Bələdiyyə torpaqlarının alqı-satqı proseduruna dair yeni tələblər

Bələdiyyə
torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib.
APA-nın məlumatına
görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə" qərarında
əksini tapıb.
Beləliklə,
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna əsasən bələdiyyə ərazisində
daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə
qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə
torpaqlarının əldə edilməsinə dair alqı-satqı müqavilələri notariat qaydasında
təsdiq edilərkən, müqavilədə əldə edən şəxsin həmin torpaq sahəsini beş il müddətinə
özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir. Notarius əmlakın nisyə
alqı-satqısı haqqında müqaviləni təsdiq edərkən, müqavilədə əmlakın satış qiyməti
tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər üzrə) müəyyən
edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir. Müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti
nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata
keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən
asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata
keçirir.
Müqavilə təsdiq
edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar
alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat
verir. Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin
müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim
edilməsi üçün arayış verir. "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış
qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini,
habelə əmlaka sərəncam verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə
məlumatın surətini çap edərək notariat işinə tikir.
