Ali məktəbə qəbul olunmamaq həyatın sonu deyil

İki gün öncə - Dövlət
İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə
qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi
qəbul imtahanından sonra Sumqayıt şəhərində bir
gündə iki abituriyentin intihar etməsi xəbəri gündəmi silkələdi. Mediada və
sosial şəbəkələrdə intiharın səbəbi kimi hər iki abituriyentin imtahandan yüksək
bal toplamaması göstərildi. Bir-birini əvəzləyən statuslar, rəylər bədbəxt
hadisədə gah valideynləri günahkar saydı, gah məktəbi qınadı...
Cəmiyyətin həssaslıqla reaksiya verdiyi hadisə
Milli Məclisin Ailə, qadın və uşaq
komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan
qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı da narahatlıqla müzakirə
olundu: "Valideynlər uşaqlara "sən oxumasan, vəziyyətin pis olacaq”, "Hüquq
fakultəsinə və ya hansısa fakultəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə
düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur.
Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan
fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər”. "Peşə
təhsili haqqında” qanunda hər bir insanın özünə peşə seçmək hüququnun olduğunu
bildirən komitə üzvləri: "Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim
ola bilməz... Xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır” - deyə
narahatlıqlarını ifadə ediblər.
Gerçəkdənmi, intiharlarda sosial şəbəkələrdə
vurğulandığı, millət vəkillərinin də qabartdığı kimi, valideynlər günahkardır?
Necə etmək lazımdır ki, şagirdlər orta təhsil prosesində "həyat təkcə ali məktəbdən
ibarət deyil və ya oxumaq üçün qarşıda illər çoxdur” fikirlərini anlaya bilsinlər?
Nəhayət, özünü uğursuz hesab edən abituriyentləri ağlına hakim kəsilən kabusdan
necə qorumalı?
Əsas məsuliyyət məktəblərin və valideynlərin üzərinə düşür
İntihar hallarının təkcə abituriyentlərlə bağlı olmadığını deyən təhsil eksperti Etibar Əliyevin sözlərinə
görə, bu cür bədbəxt hadisələr bütün dünyada müşahidə olunur. Sadəcə, ali məktəblərə
qəbulla bağlı məsələlərdə intihar aktı çox geniş ictimailəşdirilir: «Bəzən gənclər
sevgiləri baş tutmayanda, hansısa məsələdə depressiyaya qapılanda, psixi
problemləri yarananda da intihar üsullarına əl atırlar. Ancaq bu hadisələrin
heç biri abituriyentlərin intihar aktı qədər şişirdilmir». Təhsil eksperti
abituriyentlərin intihar hadisələrini ümumtəhsil məktəblərində psixoloqların
işinin aşağı səviyyədə olması ilə əlaqələndirir: «Psixoloqlar müəyyən yaşlar
üzrə maarifləndirmə işləri aparmalıdırlar ki, şagirdlər təhsilin təkcə ali təhsildən
ibarət olmamasını dərk edə bilsinlər. Çünki təhsilin peşə təhsili, kollec təhsili
və s. kimi pillələri də var. Yəni psixoloqlar şagirdlərə anlada bilməlidirlər
ki, həyat təkcə ali təhsildən ibarət deyil. Onlar peşə və kollec təhsili üzrə həyatda
layiqli yer tutan insanları nümunə kimi göstərə bilərlər. Şagirdlərin repetitor
yanına axışması, valideynlərin övladları üçün kifayət qədər vəsait xərcləməsi
uşaqların psixikasına mənfi təsir göstərir. Əgər məktəb təhsilini gücləndirə,
uşaqları məktəbə bağlaya və repetitorun kökünü kəsə bilsək, müəyyən qədər irəliləyişə
də nail ola bilərik”.
Sovet dövründəki təhsilin hazırkı qəbul imtahanlarına bənzəmədiyini
deyən ekspert "o zaman müəllimlə tələbənin ünsiyyətdə olması daha çox psixoloji
situasiya yaradırdı” deyə xatırlayır: "Uşaqlar professorların qarşısında imtahan
verirdilər. Ancaq imtahandan kəsildikləri halda heç biri intihara əl atmırdı. Mən
80-ci illərin tələbəsi kimi 7 ildən sonra ali məktəbə daxil olub, parta
arxasında əyləşərək tələbəlik dövrü keçirmişəm. Bu da heç bir stressə səbəb
olmurdu. O zaman müəllimlər həm də tərbiyəçi funksiyasını yerinə yetirirdilər.
İndi isə müəllimlər dərslərini deyib məktəbdən tez aralanmaq, evdə, kurslarda
hazırlıqla məşğul olmaq istəyirlər”. Ekspert hesab edir ki, məktəbdə şagirdlər
arasında psixoloji işləri dərinləşdirmək, onlarda optimist hissləri gücləndirmək
lazımdır. Belə ki, hazırda Dövlət İmtahan Komissiyası uşaqlara iki dəfə imtahan
vermək şansı yaradır. Yəni əgər birinci dəfə stress vəziyyətində olublarsa,
növbəti dəfə özlərini psixoloji duruma hazırlaya bilərlər: "Digər tərəfdən,
uşaqlara sakitləşdirici preparatlar vermək qətiyyən doğru deyil, bunun çox mənfi
nəticələri olur. Müəyyən maddi maraq kəsb edən bu cür preparatlar
telekanallarda təbliğ olunur. Həmçinin sinif rəhbərləri, məktəb müəllimləri və
valideynlər uşaqlarda optimist hissləri gücləndirməli, valideynlər övladlarını
yüksək nəticə göstərməyə məcbur etməməlidirlər. Təhsil elə prosesdir ki, bütün
valideynlər övladlarının hansı biliyə malik olduğunu bilirlər. Heç kim birdən-birə
iki metr hündürlüyə tullana bilməz. Hər şey mərhələ-mərhələ olur. Valideynlər
bunu bildiklərinə görə, övladlarını təhrik etməməli, övladlarını təhsilin başqa
pilləsinə cəlb etməlidirlər. Bundan əlavə, valideynlərin əksəriyyəti nə
pedaqoq, nə də psixoloqdur. Ola bilsin ki, bir çoxunun ali təhsilləri də
yoxdur”.
E.Əliyevin fikrincə, burada əsas məsuliyyət məktəblərin və valideynlərin
üzərinə düşür: "Valideynlər günün müəyyən hissəsini işdə ola və ya övladları ilə
maraqlanmaya bilərlər. Ona görə də onlar övladlarını yüksək nəticəyə, həmçinin
ixtisas seçiminə məcbur etməməlidirlər. Uşaqlar özlərindəki motivasiyanı dərk
edib ixtisas seçməlidirlər”.
Psixoloqların vəzifəsi
Əməkdar müəllim Almaz
Həsrətin fikrincə, doğma adamlar övladlarına onların yanında olduqlarını
hiss etdirməli və uşaqları dəyərləndirdiklərini bildirməlidirlər: "O zaman
uşaqlar həqiqətən də özlərinin qiymətli və yaxınlarına, valideynlərinə gərəkli olduğunu
dərk edirlər. Çox təəssüf ki, biz hələ də ümumtəhsil məktəblərinin dəqiq hansı
funksiyanı yerinə yetirdiyini, hansı işləri görməli olduğunu dərk etmirik. Nəinki
dərk etmək, hətta az da olsa anlamağımızı belə istəmirik. Məktəblər cəmiyyətimiz
üçün yalnız və yalnız şəxsiyyət, əsil vətəndaş, müxtəlif məzmuna malik olan
şagirdləri hazırlamalıdır. Məktəblər əsil insan, əsil vətəndaş, milli ruhda
olan əsil azərbaycanlı hazırlamalıdır, ali təhsil müəssisəsinə daxil olan, əzbərçiliyi
ilə hamıdan seçilərək, balları ilə yüksək olan bir insan deyil. Şagirdlərin
mütləq şəkildə ali məktəbə qəbul olunmasına önəm verilməməlidir. Bəzən ailədə və
məktəbdə tədris edən müəllimlərin sözlərində şagirdlərimizə qarşı fərqli
yanaşmalar görürük. Müəllim və valideynlər övladlarını, şagirdlərini sanki həyatda
ən mütləq və ən vacib olan diplomu mütləq şəkildə almağa hazırlayırlar. Yalnız
bu sənədin əldə olunması üçün çalışırlar. Oxumaq deyil, öyrənməyə, peşə sahibi
olmağa çalışmalıyıq”.
Ekspertin fikrincə, son olaylar, xüsusilə də ilk uğursuzluqlarının nəticəsində
intihara sürüklənmənin əsas səbəbi ailədə və məktəblərdə bu durumun qarşısının
alınması istiqamətində işlərin görülməməsidir: "Məktəblərdə psixoloqlar var.
Onlar ilk növbədə buraxılış siniflərində təhsil alan şagirdlərin məhz həmin dönəmlərdə
çox həssas olduğunu bilməlidirlər. Bu zaman onlar valideynlərə dəstək olmaqdan
ötrü daim sinif iclaslarına qatılmalıdırlar. Psixoloq olan bəzi məktəblər var
ki, şagirdlər onların nəinki adını bilir, heç üzünü belə görməyiblər. Məktəb
psixoloqları mütəmadi olaraq buraxılış siniflərində təhsil alan şagirdlərlə,
onların valideynlər ilə görüşlər keçirməlidir.
Bu onların ən ümdə vəzifələrindən biridir. Uğursuzluğun həyatın son nöqtəsi
olmadığını həm şagirdlərə, həm də bəzi valideynlərə aşılamalıdırlar”. Əməkdar
müəllim hesab edir ki, psixoloqlar məktəbdə təhsil alan şagirdlərlə daim bu
yöndə söhbətlər aparmalı, onlara intiharın ən iradəsiz və ən qorxaq insanlara məxsus
bir cəhd olduğunu bildirməli, həyatlarına son qoymamalarını daim tarixdən gələn
uğurlu nümunələrlə izah etməlidirlər. Belə ki, həyatın gözəlliyininin məhz
mövcud yaşlarında olduğunu bilmələri üçün onları daha uğurlu insanların taleləri
ilə tanış etmək gərəkdir: "Onlara bir çox məşhur liderlərin məhz peşə məktəbinin
məzunları olduqlarını deməlidirlər. Nümunə olaraq kollec təhsilli olanın millət
vəkili səviyyəsinə qədər yüksələ bilməsini deməlidirlər. Məsələn, nəinki Azərbaycanda,
bütün dünyada tanınan və fəxrimiz olan sənətkarımız Zeynəb xanım Xanlarovanın həyat
və yaradıcılığından məlumat verməklə, ali təhsilin insanın həyatında çox önəmli
rol oynamadığını bildirmək lazımdır. Ali təhsil insanın özünün aliliyi ilə
ölçüləndir, əlindəki diplom-kağız parçası ilə deyil. Ali təhsillilər var ki,
ömrünün axırına qədər nəinki işlə təmin olunmur, hətta yaşadığı çevrədə belə
adı tanınmır. Əsil ali təhsilli insan mükəmməl bacarığı və peşə təhsili,
istedadı olan insanlar sayılır”.
Psixoloji hazırlıq
Psixoloq Elnur Rüstəmov da
məktəb psixoloqlarının işinin qənaətbəxş olmaması fikri ilə razılaşır: "Nəzərə
almaq lazımdır ki, bu gün Azərbaycanda ali məktəbə sənəd verən abituriyentlərin
böyük bir qismi repetitor yanına və yaxud hansısa təhsil kurslarına gedirlər.
Repetitor yanına getdikləri üçün şagirdlər orta məktəbdə fəaliyyət göstərən
psixoloqlarla əməkdaşlıq şəraitində deyillər. Hətta abituriyentlərin böyük bir
qismi bitirdikləri məktəbdə psixoloqları heç tanımırlar. Ancaq ali məktəbə qəbul
olunma prosesində fənn hazırlığı ilə paralel psixoloji hazırlıq da diqqətə
alınmalıdır. Etiraf etmək lazımdır ki, bu gün psixoloji hazırlıq arxa planda
qalır. Ən sonda psixoloqa müraciət edirlər”. Psixoloq valideynlərin hətta
alternativ yollara əl atdığını, məsələn, bəzi valideynlərin imtahan öncəsi
uşaqlarını ziyarətgaha apardıqlarını, bəzilərinin nevropatoloqa müraciət etdiklərini
deyir: "Hərənin bir yolu var. Ancaq dünyada qəbul olunmuş bir yanaşma var ki, fənn
hazırlığı ilə paralel olaraq psixoloji hazırlıq olmalıdır. Bu, orta məktəbdə, tədris
kurslarında aparılır və yaxud abituriyent fərdi psixoloq dəstəyi alır. Bizim elə
abituriyentlər var ki, onlar hazırlığı sırf repetitor yanında keçirirlər və
yüksək nəticə də göstərirlər. Ancaq bizim elə abituriyentlər də var ki, çox
oxuyur, ancaq nəticəsi zəif olur. Diqqət yayğınlığı, sualı axıra qədər
oxumamaq, imtahan fobiyası və s. hallar da olur. Valideyn də bunu bilir. Çünki
qəbul imtahanından əvvəl eyni hallar sınaq imtahanlarında baş verir. Ancaq
valideyn bunu ciddiyə almır”.
E.Rüstəmov ailədaxili konfliktlərin, valideynlərin övladına təhrikinin
də bu tip hadisələrdə rol oynadığını deyir: "Baş verən hadisə birdən ortaya
çıxmayıb – bu, yığılıb qalan problemlərin nəticəsidir. Bəzən valideyn gün ərzində
uşağından «nə qədər bal yığacaqsan?”, "bu il daxil ola biləcəksənmi?» - deyə
soruşmaqla, ona stimul verdiyini düşünür. Ancaq bu, uşaqda daxili qapanmaya və
narahatlığa gətirib çıxarır. Övladın nə qədər bal toplayıb-toplamamasından
asılı olmayaraq, ona sevgi göstərilməlidir. Uşağa aşılanmalıdır ki, imtahandan
zəif nəticə göstərmək bu həyatın sonu deyil. Belə olmadığı təqdirdə biz bu cür
hadisələrlə rastlaşarıq”. Psixoloq imtahanların birinci mərhələsindən sonra baş
verən faciəni imtahanların ikinci mərhələsində
iştirak edəcək abituriyentlər üçün acı nümunə sayır: "Bu hadisəyə görə
SOS siqnalı çalınmalıdır. Bu, bizim ən yaralı yerimizdir. Dünyanın hər yerində
- uşaq bağçaları, orta məktəblər və ali məktəblərdə psixoloji hazırlıq ən üst səviyyədə
saxlanılır. Bu, həm işin keyfiyyətinin qalxmasına, həm fərdin özünün daxili
rahatlığına, həm də faydalı iş əmsalının artmasına yardımçı olur. Bizdə isə
bunu etmirlər, fəsadlar da ortadadır”.
Psixoloq valideynlərə səslənərək övladlarının fənn hazırlığı ilə bərabər
psixoloji hazırlıqlarını da nəzərə almağa çağırır: "Psixoloji hazırlıq qəbul
prosesində böyük rol oynayır”.
Təranə Məhərrəmova
