Uşaq kitablarının rayihəsi

Uşaq kitablarının rayihəsi

11 Noyabr 2019, 10:30 424
Hər dəfə təzə cap olunmuş bir uşaq kitabı görəndə adama elə gəlir ki, gözəl bir çəmənliklə qarşılşırsan. Buradakı rəngarəng çicəklər gözəl ətirləri ilə səni məst edir. Görkəmli yazar, mənalı ömrünü uşaq ədəbiyyatının tədqiqinə həsr edən professor Zahid Xəlilin ötən il dörd kitabı nəşr olunub: ”Göyqurşağı”, ”Kralın kreslosu”, ”Azərbaycan uşaq ədəbiyyatı” (dərs vəsaiti), ”Seçilmiş əsərləri 7-ci cild”. İlk iki kitabı TEAS Pressin ”Üç alma" nəşriyyatı oxucuların ixtiyarına verib. Digər kitablar: ADPU-nun nəşriyyatında çap olunub. "Göyqurşağı” kitabı həm tərtibatına, həm də bədii məhsulun səviyyəsinə görə diqqətimi daha cox cəlb etdi. Kitab səkkiz bölmədən ibarətdir.
 
”Doğma məktəb” adlanan birinci bölmədə verilən şeirlər göstərir ki, məktəb şairin qəlbini riqqətə gətirən, onun ilhamını qanadlandıran əsas mövzulardan biri, bəlkə də, birincisidir. Görəsən, şagird üçün məktəb nədir? Bu suala silsiləyə daxil olan şeirlər belə cavab verir: Məktəb uşaqların qarşısında qollarını geniş açan anadır. Məktəb nəhəng bir dağdır, ora doğru gedən cığır  bu dağdan axan  bulaqlara bənzəyir. Məktəb büllur şüşələrində şəfəqdən zəri olan günəşdir. Onun göyərçin qanadlarına bənzəyən qapıları uşaqların üzünə həmişə açıqdır. Uşaqların səs-küyü məktəbin zənguləsidi, onun zəngi  bu zəngulənin akkordlarıdı. Məktəb  nəğməsinin  solo hissəsini oxuyan isə müəllimdir.  
 
Şagirdlərin qəlbində, O nəğmənin sehri var. Həmin səsə tuşlanib, Dərsə gedir uşaqlar.   Hər körpə sinəsində, Bir təmiz ürək gedir. Hər ürəyin üstündə, Bir dəstə çiçək gedir.   Məktəb mövzusuna kitabdakı şeirləriməksəriyyətində toxunulur. Bu şeirlərin əksəriyyətində uşaqlara nəyi isə öyrətmək istəyi dayanır. Hər əsərin sonunda uşaq nəyi isə öyrənir. Şairin məqsədi təkcə təbiətin zahiri gözəlliyini tərənnüm etmək deyil, onun  sirrlərini öyrətməkdir. Bu əsərlər tədris işinə də yardımçı ola bilir. Şair uşaqlara "səs və hərf” mövzusunu görün necə sadə ifadələrlə başa salır:   Böcəyin də səsi var, Küləyin də səsi var. Hər səsin də yazıda, Bir cür işarəsi var.  
 
Səs yazılsa vərəqə, Çönüb hərf olacaq. Qanad çalıb havada, Dəftərinə dolacaq.   Məktəb  mövzusunda bir sıra böyük sənətkarlarımız dəyərli əsərlər yaradıblar. Lakin həmin əsərlər yaşlı oxucular üçün nəzərdə tutulduğuna görə uşaqları cəlb etmir. Zahid  Xəlilin əsərləri isə körpələr üçün tam anlaşıqlıdır. Vaxtilə Belinskinin dediyi sözlərə bir daha haqq qazandırmalı oluruq. O deyirdi ki, yazıçı üçün bir istedad lazım olduğu halda uşaq yazıçısına iki istedad lazımdır; yazıçılıq və pedaqoqluq istedadı. Azərbaycanın böyük alimi Məmməcəfər Cəfərov yazır: "Uşaq ədəbiyyatı sahəsində çalışan Zahid Xəlil kimi yazarlar kiçik oxucularını dünya genişliyinə çıxaran, bir sözlə uşağa yaxın olan obyektin təsvirindəki fikrə doğru gedən həyat həqiqətlərinin mahiyyətinə nüfuz edən sənətkar kimi qiymətləndirilməlidir.”
 
Bu fikir də bir daha  göstərir ki, körpələrə müraciətlə yazılan əsərləri yalnız uşaq yazıçıları qələmə alanda daha təsirli olur. Zahid Xəlil daim həm forma həm də məzmun axtarışındadır. Kitaba daxil olan şeirlərin bir qrupu belə adlanır: "Meşədən teleqramlar”. Yəqin ki, bu başlığı görən kimi uşaq xəyalıda meşəni, heyvanat aləmini canlandırır. Görəsən, heyvanlar doğrudan da meşədən uşaqlara teleqram vursaydılar, nə yazardılar? Kitaba müraciət edək: ”Çaqqalın teleqramı”:   Gecə ova cıxıram, Sıxlaşanda duman, çən. Meşədə azmamaqçün, Ulayıram sübhəcən.  
 
Yenə də "həyat həqiqətlərinin mahiyyətinə nüfuz edən sənətkar "( M.C.Cəfərov) uşağa anladır ki, sübhə kimi çaqqallarin haray-qışqırıq salmasının əsil səbəbi qorxudur. Təbiət öz qanunları ilə yaşayır. Güclü zəifi məhv edir. Zəif isə özünü qorumağı bacarmalıdır. Kitaba daxil olan şeirlərin bir qrupu quşlara həsr olunub. "Bildirçin”, "Qırqovul”, "Hacıleylək”, "Kəklik”, "Bülbül”və s. "Davakar sərçə” şeirində öz aqressiv, təkəbbürlü  xarakteri ilə seçilən sərçə buzun altında başqa sərçənin olduğunu zənn edir, dimdiyi ilə buzu deşir, amma nəticədə qazdığı quyuya özü düşür. Bu şeir ilk baxışdan sadə görünsə də, əslində, müəllif az sözlə gözəl bir lövhə yaradır. İki sərçə dimdik-dimdiyə dayanıb; biri buzun üstündə, biri buzun altında. Buzun üstündəki sərçənin səfehliyi gülüş obyektinə çevrilir. Şeir uşaqları bu cür lovğa, özündənrazı kimi mənfi xasiyyətlərdən uzaq olmağa səsləyir. Zahid Xəlilin şeirlərinin problematikası, mövzu və mündəricəsi zənginliyi ilə seçilir. Belə ki, bu şeirlərin bəzilərində müəllif lirik qəhrəman kimi seçilən əsas obrazın-uşağın müəyyən obyektə müraciətini qələmə alır, məhz bu üsulla balaca oxucusuna ideyanı daha asan yolla çatdırmağa nail olur:   Köynəyi al lalədən, Qırmızı rəng qələmim! Gəl mənim dəftərimə, Xoruz çəkək qələmim.  
 
Və yaxud "Keçi və Əziz” şeirində Əziz keçiyə mürəciət edərək deyir:   ⁃ Mənim saqqalı keçim, Bir qədər süd ver içim!   Bu müraciət formasında yazılmış şeirlərdə işlənən söz və ifadələr sadə, dilə yatımlıdır. Fərdiləşdirmə və tipikləşdirmə qüvvətlidir. Məhz bu səbəbdən uşaqlar bu şeirləri qısa zaman kəsiyində yadda saxlaya, əzbərləyə bilirlər. Bu şeirlərdə uşaq nitqinə məxsus olan spesifik, cilalanmış ifadələr mövcuddur. Yeni üslub və ideya axtarışları aydın nəzərə çarpır. Şairin poeziyasına nəzər salanda yaradıcılığının ilk illərində qələmə aldığı şeirlərlə çağdaş dövrdə  yazdığı poetik nümunələr arasında mövzu, üslub, ifadə tərzi baxımından fərqin az olduğunu görürük. Lakin dünyagörüşü fərqi danılmazdır. Yeni yaratdığı hər bir nümunədə uşaqların istəklərini, maraqlarını, duyğu və düşüncələrini daha mükəmməl şəkildə qələmə alır:   Sən qaytardın yenidən, Məni şeir yazmağa. Çıxartdığın səslərin, Mənasını yozmağa.  
 
Ağlayırsan, gülürsən, Hər ikisi inqadı. Sənin inqalarının Qafiyəsi inqadı.   Təzəcə doğulan körpə ilə beləcə yaşlı insanlara xas olan bir leksika ilə danışmaq incə bir yumor yaradır. Uşaqlar üçün yazılan hər bir əsər  yaş, estetik zövq və anlam səviyyəsi müxtəlif olan minlərlə insan övladı tərəfindən oxunaraq dərk edilir. Bu şeirlərin əsas missiyası balacaların, məktəblilərin dünyagörüşünün formalaşması, onların maraq dairəsinin genişlənməsi, əxlaqi və mənəvi tərbiyəsi, xarakterlərin müsbət istiqamətdə inkişafıdır. Şairin şeirlərinin üstün və maraqlı cəhətlərdən biri də onun incə yumor, poetik zarafat tərzində yazılmasıdır. Bu şeirlərdən  "Yalançı meşə”, "Dovşan və canavar”, "Yalan-palan”, "Tülkü və beçələr” və digər şeirlər uşaqların təbəssümünə və gülüşünə səbəb olur. Bu şeirlərdə Zahid Xəlil bizi adət etdiyimizdən fərqli situasiya ilə qarşı qarşıya qoyur.  Canavar dovşandan, tülkü xoruz-beçədən qorxur, müəllifin təsvir etdiyi meşədə canavarlar qorxaq, dovşanlar qoçaqdı, xoruzlar, qarşıqalar pəhləvandı. Şən əhvali-ruhiyyə, uşaq təbiətinə məxsus olan incə, şirin yumor bu şeir nümunələrində daha qabarıq nəzərə çarpır. Yazıçı hər şeirin sonunda yazılanların uydurma olduğunu oxucusuna xatırladır. Zahid Xəlilin şeirləri içərisində uşaqların estetik zövqünün, mənəvi dünyasının formalaşmasına böyük təkan verən təbiət təsvirləri ilə zəngin olan poetik nümunələr də üstünlük təşkil edir.
 
Bu şeirlərdə müəllif  cilalanmış, bədii təsir qüvvəsinə malik söz və ifadələrdən istifadə edərək rəngarəng mənzərələr yaradır, təbiətin əsrarəngiz gözəlliyini uşaqlara daha çox sevdirir.  Bu şeirlərdə təbiət gözəllikləri sadəcə sadalanmır,  həm də peyzaj və mənzərələrin vəsfindən doğan vətən sevgisi təbliğ olunur. Zahid Xəlilin son günlərin məhsulu olan "Nərgizgülü və qış”, "Çinar”, "Çiçək və qız”, "Qaratoyuq”, "Gecə xoruzu” və s. şeirlərində təbiət təsviri yer almışdır. "Nərgizgülü və qış” şeirində şair nərgiz gülünü təsvir edir. Onun qışda açmasını bu gülün möhkəm, iradəli olması ilə əlaqələndirir.   Bu şaxtaya, bu qara Dözməz hər qız” dedilər. Elə buna görə də Ona "Nər qız” dedilər.  
 
Öpdülər, oxşadılar, "Nər qız”, "Nər qız” dedilər. Lap axırda yorulub Ona "Nərgiz” dedilər   "Torpağın məhəbbəti”, "Qış getdi bahar gəldi”, "Yaz günəşi şairdi”, "Meşə nəğmə oxuyur” şeirlərində təbiət gözəllikləri ustalıqla tərənnüm olunur. Zahid Xəlilin  "Göyqurşağı” kitabına toplanan şeirlər və mənzum nağıllar uşaqların marağına səbəb ola biləcək əsərlərlə zəngindir. Burada verilən məktəbə, heyvanlara, quşlara, təbiətə aid olan şeirlər kiçikyaşlı balaların həmişə marağını özünə cəlb edə bilib. Ümumiyyətlə, Zahid Xəlilin poeziyası zəngindir və tədqiqatımız zamanı onların az qisminə müraciət edə bilsək də, bizdə belə bir fikir formalaşdı ki, şairin şeirlərinin qayəsi, ideya və problematikası uşaqlar üçün nəzərdə tutulmuş, onların bir şəxsiyyət kimi formalaşmasında mühüm rolu olacaqdır. Bu kitabın yaz təravəti verən rayihəsi uzun  müddət uşaqların ruhunu oxşayacaq.
 
Gülnar Qənbərova