Tənqidi realizmin estetikası milli düşüncə müstəvisində
Təyyar Salamoğlunun "Azərbaycan tənqidi
realiziminin estetikdsı” kitabı ətrafında düşüncələr
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında milli tənqidi realizmin estetikasına müasirlik baxımından yanaşılması, tənqidi realist ədiblərin ədəbi fəaliyyətinin, estetik baxışlarının məntiqi baxımdan əsaslandırılmış elmi dəyərinin verilməsi zəruri ədəbi-tarixi tələbə çevrilmişdir. Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu ədəbiyyatşünaslığımızda tənqidi realizmlə bağlı yaranmış boşluğu doldurmaq, Azərbaycan tənqidi realizminin estetikasının prinsip və özəlliklərini dəqiqləşdirmək, aydınlaşdırmaq məqsədilə uzun illər səmərəli elmi tədqiqatlar aparmış, bu ədəbi cərəyana milli ədəbiyyatşünaslığın çağdaş tələbləri baxımından yanaşmışdır. Görkəmli alim "Azərbaycan tənqidi realizminin estetikası” (Bakı, Orxan NPM, 2018) adlı sanballı monoqrafiyasında ədəbiyyatımızın görkəmli simaları olan Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin yaradıcılığı əsasında tənqidi realizmin mahiyyəti və xarakteri, səciyyəvi özəllikləri və estetik prinsipləri məsələlərinə aydınlıq gətirmiş, milli tənqidi realizmin estetik qanunauyğunluqlarını aşkarlamışdır.
Yadulla Dadaşlı
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında milli tənqidi realizmin estetikasına müasirlik baxımından yanaşılması, tənqidi realist ədiblərin ədəbi fəaliyyətinin, estetik baxışlarının məntiqi baxımdan əsaslandırılmış elmi dəyərinin verilməsi zəruri ədəbi-tarixi tələbə çevrilmişdir. Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu ədəbiyyatşünaslığımızda tənqidi realizmlə bağlı yaranmış boşluğu doldurmaq, Azərbaycan tənqidi realizminin estetikasının prinsip və özəlliklərini dəqiqləşdirmək, aydınlaşdırmaq məqsədilə uzun illər səmərəli elmi tədqiqatlar aparmış, bu ədəbi cərəyana milli ədəbiyyatşünaslığın çağdaş tələbləri baxımından yanaşmışdır. Görkəmli alim "Azərbaycan tənqidi realizminin estetikası” (Bakı, Orxan NPM, 2018) adlı sanballı monoqrafiyasında ədəbiyyatımızın görkəmli simaları olan Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin yaradıcılığı əsasında tənqidi realizmin mahiyyəti və xarakteri, səciyyəvi özəllikləri və estetik prinsipləri məsələlərinə aydınlıq gətirmiş, milli tənqidi realizmin estetik qanunauyğunluqlarını aşkarlamışdır.
Mirzə Cəlil və Sabirin zəngin yaradıcılığı
nümunəsində ədəbi materiala daha dərindən bələd olan, elmi-nəzəri baxışları və
məntiqli mühakimələri ilə diqqəti çəkən tədqiqatçı yeni elmi düşüncə işığında
tənqidi realizmin estetikasını
aydınlaşdırır. Monoqrafiyanın elmi redaktoru, akademik İsa Həbibbəyli "Tənqidi
realizmin estetikasına realist baxış” adlı "Ön söz”ündə professor Təyyar
Salamoğlunun elmi xidmətlərinə yüksək dəyər verərək yazır: "T.Salamoğlu, ilk
növbədə, tənqidi realizm anlayışına sovet dövründə ideoloji cəhətdən yanaşılmaqla
keçən əsrin əvvəllərinin ədəbiyyatına, xüsusən də haqqında söz açılmış Cəlil
Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin yaradıcılığına süni şəkildə inkarçılıq
və şişirtmə baxımından yanaşıldığını elmi cəhətdən əsaslandırmışdır”.
Monoqrafiyanın
elmi dəyərini artıran başlıca məziyyətlərdən biri də budur ki, alim, bir
tərəfdən, Mirzə Cəlilin bədii nəsrini və Sabirin satirik poeziyasını
araşdırmaqla tənqidi realizmin estetikasını milli düşüncə müstəvisində
işıqlandırır, digər tərəfdən, C.Məmmədquluzadə və M.Ə.Sabir də daxil olmaqla,
tənqidi-realist sənətkarların, o cümlədən, Ə.Nəzmi, Ə.Qəmküsar, Ə.Haqverdiyev,
Ö.F.Nemanzadə, M.Möcüz və başqa mollanəsrəddinçi ədiblərin yaradıcılığını
tənqidi realizm estetikasının müasir tələbləri çərçivəsində, çağdaş ədəbiyyatşünaslığın
elmi meyarları əsasında tədqiqata çəkməyin və həqiqi elmi dəyərini verməyin
perspektivlərini müəyyənləşdirir. Professor T.Salamoğlu tənqidi realizmin
estetikasının həm tənqidi, həm də təsdiqedici mahiyyət daşıdığını tutarlı elmi
dəlillərlə əsaslandırır. Monoqrafiyanın "Qaranlıq dünya” problemi və Mirzə
Cəlilin nəsr qəhrəmanları” adlanan birinci fəslində Mirzə Cəlilin Novruzəli,
Məhəmmədhəsən əmi, Usta Zeynal kimi nəsr qəhrəmanlarının xarakteri və səciyyəvi
xüsusiyyətləri bədii mətn həqiqətləri kontekstində aydınlaşdırılır. Bu əsasda
Novruzəli-Vəli xan, Məhəmmədhəsən əmi-Xudayar bəy münasibətlərinin tarixi və
estetik mahiyyəti həqiqi elmi dəyərini alır. Monoqrafiya müəllifi "qaranlıq
dünya” probleminin fəlsəfi-ideoloji əsaslarını araşdırır və məsələyə elmi
baxışda akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”
monoqrafiyasını (Naxçıvan. Əcəmi, 2009) Məmmədquluzadəşünaslığın yeni
mərhələsinin başlanğıcı kimi təhlil süzgəcindən keçirir. Akademik
İ.Həbibbəylinin düzgün dəyərləndirdiyi kimi, "qaranlıq dünya” anlayışının
şərhinə müxtəlif yönlərdən yanaşan tədqiqatçı Azərbaycan tənqidi realizminin iç
dünyasının aydın surətdə dərk olunmasına şərait yaradır.
Monoqrafiyada
sovet dövrü Azərbaycan ədəbiyyatşünaslarının "qaranlıq dünya” problemi haqqında
mülahizələrinə tənqidi yanaşılır. Bununla yanaşı, akademik İsa
Həbibbəylinin sözü gedən
monoqrafiyasında "qaranlıq dünya” probleminə obyektiv elmi dəyər verilməsi və
milli mövqedən işıqlandırılması razılıqla qarşılanır. Tədqiqatda İ.Həbibbəylinin
bir mühakiməsi də istinad obyekti olur ki, C.Məmmədquluzadənin "Xatiratım” memuarında
"qaranlıq dünya” ifadəsini işlətməsi yazıçının uşaq ikən yaşadığı mühiti tam və
aydın dərk edə bilməməsi, diyarda mədəni tərəqqinin, maarifçilik məsələlərinin
qismən geridə qalması, ən əsası isə, sovet ideologiyasının sənətkarın
düşüncəsinə təsir etməsi ilə bağlıdır.
Təyyar Salamoğlu təqdim olunan monoqrafik tədqiqatda Mirzə Cəlilin
yaşayıb-yaratdığı sosial mühitin tarixi reallıqlarını səciyyələndirir, ədibin
hekayə qəhrəmanlarının yaşadığı tarixi şəraiti, sosial mühiti nəzərə alır,
Novruzəli, Usta Zeynal, Məhəmmədhəsən əmi, Vəli xan və Xudayar bəy obrazlarının
xarakterini bədii mətn həqiqətləri kontekstində mənalandırır. Sovet dövrü
Azərbaycan ədəbiyyatşünaslığının "Poçt qutusu” hekayəsinin qəhrəmanı
Novruzəliyə avam, cahil, fanatik damğası vurmasına, onun sadəlövhlüyünü, mədəni
geriliyini, maarifsizliyini fanatizm adlandırmasına qarşı çıxan T.Salamoğlu
hekayə mətninin reallıqlarına və müəllif qayəsinə əsaslanaraq, Novruzəlini
"mövcud sosial şəraitlə barışmayan, yaşadığı mühitdəki sosial ədalətsizliyi
qəbul etməyən və ona tənqidi münasibət göstərən” bir obraz kimi təqdim edir.
T.Salamoğlunun təqdimatında Novruzəli "hərəkətsiz və fəaliyyətsiz, yatan,
mürgüləyən və düşünməyən” insan deyil, sosial və vətəndaş düşüncəli, sosial
ədalətsizliklə barışmayan hekayə qəhrəmanıdır. O, C.Məmmədquluzadənin "Danabaş
kəndinin əhvalatları” povestinin əsas obrazlarından biri olan Məhəmmədhəsən
əmiyə də tamamilə yeni rakursdan yanaşır, bu obrazın xarakterini müstəqillik
dövrü ədəbiyyatşünaslığımızın tələbləri əsasında açır. Mənəvi saflığı,
əliaçıqlığı, gözütoxluğu, xeyirxahlığı ilə onun xarakterinin milli səciyyə
daşıdığını vurğulayır. "Məhəmmədhəsən əmi düşünə bilən, yoxsa düşünməyən qəhrəmandır?”
– sualını ortaya qoymaqla obrazın bir şəxsiyyət və vətəndaş kimi özünütəsdiqinə
aydınlıq gətirməyə çalışır. Və bu nəticəyə gəlir ki, Məhəmmədhəsən əmi düşünən,
real şəraiti nəzərə alan və doğru qiymətləndirməyi bacaran bir insandır.
Tədqiqtçıya görə, yazıçının təsvirində Məhəmmədhəsən əmi "ağlaya-ağlaya ayılan,
ayıldıqca özünü dərk edən, dərk etdikcə daha real düşünən” və etiraz səsini
ucaldan bir qəhrəman kimi tanınır.
Monoqrafiyada "Danabaş kəndinin əhvalatları” povestinin qadın
qəhrəmanı Zeynəb ilə Məhəmmədhəsən əminin xarakter cəhətləri arasında müqayisələr aparılır, onların hər ikisinin
siyasi rejimin günahsız qurbanlarına çevrildiyi, haqsızlıqlarla qarşılaşdığı,
etiraz səslərini ucaltdıqları önə çəkilir: "Məhəmmədhəsən əmidə sosial həyatda
baş verənlərə münasibət daxili etiraz şəklində, Zeynəbdə isə açıq etiraz
şəklində təzahür edir. Məhəmmədhəsən əmidən və Zeynəbdən fərqli olaraq,
Novruzəli bir addım da qabağa gedir. Bu addımı ilə o, Mirzə Cəlil nəsrinə şikayətçi
qəhrəman statusunda daxil olur”.
Tədqiqatda "Poçt qutusu” hekayəsindəki Novruzəli-Vəli xan, "Danabaş
kəndinin əhvalatları” povestindəki Məhəmmədhəsən əmi və Xudayar bəy
münasibətlərinə, obrazların sosial və estetik missiyalarına da aydınlıq
gətirilir. Mirzə Cəlilin Novruzəli-Vəli xan münasibətlərində Azərbaycan kənd
burjuaziyası ilə kəndlisi arasındakı real tarixi gerçəklikləri diqqətə
çatdırdığı açıqlanır. Tədqiqatçı Novruzəli-Vəli xan münasibətlərini yuxarı
təbəqə nümayəndələrinin aşağı təbəqə insanlarına istismarçı münasibət,
sinflərarası ziddiyyətlər mövqeyindən izah edən ədəbiyyatşünaslıq təhlillərini
qeyri-obyektivliyin ifadəsi kimi qəbul etmir. Bu obrazların xarakteri və
qarşılıqlı münasibətini səciyyələndirərkən yeni elmi arqumentlər gətirir və
nəticə etibarı ilə tənqidi realizmin estetikasını zənginləşdirir. Novruzəlini
"Azərbaycan kəndlisinin ictimai şüurunda yaranan oyanışın təmsilçisi” kimi
təqdim edən monoqrafiya müəllifi əsərin mətnindən nümunələr gətirməklə,
Novruzəlini cəsarətli, Vəli xanı isə "alicənab, gözütox, mədəni və işgüzar
xarakterli” qəhrəman kimi tanıdır; xanın öz kəndlisinə insani münasibətindən
söz açır. Tədqiqatçı "Poçt qutusu” hekayəsindəki Vəli xanla "Usta Zeynal”dakı
Muğdusi Akopu müqayisəli təhlilə cəlb edərək, sovet ədəbiyyatşünaslığında
birincini aşağılayan xarakteristikaları qeyri-obyektivliyinə və mətn
həqiqətlərinə uyğun gəlmədiyi üçün qəbul etmir.
Monoqrafiyada Azərbaycan tənqidi realizminin estetik prinsipləri
araşdırılarkən Mirzə Ələkbər Sabirin satirik poeziyası ilə də bağlı əhatəli
təhlillər aparılır. Sabirşünaslığın indiyə qədər öyrənilməmiş, yaxud az
öyrənilmiş problemləri də tədqiqata çəkilir. Bununla da sabirşünaslığı yeni
elmi faktlarla, əsaslı arqumentlərlə zənginləşdirmək imkanı meydana çıxır.
Monoqrafiyada Sabir realizminə elmi-nəzəri və metodoloji yanaşmanın əsas
aspektləri ümumiləşdirilir, "M.Ə.Sabirin milli intibah idealı ("İctimai
yuxarılar”a münasibət kontekstində)”, "Sabir satirasının dioloji-polifonik
məzmunu” və s. məsələlər tədqiq edilir. Akademik İ.Həbibbəyli Təyyar
Salamoğlunun M.Ə.Sabirin satirik poeziyasına münasibəti ilə bağlı yazır:
"Təyyar Salamoğlu Sabir satirasının inkar və təsdiq pafosunun mahiyyətini
dərindən aydınlaşdırmışdır. Onun Sabirin satirasında inkar pafosu ilə təsdiq
pafosunun bir-birini tamamlamasına dair baxışları elmi-nəzəri cəhətdən
əsaslandırılmış qənaətlər olduğu üçün inandırıcı səslənir”. Təyyar
Salamoğlu Sabirin satiralarını
inqilabi-demokratik dünyagörüşü yönümündən deyil, maarifçi dünyagörüşü
prizmasından işıqlandırır. Tədqiqatçının Sabirin yaradıcılıq qayəsi,
vətəndaşlıq amalı haqqında
söylədiyi aşağıdakı fikirlər
aktuallığı və bədii həqiqətə
uyğunluğu ilə diqqətimizi çəkir: "Sabirin açdığı dava bəyliyə, ağalığa,
mülkədarlığa, kapitalistliyə, şahlığa, sultanlığa qarşı deyildi. Sabir hər bir
təbəqə nümayəndəsinə konkret situasiyadakı konkret hərəkət və əməlinə görə
qiymət verirdi. Sabir ictimai və milli şüur yoxsulluğuna qarşı mübarizə
aparırdı”.
Sabir poeziyasını "Azərbaycan
xalqının millət kimi təşəkkülü və formalaşması dövrünün poeziyası” hesab edən
alim dahi şairin milli şüurin formalaşması, millətin özünüdərki uğrunda
mübarizə apardığını xüsusi olaraq nəzərə çatdırır, "Hophopnamə”nin həqiqətən də
"Millətnamə” olduğunu elmi-nəzəri və estetik meyarlarla təsdiqləyir. Alim bu
nəticəyə gəlir ki, Sabirin estetik düşüncəsində "ölümə məhkum” olan
milli-sosial təbəqə yoxdur; Sabir poeziyası yenicə yaranmaqda olan burjua
münasibətləri zəminində meydana çıxan sosial zümrələri milli birlik uğrunda
mübarizəyə səsləmək amalına xidmət edən sənət abidəsidir. Tədqiqatçı Sabirin
poetik konsepsiyası və sənət kredosunun
mayasında Azərbaycan xalqının milli şüurunu oyatmaq, vətəndaş həmrəyliyinə və
düşüncəsinə nail olmaq amalının dayandığını elmi dəlillərlə və bədii mətn
nümunələri ilə sübut edir.
Salamoğlu Sabiri "vətəndaşlıq düşüncəsi uğrunda mübarizə” aparan,
vətənin və millətin qeyrətini çəkən, şəxsiyyət azadlığı amalına xidmət edən,
milli birlik uğrunda mübarizədə qələmini süngüyə çevirən sənətkar hesab edir:
"Məktəb uğrunda mübarizə Sabirdə milli düşüncəni oyatmaq, xalqı cəhalət
əsarətindən qurtarmağın, hürriyyətə yetişməyin, azad vətəndaş cəmiyyəti
yaratmağın əsas yolu kimi mənalanırdı”. Alim onu da vurğulayır ki, Sabir
millətin bütün təbəqələrini sosial tərəqqi, milli intibah uğrunda mübarizə
yoluna səfərbər etməyi əsas fəaliyyət məqsədi kimi seçmişdir.
Monoqrafik tədqiqatda Sabir satirası ilə Sabir ədəbi məktəbinin
nümayəndələrinin yaradıcılığı arasındakı prinsipial fərqlərin aşkarlanmasına da
xüsusi diqqət yetirilir. Sabirəqədərki satiriklərin və eləcə də müasirlərinin
yaradıcılığından fərqli olaraq, Sabirin cəmiyyət hadisələrinə ancaq tənqidi münasibət göstərmədiyini, onun
satirasının dialoji məzmun daşıdığını, tənqidi mətnlərin içərisində cəmiyyətdə
gedən bütün mütərəqqi proseslərin də yer almasına dair əsaslandırılmış
mülahizələr həm Sabir satirasını tam yeni keyfiyyət müstəvisində təqdim etmək,
həm də realizmin yeni mərhələsinin (və tipinin) əsas estetik xüsusiyyətlərindən
birini aşkarlamaqla nəticələnir.
Göründüyü kimi, Salamoğlunun Mirzə Cəlil və Sabirlə bağlı
araşdırmaları milli tənqidi realizmin yeni estetik prinsiplərini
müəyyənləşdirən son dərəcə ciddi bir tədqiqatdır. Məhz bu mənada, inanırıq ki,
"Azərbaycan tənqidi realizminin estetikası” monoqrafiyası çağdaş ədəbi prosesimizdə
elmi hadisə kimi qəbul ediləcəkdir.
Yadulla Dadaşlı