AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Zəfər tağı” romanında “düşmən” konsepti

“Zəfər tağı” romanında “düşmən” konsepti

18 May 2020, 14:30 218
Konsept kateqoriyası müxtəlif elm sahələrindən olan bir çox alimlər – filosoflar, psixoloqlar, kulturoloqlar və başqaları tərəfindən daim araşdırılır. Onlar müxtəlif interpretasiyalar və təsnifatlar təqdim edir, fərqli araşdırma metodları həyata keçirirlər. Amma bununla belə hal-hazırda nə "konsept” termininin ümumi qəbul edilmiş təyinatı, nə də hər hansı əsərin konseptual analizinin dəqiq hazırlanmış sxemi mövcud deyildir.
 
L.Babenkonun fikrincə konseptual analiz bu və ya digər ədəbi əsərin baza konseptinin aşkarlanması və interpretasiyasıdır. Konsept bədii mətndə formalaşır, amma daxili mətn təbiətinə malikdir.
 
Konseptin formalaşması üçün əsasən onun içərisindəki sözlərin təkrarlanmasının böyük əhəmiyyəti var (leytmotivlər, leksik sözlər, dominantlar kimi). Bizim nəzərimizcə ədəbiyyatşünaslıq analizinə xas olan "düşmən” konsepti Erix Mariya Remarka məxsus olan baza konseptlərindən biridir.
 
Bu məqalə personajların sistemli səviyyəsində reallaşması nöqteyi-nəzərindən "düşmən” konseptinin analizinə həsr olunur. Yazıda bundan başqa "doğma-yad” ikili mövqeyin sosial mədəni transformasiyasının "Zəfər tağı” romanında (1945) kontekstual variantı olan "doğma-pis doğma” (alman-pis alman) nəzərdən keçirilir. 1940-1950-ci illərdə Remark ilk başda aktiv şəkildə kino ssnerasi olaraq nəzərdə tutduğu kitab üzərində çalışır. Burada əsas rolda Marlen Ditrix yer alıb. Yazıçı ona yazdığı məktublarda romanın süjeti barədə dəfələrlə bəhs etmişdir. Marlen əsas qəhrəman Joan obrazında canlandırılmışdır. Lakin "Zəfər tağı” – ya da yazıçının öz gündəlikləri və məktublarında adlandırdığı kimi "Ravik haqqında roman” məşhur aktrisa ilə ayrıldıqdan sonra sona çatmışdır.
Hələ 1937-ci ilin dekabrında Remark Parisdən M.Ditrixə yazırdı: "Mən hələ heç vaxt bu qədər pis vəziyyətdə olmamışam. Mən məhv olmuşam, həm gümüşü dekabr havasında, həm də boz rəngli melonxolik səmada azıram”.
 
"Zəfər tağı”nda azmaq hissi üstünlük təşkil edir. Romanın mərkəzində faşistlər tərəfindən "vətənləri, mal-mülkləri ilə birlikdə həyatları da əllərindən alınan” insanların faciəsi dayanır. Hələ dünən onlar ayaqları altında möhkəm təməl hiss edirdilər, indi isə kimsəsiz gecəqondu proletariatlarına çevrilməlidirlər.
Əsərin əsas qəhrəmanı Almaniyanı tərk etməli və Fransaya qaçmalı olur. O, vətəni ilə bərabər, həm də əsl adı Frezenburqu da unutmalıdır. Burada o, özünə Ravik adını götürür. Ravikin pasportu və işləmək üçün rəsmi icazəsi yoxdur.
 
O, daim qeyri-qanuni yerləşməsinin polisə agah olacağı və deportasiya olunacağı qorxusu ilə yaşayır. Ravik özəl klinikada qəpik-quruş qarşılığında əməliyyatlar keçirərək, eyni zamanda digər həkimlərin assenti vəzifəsində çalışır. Həyat onun üçün bütün marağını itirmişdir, hətta sevgi də onun varlığının mənasını geri qaytara bilməz. Kitabdakı hadisələr tutqun Paris küçələrində baş verir. Sonda isə Ravik Qərbi Avropanın faşistlərin hələ ayaq basmadığı son dövləti olan Fransanın əzəmətli simvolu olan Zəfər tağının qaranlıqda necə yoxa çıxdığını görür.
 
Romanda Remarkın bir çox mühacir romanlarını təşkil edən süjetlərindən biri olan insanla totalitar sistemin qarşıdurması üstünlük təşkil edir, həm də bu üstünlük, süjetə əsasən Ravikin Haakeni qətl etməsi səhnəsində müəllifin öz ifadəsi ilə desək, şəxsi intiqam motivinə çevirir. Qeyd edilən motivlər (düşmənlə görüş motivi analizə cəlb edilə bilər) romandakı düşmən personajların tipoloji bölünməsinə imkan yaradır.
 
Remarkın yaradıcılığında hər zaman iki cür düşmən mövcud olmuşdur: xəyali, məsələn "Qərb cəbhəsində yenilik yoxdur” əsərindəki məşhur səhnədəki fransız-düşmən və ya "yaşamaq və ölmək zamanı”ndakı rus əsirləri və real düşmən (həqiqi). Xəyali düşmənlər sırasına əsərdə Remarkın Ravikin cəbhə xatirələrində qeyd etdiyi neytral düşmən aiddir: "Bu hadisə 1916-cı ilin avqust ayında İpro yaxınlığında baş vermişdi. Bölüyü geriyə çəkmişdilər. Əsgərlər ocaqda kartof bişirirdilər. Gözlənilmədən artilleriya hücumu baş verdi – mərmi düz ocağa düşmüşdü. O, sağ-salamat şəkildə özünə gəldikdə iki yoldaşının ölmüş olduğunu gördü. Bir az aralıda dostu Paul Messman uzanmışdı. Onun qarnı dağılmış, bağırsaqları çölə tökülmüşdü”.
 
Remark hücumun kim tərəfindən törədildiyini və yoldaşlarını kimin öldürdüyünü göstərmir. Bununla müəllif bizim düşündüyümüz kimi növbəti dəfə qeyd etmək istəyir ki, cəbhədəki ölümlər barədə sülh dövrü qanunlarına əsasən mühakimə yürütmək olmaz. Axı yuxarıdakı qeydi edən hakim Remarkın özü həmvətənlərinin ölümündə günahkar olan düşmənin qiymətləndirilməsində neytral mövqedə dayanır, çünki o, özü də əsgər olmuşdur və bilir ki, cəbhədə qətllər törədərkən onlar (həm özünkülər, həm də yadlar) əksər hallarda öz iradələrinin əleyhinə hərəkət edirlər. Qətl törətməyə onları əmr və ya özünümüdafiə instinkti məcbur edir. Onlar həyatın dəyərini bilir və heç vaxt hüdudu keçmirlər. Əlbəttə ki, bu cür kontekst Haakenin qətlinə həqiqi qiyməti verməkdə kömək edir. Əsl real düşmən sırasına (nasistlərin nümayəndəsi qismində) biz məhz onu aid edirik.
 
Bu cür tipoloji bölünmə Ravikin arvadının Almaniyada həlak olması barədə xatirələri nümunəsində kontekstual dərəcədə də təsdiqlənir: "Berlin. 1934-cü ilin yay axşamı; gestapo binası; qan; pəncərəsiz boş divarları olan otaq. Sibillanın kədərli üzü. Bir neçə nəfər mundirli cəllad onu tutub saxlayıb; bir də digər gülümsəyən sima və məlahətli bir səs. Əgər o, ayılmasa başına nə gələcək... Üç gündən sonra Sibillanı aradan götürdülər. Guya o, özünü asmışdı”.
Qeyd etmək lazımdır ki, düşmən-personajların bu cür tipoloji bölünməsi "doğma/yad – pis doğma” mövqeyindən meydana gəlir. Onun şəkil dəyişməsi ilk növbədə bizim qeyd etdiyimiz ikili variantı ilə "alman – pis alman” bağlıdır.
 
Axı Sibillanın vəfatı səhnəsindən fərqli olaraq yuxarıda misal çəkilən cəbhə səhnəsi nümunəsində (güllələnmədən ölən əsgər) neqativ kontekst tapmaq mümkün deyil. Ağırlığın "yad” hissəsində həmin neytral rəqiblərin çıxış etdiyi "doğma/yad” mövqeyindən köçürülməsi ilə Remark davamlı olaraq müxtəlif nümunələr gətirərək Raviki Haakenin qətlinə "hazırlayır”. Elə nasistlərin ələ keçirilən ərazilərdə törətdikləri vəhşiliklərin şahidlərinin danışdıqları hadisələr də eyni məqsəd daşıyır.
 
Ravikin xəstələrindən biri olan Ket Henqstrem öz təəssüratlarını bölüşür: "Avstriyalı nasist – bu, mənə qeyri-təbii göründü. İki il əvvəl ərə getdiyim yaraşıqlı sərsəri birdən nərildəyən şturmfürerə çevrildi. O, qoca professor Bernşteyni küçələri yumağa məcbur etdi, özü isə baxır və qəhqəhə çəkirdi”.
Əsasən bu və ya digər personajın "doğma” və "yad” qismində qiymətləndirilməsi müxtəlif formalarda həyata keçirilir. Bu hissədə Remark nasistlərə münasibətdə bir neçə dəfə bilərəkdən mənfi qiymətləndirmə ilə leksemlərdən istifadə edir: nərildəyən şturmfürer (nərildəyən – Remark nasisti heyvanla bərabərləşdirərək paralel aparır), mundirli cəllad (nasis-cəllad). Öz həmvətənlərinə nisbətdə yazıçı şüurlu olaraq almanları "alman-pis alman” mövqeyi ilə ayırır.
 
Haakenin qətlə yetirilməsi səhnəsi müəllif tərəfindən qeyri-adi dərəcədə dəqiq qeyd edilib və şübhəsiz ki, romanın kulminasiyasıdı: "O, artıq tamamilə özünə gəldi. Sifəti dəyişildi. Əvvəlki xeyirxahlıqdan və şuxluqdan əsər-əlamət qalmadı. İndi Ravik yenidən yaxşı tanıdığı və gestapo zindanından həmişəlik yadında qalan həmin Haakeni gördü. Ravik onu bütün bu müddət ərzində tərk etməyən şaşqınlıqdan dərhal azad oldu. Son dəqiqəyə qədər onda elə bir hiss var idi ki, sanki yad, bütün bu hadisələrə heç bir dəxli olmayan adamı öldürmək istəyir. Və birdən yenə ona bir vaxt baxan həmin gözlər – həmin vaxt o, növbəti bayğınlıqdan sonra ağrıdan boğularaq güclə özünə gəlmişdi. Həminki soyuq gözlər, həminki soyuq, sakit səs, inadkar səs”.
 
Seçilmiş hissənin analizi zamanı Haakenin "pis alman” (və real düşmənlər tipinə) mövqeyinə münasibətdə hipotezimizi təsdiqləyən bəzi mətni xüsusiyyətlər diqqəti cəlb edir. İlk növbədə bu, Sibilla ilə gestaponun zindanındakı səhnəyə allüziyadır. Həmin səhnədə Remark Haakenin adını çəkmir, amma biz hissəni diqqətlə oxuduqda bir səsləşməyə rast gəlirik. Sibilla ilə olan səhnə: digər sima – gülümsəyən və əgər o, özünə gəlməzsə başına nə gələcəyini mehribanlıqla başa salan səs. Haakenin qətli səhnəsi ilə müqayisə etdikdə birdən yenə də həmin gözlər canlanır: həminki soyuq gözlər, həminki soyuq, sakit səs, inadkar səs. Şübhəsiz ki, Remark bəzi leksemləri (gözlər, səs) ikinci nümunədə qəsdən təkrarlayır, məqsəd isə bizi məhz birinci səhnəyə yola salmaqdır.
 
Səhnənin öz kontekstində "yad adamı öldürmək” ifadəsindən istifadə edilməsi xüsusilə diqqətə layiqdir. Ondan istifadənin izahı ancaq növbəti güman ola bilər. Ravik müharibədənkənar kontekstdən kənarda qətl törədə bilməz. Hətta "düzgün iş” gördüyü faktını dərk etdikdə belə nasisti öldürərkən o, uyğun motivə ehtiyac duyaraq yenə də son ana qədər şübhə edir. Uzun müddət elə hesab edilib ki, Ravik Haakeni qətlə yetirərkən sanki antifaşist mübarizə üçün öz töhfəsini verir. Bəzi tənqidçilər bu addımı "liberal ziyalının” şəxsi qisası kimi dəyərləndirirlər. Əlbəttə ki, Ravikin bu hərəkətinə, həmçinin elə Remarkın bütün yaradıcılığına da müxtəlif baxış bucağından baxmaq olar. Remark özü və siyasi baxışları haqda bunları deyir: "Mən siyasi cəhətdən neytral adamam. Buna görə də oxucuları nə inandırmağa, nə dilə tutmağa, nə də tərbiyə verməyə hazırlaşmıram. Məni narahat edən halları təsvir edirəm. Özümü normal insan hesab etdiyim üçün dəqiq bilirəm ki, məni narahat edənlər bir çoxlarını narahat edir”. Bu təkan kimi allüziyalar da Sibillanın gestapoda olduğu səhnəyə xidmət edir. Belə düşünmək olar ki, müəllif "öldürməməlisən” devizindən qalmır, hətta bu, Haake kimi mənfi qəhrəmana aid olsa belə.
 
Qeyd etmək lazımdır ki, düşmən obrazının bu cür transformasiyasını biz Raviklə Boris Morozovun dostluğunda da görə bilərik. Kitabın əvvəlində Ravik Birinci dünya müharibəsi illərindən qalan cəbhə dostlarının vəfatını göstərərək keçmiş rəqibində yaxın dostunu tapır. Bu cür süjet xətti "doğma/yad, doğma/pis doğma” mövqeyini aşkar şəkildə təsvir edir. Bundan başqa burada qəhrəmanların taleyinin eyniliyindən danışmağa gərək qalmır. Axı Ravik məhz rus millətindən olan keçmiş düşmənini həqiqi dost və köməkçi hesab edir. Göstərilən mətn nümunələrindən də görünür ki, düşmən personajların bizim həyata keçirdiyimiz tipoloji bölünmələri təkcə kontekstual deyil, həm də leksik mərhələdə təsdiqlənir.
 
Ravikin cəbhə təcrübəsinin tipolji müqayisəsi, ən əsası isə Haakenin ölümü ”doğma-yad, doğma-pis doğma” ikili mövqeyini təsdiqləyir.
 
OLEQ YEVGENYEVİÇ POXALENKOV 
Rus dilindən tərcümə edən: Xatirə Nurgül