Aylar
öncə Opera və Balet Teatrının səhnəsinə özü çıxmışdı. Solo ifasıyla
və əsasını qoyduğu, rəhbəri olduğu "Savalan” qrupu ilə. "Uzun, incə bir
yoldayam” - deyə irfani səsinə, ecazkar ifasına salona yığışanları heyran
etmişdi. O anda musiqisinə vurğun kəsilənlərin ağlına da gəlməzdi ki, bir neçə
ay sonra elə bu salonun yaxınlığında- Rəşid Behbudov adına Mahnı Teatrında onun xatirəsi anılacaq – kədərlə, göz yaşlarıyla... "Bir
səs kimi yaşamaqda idi. Tək-tənha. Yaddaşının içində ömür sürürdü. «İnsanın
yaddaşı sanki onun Vətənidir» sözlərini ona baxıb demişdilər” - sözlərini sənət
dostları nisgillə söyləyəcək, gecəni uzun, incə bir yolun davamı kimi hiss
edəcəkdilər.
«Hər
yeni gün gün deməkdir, ömrün sənin bir örnəkdir» - deyə Novruz Novruzlunu "Savalan” qrupu ilə sənət dostları,
yaxınları Mahnı Teatrında yad etdilər. Sanki canlı imiş kimi, ifasında
səsləndirilən musiqilər "Savalan” qrupunun ifa etdiyi ilahilərə qarışdı.
"Yaxşı oxumaq – yaxşı əməl
deməkdir” «Salonda
əyləşən insanların bəziləri xatırlayır: bir neçə ay bundan əvvəl belə bir
səhnədə Novruz Novruzlunun möhtəşəm konsertinin açılışını etmişdik. Konsertdə
çox maraqlı və düşündürücü bir ad seçilmişdi: «Uzun, incə bir yoldayam».
Bir-birindən gözəl, rəngarəng nəğmələrlə dolu uzun bir gecə yaşamışdıq” - deyə
gecəni açan Rafiq Haşımov Allaha inanaraq yaxşı işlər görənlərin yaxşı əməl
sahibi olduqlarını söylədi: "Səmavi kitablarda bu ifadəyə tez-tez rast gəlmək
olur: inanaraq yaxşı işlər görənlər... Bəşər övladının məşğul olduğu çoxsaylı
peşələr, sənətlər var. İnsanlar bir-birinə lazım olsun deyə bizə ən müxtəlif
sənətlər verilib. Kimi bu işlərin öhdəsindən əla, kimi yaxşı, kimi də necəsə
gəlir. Amma mənim düşüncəmə həmişə bir fikir hakim kəsilib: inanaraq yaxşı
işlər görənlər. Məşhur bir rejissorun "film çəkmək əməl deməkdir» fikri həm də
o mənanı verir ki, yaxşı film çəkmək yaxşı əməldir və ya əksinə. Mənə elə gəlir
ki, bu sözləri bütün sənətlərin bənzəməyə çalışdığı musiqiyə də şamil etmək
olar. Yaxşı oxumaq – yaxşı əməl deməkdir”.
R.Haşımov Novruz Novruzlu dünyasını dəyişəndən sonra onun haqqında yalnız "yaxşı adam”
sözlərini eşitdiyini bildirdi: "Bir
tanışım sosial şəbəkədə sənətçinin ifası yerləşdirilmiş səhifədə yazılanları
mənə oxumuşdu. İstisnasız olaraq hamı məzmun etibarilə bir fikri dilə
gətirirdi: Yaxşı adam. Şəxsən mənim üçün bundan böyük ad, bundan böyük qiymət
yox idi. Yaxşı sənətkar olmaq olar. Yaxşı alim, yaxşı mühəndis, yaxşı vətəndaş,
yaxşı ata, yaxşı ər, yaxşı əsgər olmaq olar. Bunların hamısının müəyyən bir
formulu var. "Yaxşı adam” heç bir əndazəyə sığmadan, izahı yalnız Allah kəlamı
ilə ölçülə bilən bir meyardır. "Yaxşı adam” Allaha inanaraq yaxşı işlər
görəndir. Novruz Novruzlu inanan adam idi. O, öz sələfinə inanırdı. O,
dostlarına inanırdı, o millətinə, tamaşaçısına inanırdı. O, ölkəsinə, dövlətinə
inanırdı. O, insanlığa inanırdı. Çünki o, Allaha inanırdı. Ona görə də o, yaxşı
işlər görürdü, yaxşı musiqilər ifa edirdi. Bilmirəm, nədəndir, mən bu gecəni
onun özünün ifa etdiyi «uzun, incə bir yolun davamı kimi» hiss edirəm. Hiss
edirəm ki, insan doğrudan da ölmür, dünyasını dəyişir. Bir də deyirlər ki,
insan xatırlandığı qədər yaşayır: «Yaxşı adam kimi, gözəl söz kimi, duyğulu bir
səs kimi...”
"Mənə elə gəlir ki, o, harasa
gedib" Müğənni-bəstəkar haqqında nümayiş etdirilən
qısa filmdə onun təkcə bir sənətkar kimi deyil, həm də bir insan kimi
xüsusiyyətləri xatırlandı. Tanınmış şəxslərin, incəsənət adamlarının onun
haqqındakı ürək sözləri hamının tanıdığı nurani, irfani Novruz Novruzlunu bir
daha olduğu kimi yada saldı.
«Novruz
müəllim qazanc dediyimiz ziyalılardan biri idi. Mən hələ də onun aramızda
olmadığına inana bilmirəm” deyə millət
vəkili Qənirə Paşayeva Novruz Novruzlu ilə vəfat etməsindən bir neçə saat
öncə görüşdüyünü xatırlayır: "Suriya türkmənlərinin tanınmış sənətçisi Adil bəy
gəlmişdi. Biz bərabər söhbət elədik, onların birgə ifası barədə müzakirələr
apardıq. Ayrılanda da «yaxın günlərdə bir də görüşərik» - dedik. Bir neçə saat
sonra isə Novruz müəllimin ölümü ilə bağlı mənə xəbər veriləndə inana bilmədim.
O, insani xüsusiyyətləri ilə çox yüksəklərdə duran şəxsiyyət idi”. Millət vəkili müğənnini mərhəmət və
sevgi dolu insan, sənətinin peşəkarı kimi anır: "Novruz müəllim milli musiqini gözəl bilirdi. O, musiqi ilə
bərabər türk dünyasının musiqisini, dünya musiqisini bilirdi. O, nadir
insanlardandır ki, təsəvvüf musiqilərini, sufizmə yaxın musiqiləri yüksək
peşəkarlıqla ifa edə bilirdi. Bu musiqiləri ifa edən insanlar onları yaşamalı,
həyatının bir parçasına çevrilməlidir. Novruz müəllim də bunları yaşayan
insanlardan idi. O, millətinin, ədəbiyyatının tarixini, düşüncəsini bilən,
təbliğ edən, sevərək müdafiə edən, qoruyan və tanıdan sənətkar idi. Xeyirxahlıq,
mərhəmət, sevgi dolu bir insan idi. Ona görə də onun aramızdan belə tez
ayrılmasına heç kim inana bilmir. O qədər həyat dolu idi ki, hamı onu sevirdi.
Mənə elə gəlir ki, o, harasa gedib, yenə qayıdacaq, biz yaxın günlərdə mütləq
görüşəcəyik. Çünki yeri görünür... Azərbaycan musiqisi tarixində də Novruz
müəllim özünəməxsus yeri ilə hər zaman anılacaq, sevgi və rəhmətlə xatırlanacaq”.
Şaman musiqisindən sufi
musiqisinə qədər Novruz
Novruzlunun Folklor İnstitutunun nəzdindəki «İrs» ansamblındakı fəaliyyətini
xatırlayan akademik Muxtar İmanov onu
həm layiqli insan, həm də peşəkar sənətkar kimi xatırlayır: "Sonradan biz
"İrs”i «Qorqud» ansamblı adlandırdıq. Biz Novruz Novruzlunun «Savalan» qrupunu
yaratmasına nəzər salsaq, bunu daha dərindən duya bilərik. 20 Yanvar faciəsinə
münasibətini məhz «Savalan» qrupunu yaratması ilə üzə çıxardı. O, həmişə
deyirdi ki, insan bəzən öz içindəki dərdi, faciəni sözlə ifadə edə bilər. O, öz
ifaları ilə bunu sübut edirdi. Novruz Novruzlu ifa etdiyi musiqi nömrələrini
əslində özü kəşf etməmişdi, sadəcə olaraq qədim musiqi parçalarını – bir ucu
Altaydan, qədim şaman musiqisindən başlamış, sufi məclislərində muğam üstündə
ifa olunan musiqilərə qədər öz ifalarını yaratmışdı. Onun aktyorluq və
müğənnilik sənəti uzaq keçmişlə bu günü birləşdirən və gələcəyə ötürülən bir
repertuar idi. Müğənninin böyük sənət yadigarları qalıb. Bu yadigarlar onun
yaxın dostları tərəfindən göz bəbəyi kimi qorunacaq, lentlərə köçürüləcək,
gələcək nəsillərə çatdırılacaq. Bu əsərlər Novruz Novruzlunu əbədi yaşadacaq”.
Nəsimi qədər inqilabçı «Elə
insanlar var ki, onları tanıyanda, elə bil bir-bir qapıdan keçirsən. Mən bu
qapılardan keçib Novruz müəllimin dünyasına daxil olurdum. Mən onun nurani
üzündə, qədim, irfani səsində, davranışında klassik Azərbaycan insanının
sifətlərini görürdüm” - deyə yazıçı
Orxan Fikrətoğlu xatirəsindəki Novruz Novruzlunu andı: "Onun səsində
Xəqani, Nəsimi, Şirvani, Əcəmi, Bakuvi, həm də 25-ci əsrdə yaşayacaq Orxan,
Novruz var. Novruz müəllimlə oturub saatlarla söhbət etməmişəm. Amma insanlar
var ki, mənim 50 illik tanışım olsalar da, onları xatırlamıram. Novruz müəllim
əxlaqa köklənmişdi. Bəlkə də anadan olandan bu əxlaqda idi. Novruz müəllimin
oxuduğu yol türk təsnifatı, türk kökənli idi. Onun ifa etdikləri bizim
türkçülüyümüzdən gələn bir şücaət idi. Novruz müəllimin ifasına eyni zamanda
bir Avropa mədəniyyəti qarışmışdı. Onun davranışında, mədəniyyətində eyni zamanda
buddist elementləri, təvazökarlıq vardı. Dünyadan heç nə istəməmək vardı. Bu
mənim üçün həmişə sirli bir hal idi”. Yazıçı mərhum Novruz Noruzlunu qapalı
olduğu qədər də humanist, xeyirxah insan kimi yada salır: "Novruz müəllim
həmişə hardansa gəlib, harasa gedən, öz içində gizlətdiyi sirr olan bir adam
idi. Mən təbii ki, həmişə bu sirri açmağa çalışırdım. O, eyni zamanda, qapalı
adam idi. Birdən o, təzədən özünə qayıdırdı. Bu fikirdəyəm ki, Novruz müəllim
Azərbaycanın qəniməti idi. O, Azərbaycan üçün bir dəyər, vergi idi. O vergi
bizə verildi, ola bilsin ki, biz ona layiq olmadıq, ona görə də tez əlimizdən
alındı. Mənim üçün Novruz müəllim ömrümdə gördüyüm saf, dürüst, ali insanlardan
biri idi. O, mənim üçün böyük, içinin səsi çölünün səsinə tən gələn sənətkar,
bizim tarixi dəhlizlərdən keçmiş, mentallığı günümüzə gətirib çıxara bilən
Promotey ruhlu insan idi. O, Nəsimi qədər inqilabçı idi”.
Gecədə mərhum sənətkarın ömür-gün yoldaşı
Sevda xanım və oğlu Bürhanəddinın ifa etdiyi musiqi nömrəsi Novruz Novruzlunun
xatirəsinə gözəl ithaf oldu. Sənətçinin xatirəsini əziz tutan ölkənin tanınmış
sənət adamları da musiqi töhfələrini əsirgəmədilər. Həmçinin aktyorların
ifasında kiçik səhnəcik oynanıldı.
Bir
neçə ay öncə Novruz Novruzlu elə bu səhnədən «Bilmiyorum nə haldayım» - oxuyur,
"Gediyorum, gündüz-gecə» - deyirdi. Getdi də... Amma arxasınca bütün qapıları
bağlamadı. O qapılar ki, indi onların arasından ilahi səsi, irfani musiqi
süzülür. Bu ifalar duyğusal ürəklərə yayılır, "Salam olsun...” deyir... Təranə
Məhərrəmova