• çərşənbə axşamı, 19 mart, 10:43
  • Baku Bakı 8°C

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin açılışı oldu - FOTOLAR

28.03.23 20:49 1122
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin açılışı oldu - FOTOLAR

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrailin texnologiya üzrə nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin açılışı olub.

Kaspi.az xəbər verir ki, açılışda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyev, İsrailin keçmiş xarici işlər naziri, “Technion”un səfiri Qabi Aşkenazi, “Technion” İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak ediblər. Onlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Açılışda çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasını ölkəmizin kibertəhdidlərə hazırlığının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

Qeyd edilib ki, “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəzdə "Technion"un təcrübəli müəllim heyəti 3 il ərzində 1000-dən çox mütəxəssis hazırlayacaq.

Eyni zamanda, yerli təlimçilərin yetişdirilməsi gələcəkdə proqramın əhatə dairəsini daha da genişləndirəcək. Mərkəzdə yerli təlimçilərin hazırlanması ilə yanaşı, mövcud mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də rəhbər şəxslər üçün təlimlərin təşkili də nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimlərində iştirak etmək üçün iki min nəfər müraciət edib. Seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 tələbə dərslərə cəlb olunub.

Naziri Rəşad Nəbiyev mərkəzin ilk 60 tələbəsini təbrik edib və onlara uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin “Technion” Universiteti arasında imzalanmış müqaviləyə əsasən təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat prosesinə ötən ilin avqust ayından start verilib. Kibertəhlükəsizlik sahəsi üzrə təlimlərdə iştirak üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olan Azərbaycan vətəndaşları müraciət ediblər.

İştirakçıların seçimi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə təlimlərdə iştirak etmək istəyənlər onlayn qeydiyyat forması ilə müraciət ediblər. Təlimlərdə iştirak etmək istəyən namizədlər https://cert.az/kibertehlukesizlik-telim-qeydiyyat.html keçidinə daxil olaraq və onlayn müraciət formasını dolduraraq qeydiyyatdan keçiblər. Qeydiyyat üçün son tarix 20 oktyabr 2022-ci il müəyyən olunub.

Yalnız qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələlərdə iştirak hüququ əldə ediblər. Daha sonra namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İT sahəsində bilikləri və ingilis dili səviyyəsi yoxlanılıb. Sonuncu mərhələdə isə onlarla müsahibə aparılıb və müsahibədən uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edib.

Proqrama qəbul olunan şəxslər 6 ay müddətində “Technion” Universitetinin professor-müəllim heyətinin keçəcəyi təlimlərdə iştirak edəcəklər. Tədris ingilis dilində aparılacaq. İştirakçılar şəbəkə, proqramlaşdırma, əməliyyat sistemləri ilə bağlı biliklər əldə etməklə yanaşı, kibertəhlükəsizlik sahəsində müxtəlif istiqamətlər üzrə ixtisaslaşacaqlar. Təlim proqramını uğurla başa vuranlar “Technion” Universitetinin sertifikatını əldə edərək kibertəhlükəsizlik üzrə mütəxəssisə çevriləcəklər.

Alpər TURAN

banner

Oxşar Xəbərlər