbə bu qədər rahatlıqla telefon gətirə bilməzlər. Əslində
valideynləri də başa düşmək lazımdır, övladından narahat qalır. Valideyn özü iş
və ya digər səbəblərə görə övladı ilə məktəbə gələ bilmir. Ona görə də işdən uşağına
telefonla məktəbə gedəndə, evə qayıdanda nəzarət edir. Məncə, elə bir mexanizm
yaradılmalıdır ki, uşaq telefonunu məktəbə daxil olanda lazımi otağa təhvil verib,
dərs qurtaranda təhvil ala bilsin. Beləcə, nə dərs zamanı telefonla oynayıb
fikri yayınmaz, nə də valideyn narahat qalmaz. Dərs zamanı isə vacib olarsa, valideyn
müəllimlə əlaqə saxlaya bilər. Bu həm də valideyn-müəllim münasibətlərini
möhkəmləndirər”.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü,
millət vəkili Gövhər Baxşəliyeva bildirdi ki, hələlik bu məsələ Milli Məclisdə müzakirə olunmayıb: "Bu
barədə hələlik hansısa bir təşəbbüs irəli sürülməyib. Belə bir istək varsa, bu
təklif ilk olaraq məktəblərdən gəlməlidir. Amma hələlik müəllimlər və valideynlər hər hansı bir
müraciət etməyiblər. Bu isə o deməkdir ki, Azərbaycanda bu məsələ Avropada olduğu kimi ciddi problem deyil”.
Şəbnəm Mehdizadə
